Səhifə 1 / 2

Cahan Pəhləvan ovda yorulduğu üçün otağına çəkilib yuxuya getmişdi. Hələ ortada Əli Şimşəyi yuxuda da görmüşdü. Görmüşdü ki, bu dəfə çoban Eldar Bəhmənin oğlu ilə düzəngahlıqda üz-üzə gəlib bir-birinin üstünə qılınc qaldırmışlar... Vuruş qarşısında Əli Şimşəyin qılıncından yenə şimşəklər tökülür...

Cahan Pəhləvan yuxulu-yuxulu nəsə danışdı və öz səsinə oyanıb böyrünü dəyişəndən sonra təzədən yuxuya getdi.

Kənizlər, qaravaşlar isə öz işində idilər. Bir neçəsi şam yeməyi hazırlayır, bir neçəsi də hökmdar ayılanda onu çimizdirmək, bədənini ovmaq üçün hazırlıq görürdü...

Elə bu vaxt Zahidə xatum qızı ilə gəzməkdən qayıdırdı. Təxti-rəvan darvazaya çatan kimi dərban qapıları taybatay açdı, qulamlar balaca pilləkəni onların ayaqları altına uzatdılar. Kənizlər kömək edib mələkə ilə balaca xatunu təxti-rəvandan düşürüb xüsusi otaqlarına aparanda bir-birinə oxşayan ağ atlardan biri qabaq qıçlarını yerə döyərək ucadan kişnədi...

Cavan yaşlarından at kişnərtisindən xüsusi həzz alan Cahan Pəhləvan səsi yuxuda da olsa elə bil göydə aldı, tez gözlərini açdı, əbcuns¹ ağacından hazırlanan xüsusi təxtixabdan qalxıb pəncərədən eşiyə boylandı. Bayırda təxti-rəvanı, ondan enib mərmər pilləri yavaş-yavaş qalxan arvadı ilə qızını görən kimi rahatlandı, qayıdıb oturdu, zər naxışlı, qızıl saplardan qotazları olan məxmər üzlü mütəkkəni dirsəyinin altına çəkdi.

Qızına nə isə deyən Zahidə xatun gülə-gülə içəri girdi və paltarını dəyişmək üçün öz otağına keçdi. Cəlaliyyə əlindəki gül dəstəsini atasına göstərə-göstərə dedi:

– Mənim atabəy babamın axşamı xeyir olsun... Və qiymət verib desin görüm yığdığım güllər xoşuna gəlir?

Sualına cavab almayan balaca xatun əlindəki gül dəstəsini gümüş güldana qoydu. Sonra atasına yaxın gəldi, kürsünün qabağında diz çöküb onun dizlərini qucaqladı və güllər barədə başladığı söhbətə əlavə edib dedi:

¹ Möhkəm hind ağacı

– Gülləri Ədilağa düzündən yığmışam. Dəbir dedi ki, Naxçıvanın gülləri Seyidabad¹ güllərindən əskik olmur. Hələ onu da dedi ki, Ədilağa düzənliyindən bitən güllərin ətri daha ürəyə yatımlıdır... rəngləri də çox əlvanlı, həm də gec solurlar...

Cahan Pəhləvan əyilib qızının saçından öpdü. Cəlaliyyə dikəlib atasının belini qucaqladı. Saray sahibi qızının bu mehribanlığından xeyli xoşhal oldu və ürəyindən keçənləri dilinə gətirdi:

– Mənim gözəl mehrimin özü elə bir gül dəstəsidi. Ədilağa düzünün gülləri onun nəyinə gərəkdi? – Cahan Pəhləvan qızının başını yuxarı qaldırıb bu dəfə onun alnından öpdü.

Ata tərifindən, üstəlik, hökmdar mədhindən fərəhlənən Cəlaliyyə cəld ayağa qalxdı, güldana qoyduğu güllərə işarə edib şirin bir ləhcə ilə dedi: “Yaşıl otlar üstə cilvələnir gül. Bülbül şurə gəlib açır şirin dil. Onlar hər ikisi heyran olmuşlar: Gül gödək ömrünə, təkliyə bülbül...”

Cahan Pəhləvanın yorğun sifətində təbəssüm göründü, gündən-günə boy verib boylanan qızına əl çaldı. Cəlaliyyə bu dəfə kürsünün arxasına keçib atasının boynunu qucaqladı, hökmdar soruşdu:

– Şer kimindi, qızım?

– Böyük xanımın, atabəy baba.

– Böyük xanım kimdi?

– Məhsəti.

– Adını deməyib, böyük xanım niyə deyirsən?

– Məhsəti elə böyük xatun deməkdi... Yoxsa mənim atabəy babam indiyə kimi bunu bilmir? – Cəlaliyyə əyilib əvvəlcə Cahan Pəhləvanın sağ, sonra da sol yanağından öpdü. – Atabəy baba heç maraqlanır ki, mən bu şeirləri haradan bilirəm. – Cəlaliyyə qaçb öz otağından “Rübailər”i gətirdi. – Bunu mənə ustad Əcəmi bağışlayıb... Gör nə gözəldir, atabəy baba!

Cahan Pəhləvan balaca xatunun əlindəki kitabı alıb diqqətlə baxdı, sonra ehtiyatla vərəqlədi. Hər vərəq ona müxtəlif naxışlarla bəzənmiş kiçik bir xalça kimi göründü. Kitabı örtüb dizinin üstünə qoydu, turunc formalı cildinə xeyli baxdı. Fikrindən keçdi: “Əlinin qabiliyyətinə söz ola biləmz Əbubəkr oğlunun!.. İnanıram ki, bu əllər Möminə xatun ananın sərdabəsini də gözəl tikəcək...”

– Ustad Əcəminin hədiyyəsi həqiqətən mənim gözəl qızıma layiqdir...

¹ Arranda öz ətirli güllərilə məşhur olan kənd

– Müəllimim Əbubəkr Dosta da göstərdim, o da bəyəndi.

– Mənim gözəl qızım bilir ki, Məhsəti xanımın həm də gözəl səsi var?

– Bah, mən də bunu bilmirəm. – Cəlaliyyə təəssüflə dilləndi.

– Özü də səsində bir muyə¹ var... Şairənin çaldığı uddan da həmişə bi miyə yağır.

– Atabəy babam bunları hardan bilir?

– Hökmdarlar hər şeyi bilməlidirlər...

Cəlaliyyə bu dəfə atasının yanaqlarını öpüşlərə qərq elədi...

– Mələkə!.. Bizim qızımız axırda deyəsən, şairə olacaq, – Cahan Pəhləvanın səsi bu dəfə otaqlara yayıldı.

Zahidə xatun öz otağından çıxa-çıxa, özü də ötkəm səslə qəti etirazını bildirdi.

– Xeyr. – dedi. – Bizim qızımız şairə yox, vali olacaq!..

– Mən?.. Vali?! – Cəlaliyyə əvvəlcə anasına, sonra atasına baxdı və birdən qəhqəhə çəkib güldü.

...Cahan Pəhləvana arvadlarının hərəsi bir qaydada müraciət edərdi. Rey hakiminin qızı İnanc xatun “Hökmdar”, türk qızı Kütəybə xatun “Atabəy” deyərdi. Təkcə Zahidə xatun ərini öz aadıynan, özü də tam yox, bir az sadələşdirilmiş qaydada “Cahan” çağırardı. Bu da saray sahibinin xoşuna gələrdi: əvvəlan, ərlə arvad arasındakı rəsmiyyət aradan qalxırdı və aralarında fərq olmasına baxmayaraq, özünü mələkə ilə yaş-daş sayırdı...

– Bəli, atabəy baban səni vali edəcək! Lazım gəlsə lap hökmdar... Sənin bərdəli Nüşabədən nəyin əksikdi? Zahidə xatun səsinə bir amirlik verib əvvəlcə qızına, sonra ərinə nüfuzedici bir nəzər yetirdi.

– Mən səni özümə qız yox, oğul doğmuşam...

Cəlaliyyə anasının qırımını görüb heç nə demədi, məstlərini yavaş-yavaş sürüyüb öz otağına keçdi...Cahan Pəhləvan mütəkkəni yana itələyib dizinə söykədi, alnını sol ovcunun içərisinə alıb fikrə getdi.

Birdən otağı hönkürtü səsi doldurdu. Ağlayan Zahidə xatun idi. Cəlaliyyə səsi eşidən kimi cəld otağından geri qayıtdı. Atası işarə elədi ki, mane olma, qoy ağlayıb sakitləşsin, axırda özü ovunacaq. Cəlaliyyə yenidən öz otağına döndü. Elə belə də oldu, mələkənin enib-qalxan çiyinləri yavaş-yavaş aşağı düşdü, çarpazlayıb kətilin oturacağına söykədiyi biləklərini bir-birindən araladı və başını yuxarı qaldırıb sakitləşdi.

¹ Muğam naləsi

– Yüngülləşdin?

Mələkə başının işarəsi ilə “hə” dedi.

– Təbibi xünkarımız bir dəfə deyib ki, zənən xeylağı üçün ən yaxşı həb onun öz göz yaşıdı...

Zahidə xatun heç nə demədi, ərinə əyri-əyri baxıb öz otağına keçdi, üst-başını düzəltdi, üz-gözünü, sir-sifətini silib qaydaya saldı və yenidən ərinin yanına qayıtdı.

– Hə, – deyib dərindən nəfəs aldı, – Cahan, indi keçək əsas məsələyə.

– Hansı əsas məsələyə.

– Nə vaxt yola düşürsən?

– Hara?

Təbrizə...

– Hələ bir az çəkər... Yerli əhalidən qoşuna əlavə cavanlar səfərbər etmişəm. Qoşun başçıları onlara Pir Suvarında məşq keçirlər... O vaxt ki, gördüm döyüşə girə bilərlər...

– Yola düşənə kimi Cəlaliyyənin məsələsini həll etmək fikrin yoxdu?

– Hansı məsələsini?

– İqtadar olmasını. Cəlaliyyə Naxçıvanın hakimi olmalıdı... Biz ki izdivaca girəndə sən özün buna söz vermisən... Və demisən ki, mənim təkcə oğlumu yox, qızımı da...

Mələkənin vüqarı qadınlığı qarşısında axıra kimi tab gətirmədi, qəhərləndi və sözünü tamamlaya bilmədi. Cahan Pəhləvanın cavan arvadına yazığı gəldi, onun ürəyinin dərinliyində kök salan nigarançılığı dağıtmaq istədi:

– Zahidə, – Cahan bu dəfə ona adıynan müraciət etdi, – özün bilirsən ki, mənim üçün övlad övladdı... Mən Cəlaliyyəni oğlanlarımdan ayırmıram... Amma hələ tezdi.

– Tez niyə olur? – Zahidə xatun etiraz etdi. – Ata-babalarımız deyiblər: “Ağıl yaşda deyil, başdadı”. Və yüz dəfə, min dəfə sınaqdan keçiriblər bunu. – Mələkə bir az fikrə gedib əlavə etdi: – Babam deyərdi ki, bir gün Samani padşahı Nuh ibin Mənsur xəstələnir. Dünya görmüş neçəneçə ixtiyar təbib bir yerə yığılır, heç biri padşahın dərdinə çarə edə bilmir. Axırda əlacları kəsilir, qonşuluqda yaşayan cavan bir təbibə deyirlər ki, gəl sən də bax. Gəlir baxır, fövrən də deyir ki, xəstənin xəstəliyi nədi. Və başlayır müalicəyə. Bir neçə gündən sonra Nuh ibn Mənsur sağalıb qalxır ayağa. Məlum olur ki, bu təbibin hələ on səkkiz yaşı tamam deyil... Bilirsən kim imiş həmən təbib?

Bilirəm.

– Hardan bilirsən?

– Bunu mənə bir dəfə də danışmısan.

– Onda de, kim imiş? – Mələkə güldü və sualını bir də təkrar etdi.

– Hüseyn əbuəli... Yəni ibn Sina. – Cahan Pəhləvan da deyəsən ötəri zarafat elədi və birdən ciddiləşib dedi: – Amma, Zahidə deyəsən sən məni başa düşmədin. Mən “hələ tezdir” deyəndə Cəlaliyyənin gəncliyini yox, özümün cavan hökmdar olmağımı nəzərdə tuturdum. Daha dürüstü, ehtiyat edirəm. Xilafət bunu düzgün başa düşməz... Soltan Arslan şaha əl çalanlar bundan mənim əleyhimə dərhal istifadə edə bilərlər. Azərbaycan üzərinə qoşun yeridə bilərlər. Sən ki, bilirsən, xilafət atabəy-əzəmdən həmişə bədgüman idi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Düşənbə günü

Cahan Pəhləvan anası Möminə xatunun xüsusi kərpicdən hörülmüş hasarın içərisindəki məzarını ziyarət etdikdən sonra saraya təşrif gətirdi və yuyunub dincəldi. İlk sərəncamı bu oldu ki, Naxçıvan əhli gərək atabəy-əzəmə təzədən üç gün matəm saxlasın. O, bunu bir hökmdar kimi deyil, bir oğul kimi özünə borc bildi. Və şəhər rəisindən, saray ərkanından hökmdar kimi deyil, bir Eldəgəz övladı kimi, dünənki hakimin vəliəhdi kimi rica edir ki, bunu şəhər əhlinə başa salmaq, onlara izah etmək üçün lazımi adamlara tapşırıq versin. Qoy şəhər camaatından bilməyənlər də bilsinlər və agah olsunlar ki, Şəmsəddin Eldəgəz qəfləfən vəfat edəndə onun böyük oğlu Reydə olub, dövlətin mühüm tapşırığını yerinə yetirməyi yarımçıq qoyub Naxçıvana qayıda bilməyib.¹ Naxçıvanda indi Qurdlar məhəlləsi kimi tanınır.

8 dəq
Baş şəhər

Cahan Pəhləvan Eldəgəzlər xanədanına tabe olan bütün şəhərlərdən ən çox Naxçıvanı xoşlayırdı. Doğrudur, onun üçün Təbriz də doğma idi, Gəncə də, Beyləqan da əziz idi, Həmədan da, Ərdəbil də gözəl idi, Şabran da... ancaq Naxçıvana xüsusi diqqət yetirirdi.Böyüyəndən sonra onu da bilmişdi ki, bu yerlər çox-çox qədimdən insan məskəni olub. Bəzi din xadimlərinin fikrincə Nuh peyğəmbər bir vaxtı buranı özünə dayanacaq edib, hələ deyirlər ki, buralara Zərdüştün ayağı dəyib, Dədə Qorqudun buralarda ayaq izləri qalır... Onu da öyrənmişdi ki, Naxçıvanı Sasani hökmdarı Xosrov Əlişirəvan bina edib, şah Bəhram Gur abadlaşdırıb, Turan hakimi Əfrasiyab isə onu şəhərlər cərgəsinə qoşub. Bundan sonra Naxçıvan “Beşinci iqlim şəhəri” kimi tanınıb, yunanlar ona Naksuana, ərəblər Nəxcəvan deyiblər. Bəhram Sasani isə bu yerləri “Şikargah”¹ adlandırıb.

20 dəq
Söz sözü gətirər...

Əcəmi evə çox yorğun gəlmişdi. Müəzzinlər şəhər camaatını məscidlərə günorta namazına dəvət edəndə o da evə qayıtmışdı.Bir az keçməmiş dəbir darvazanı açıb həyətə girdi. Salamlaşdılar. Ev sahibi yanındakı qamış kətili dəbirə tərəf itələdi, o da əyləşdi.

17 dəq
Bu xatirə də Əcəmi dilindəndir

Darvazanın çaxçaxını üç dəfə döydüm, əhəmiyyət verən olmadı. Bu həyətdə də ud çalırdılar... Bir də döydüm. Udun səsi birdən kəsildi. Qapının arxasında ayaq səsləri eşidildi: “Kimdir?” Sualı verən Zəhra idi, cingiltili səsindən tanıdım. “Mənəm... Özgə adam deyil... Qapını aç Zəhra”, Cariyə qız adını eşidən kimi qapının cəftəsini yuxarı qaldırdı. Qapı açılan kimi özümü içəri saldım. Zəhra qəsdimi bilib məni arxayın etdi: “Şeyx evdə yoxdu...” Xəbər xoşuma gəldi:”Bu ki oldu nurələnnur...” Başa salmaq üçün dedim: “Bir gün sənə “nurələnnur” barədə danışaram...” Zəhra zarafata keçdi: “Kişisiz evlərə gəlməyi haçandan öyrənmisiz, usta?” Söz məni tutdu: “Mən səni kişi qeyrətli qız bilib gəlmişəm... Şeyx evdə olmasa, qız ki, evdədi... Sözüm var... Sözüm var deyəndə ki...”Bu anlarda elə bil tamam başqa bir aləmə düşmüşdüm. Hökmdar üçün hazırladığım hədiyyəni gətirəndə darvazada əş-şeyx ər-rəislə qarşılaşdığıma görə onun həyətini görməmişdim. Hatib ibn Mübarəkin verdiyi haqqı könülsüz alıb kor-peşiman geri qayıtmışdım... Zəhmət haqqımı bir həftə cibimdə gəzdirəndən sonra bir bəhanə tapıb yenidən bu həyətin darvazası qabağında peyda olmuşdum... Bu dəfə heç bir təklif gözləmədən astanadan adlayıb içəri girmişdim. Əş-şeyx ər-rəisin nə gözəl həyəti var idi! Burada gül-gülü çağırırdı, bülbül bülbülü... həyətə elə bil üstünə buta, zanbaq, nilufər, qərənfil işlənmiş xalı salınmışdı. Üzüm tənəkləri talvarın üstünə sərilib həyəti çətir kimi tutmuşdu. Talvarlardan sallanan qəfəslərdəki bülbüllərin, kəkliklərin, qumruların səsləri bir-birinə qarışmışdı, həyətin ortasındakı böyük tut ağacının altında səliqəli bir bənnanın işi olan fəvvarəli hovuzdakı ayna kimi duru suda balaca balıqlar üzürdü. Bir ucu tut ağacına, başqa ucu cavan söyüdə bağlanmış kəndirdən asılan yelləncəkdə Dəryanur rahat-rahat uzanıb mürgü vururdu. O, məni hovuzun başında görən kimi: “Zəhra, Zəhra!”-deyərək özünü yığışdırmaq istədi. Cariyə qız cəld onun yanına qaçdı, kömək edib onu yelləncəkdən düşürdü. Başım hərləndi, həyətdəki güllər də, çiçəklər də elə bil əriyib bir anın içərisində yox oldu, quşlar səsini kəsdi, fəvvarələrin suyu qurudu...

15 dəq

Başqa şairlərin şeirləri