Məzmun
  1. 9.xıı. 27
  2. 8.ıı.31
  3. 18.xı.31
  4. 28.ıv.32

Səhifə 2 / 3 · 33%

Mən burada çap olmuş əsərlərimdən Tiflisə heç bir kəsə göndərməmişəm, birini Mirzəli burada olan vaxt məndən aldı, birini də Əhməd Salahlı yenə buradan apardı. Səninçün əlbəttə göndərməyə borcluyam. Buna söz ola bilməz... Burada hər işlər qaydası ilə gedəcək. Mirzə Cəlil demiş, yaxşı olar... Buraya belə xəbər çıxıbdır ki, Tiflis aktyorları “Köhnə dudman”ı provalit eləyiblər. Əgər belə isə, əfsus etməlidir, çünki burada indiyədək beş dəfə müvəffəqiyyətlə oynanıb və hələ də oynanılacaq. Və ikinci hissəsi hazırlanmaqdadır. Rzaqulu deyir: “Proval sözü yalandır, bir də oynamağa hazırlaşırlar”. Sən də ki, bir söz yazmırsan. Amma necə ki, mənə məlumdur, heç biriniz əsəri səhnədə görməyibsiniz. Görəndən sonra yəqin yazacaqsan, buna əminəm... Hələlik görüşmək ümidilə əlini sıxıb dodaqlarından öpürəm.

Əbdürrəhim

Çox istərdim yanvar ayında bir həftəliyə Tiflisə gəlim. Rzaquluya dedim mənə bir
komandirovka düzəltsin; deyir mümkündür. Allaha pənah. Xanımın salamını qəbul
edəsən. Dost-aşnaya salam yetirəsən.
Ə.

9.xıı. 27

5

Əzizim, qardaşım, oğlum, gülüm, bülbülüm, sünbülüm i t.d..!

Neçə gün bundan əqdəm sənə bir məktub göndərmişdim. Yəqin alıb oxudun... Bir az zarafatı buraxıb seryozno danışaq. Bu gələn mart ayının 12- sində Mirzə Fətəlinin vəfatından tamam əlli sənə keçir. Burada xüsusi bir yubiley komisyonu təşkil olunub; komisyonun şöbələri Azərbaycanın qəzalarında da olacaq. Xülasə, bu günü çox təntənəli surətdə keçirtməyə hazırlaşırıq. Tiflis komisyonunun təşkili Zaktsiq katibi Tağıyevə həvalə olunub; o da bu gün ya sabah Tiflisə qayıdıb işə “şüru” edəcəkdir; yəqin də ki, “Bayramalısız toy olmaz”, – sən də iştirak edəcəksən. İndi bir iş var. Mirzə Fətəlinin nəvəsi Fətəlidə babasının arxivi var. Yoldaş Tağıyevin sözünə görə ona Ağamalıoğlu beş min rüblə təklif edib, o isə on beş minə qədər istəyir. Bu alış-verişdir, heç kəsə də dəxli yoxdur. Özləri barışarlar. Ancaq səndən xahişim budur, Rzaqulu ilə bahəm Fətəlini görüb, ondan xahiş edəsiniz ki, babasının mükəmməl tərcümeyi-halı yazılmaq üçün o arxivi bir həftənin müddətində mütaliə üçün mənə versin. Əgər razı olsa, mən yanvar tətilində bir həftəliyə, ya on günlüyə Tiflisə gəlib, sənin və Rzaqulunun köməyilə mühüm siriştələrdən surət alaram. Mirzə Fətəlinin mükəmməl tərcümeyi-halı, dost-aşna ilə əlaqəsi, irsal mərsulatının cəm olub ortalığa çıxması nəinki yubiley komisyonuna, bəlkə tamam insaniyyətə və tarixə lazımdır. Mən yəqin edirəm ki, Fətəli tək ziyalı bir oğlan bunu bizdən də yaxşı düşünür və mənim təklifimi də qəbul edəcək. Əsasən bir tərcümənəvis axtarmaq onun öz vəzifəsidir, vaxta ki, qıraqda öz səylərini, zəhmətlərini təklif edənlər var, gərək daha da məmnuniyyət ilə qəbul eləsin. Rzaqulu ilə söhbət elə, məsləhət olsa, mən Fətəlinin özünə də bir məktub bu xüsusda yazım. Xülaseyi-kəlam, mənim kağızıma gərək forən, başıvın yarısı tüklü, yarısı qırxılmış, əncam edib, mənə cavab verəsən. Daha hələ ki bu Tiflis aktyorlarına salam yetirib, deyəsən ki, bu gün üçün hazırlaşsınlar.

Burada belə qərar qoyulub, təntənəli müsamirədən başqa, Nuxada və Bakıda Mirzə Fətəli üçün abidələr qoymaq. Bakıdakı teatr məktəbini Mirzə Fətəlinin adıyla adlandırmaq; Tiflis qəbiristanındakı qəbrini müntəzəm surətdə təmir etmək. Və əlavə sair xırda təzimat.

...Hələlik əlini sıxıb, dodaqlarından öpüb, sənə qardaşlıq salamımı göndərirəm. Əgər mənimlə bahəm Tiflisdə bir neçə gün keçirmək istəyirsən isə, kağızıma cəld cavab ver. Və Fətəlini yola gətirmək üçün tamam diplomatiyanı işə sal. Xanımdan sənə salam.

Qardaşın Əbdürrəhim
18.XII.27, Bakı

6

Əziz qardaşım!

Səndən dörd gözlə kağız gözlədiyimi bilə-bilə söz yazmırsan. Səbəbini də bilmirəm. Tağıyevin sənin sözünlə Teymur Hüseynova yazdığı məktub və göndərdiyi siyahı hələ gəlib çıxmamış. Belə görünür, mənim Tiflisə ezam olmağım qaldı ay batandan sonraya. Və bir də mənim işimi sən özün görürsən. Xahiş edirəm jurnalların nömrələrini qayda ilə mənə göndərəsən. Əlavə mənim üçün, sən əxz etdiyindən əlavə, Leninqraddan və Germaniyadan materiallar gələsidir.

Bəradərim, sənə məlumdur ki, Bakıda və Nuxada Mirzə üçün abidələr qoyulasıdır. O da rəssama tapşırılıbdır. Rəssam bu saat ki, on birin yarısıdır və yatmağın da vaxtıdır, mənim yanımdan getdi. Ona Mirzənin böyük əksi lazımdır; xahiş edir ki, Mirzənin jurnalda olan əksinin dörd o boyda, ya bir az da çox böyüdüb göndərəsən. Mən də haman saat oturub, bu məktubu sənə yazıram. Əksin əslini verərsən Məşədi Koqana, o da onu bir yaxşı böyüdər. Bəşərti retuş vurmasın və mənim adıma nalojnıplatyoj göndərsin. Əks təcili surətdə gəlməlidir, çünki abidə gərək vaxtında hazır ola. Əlbəttə, bu xüsusda səy edərsən.

Ayın iyirmi dördündə burada görüşəndə xüsusi rizaməndlik elərəm.

Bizim xanımın sənə artıq duası var. Yatmaq vaxtıdır. Kağıza təfsil verməyib, dodaqlarından öpürəm.

Qardaşın Əbdürrəhim

7

Əziz qardaşım Əziz!

Sənin kağızın gələndə mən bəstərdə yatmaqda və məcburi istirahətdə idim. Tiflisdə beş gün yatdıqdan sonra gəlib Bakıda da dostaşnanın duasının bərəkətindən bir on gün yan yerə verdim. İndi daha kişi kimi işə gedirəm. Ancaq küçələrdə, səkilərdə nəmişlik görəndə ayaqlarım titrəyir. “İlan vuran ala qarğadan qorxar”.

Fevralın iyirmi üçündə sübh saat yeddidə Tiflisə təşrif gətirəcəyəm. Ümidvaram ki, o vaxt nə qar olacaqdır, nə də mən yıxılacağam. Üç-dörd gün Tiflisdə qalıb, səninlə “qarın açmadan” söhbət eləmək niyyətindəyəm. Ola bilsin ki, arvadağa da bu dəfə, yolun bahalığına baxmayaraq, mənimlə bahəm təşrif gətirə...

Sənin sözünlə gərək Bakıya gələydin. Görünür, bir məmaniət vaqe oldu, ya bəlkə ayın iyirmi üçünədək yenə gələsən. Buranın əhvalatını xəbər alsan, Bakı köhnə yerində öz qaydasilə durmaqdadır; qar yoxdur, az-maz yağış yağır; bəhərhal bahar qoxusu gəlməkdədir. Mən öz müəllimliyimdə varam. Deyəsən, oktyabrda istefa verəcəyəm; doğrudan da daha kifayətdir; kənara durub, gənclərə yol vermək lazımdır.

Dünən imla qurultayı qapandı. Məşhur lisançı Abdulla Tağızadətoyuqların gülməsi gələn bir proje ilə ortalığa çıxdı. Məsələ uzundur, görüşdükdə təfsilən söhbət edərik.

Mirzə Cəlilin, deyəsən “povestkası” gəlibdir. Gərək onun iflic olub Kislovodska getdiyini Tiflisdə sənə söylədim. Bu günlərdə görüşdük, gözümə yaxşı dəyməyir. “Molla Nəsrəddin”in iyirmi beş sənəlik yubileyinə çalışır. Təntənəli keçməsinə şəkk yoxdur. Mən də, sağlıq olsa, qırx illiyə çalışmalıyam. Əcəl aman versə, nail olaram...

Sona xanıma dübarə salam yetirəsən. Arvadağanın sənə xüsusi ərzisalamı var. Mən də səni qucaqlayıb dodaqlarından öpürəm. Balaca Şərifləri həmçinin öpürəm. Məndən cəmi dost-aşnaya dua yetirəsən.

Qardaşın Əbdürrəhim

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri