Nəcib Fazil Qısakürək

Türk dünyasının bu görkəmli şairinin adını ilk dəfə mən 60-cı illərdə «Sovremennaya tureçskaya poeziya» kitabında gördüm. Şeirlər hətta rus dilində də öz türklüyünü, sadəliyini, hecalığını və məxsusiliyini qoruyub saxlamışdı.

Sonra Rəsul Rzanın «Sülh və dostluq» adı ilə işıq üzünə çıxartdığı bir müntəxabatda gördüm onun adını. Burda cəmi-cümlətanı ikicə şeiri var idi («Sayıqlama» və «Otel odalarında»). Bu iki şeir – iki dünya, iki aləm, iki başqa göz idi, iki yeni söz idi bizim üçün.

Çox sonra «1500 il Oğuz şeiri» antologiyasında bir daha şairlə görüşdüm. Çox-çox sonralar «Çilə»ni gördüm. Ömrüm boyu çox-çox çilə görmüşdüm, amma belə çilə görməmişdim. Keşkə görməseydim!

Türkiyə türkcəsində Azərbaycan türkcəsinə şeir çevirmək böyük Sabir demişkən «hənək»dir. Bu cür çevrilmə sözü baş-ayaq çevirməyə bənzəyir. Əgər başa düşülməyən beş-altı ləhcə və ya məhəlli söz varsa, onları sıra ilə düzmək, qarşılığını tapıb, qarşısında yazmaq gərək! Vəssalam-şüttamam!

Burda yadıma bir əhvalat düşür. Çox-çox əvvəllər, azı 20 il bundan əvvəl «Ədəbiyyat və İncəsənət» qəzetində türk yazıçısı Səid Faiqin bir hekayəsi dərc olunmuşdu. Dönə-dönə oxudum, gördüm ki, bu tərcümə dil təhrifləri ilə doludur. Dedim, bəlkə tərcümədən tərcümə olunub?! Zəng elədim türkşünas Qədir İsmayıla. Soruşdum, Qədir, o Səid Faiq var ha?! Onun təxəllüsü nə idi? Dedi, Əbasıyanıq. Dedim, Biz onun atasını yandırdıq. Dedi, Nə olub, axı? Dedim, Bəs, tərcümə belə!

Bizim nəsil türk şeirlərinin dadını, duzunu onda kommunist Nazim Hikmətdən öyrənirdi. Necə ki, XX əsrin əvvəllərində ata-babalarımız Tofiq Fikrəti əzbər bilirdi. Bizə şərq ədəbiyyatını öyrənməyi qadağan etmişdilər.

Dəmir pərdə, bizi ərəb ədəbiyyatından, fars ədəbiyyatından və bizə çox doğma olan türk ədəbiyyatından ayırmışdı.

Krıma gedərdik. Qara dənizin üstü ilə maneəsiz axıb gələn radio dalğalarında türklərə qulaq asırdıq. Şeirlər dinləyirdik. Bu minvalla «Sacayağı» tanıdıq. Orxan Vəli, Oqtay Rifat, Məlik Cövdət, sonra Fazil Hüsnü Dağlarca. Sonra kimlər, kimlər… Gül-çiçəkli, rəng-bərəng dərələrcə, vadilərcə, qayalarca, dağlarca uca, sərt, məğrur, zirvə-zirvə şairlər. Nəcib Fazil Qısakürək də onlardan biri idi.

Qısakürək – şairin soyadı, ya təxəllüsüdür, qoy olsun! Amma o şeirləri yazan adamın kürəyi qısa ola bilməz. O adam enlikürək idi.

Cəsur, mərd, ər, döyüşçü idi.

O, Şərqin və Qərbin dərdə sinə gərmək imkanlarını öyrənib bizi də dözümlü olmağa çağıran bir şair idi. Ümidini söz-söz paylaşırdı bizimlə. O, ümid şairi idi.

Bütün şairlər dərddən yazıbdır. Amma bu şair ən çox sevdiyi kitabının adını elə «Çilə» – dərd, qəm qoyub, əzab qoyub. Dərddən-qəmdən yazıb, əzabdan yazıb.

Şeirlərində yeni-yeni kəşflər eləyərdi. O, hecanın – heç kəsin ağlına gəlməyən yeni-yeni şəkillərini yaratmışdı, onun əlində gəraylı, qəsidə, eləcə də modern fransız, ingilis, Amerika şeiri bir-birinə qarışıb, yeni şeir olurdu. Bu yeni şeir kökləriylə gedib, Yunis Əmrəyə bağlanırdı.

XX əsr dünyaca məşhur şairləriylə tanınır. Bu şairlərin içərisində Nəcib Fazil Qısakürək də var. Onun beş-üç şeiri 60-cı illərdə bizim gənc şairlərin qibləsi idi.

«Otel odalarında»

«Sayıqlama»

Bir mərhəmətdir yanan darısqal odaların,
Hisli lampalarında, hisli lampalarında.
Ayağımın altında pişiyim uyumaqda,
Sarıyıb iplik kimi sükutu bir yumaqda.

Burda heca əruzdan uca səslənir. Bu ucalığı şair özü kamil mənimsədiyindəndir ki, onun sirrlərini, əsl şeir yazmağı özündən sonra gələn şairlərə öyrədirdi. «Poetika» dərsi verirdi. Şeirin libası zaman-zaman təzələnməlidir. Bunu da zaman-zaman doğulmuş ustad sənətkarlar eləmişlər. Nəcib Fazil Qısakürək belə şairlərdəndir.

Burda babamız Füzulinin müdrik kəlamı bir daha doğru çıxır:

«Elmsiz şeir – əsası yox divar kimidir».

İtələsən uçular. Amma Nəcib Fazil Qısakürəkin şeirləri uçulmaz. Çünki, bu şeirlər üç qat qala divarları arxasındadır. Bu qala divarları tale və əbədiyyətlə əhatələnib və abidə kimi qorunur.

Birinci divar – Nəcibdən gəlir. Nəcabət, nəciblik, zəriflik və gözəllik hopmuş daşlarla nəcib-nəcib və gözəl hörülmüş bu qala divarı!

İkinci divar – Fazildən gəlir. Fəzilət, elm və biliklə yoğrulmuş palçıqla daşları bir-birinə rəbt edilmiş, ağılla ucaldılmış bu qala divarı!

Üçüncü divar – Qısakürəkdən gəlir. Sivri, yalçın, sərt, bütöv bir qayaya bənzəyir bu qala divarı! Bu daş kürək!

Bu kürək çox dözümlü kürəkdir. Şair bu kürəyini el dərdinin altına verib, ürəyini də el dərdiylə yandırıb. Hər şair hələm-hələm gəlib, yüz ili haqlamaz ki…

Noyabr, 2004

«Ədəbiyyat» qəzeti, 3 dekabr, 2004

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri