Çiçəklər incəlik, güllər zəriflik,Sünbüllər bərəkət gətirir bizə.Dərələr dərinlik, düzlər genişlik,Zirvələr əzəmət gətirir bizə.

Qayadan-qayaya toxundu dizim,Buz üstə alışdı kömürüm, közüm,Enişlər ehtiyat, yoxuşlar dözüm,Dalğalar dəyanət gətirir bizə.

Şimşəyin havada şimşək zəngi var,Selin sel, çayın da çay ahəngi var,Bir qövsi-qüzehin neçə rəngi var, –Naxışlar şeriyyət gətirir bizə.

Bulud ölkəsində, çən diyarında,Göylər darlıq edir göy atlarında.Səyyar duyğuların qanadlarındaÜfüqlər hərəkət gətirir bizə.

Hüseyn, ömrümüz təkər üstədir,Qocalıq dövr edir, gənclik dövr edir.Gedəni təbiət aparıb gedir,Gələni təbiət gətirir bizə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar