Məzmun
  1. 9.xıı. 27
  2. 8.ıı.31
  3. 18.xı.31
  4. 28.ıv.32

Səhifə 1 / 3

1

Əziz qardaşım Əziz!

Seşənbə günü saat İkidə səlamət Bakıya varid olduq. Yubileyin müvəffəqiyyətlə keçməyi xəbəri bizdən qabaq gəlib çıxmışdı və məhafildə böyük təsirat bağışlamışdı. Quliyev (Mustafa Quliyev) türk teatrosu müdiriyyətinə üç günün ərzində bir proqram tərtib edilməsinə əmr vermiş, proqram bu gün mənim iştirakımla hazırlandı, sabah Quliyevə veriləcək. Nəhayət, kollegiya əzasından bir nəfər, Tiflisdən dala düşməni Azərbaycan üçün həqarət hesab edib, yubileyin bir-iki sənə təklif etmişdi, guya mən ömrümə qəbalə alıb, Allah ilə daqavor bağlamışam.

Yubileyin Bakı dairəsində belə təsir bağışlamağı sənin, Rzaqulunun mənə qulluq etməkdən təngə gəlməyinizin nəticəsi hesab edib, dübarə uzaqdan sənə izhar-təşəkkürümü göndərirəm. Sağ ol, qardaşım, çox zəhmət çəkdin. Sənin “Yenin fikir” məqalələrinin mənim üçün böyük əhəmiyyəti var...

Yubiley günü müəyyən olan tək sənə xəbər edərəm. Ümid ki, yubileydən bir həftə qabaq Rzaqulu ilə bahəm buraya gələcəksiniz. Bizim camaata bir hərəkət verən həmişə lazımdır.

“Hamlet”dən monoloqları yazıb bu məktubla bahəm göndərirəm. Sabah “Vaveyla”nı da göndərəcəyəm. Kitablar çapdan çıxdıqca bir-bir sənə göndərrəm. “Hamlet”i üzü yazılmaq üçün sabah aparacaqlar. Yəqin bir həftəyə yazıb qurtararlar. O saat onu da sənə göndərrəm.

Əlini sıxıb, səni bərk öpürəm.

Qardaşın Əbdürrəhim

12 fevral 1927

2

7 may 1927

Əziz qardaşım Əziz!

Bəd əz ərzi-salamdan sonra (”Yeni fikir” “təhti idarəsi altında” yazanda, mən də belə yazaram) bu gün sənin tul, təfsil məktubunu aldım; belə görünür, bu neçə müddətdə tamam qüvvəni cəm edib hamısını bir məktubun yazılmasına sərf edibsən; amma yaxşı olar ki, azaz yazıb tez-tez yazasan. Hər növ olsa, məktubunu artıq maraqla oxuyub ayağa çıxınca özümü Tiflisdə hiss elədim; bu da mənə bir ruhani ləzzət verdi. Mənim günlərimin gözəlləri, cavanlığım Tiflisdə keçdiyindən, o şəhərə mənim xüsusi bir məhəbbətim var.

Bu saat gündüz saat İkidir. Nahar vaxtına bir saat qalıbdır. Mən, pəncərə qabağında oturub, kağız yazıram, uşaqların anası da böyrümdə əyləşib roman oxumağa məşğuldur. Bayırda gün istisi, Bakının da tozu öz qaydasıyla.

Mənə çoxdan kağız yazmadığından üzr istəyib, tənbəlliyini etiraf eləyirsən; amma nahaq işdir; tənbəllikdə heç mən də səndən qalmaram, bəlkə bir otuz açki də perod verərəm.

Əkslər gəldi yetişdi, təşəkkür edirəm; nəhayət Koqan mənim xüsusi əksimi də aldı; doğrudur, o əksləri özü üçün almışdı, bain həmə qayda üzrə bir ədəd göndərməli idi. Dvarsovı küçəyə yolun düşsə, Koqandan bir ədəd alıb mənim üçün göndərsən, səndən incimərəm.

Mənim burada yubileyim olmadığından mən əsla dilgir deyiləm. Əvvəla, Zaqafqaz miqyasında götürülmüş təntənənin burada təkrarı mümkün deyildi, İkincisi, heç kəs öz vətənində peyğəmbər olmayıb. Qırx illiyə də... ya nəsib! Tiflis cavanlarının, əhalisinin, aktyorlarının,

Fotoqraf Kozanın adını müəllif düz yazmamışdır. (Əziz Şərifin qeydi).

təşkilatının, sənin və Rzaqulunun qulluq eləməkdə təngə gəldiyimiz qiyamətədək mənim xəyalımdan getməz. Mən Qafqazda bir nəfər üçün bu cəlal ilə təşkil olunmuş yubiley görməmişdim. Burada da mənə təskin verib, dedilər ki, qırx sənəliyivi gözəl surətdə bayram edərik.

Cavabında dedim ki, mən Allah ilə hələ daqavor bağlamamışam. Narkomprosun iki qətnaməsindən mənim yubileyim xüsusunda kopyalar götürmüşəm, qətnamələrin müxtəsər məzmunları budur: birinci – filankəs üçün Tiflisdə yubiley tərtib olduğuna görə, burada da təkrarı vacib görünür. İkinci – filankəs üçün Tiflisdə yubiley tərtib olunduğuna görə, burada təkrarı lazım görünməyir.

Tarixi qətnamələrdir.

Burada yubiley münasibətilə ədəbiyyat cəmiyyəti bir iclas təyin etmək istəyir, amma ondan da mənim ağlım bir şey kəsmir və artıq marağım da yoxdur.

Məndən tərcümə və çap üçün hekayələr istəyirsən. Bu saat əlyazısı hekayələrim yoxdur. Bəlkə yazdım, göndərrəm. Ancaq çapdan çıxmış “Marallarım”dan bir nüsxə sənə göndərdim. Bəlkə tərcümə üçün aralarında yarayan tapıldı; çap üçün “Şeyx Şəban” da bəd deyil. O ki para məsələsi, o barədə bir şey yazmağı lazım bilmirəm; tamamən sənə mühəvvəl edirəm. Necə ki, bilirsən “Azərnəşr” mənim yazılarımı çap edir, amma... “Pəri cadu”nu buraxmaq istəmir; səbəbi – mənim orada cin və şəyatin ortalığa çıxartmağıma mövhumat mənası verirlər. Və bir də deyirlər ki, “Pəri cadu” haqqında inqilabdan sonra bir mükəmməl tənqid qəzetlərdə çıxmayıbdır. Birinci bimənadır; bir yerdə ki, mövhumat ilə simvolikaya təfavüt qoymurlar, orada danışmaq da fayda verməz; belə bisavad naşirlərdən ancaq bunu gözləmək olar. İkinci səbəbi rədd etmək asandır, bu da sənə bağlıdır: bəlkə qəzetdə “Pəri cadu”nun iyirmi beş il səhnədə müvəffəqiyyətlə davam etməyi haqqında bir şey yaza biləsən. Əlavə Rzaqulu mənə deyirdi ki, gürcü hökuməti sənin kitablarından birini çox həvəslə çap etmək istəyir; Rzaqulu ilə söhbət elə, bəlkə “Pəri cadu”nu Tiflisdə çar edək. “Hamlet”in tərcüməsindən sənə parçalar göndərmişdim; o xüsusda kağızında bir şey yoxdur.

MXT-ı buradan ehtiramla yola verdik. O ki qaldı Meyerxold... vallah, bilmirəm nə deyim, onların quruluşları mənim əqidəmcə... yaman adamın atasının goruna... doğrudur, qəzetlərdə tərif edirlər, amma burada bir şey anlayıram: münəqqid tərif edir, çünki qorxur ona axmaq deyələr.

Tiflisdən gələndən sonra İki seridən ibarət “Köhnə dudman” adında təzə bir pyesanı tamam edib, bədaye komisyonu sədri Ruhulla Axundova verdim. Bu günlərdə cavab alacağam; pyesa, deyəsən, yaman deyil. Hal-hazıra dairdir və mənim də bir az xoşuma gəlir. Yəqin Tiflis truppası da surətini alar.

Bir az da özümdən yazım: darülfünunda tətildir, zaçotlar gedir; iyunun iyirmisindən sonra tamam asudə olacağam. Yay fəsli islamın zəif olduğundan qorxuram bir yana çıxa bilməyəm; yay fəslini də burada qalsam, qırx illik yubiley “təhq şəkk altında” olacaq...

