Səhifə 2 / 3 · 33%

– Paytəxtin Naxçıvandan köçürülməsini necə başa düşək?.. Və məhz Həmədana niyə? – Məlikin səsində həm etiraz, həm də tələb var idi.

– Atabəy-əzəmin vəsiyyətidi, həm də mərhum hökmdarın məzarı Həmədandadır... Onu da yadınıza salım ki, dünya fatehi İsgəndər padşah yay istirahətini həmişə qədim Əkbətanda² keçirərmiş. Məncə, niyyət aydındır! – Cahan Pəhləvan öz sözlərini çox sərt dedi.

Şərur məliki əyləşdi.

– Hə... şəhərimizin ən gözəl yerində, daha dürüstü, ən uca guşəsində Atabəylər meydanı da yaratmaq məsləhətdir. Bu meydan bir külliyyə şəklində olmalıdır... İndi buyurun, deyin görək bu külliyyə necə olsa yaxşıdır?

Hamı bir-birinə baxdı, gizli-gizli pıçıldaşan da oldu. Ancaq heç kimdən yenə səs çıxmadı. Bu sükut Cahan Pəhləvanın xoşuna gəlmədi, onun sifətindəki mülayimlik yenə sərtliklə əvəz olundu.

Rəis işi belə görüb ayağa qalxdı:

– Hökmdar, istərdim ki, ərz etdiyiniz Atabəylər meydanındakı külliyyənin ilk möhtəşəm binası dövlətxana binası olsun... Üstəlik bu bina...

¹ Həmədanın köhnə adı

² Körfəz

Baş şeyx şəvə kimi qara səddanəsini cəld ovcuna yığıb cibinə qoydu və rəisin sözünü yarımçıq kəsdi:

– Mən hörmətli rəisin fikrinə heç vəchlə şərik ola bilmərəm, mənim qandığıma görə...

– Nə səbəbə, möhtərəm şeyx? – Cahan Pəhləvan da onun sözünü kəsib, təəccüblə xəbər aldı və çənəsini ovcunun içərisinə qoyub baş şeyxə sərt-sərt baxdı.

“Danışdı bivec oğlu, bivec! Bilmək olmur zəhəri ilan kimi dişinin altındadı, yoxsa əqrəb kimi quyruğunda”...Hatib ibn Mübarək içərisində rəisi yamanlıya-yamanlıya qəddini düzəldib dedi:

– Bu saat öz etirazımın səbəbini əsaslandıraram... Onda hökmdar həzrətləri görər ki, rəis haqlıdır, ya mən? Bilirsiniz ki, mən Şərqin, yəni Asiyanın bir çox şəhərlərinə səfərlər etmişəm. Götürək bu tərəfdən Şirazı, o tərəfdən Bağdadı... Sonra Qahirəni, Məkkəni, Qüdsü və başqa-başqa müsəlman şəhərlərini. Bunların hamısında siz dediyiniz külliyyələri ilk binası Allahın evi olub, indi də odur. Bu binalar ibarət olsunlar məscidlərdən. Bu, həmişə belə olub, indi də belə olmalıdı. Əvvəlan, Qurani-şərifdə deyilir, saniyən, mənim qandığım budur ki, şah-Allahın yerdəki kölgəsidi. Biriminci Allahın evi, ikiminci şahın evi... Gəlin unutmayaq ki, rəbbül-aləmeyn təkdi, o heç kiminlə heç nəyə şərik ola bilməz. Bu həmişə belə olub, indi də belə olmalıdı. Qeyri belə ola bilməz... Onda külliyyənin külü göyə sovrular. O ki, qaldı məscidə... Şeyx “külü göyə sovrular ifadəsinin sərt olduğunu dərhal götür-qoy edib fikrini yumşaltmağa cəhd etdi: – Əvvəllər atanız, mərhum atabəy-əzəm, indi də özünüz kimi həşəmətli şəxsiyyətlərin hökmdar olduqları ölkənin payitəxtində xanədana layiq mərkəzi məscid olmalıdı. Doğrudur ki, şəhərimizdə məscidlərin sayı çoxdu, amma di gəl ki, Came məscidinin inşası atabəy-əzəmin vəfatından sonra yarımçıq qalıb... Halbuki məscid paytəxtimizin ən gözəl, ən hündür binası olmalıdır. Özü də mənim qandığım budur ki, çox əzəmətli, çox möhtəşəm olmalıdır. Lap elə “Məscid-ül-həram”¹ kimi, Qübbət əssəhra² kimi... Allahın adına layiq. Bunun özü, sizə xeyir-duadı, hökmdar! Mərhum atanıza, atabəy-əzəmə bir rəhmətdi, hakimiyyətinizə bir olan Allahın yeni köməyidir, dayağıdır. Ya Allah!

¹ Məkkədə tikilən ən böyük məscid (VII əsr)

² Qüdsdə tikilən ən böyük məscid (VII əsr)

Hatib ibn Mübarək öz fikrini tamamlayan kimi teyləsanısının cibindən səddanəsini təzədən çıxartdı və öz aləminə çəkilib yenə “dünyanın gəlir-çıxarını hesablamağa başladı...”

Salonda bir sakitlik yarandı. Cahan Pəhləvan bir an fikrə getdi, sonra başını qaldırıb əyləşənləri bir-bir nəzərdən keçirdi. Əyləşənlər zənn etdilər ki, nə rəisin təklifi, nə də baş şeyxin arzusu hökmdarı o qədər də razı salmadı. Çünki həm rəisin təklifindən, həm də baş şeyxin arzusundan şəxsi rahatlığa meyl duyulurdu və yaltaqlığa oxşar bir sonluqla tamamlanırdı. Bir də hökmdara külliyə barədə ümumi bir fikir lazım idi ki, əyləşib gəlirinə-çıxarına baxsın, beytülmalı əməlli-başlı nəzərdən keçirsin. Və sonra “atabəy-əzəmin pəyitəxti üçün xeyirli bir iş görmək” xatirinə xüsusi fərman yazdırsın, sonra münadiləri”¹ şəhərlərin küçələrinə töküb camaata bəyan elətdirsin...

Cahan Pəhləvan oturanları bir-bir nəzərdən keçirdi. Heç kimin gözləri onun gözlərinə sataşmadı. Elə bil hamısına əmr edilmişdi ki, başınızı sinənizə endirin.

Təkcə Əcəmi öz qeyd kağızından ayrılıb hökmdara baxırdı, qəsdi onun suallarına cavab verməyə müntəzir olduğunu bildirmək idi.

Cahan Pəhləvan özü də, deyəsən, bu ara Əbubəkr oğluna qulaq asmağa ehtiyac duydu:

– Bəlkə Əbubəkr oğlu söz demək, fikir söyləmək niyyətindədir?

– Nəhayət, dilləndi hökmdar. Elə bil hamı buna bənd imiş... Sinələrə enən başlar qorxa-qorxa yuxarı qalxdı, əyilmiş qamətlər yavaş-yavaş düzəldi.

Əcəmi ayağa qalxdı, qeydləri olan vərəqi dördqat büküb cibinə qoydu, səndəl ağacını bir əlindən o biri əlinə keçirə-keçirə qayğılı gözlərilə pəncərədən uzaqlara baxdı, nədənsə çiyin-çiyinə verən dağları nəzərdən keçirdi... Buna, bir növ adətkar olmuşdu. Fikrini bir yerə cəm etmək istəyəndə, ağıllı bir söz demək niyyətində olanda belə edərdi.

– Məni belə bir mühüm məclisə dəvət etdiyiniz üçün əvvəldən Sizə öz minnətdarlığımı bildirirəm, hökmdar. – dedi. – Belə xeyirxah, savab iş üçün, mənə inandığınız üçün Sizə razılıq edirəm.

Buyur, Əbubəkr oğlu, buyur. – Cahan Pəhləvana Əcəminin sözləri, deyəsən, xoş gəlmişdi. Hökmdar yerini rahatladı, geri çəkilib kürəyini taxtın yumşaq dayanacağına söykədi.

¹ Carçı

– Hökmdar, – Əcəmi Cahan Pəhləvanın başı üstə vurulmuş qılınca baxa-baxa dedi: – başınızın üstündəki o səfər dəstəkli qılınc Azərbaycan Atabəylər dövlətinin rəmzidir. Mən belə başa düşürəm ki, bu qılınc onu nümayiş etdirir ki, Naxçıvan, Gəncə, Həmədan, Şabran, Bərdə üzərinə kim qılınc çəksə, bu qılıncla məhv olacaq... Məhv olmamaq üçün isə hər bir ölkəyə ən əvvəl elm lazımdı. Tarixdə təkcə gücünə, qılıncına arxayın olanlar sonra peşimançılıq çəkiblər. Buna görə də hökmdar ilk növbədə millətinin təhsili və təlimi barədə fikirləşməlidi. Allah-təala da öz bəndələrini yaradanda onların başını bədənlərindən yuxarıda xəlq edibdir.

Baş şeyx “Allah-təala” sözünü eşidən kimi qəddini düzəltdi, ilk dəfə görür kimi Əcəmini başdan-ayağa süzdü. Ancaq heç nə demədi, yay kimi necə açılmışdısa, eləcə də qıvrılıb əvvəlki görkəminə düşdü.

Əcəmi davam etdi:

– Heç bir millət, onun övladları təhsilsiz, təlimsiz, elmsiz uzağa gedə bilməz. Hər bir ölkə, böyük də olsa, kiçik də olsa, əvvəlcə alimləri ilə, ədibləri ilə məşhurlaşar, məlum olub tanınar...

– Əvvəlan, hökmdarı ilə... – Əyləşənlərdən kimsə söz atdı. Əcəmi yan-yörəsinə baxsa da, söz deyənin kim olduğunu bilmədi. Çünki Cahan Pəhləvan əlinin kəskin hərəkətilə hamıya qulaq asmağı işarə etdi. Ancaq özü siyasət işlədib Əcəminin danışığına qüvvət verdi:

– Bir də sənətkarı ilə, daha dürüstü, memarı ilə...

Əcəmi hökmdarın eyhamını başa düşdüyü üçün bir an fikrə getdi və söz atana cavab vermək üçün əvvəlki söhbətinin üstünə qayıtdı:

– Hər ölkənin bir hökmdarı olur... Söhbət o şəxslərdən gedir ki, onlar nə qədər çox olsalar, ölkəyə, saraya xeyirləri bir o qədər çox dəyər... Bütün saray ərkanına, bura toplaşan əyanlara da agah olsun ki, alimi olmayan bir ölkənin padşahının da dili gödək olar başqa ölkələr içərisində, qeyri-millətlər yanında. Buna görə də biz Atabəylər meydanında ilk bina mədrəsəni nəzərdə tutmalıyıq. Elə bir mədrəsə ki, orada dünyəvi elmlər – hüquq, nücum, təbabət tədris olunsun... Dövlətxana isə Eldəgəzlər xanədanına layiq görünməlidir...

Əcəmi danışanda qulaqlarına qəfil səslər də gəlirdi, bu səslər “Atabəy təbabəti” tikilən zaman əldən düşüb, ürəyi üzülən və bir daha öz evinə, ailəsinə qayıtmayan yüzlərlə həmyerlilərinin fəryadı idi...

Ancaq Əcəmi danışırdı, axı hökmdar hüzurunda idi...

– Möhtərəm əş-şeyx ər-rəis cənablarının təlaşı da yerindəydi. Biz Came məscidini tikib başa çatdırmalıyıq, amma... onu təkcə dua eləmək üçün nəzərdə tutmamalıyıq. Bu bina elə bina olmalıdır ki, gələcəkdə nəvələrimiz, nəticələrimiz ona baxıb desinlər: bax, bu həqiqi tikilidi, bu ulu binadı...Came məscidi nə qədər böyük olsa bir o qədər əlverişli olar. Sabah gərək olanda orda dörd-beş min adam yığıla bilsin. Lazım gəlsə vəzir, rəis hökmdarın fərmanını oraya sığışa bilən bütün şəhər əhlinə çatdıra bilsin. – Əcəmi bir an fikrə gedib sözünə davam etdi:

– Külliyə daxil olmasa da, şəhər üçün ən vacib tikililərdən biri də qeysəriyyədir¹.

Bizim şəhərimizdə Təbrizdəkindən də, Ərdəbildəkindən də yaxşı bir qeysəriyyənin inşası barədə əməlli-başlı fikirləşməliyik. Əgər fikrim hökmdara xoş gəlsə və belə bir qeysəriyyə tikməli olsaq, onu elə tikək ki, onun tamaşasına gəlsinlər. Bu qeysəriyyə bizim sənətkarların ustalığı barədə xoş söz-söhbəti bir az da uzaqlara yaysın...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Yollar, yollar...

Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...

13 dəq
Xufdən söhbəti

Naxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.

11 dəq
Bu xatirə Əcəmi dilindəndir

Gecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...

14 dəq
Şahab meydanında

Bütün şəhər əhli Şahab meydanına cəm olmuşdu. Adam əlindən küçələrdən keçmək mümkün deyildi. Burada varlı da var idi, yoxsul da; qoca da var idi, cavan da: anasının qucağında mışıl-mışıl yatan körpə də... Bütün şəhər əhli, bütün əsnaf əhli, bütün əhli-ürfan burada idi.Hərənin də ağzından bir avaz gəlirdi, üstəlik, ağız deyəni də qulaq eşitmirdi...

7 dəq

Başqa şairlərin şeirləri