Mədəniyyətli tayfalar içində bir cəmiyyət təşkil olunduğu vaxt bu cəmiyyətin bani və müəssisləri işin orasına diqqət yetirirlər ki, həmin cəmiyyətə əza olan şəxslər cəmiyyətin görəcəyi işlərdə ixtisas sahibi olsunlar, yəni əhli adamlardan olsunlar. Haman işi mütəxəssis və ətraflı surətdə bilsinlər. Söz yoxdur ki, əgər elə bir cəmiyyətin əzaları cahil və nadan olsalar, o cəmiyyətin işləri heç bir səmər verməz.

Lakin bizlərdə camaatımız içində elmli adamlarımız az olduğuna görə cəmiyyətlərimizin əzalığına cürbəcür adamlar intixab olunur ki, cəhalət və nadanlıqları üzündən cəmiyyət və idarə işlərini ləngə salıb işin sürətinə, irəliləməsinə mümaniət göstərirlər.

Əgər belə cahillərin cəmiyyət içində təşkil etdikləri mümaniəti cəmiyyətin sair qəyur və bilikli əzaları bərtərəf etməyə müvəffəq olurlarsa, yenə iş bir xeyli irəli getməyə başlayır.

Lakin bədbəxtlik burasındadır ki, əgər o, ya bu cahil adamlar öz cəhalətləri üzündən qeyrilərinin bilik və iş bacarıqlarını görüb təşəkkürlər etmək və bilmədiklərini elələrindən öyrənmək əvəzinə boxl və həsəd büruzə verib, cəmiyyətin o sabiq xidmətçilərini xalq nəzərində töhmətli və üzüqara göstərmək yolunda əllərindən gələn xuliqanlıq və fitnəbazlığı müzayiqə etmirlər. Və belə karkün adamlar olmasa, cəmiyyət batacağını yəqin bilə-bilə yenə də bunları ləkələndirmək üçün bütün cəmiyyəti qurban etməyə utanmırlar.

Mən öz ömrümdə aramızda cürbəcür cəmiyyətlər görmüşəm və təəssüflər olsun ki, belə cahil vücud əzaları və cəmiyyətlərin əzasi idarəsi içində olmuşam, belə müfəttinlərin ucundan bəzi cəmiyyətlərin tamamilə batdığını da görmüşəm! Bainhəmə belə müfəttinlərin hərəkatına diqqət yetirib onların vurduğu zərəri nəzəri-əhəmiyyətə alan başçılar olmuyubdur. Halbuki əgər hər bir cəmiyyətimizin işi belə gedərsə, axırda cəmiyyətlərimizin səmərəsini görmək çox çətin olar.

Cəmiyyət başında duran möhtərəm zəvatlara cəmiyyətin hər bir işindən millət yanında və Allah yanında məsul olduqlarına görə cəmiyyətə zərər vuran və onun işlərini ləngə salan və mənafeyini xələldar edən belə vəqələrə artıq nəzər yetirmələri bədihidir ki, vacibatdandır. Çünki belə cahil və nadan müfəttin və hüsudların, xatai-fahiş olaraq, cəmiyyətə intixab edilmələrindən məqsud əsal cəmiyyətə xeyir yetirmək deyil, bəlkə öz “mən”liyini bildirmək üçün cəmiyyət içində fitnə və fəsad qovzamaqdır. Çünki bunlar alçaq fitnə ilə “sekret” tapa bilərlər.

Onsuz deyil ki, bir neçə qəyur adamlar öz bilik və təcrübələri sayəsində və ya şövq və həvəsləri bərəkətindən kəmali-sədaqət üzrə can və dil ilə cəmiyyətə xidmət edirlər. Heç bir şeyə ləyaqəti və bacarığı olmayan müfəttin və hüsudlar isə cəmiyyətin bu sabiq adamlarını əvam arasında çirkin surətdə göstərmək üçün onları haqq-nahaq tənqidə başlayıb, min cürə iftira və böhtanlar ilə onları cəmaata fəna bir surətdə göstərməyə başlayırlar. Vay olsun ki, kisrəti şüğlüdən yorulmuş olan o sadiq xidmətçilər öz işlərində cüzi bir müsalihə göstərsinlər. Müfəttinlər haman dəm bunu əllərində dəstəvüz edib və birinin üstünə beşini artırıb onların dalınca şəbədələr qururlar. Halbuki özlərinin haman cəmiyyətə zərrə qədər xeyirləri olmayıb, külli-zərərləri olduğu məlumdur. Bunların da belə fitnələri və naşükürlükləri haman sadiq xidmətçilərin qulağına yetişdikdə, onlardan ən nadirləri belə fitnəyə etina etməyib, öz işlərində davam edirlər. Amma bir çoxları bu əhvaldan inciyib işdən soyuyurlar və axırda lap əl çəkirlər. İş də dağılır, batır və içindən bir fayda çıxmır.

İştə belə vəqələri cəmiyyətlərimiz başında duran zəvatə mətbuat vasitəsi ilə yetirmək və onların diqqətini belə güvara işlərə cəlb etmək bizim müqəddəs borcumuzdur. Yerdə qalan tədbirlər isə bütün məsuliyyəti ilə belə haman başçıların öz öhdələrindədir. Və illa sonrakı peşmançılıq fayda verməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Öz qədrimizi bilmirik

50-60 il, daha doğrusu, bir yüz il bundan əqdəm Bakının ətrafı otsuz, ələfsiz bir düz olub, heç bir kəsə mənfəət vermirdi. Bu səbəbə görə oranın qədrini bilən, bu yerlərin içində yatan milyonlardan, qızıldan xəbərdar olan bir kimsə yox idi. Çox ola bilsin ki, içərisində milyonlar yatan bu yerlərin üstündə acından ölənlər də az deyildi. Amma bir gün oldu ki, bu yerlərin qədr və qiyməti bilindi.Bu yerlər artıq möhtərəm və əziz oldu. Hər bir parçaları qızıl qiymətinə bərabər oldu. Yer isə öz içindəki sərvət və samanini dişqarı çıxardıb milyonlar qazandırmağa başladı. Bu milyonlar sayəsində Bakı da, onun ətrafı da kəsb əhəmiyyət edib getdikcə abadlaşmağa başladı.

3 dəq
Tazə il, tazə meydan

Pəncşənbə günü Qəməri il, cümə günü də Şəmsi il tazalandı.Köhnə il bizə nə verdi, tazə il nə verəcəkdir?

3 dəq
Oyan-buyan 3

Kərbəlayı Qədim küçə ilə gedirdi.. Birdən daldan bir heybətli səs eşitdi və qorxusundan layənşüur kənara tərəf qaçdı və – “dala baxım” – dedikdə örtülü faytona bənzər bir araba atsız, öz-özbaşına bunun yanından ildırım kimi keçdi. Bu araba avtomobil idi.Kərbəlayı Qədim araba gözdən itincə onun dalınca baxdı və sonra dedi:

1 dəq
Hər işi öz əhlinə tapşırmalı

Çox vaxt bizim cəmiyyətlərimizin, ittifaqlarımızın camaatımıza heç bir mənfəət verməməsinə və bir tez zamanda pozulub dağılmasına səbəb odur ki, o cəmiyyətin başında duran və işlərinə məşğul olan adamlarımız əhl adamlar olmayıblar. Həmin üzərlərinə götürdükləri məsuliyyəti və vəzifəni layiqincə ifa edə bilmirlər. Elə bilmədiklərinə səbəb müsamihə, səhlənkarlıq və etinasızlıq deyil, bəlkə öz vəzifələrində əhl olmadıqlarıdır. Çox vaxt görürsən ki, bir iş başına qoyulmuş və ya öhdəsinə müəyyən bir vəzifə verilmiş adam haman işin üstündə o qədər çalışır ki, lap “qabıq qoyur”. Amma yenə də bir nəticə hasil olmur. Axırda o qədər özünü əziyyət və zəhmətə salır ki, həm cismən, həm də ruhən yorulur, xəstələnir və axırda işə yaramaz olur. Deməli, binəva həm özünü əldən salır, bütün gücünü itirir, həm də işin irəli getməsinə mane olur.Bu nədəndir?

4 dəq

Başqa şairlərin şeirləri · Satira