...Səni bərk-bərk qucaqlayıb öpürəm. Və yenə məktublarını gözləyirəm. Məndən Tiflis cavanlarının hamısına fərdən-fərd – mərsiyəxanlar demiş – dua yetirərsən. Rzaquluya xüsusi kağız yazıram. Bu yayı sən harda keçirmək fikrindəsən? Bu günlərdə Bakıya gəlsəydin, pis olmazdı. Xülasə, xudahafiz.

Səni sevən qardaşın Əbdürrəhim

Adresin yadımdan çıxmayıb, nahaq zəhmət çəkib xəbər veribsən Ə.

3

Əziz qardaşım!

Axır ki, səndən bir kağız gəldi. Çox müddət keçdiyindən, mənim kağızımdakı məsələlərdən ancaq birinə (s vas çetıre rublyaya) cavab verirsən. Zalım kişi, sənə neçə kitab göndərmişəm, onların çatdığını ya çatmadığını, – bakılı demiş, – nöş xəbər vermirsən? Bəlkə kitabları yolda ilan-qurbağa yeyir. “Pəri cadu” haqqında yenə bir söz yazmırsan; yəqin ki, nə xahiş etdiyim yadından çıxıb. İndi gələrsən, yaxan keçər əlimə, səninlə dürüst hesablaşaram. Hələ səni maraqlandıran (türküsü interesovat edən) məsələdən yazım. Hal-hazırda Ruhulla burdadır, amma belə deyirlər ki, ayın iyirmisindən məzuniyyətə (otpuska) gedəcək; Məmmədzadə, Şahbazi həmçinin burdadırlar; Ağamalıoğlu Bakıda yoxdur və yaxın vaxtlarda da gəlməyi gözlənmir. Quzu İsmayılın harda qulluq etdiyini bilmirəm: yəqin Bakıda olar. Xülasə, əgər bu adamların hamısını görmək istəsən, gərək ayın iyirmisindən qabaq gələsən. Dünyanın işini bilmək olmaz – bəlkə mən də bir yana qaçmaq istədim. Bu günlərdə görüşəcəyimizi yəqin edib, uzun kağız yazmıram. Görüşərik, ağzımızı Allah yoluna qoyub, güc verərik əngə. Mənə qismət olsa, yenə istəyirəm Manqlis tərəfə gedəm. Tiflisdə Koqan cənablarıla görüşüb, ondan əksləri alıb, ona çetır qəpik də verməyəcəyəm. Xülasə, kağızımı müxtəsər edib, səni öpürəm... Bakıya gələndə evin adresini səhv düşməyəsən. Aziatski, 69.

Qardaşın Əbdürrəhim

B.T.Rzaquluya xüsusi məktub yazıram. Ə.

4

Qardaşım, əzizim, bir cüt gözüm!

Qabaqca üzr istəyirəm; uzun kağız yazmaq əlimdən gəlmir, məktubun gəldi vüsul oldu. Cavabını vermək üçün Həzrət Adəmdən bir tarix başlamalıyam. Amma raviyanı əxbar... İyul ayının iyirmi səkkizində varid olduq Tiflisə. Haman günü qulluq “şərifinə” gəlib, qapını mərd qapısı kimi bağlı gördüm. Axşam Rzaqulunun evindən neçə telefon elədim, cavab gəlmədi. Sübh saat səkkizdən aftamabil gedənədək yenə neçə telefon elədim. Nəhayət, cavabına nail olmadım. Manqlisə çatandan təxminən İki həftə sonra Bakıya göndərdiyin məktub, dağları, daşları dolanıb, gəlib oraya çıxdı. Cavab yazmağa məna qalmadı, çünki Tiflis uşaqlarının dediklərinə görə cənab “şərifiniz” Anapada istirahətə məşğul idilər. Avqustun axırında Tiflisə gəlib yenə zat “şərifinizi” tapmadım. Gəldim Bakıya. Burada İndiyədək kağız yazmamağıma səbəb haman səbəbdir. Mən sənə heç bir məzəmmət yaza bilmərəm; öz günahını özün boynuna götür, deyirsən: “Boynum qıldır, qıldan da nazik”. Bununla belə, “Pəri-cadu”nun Tiflisdə çap olması üçün cidd-cəhd eləməlisən, xüsusən ki, Gürcüstan maarif komissarı mənim əsərlərimdən birisinin Tiflislə çap olunması xüsusunda Rzaqulu ilə söhbət eləmişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri