Pristav və oğru
(Mükalimə)
P r i s t a v – A gədə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan.
O ğ r u – Bəy, and olsun o görükən İmamzadəyə, mənim xəbərim yoxdur.
P r i s t a v – A məlun, utanmırsan, yalandan and içirsən? Doğrusunu de görüm, sənmi aparıbsan?
O ğ r u – Bəy, and olsun səni və məni yaradana, and olsun Qurana, xəbərim yoxdur.
P r i s t a v – Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan.
O ğ r u – İxtiyarın var, ay bəy. Amma and olsun on iki imama, peyğəmbərə, xəbərim yoxdur.
P r i s t a v – Bəs belə (yasavullara). Ay uşaqlar, vurun məlun oğlu məlunu.
Yasavullar oğrunu yıxıb çox döyürlər.
O ğ r u – Ay ağa, qoyma, məni öldürdülər, doğrusunu deyim.
P r i s t a v – Uşaqlar, əldən qoyun. (Oğruya) Dur ayağa.
O ğ r u (ayağa qalxıb) – Ay ağa, öldürmə məni. And olsun atam getdiyi Kərbəlaya, xəbərim yoxdur.
P r i s t a v (yasavullara) – Basın yerə! Gərək ağlın başına gəlincə səni döydürüm. Vurun!
Yasavullar yenə yıxıb döyürlər.
O ğ r u – Bəy, məni balalarının başına çevir. Ay! Ay! Vay öldüm! Vay çatladım! Atam sənə qurban, ay bəy, öldürmə məni!
P r i s t a v – Doğrusunu deyərsənmi? Heyvan oğlu heyvan.
O ğ r u – Deyərəm, qurbanın olum. Hamısını deyərəm.
P r i s t a v – Durğuzun bu kafir oğlunu. (Yasavullar durğuzurlar). De, söylə görüm.
O ğ r u – Ay bəy, Həzrət Abbas mənim iki qolumu qələm eləsin, əgər o öküzdən mənim xəbərim varsa.
P r i s t a v (yasavullara) – Siz çölə çıxın. (Oğruya) A gədə, yavuğa gəl! (Oğru qorxaraq yavuğa gəlir.) Lotu, mən ölüm doğrusunu de, öküzü sənmi aparıbsan?
O ğ r u – Ağa, qurbanın olum, “mən ölüm” niyə deyirsən. Yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam.
Axşam satılan oğurluq maldan pristavın payı qumar oynadığı
vaxt gətirilib özünə verildi.
Bu axırıncı cümlə latın əlifbası ilə yazılaraq, hekayənin axırına əlavə olunmuşdur.
Kitabxana.az · https://kitabxana.az/works/haqverdiyev-pristav-ve-ogru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dağlar arasında qaçaqlar məskəni. İki nəfər qaçaqlardan Tağı və Heydər qazanda xörək*bişirirlər. Bir nəfər yuxarıda əli tüfəngli qarovul çəkir.*
Dördüncü pərdəPərviz xanın sarayı. Böyük, şeyləri dağınıq bir otaq. Xacələr otağın şeylərini dişarı*çıxardırlar. Pərviz xan, əlində tüfəng, əsəbi halətdə otaqda gəzinir. Sadıq bəy daxil olur.*
Qurbanəli ŞərifovaDust mehriban!Əvvəla sizin səlamət olmağınızdır; saniyən siz gedəndən bəri Peterburqda bir qəribə əhvalat ittifaq düşməyibdir ki, sizə yazım. Peterburq öz əhaliləri ilə öz yerində payidardır. Bizlər sizin dövlətinizdən səlamətik, amma hava artıq soyuqdur. Əgər bu halda Peterburq xəyalında olsanız, məsləhət görməyirəm, çünki burada bir parça buz olarsınız. Amma bəd cəmiyyəti-xeyriyyə bu halda sizi üzv yazdı və kağızı göndərməyi mən boynuma götürdüm, çünki xahiş etdim ki, bir neçə söz və salam-dua sizə yazım və bircə xırdaca təvəqqe də sizdən edim o ümid ilə ki, mən etməyəcəksiniz. Bir cild kitab bu kağız ilə bahəm öz təsnifimdən sizə hədiyyə göndərdim. Təvəqqe edirəm qəbul edəsiniz. Və bir də sizdən təvəqqe edirəm, əgər mümkün olsa ki, orada bu kitab satıla, yazıb məlum edəsiniz, hər neçə cild lazımdır, göndərim və bu kitabın satılmağı barəsində əgər mənə kömək etsəniz, bir böyük minnət mənim boynuma qoyarsınız. Bir də bu kitabın satılmağı bu tövr mümkündür ki, hər bir hallı adamın boynuna on-iyirmi cild qoyasınız, ta onlar camaat arasında bipul paylayalar. Xülasə, təvəqqe edirəm bu kitabın satılmağına səy edəsiniz, artıq minnətdir. Kitabın qiymətini də ucuz qoymaqda meylim tez satmaqdır, çünki iki min cild çap etmişəm. Əlbəttə, bu Peterburqda satılası kitab deyil, amma mənim ümidim Qafqaza və sizin kimi dost-aşnalaradır. Baqi vəssalam.
Nəcəf bəy VəzirovaBakı, Tağıyev teatrına 15 noyabr 1913-cü il, Ağdamdan*Müsəlman səhnəsinin təşkilatçısını, birinci aktyorunu, Aslan bəy, Hacı Qəmbər kimi ölməz tiplərin yaradıcısını qucaqlayıb öpürəm. Siz qırx il dərviş kimi ürəklərin qapısını taqqıldadaraq bizi intibaha çağırmışsınız. Sizin pyeslərinizə baxan xalq gülmüşdür. Sizin gülüşünüzün sayəsində məqsədə nail olduqlarını görənlər bu gün sevincdən ağlayırlar.