İcmali-siyasi və yaxud Yevropanın halı

İngilis – Mən Osmanlı ilə dostam, Rusiya gərək mənim sözümə baxa, çünki mənimlə aşnadır.

Fransa aşnamdan arxayınam. Bəli, Almaniya çox igidləşibdir! Amma mən ondan qorxmayacağam! Yaxşı anlayıram, Avstriyanın fikrini! Amma görək axırda kim peşman olacaqdır!.. A, bəzzat Bolqariya!?.. Yazıq Serbiya, yazıq Qaradağ, adamın onlara rəhmi gəlir...

Fransa – Mən Osmanlı ilə dostam... Bəli, belə işlərdə aşnam İngilis çox xoşuma gəlir, Almaniya məni qorxutmaq istəyir, qorxmaram, amma bərəkallah Rusiyaya, özünü yaxşı aparır. Mənimlə də aşnadır, zəhləm gedir mənim bu Avstriyadan, Bolqariyanı da tovladı, hələ utanmaz da məndən kömək umur. Amma gərək, o Serbiyaya, Qaradağa bir balaca kömək eliyək, uşaqdırlar.

Rusiya – Yox, indi mən Osmanlı ilə dostam. İngilis, Fransa kimi adamlar mənimlə aşnadır! Amma hər halda, Almaniya... xatalı adamdır! Hm! Bolqariya yaxşı kələkbaz çıxdı, amma bizim o uşaqların, yəni Serbiya ilə Qaradağın əhvalı yaxşı olmadı. Amma hər halda, Avstriya ilə dalaşmaram.

Almaniya – Osmanlı ilə dostam... bain həmə Avstriya mənim aşnamdır. Bolqariyanın bicliyinə o nə qayırsın? Serbiya ilə Qaradağa məsləhət görürəm ki, dinc otursun. İngilis elə bilir ki, mən ona düşmənəm (yəni deyir səndən qorxuram), yəqin indi Fransanın məndən zəhləsi gedir, amma qorxur. Rusiya – heç! İtaliya bizə soyuq baxır, görəsən o nə üçün?

İtaliya – Osmanlı ilə dostam, hərçəndi Avstriya ilə aşnayıq, amma zəhləmi tökür. Almaniya aşnam olsa da xoşuma gəlmir, vallah İngilislə Fransa və Rusiya bunlardan yaxşıdır! Əslinə baxsan, Avstriya və Bolqariyadan sonra mən də gərək Qaradağı ciliyə idim. Amma onda onların tayı olardım, istəmirəm, istəmirəm!

Avstriya – Təəccüb işdir vallah, hamının gözünə bir tikan olub batmışam. Osmanlıya acığım tutmur, amma nahaq məndən inciyir... A kişilər vallah, tallah, Bolqariyanı mən öyrətmədim! Yaxşı bu İngilisin, Fransanın, Rusiyanın dediyi yəni nədir? Mən öz haqqımı almalı idim? Xeyr, səhv eləyirlər, mən onlardan qorxmuram (Almaniya mənimlə aşnadır), qoy Serbiya və Qaradağ o qədər mənə hürsünlər ki, lap boğazları yırtılsın...

Serbiya və Qaradağ – Ax, ax! İngilisin gücü bizdə olaydı, onda Avstriya görərdi ki, biz də bizik. Amma heyif ki, Allah dəvəyə qanad verməyib. Vallah əgər İngilis, Fransa, Rusiya bizə kömək eləməsələr, biz də dinc durmayacağıq. Osmanlı ilə dostuq.

Bolqariya – Mən öz haqqımı aldım! Xalq nə üçün bir bu qədər cığır-bağır eləyir? Sən bir Rusiyaya bax, o da qaşqabağını sallayıb. Amma öz aramızdır, xalq elə bilir ki, məni Avstriya başdan çıxartmışdır. Halbuki heç yazığın xəbəri yoxdur. Osmanlının yerinə olsam, bir gün çıxıb deyərəm ki, səninki səndə, mənimki məndə, vəssəlam və səs-küy də aradan götürülər. Amma o da məndən pul qopartmaq istəyir. Görünür ki, dalaşacayıq.

Osmanlı – Vay səni məşrutə! Hamını mənimlə dost elədin. Tək bir bu Bolqariya ilə Avstriya namərd çıxdılar. Amma onlar da cəzasız qalmazlar. Ancaq, bir qədər vaxt istər, qoy hələ mən bir içimi düzəldim, sonra çölümü düzəltmək asandır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ordan-burdan 73

“Osmanlı”, Üdəba və mühərriri zümrəsinə daxil olmağa layiqi olan bir “ədib”in hər həftə çıxan asari-qələmindən bir nümunəyi-imtisal:“Əfəndim, şu sözləri yazmaqda mənim muradım bütün aləmə kəndimin millətpərəstliyini bildirməkdir. Beləmi, əfəndim? Belə isə, qulaq asınız əfəndim! Şu gün mən şu sözləri yazıb şəhərimizin qoca qarunlarına deyirəm ki, ey qoca qarunlar, gəliniz mən sizə yol göstərim. Siz kəndi pulunuzu xərcləmək bilməyirsiniz. Beləmi, əfəndim? Belə isə çox gözəl əfəndim. Lakin bəs nə üçün şəhərin qoca qarunları mənim şu sözlərimə qulaq asmırlar, əfəndim? Görünür ki, mənə etina etmək istəmirlər, beləmi əfəndim? Belə isə yaxşı olmadı, şəhərimizin qocaları şu yanda dursun, əfəndim? Gəlin “cavanlar”ın üstünə; şu cavanlar heç mənim xoşuma gəlməyir, əfəndim! Çünki onlar heç bir şey qanmayırlar, beləmi, əfəndim? Belə olan surətdə o cavanların başından basıb qoymamalıyız ki, onlar mühərrir olsunlar. Onları hər halda müttəhim etmək lazımdır. Beləmi, əfəndim? “Əta olundu” sözü ilə “alındı” sözünə fərq qoymayan bir şəxs heç bir vaxt mühərrir ola bilməz, əfəndim! Amma qırx qəpiklik kitabı millətə bir manata satan adam əsil millətpərəst ola bilər, beləmi, əfəndim? Əlbəttə belədir, əfəndim? İştə, şimdi şu “qanmaz” cavanları zəmanəyə tapşırmalıyız, əfəndim və pul qazanmaqda mahir olan “millətpərəst”ləri öz-özümüzə yol göstərən ittixaz etməliyiz, beləmi, əfəndim? Beləmi, əfəndim? Belə, belə əfəndim!”

1 dəq
Mədəni ingilislərin vəhşi yırtıcılığı

Rus qəzetələrini mütaliə etdiyim yerdə gözlərim “Novoye vremya”da təəssüfamiz bir məqaləyə sataşdı. Bu məqalədə insanı təhqir edəcək dərəcədə murdar bir hadisədən məəl-təəssüf xəbərdar oldum. “Liberalnı” adlanan ingilis qəzetələrindən “Tribyun” adlısı yazır ki, bu keçənlərdə ingilis əfsər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. Bu halda şuriş düşüb, əhali tərəfindən güllələr atıldıqda ingilis zabitlərindən, birisinə güllə dəyib ölübdür. İngilis hökuməti, əlbəttə, öz zabitinin qanını yerdə qoymaq istəməyibdir. Sud qurub, məhəlli əhali tərəfindən 4 nəfərini asılmağa və 2 nəfərini qırmanc (qamçı) ilə döyüb əziyyət verdirməyə məhkum edibdir. Misirlilərdən bir çox adam hazır olduğu yerdə bu binəvaların qətl və cövrünə şüru olunub, tamam 4 saat müddətində olmazın əziyyət və əzabdan sonra hamısını qətl edibdirlər...Bir baxınız, indiyə qədər ingilis tərəfindən “vəhşi” hesab olunan Rusiya milləti hələ qısqıdan qurtarmamış, arzu olunan hürriyyətləri almamış, tələb edir ki, ölüm cəzası fəsx olunsun. Amma azadəlik sayəsində dolanan mədəni ingilislər XX əsrdə də adam öldürməkdən, yəni qatillikdən əl götürməyiblər. Özü də kimi öldürür? Sahibsiz, başsız, əl-ayaqsız əhalini! Nə tövr öldürür?

2 dəq
Gələcəyi unutmayalım

Bu gün miləli-mütəməddinənin bu qədər əlləşib çalışmaları, hər bir işlərində göstərdikləri səy və təlaş, hamısı gələcəyə əhəmiyyət nəzəri ilə baxmaqlarından irəli gəlir. Gələcəklərini əhəmiyyətli və əziz tutan millətlər heç bir vaxt qeydsiz və qayğısız olmayıb, hər an və hər dəqiqə çalışırlar. Bunların hər bir firqə, sinif və silki özü üçün parlaq bir gələcək hazırlamaqdadır. Cahil və qafil millət isə ətalət və kəsalət ilə dolanıb gələcəyin qeydinə qalmır, gələcək fikrində olmur, özünə azuqə axtarmayıb, azuqəsiz qalan adam kimi, bu millət də axırda gələcəkdən məhrum olur, yəni yox olub gedir.Tarixin varaqlarını seyr edərsək, bir çox misallar taparıq ki, ən böyük, cəsim və qəviyyul-şikəmiyyə görünən, lakin istiqbalını heç bir halda nəzərə almayıb da qəflət ilə gün keçirən millətlər, ufacıq, az və zəif, fəqət huşiyar və gələcək fikrində olan bir millətin qabağında əriyib, müruri-zaman ilə məhv və nabud olubdur və yaxud öz istiqlalını bərqərar və payıdar saxlamağa qadir olan bir millət, ətalət və bətaləti ucundan sairələrin əlində münqəriz olub gedir.

3 dəq
Ordan-burdan 74

Rus adamları Dövlət dumasında olan vəkillərindən tələb eləyirlər ki, onlar gedib, bilavasitə padşah ilə danışsınlar və ehtiyaclarını bilavasitə padşahın özünə desinlər.Ay ruslar, bəs biz müsəlmanlar nə edək ki, Dumaya göndərdiyimiz vəkillər padşah oyanda dursun, öz duma yoldaşlarının yanında da danışmaq istəmirlər. Və elə dinməz oturublar ki, guya ağız açsalar qiyamət bərpa olar. Onlara bir deyən yoxdur ki, ay vəkillər, axı belə iş olmaz. Sizi bura danışmağa göndəriblər, yoxsa Dövlət dumasına Qafqazdan “Nobar” göndəriblər?

2 dəq

Başqa şairlərin şeirləri · Satira