Mirzə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti.

Bədnamülməmalik. Adə İvan, bu nə işdi ki, bizim başımıza gəldi?

Qaspadin İvan. Əşi, Allah yapon Susimaya lənət eləsin ki, məni də, səni də kələyə saldı.

Bədnamülməmalik. Bu sən öl, doğrudur! Səni də məni də kələyə saldı!

Qaspadin İvan. Yaxşı, bəs sənin fikrin nədir?

Bədnamülməmalik. Fikrim?.. Əgər belə olsa, qoyub qaçmaq.

İvan. Yox, mən qaçmaram, amma... sən öləsən, bu saat əhvalım çox yamandır, yenə gəlib, kəsdiriblər qapını, yapışıblar boğazımdan, “ürəyimin dalında bir köpük pulum da yoxdur ki”, barı soldat zor ilə özümü xilas eləyim.

Bədnamülməmalik. Buy, bəs mən səndən bir az borc pul istəyəcək idim, İvan dadaş!

İvan. Əşi, sənin də borc istəməkdə heç əvəzin yoxdur! Gözlə, heç kimdən alma, sonra mən verərəm, qoy, görək bircə başımıza nə çarə qılaq. (Bu hində bunların yanına ingilis Con-bol gəlir.)

Con-bol (gülə-gülə). Hi, quyruğunuz qapı arasında qalıb, ay lotular!

Bədnamülməmalik. Aman günüdür, Con-bol dadaş, gör bir əlac eləyə bilərsənmi?!

İvan. Ey əbləh, elə kələyi sənin başına gətirən Con-bol deyil idimi? Sənin nökərlərin üzünə ağ olanda, onlara fisincan pilovu verən bu deyil idimi?

Con-bol (bic-bic gülür və əllərini cibinə salıb, pul cınqıldadır). Sən nə bilirsən ki, Bədnamülməmalikin canını qurtaran da mən olmayacağam?

Bədnamülməmalik. Bəli?!

Con-bol. Vallah, sən öl, hələ deyəsən İvana da yaxşı köməyim dəyər!

İvan. Görək yenə nə kələyin var?

Con-bol. Kələk filan yoxdur, doğru sözdür ki, deyirəm.

İvan (bir az irəli durub). Axı nə qayıra bilərsən?

Bədnamülməmalik (bir az irəli durub). Doğrudan danışırsan, yoxsa zarafat eləyirsən?

Con-bol. Yox, zarafat eləmirəm, qulaq asın deyim... Mirzə Ələsgəri tanıyırsınız?

İvan. Yaxşı tanıyıram!

Bədnamülməmalik. Yəni bizim Mirzə Ələsgəri? Elə mən onu bu saat yerdə-göydə axtarıram.

Con-bol. Yox, onu sən axtarma, çünki yanına qoymazlar, qoy elə bizdə qalsın. İş burdadır ki, onun sizin yerdə yaxşı nökərləri var. Belədir, belə deyil?

İvan və Bədnam. Belədir, düzdür, doğrudur; amma nə olsun?

Con-bol. Bir də sənin yerində mənim və haman bu İvanın bir neçə dəllal və dəlləkləri var. Belədirmi İvan?

Bədnam. Belədir, düzdür, doğrudur, amma nə olsun?

Con-bol. Ta nə var, nə olacaq, Mirzə Ələsgər onlara deyir ki, nökərlərimə yazaram ki, Bədnamülməmalikin yerində bir qalmaqal salıb, sənin və İvanın orada olan dəllallarını və dəlləklərini xubunca əzsinlər. Onda mən ilə İvan əlbir olub, gələrik sizə və başlarıq sizin camaatı qırmağa ki, nə üçün bizim adamlara sataşırsınız. Onda araya bir vur-çatlasın düşər. Elə ki, vur-çatlasın düşdü, onda sən Bədnamülməmalik bir yanda öz bildiyini elərsən, o İvan da bu yanda öz bildiyini. Mən Con-bol da bir yanda öz bidiyimi elərəm və habelə Bədnam dadaşın canını qurtararıq. O ki qaldı sənə, İvan, sən də boğazını üzən adamlara deyərsən ki, balam, hələ bir az gözlə, indi başım bərk qarışıqdır, qoyun sonra danışarıq. Onlar da baxıb görəcəkdirlər ki, doğrudan da sənin başın qarışıqdır, əl çəkib duracaqlar, ağlınız nə kəsir?

Bədnamülməmalik. Mən razıyam!

İvan. Mən də razıyam!

Con-bol. De, buyurun gedək.

(Gedirlər.)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri