Dördüncü məclis
Vaqe olur Hafizə xanımın evində. Əmrah və Sayad ev süpürürlər.
Əmrah. Eh, nökərçilik də bir kişilik deyil, ayda iki manat məvacib verirlər, onu da adama zəhrimardan pis eləyirlər. Vallah, hamballıq bunun yanında bir xanlıqdır. Gündüz get işlə, axşam da gəl bir yorğan qırağındanzaddan çək başına, xorhaxor nə qədər kefİndir yat. Bir adam da deyə bilməsin ki, ayağın yandı, geri çək.
Sayad. Boyunu yerə soxum sənin, utanmırsan da adını kişi qoyubsan.
Əmrah. Necə, kişi deyiləm?
Sayad. Sənin kimi kişinin gündə beşini palçıqdan yoğuraram. Kişi olan da nökərçilik eləyər? Boş-boş danışınca, get özünə peşə tap.
Əmrah. Neyləyim, ay qız, belə xanıma bəndəm, gedə bilmirəm, axır...
Sayad. Ala, başına daş düşsün, itə bax qarpız yeyir.
Əmr a h. Ay qız, vallah, yanıram, bu odunçunu da ki gətirib mindirib boynuma. Deyir, ona ağa deginən. Lap bağrım çatlayır.
Sayad. Ağa da deyərsən, canın da çıxar.
Əmrah. Axır bir sən fikir elə. Bu itin birinə gedincə mənəcə gəlsəydi, nə olardı? O bir odunçudur, amma mənim atam kənddə neçə il kəndxuda yanında çavuşluq eləyib.
Sayad. Böyük nəsildənsən, bu nə sözdür?! Özün də elə yaraşıqlı oğlansan, şir kimi, qara torpağa layiq. Görünür bəxtin yoxdur ki, Hafizə xanımın gözü səni görməyib.
Qurban (daxil olur). A gədə, evi süpürürsən, barı bu akuşkanı aç, toz aləmi götürüb başına. Nə vaxtacan heyvan olacaqsan? (Keçir o biri otağa.)
Əmrah (yüyürüb akuşkaları açır). Ağa, bu saat açım. (Qurban gedəndən sonra) Ay can ağa, bir hökmünə bax, deyir akuşkanı aç, evi toz başına götürüb, guya özü bargahdan gəlib. Dünənəcən donquz təki zibillikdə eşələnirdi, altına həsir parçası salırdı. Arvad da bir ityatan yorğanı götürüb tullayırdı üstünə, birələrin də əlindən səhərə kimi qurcalanırdı. İndi qu tükü yasdıq, pambıq kimi döşək, şal yorğan. Hafizə xanım kimi arvad. Neyləsin, babası görmədiyi günləri görür. Mən də onun yerinə olsam, qudurub yolumdan çıxaram.
Qurban (başını qapıdan çıxarıb). Əmrah!
Əmrah. Bəli ağa...
Qurban (pulu verir). Al bu pulu, bu saat yüyür bir paçka iyirmibeşlik papiros al.
Əmrah. Ağa, bu saat gətirim. (Qurban gedir içəri.) Oho, çək özünü altışahılıq papiros, görürsən? Nə deyim, əlbət Həsən Dadanov moddan düşüb. Bir də kişi bəydir. Necə ola bilər ki, çırt tənbəkisi çəkə, ağzından xanıma pis iy gələ. Eh, gedim bəyin papirosunu alım.
Sayad (onun başına qapaz vurur). Di öl, canın çıxsın! Get odunçu ağana papiros al.
Hafizəxanım (məclisin dalından). Əmrah, ay Əmra h!
Əmrah. İndi bu başladı. Çor Əmrah, dərd Əmrah! Əmra hın oğlu ölsün.
Hafizəxanım (daxil olur). Ay heyvan, səninlə deyiləm? Çağırmaqdan boğazım yırtıldı.
Əmrah. Eşitmədim.
Hafizəxanım. Niyə, qulağın kardı? (Sayada) Ay qız, sən burada nə qayırırsan?
Sayad. Evi süpürürdüm, xanım.
Hafizəxanım. Çox qələt eləyirdin! Sənə min dəfə deməmişəm mənsiz bu otağa girməyəsən?!
Sayad. Girəndə nə qayırıram?
Hafizəxanım. Nə qayırıram? Canına dərd qayırırsan. O nə sürmədir gözünə çəkibsən? Itil buradan. (Sayad gedir, Əmraha.) Yaxına gəl, hara gedirsən?
Əmrah. Ağam pul verib, gedirəm papiros almağa.
Hafizəxanım. Ağan çox özü üçün eləyib. Buyurmuşdu səyahətə, papiros da alıb gətirəydi. Bir bəri gəl görüm. (Əmrah yaxına gəlir.) Səndən bir söz soruşacağam. Mənə doğrusunu de, yoxsa gönünü aldıraram.
Əmrah. Ay xanım, niyə doğrusunu demirəm?
Hafizəxanım. De görüm, bəy irəliki arvadına puldan-zaddan göndərir, yoxsa yox?
Əmrah. Xanım, vallah, əgər doğrusunu istəyirsən ərz eləyim: iki həftə bundan irəli bir üçmanatlıq verib, aparıb vermişəm. Amma ondan bəri göndəribsə də mən bilmirəm.
Hafizəxanım. Di get, hər nə alacaqsan al. (Əmrah gedir.) Görürsən? Mənə deyir üçlüyü cibimdən salıb itirmişəm. Bax, mənim belə dərdim var. Itin birini gətirib adam eləmişəm, o da mənə kələk qurur. (Qapıdan çağırır). Qurban, ay Qurban!
Qurban (o biri otaqdan). Bəli!
Hafizəxanım. Bir buraya gəl görüm.
Qurban (daxil olur). Nə buyurursan?
Hafizəxanım. Yenə hara getmişdin?
Qurban. Heç, elə bazara çıxdım, bir az fırlandım qayıtdım.
Hafizəxanım. Mən sənə neçə dəfə tapşırmışam ki, məndən biizn qapıdan çıxma çölə?
Qurban. Axır, ürəyim darıxır, nə tövr eləyim?
Hafizəxanım. Ürəyin darıxır, cəhənnəmə darıxsın. Doğrusunu de görüm, haraya getmişdin?
Qurban. Vallah, bazara çıxıb qayıtmışam.
Hafizəxanım. Gör necə ağ yalan danışır. Mənim gözümün içinə deyir. Mən sən deyən deyiləm. Bu saat sən Səlimənin yanından gəlirsən.
Qurban. Vallah, heç Səlimənin üzünü də görməmişəm. Elə bazaar dəyib qayıtdım.
Hafizəxanım. Sən gəl mənə yalan demə. Mənə hamısını xəbər gətiriblər. Bu da üç manatın söhbəti deyil ki, arvadına göndərib mənə deyəsən itirmişəm. And olsun əzizlərimin goruna, bundan sonra eşidəm ki, Səlimədir nədir, ona pul göndəribsən, ya məndən biizn evdən çıxıbsan, səni itdən pis elərəm. Ağzını haraya veribsən? Əynin başın bir az düzəlibdir, elə bilirsən bir şeysən? Mənim sənə yazığım gəlir, gətirib səni insan sifətinə salmamışam ki, kefin nə istəsə eləyəsən?! Vallah səni bir Qurban bəy qayıraram ki, biri də yanından çıxar. Heç yolundan, izindən azma!
Qurban. Bəs necə eyləyim? O da yazıqdı. Əlində uşağı var, pul göndərməsəm acından ölər.
Hafizəxanım. Ölər, daha yaxşı. Neyləyim ölər. Çox böyük iş olar. Guya Səlimə kimi itin biri öləndə dünyanın altı üstünə çevriləcək. Eşidirsənmi? Oturursan burada, məndən biizn ayağını çölə qoymazsan. (Durur getməyə.) Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Çörəyini belə adama yedirdincə, itə tullasan bundan min pay yaxşıdır. (Gedir.)
Qurban. Bəli, yaxşı kökə saldıq özümüzü. Bu da dövlət. Allah kəssin o dövləti ki, adamın burnundan tökülə. Yediyim haram, içdiyim haram, gecəgündüz rahatlığım yox. Yaxşı özümü bəlaya saldım. Bundan sonra gedib təzədən dalımda odun daşıya bilmərəm. Canın çıxsın,
Qurban. Otur bu qızıldan tikilmiş Dustaqxanada, öküz kimi səni qoşsunlar kotana, çəkə bildikcə çək.
Əmrah. Ağa, buyur papiros, gör özündəndirmi?
Qurban (alır). Bəli, özündəndir. Ay bihəya, heç utanmırsanmı, səninlə evə üç manat pul yolladım, onun nəyini gəlib xanımın ovcuna qoydun?
Əmrah. Ay ağa, nə bilim, soruşdu, mən də qorxumdan dedim. Qorxdum bir yaman adamdır, məni döydürə.
Yoldansəsgəlir. Ay bacı, qayıt geri, xanım buyurub, səni bəyin yanına qoymayaq.
Qurban. Əmrah, gör o nə səsdir?
Əmrah (qapıdan). A gədə, qoy gəlsin içəri. (Əmrah tez kənara.) Uf, gəl kefimin dörddən biri. İndi bəylə xanım vuruşacaq, ləzzət aparacağam.
Səlimə qucağında uşaq daxil olur.
Qurban. Niyə gəldin? (Əmraha.) Sən bir çölə çıx.
Səlimə. Qurban, axır mən sənin haqqında nə yamanlıq eləmişəm? Mən sənə ana olmuşam, bacı olmuşam, həmişə sənin nazınla oynamışam. İndi bu nə gündür sən məni salıbsan? Ac, susuz qalmışam damın altında. (Ağlayır.) Barı mənə yazığın gəlmir, bu tifilə yazığın gəlsin. Bunun heç bir taqsırı yoxdur. Qurban, acından, vallah döşümün südü quruyub, bu yazıq gecələr sabahadək quzu kimi mələyir. Evin olan-olmaz şeylərini də dəyər-dəyməzinə satmışam. Gör nə məqama gəlmişəm ki, uşağın beşiyini qonşuya satmışam. İndi daha bir satmalı şeyim qalmayıb. Vallah, mən acından öləcəyəm. Qurban, mən məgər belə demişdim ki, belə oldu? Axır mən o Səliməyəm ki, sən bir yerə gedəndə ürəyim dalınca gedirdi, sən gəlincə gözlərimi yoluna dikirdim. İndi sənin insafına nə gəlib?
Hafizəxanım (daxil olur). Bu nə səsdir? Bu haradan gəlib çıxdı? Əmrah! (Əmrah gəlir.) A gədə, sənə tapşırmamışam ki, bunu buralara qoyma? Tut qolundan, sürü sal çölə. Elə bu qalmışdı...
Əmrah. Gəl... Gəl, çıx görək.
Səlimə. Bax, Qurban, məni sənin yanından qovurlar. Gedirəm, gedirəm, ay xanım, sözüm yoxdur. Barı bu tifli burada saxlayın, mən dilənməklə başımı saxlaram.
Hafizəxanım. Bəli, İndi də it-qurd küçüyü saxlayacağam. Götür, çıx çölə, çəngi.
Əmrah Səliməni salır çölə.
Qurban (pərişan halda). Ay balam, yazıqdır. Hər nədir, ürəyi sınıqdır. Niyə qovursan? Elə bil Allah rizasına, Allah yolunda verirsən, bir-iki manat verib yola salaydın.
Hafizəxanım. Dur yüyür dalınca! Yazıqdır. Sən də çox yazıqsan. Vallah, bu saat abrını ətəyinə bükərəm. Gündə bir it gəlib mənim baş-beynimi aparacaq, mən də oturub qulaq asacağam. Xeyr, gərək, xanım buyur deyib, yuxarı başa keçirdəydim. Altına kürsü qoyaydım, öz əlimlə qulluğuna qəhvə gətirəydim. Əlimi də əlimin üstünə qoyub qabağında kəniz kimi duraydım. Onda xoşuna gələrdimi?
Qurban. Yox, yenə insafdan uzaq iş gördün.
Hafizəxanım. Hə, bəs insafdan uzaq işdir. Bəs mən sənin kimi itlə özümü baş-başa bağlamışam, bu insafdan deyilmi?
Əmrah (daxil olur, iztirabla). Xanım, o arvad öldü!
Qurban. Necə, öldü?!
Əmrah. Vallah, İndi aşağıya endikdə əlində şüşədə bir şey var idi. Əvvəl uşağın boğazına tökdü, sonra da özü içdi, ikisi də öldü.
Qurban (ağlaya-ağlaya istəyir qapıdan çıxsın). Sonra, sonra!..
Hafizəxanım. Qayıt... haraya yüyürürsən? Cəhənnəmə ölsün! Beş arşın ağdır, on beş manat pul, onun canı. Verərəm, elə bilərəm saldım itirdim. Ağlamağına bax! Kəs səsini!
Qurban. Axır o yazığın taqsırı nə idi, onu qanına səbəb oldun?
Hafizəxanım. Hələ danışacaqsan da. Sən də itil buradan, itin biri!
Qurban. Məni sən iki cahanın avarası elədin, bundan sonra mən haraya gedəcəyəm?
Hafizəxanım. Mən nə bilim? Hansı cəhənnəmə gedəcəksən get! Mən duz-çörək tökən adamı saxlamaram. A gədə, Əmrah! Tut bunun qolundan, sürü sal eşiyə! (Əmrah gəlir.) A gədə, eşitmirsən? Yapış qolundan çək çölə.
Əmrah gəlmək istəyir.
Qurban (qeyzlə). İtil cəhənnəmə, haramzadə! (Əmrah gedir).
Hafizəxanım. Söyüş söyməyinə bax...
Qurban (artıq qeyzlə). Yığdın mənim canımı boğazıma! Mən gedirəm, bu da sən! (Qəmə ilə Hafizə xanımı öldürür.)
Hafizəxanım. Oy... (Yıxılıb ölür.)
Qurban. Hər yerdən əlim üzüldü. Bundan sonra bu qəmə mənim yoldaşım; dağlar, daşlar mənim məskənim olacaq. Getdim... (Çıxır.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-peri-cadu-dorduncu-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mənəm mənəm deyib dava qılanda,Ərəb atı qoç igidin günüdür
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,