Səhifə 1 / 2

Gecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim...

...Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...

Nə edəsən? Rəiyyətin borcu sinə döyməkdi, hakimin şəninə deyilən xoş sözlərə əl çalmaqdı!

Camaat dinməsə də, etiraz etməsə də, onların çoxuna agah idi ki, namaz qılanda atası Şəmsəddin Eldəgizin döyüş bayrağını canamaz əvəzinə, Atabəylər xanədanının gümüşü sikkəsini möhür əvəzinə işlədən Cahan Pəhləvan Naxçıvana havayı gəlmir, gəlir ki, yeni hökmranlığını bərqərar etsin, Georgi onun təkliflərini qəbul etməsə beş minlik qoşunu Gürcüstan üzərinə yeritsin. Saray ərkanından danışanlar olub ki, bundan əvvəlki gürcü çarının gözəl Bərdəni dağıtması, qədim Gəncənin beş yüz minlik əhalisinə divan tutub, qiymətli darvaza qapılarını çıxarması, onları bir qənimət kimi kelat monastırına aparması hələ əmir-hacib olanda belə Cahan Pəhləvana bərk yer eləyib... “Mən bu hayıfı Georgidən almasam, atabəy-əzəmin haqqı-sayı məni tutsun...” Bir də Cahan Pəhləvan özü ilə gətirdiyi qoşunu bu vilayətdə artırmaq niyyətində idi. Çünki qoşun etibarsızlıq edəndə gərək sərvaxt olasan, qəfil hücumları dəf etmək üçün kifayət qədər qoşunun, silahın ola. Bu sözlər də sarayın ikinci sahibinin idi...

Atlı qulamların küçələri başına götürən səs-küyü ötən günləri mənim yadıma saldı.

– Hicrətin 580-ci iliydi. Atabəy Şəmsəddin Eldəgəz gürcü çarı Demetrenin qoşununu Ani düzlərində darmadağın edib pərən-pərən salmışdı. Çar canını qurtarmaq üçün qaçıb Kaxetiya meşələrində gizlənmişdi. Qasidlər xəbər gətirmişdilər ki, Eldəgəzlər xanədanının ilk hakimi qoşununa dincəlmək üçün bir həftə istirahət verib, özü isə dövlət işləri ilə məşğuldur... Qasidlər saraya onu da çatdırmışdılar ki, bir həftədən sonra hökmdarı qalib bir sərkərdə kimi qarşılamaq gərəkdi. Paytaxtda qızğın hazırlıq işləri gedirdi:”küçələr bəzənir, binaların üstünə bayraqlar vurulur, hədiyyələr hazırlanırdı...

...Beləcə bir payız səhəri idi. Tezdən durub emalatxanaya gəldim. Uşaqlıq dostum, iş yoldaşım Cəmil eşikdə qab-qacağı sahmana salasala yenə zümzümə edirdi. Məni görcək səsini kəsdi, salamlaşdıq. İçəri keçdim. Əlimdəki balaca səndəl ağacını divardakı kiçik rəfə qoydum. (Bu səndəl ağacını mənə anam bağışlamışdı, nənəmin yadigarı idi. Öləndə vəsiyyət etmişdi ki, mən onu həmişə yanımda gəzdirim. Onda şər qüvvələr məndən uzaq olar. Anam and vermişdi ki, nənəmin vəsiyyətinə əməl edim, mən də əməl edirdim. Səndəl ağacı həmişə yanımda olurdu: bekar vaxtı əlimdə, iş vaxtı belimdə-qurşağımda). Soyunub iş paltarımı təzəcə geyinmişdim ki, bayırda at kişnərtisi, sonra zınqırov səsləri eşidildi. Balaca pəncərədən boylandım. Həyətdə ağ atlar qoşulmuş bir kəcavə dayandı. Gələnləri ilk dəfə qarşılayan Cəmil oldu. O, cəld qaçıb atların yüyənindən tutdu. Mən gələnlərin kimliyini bilmək üçün qulaq kəsdim. Cəmil kəcavədən enən qızlara dedi: “Xanımlar xoş gəlib, səfa gətiriblər”. Geyimindən kənizə oxşayan bir qız əlindən yapışıb düşməsinə kömək etdiyi bərli-bəzəkli xanımı nişan verdi: “Xanım budu, oğlan. Mən cariyəyəm... adım Zəhradı”. Cəmil bic-bic qımışdı: “Mənim üçün bütün gözəllər xanımdı” dedi. Bərli-bəzəkli xanım cariyədən aralanıb irəli çıxdı və maraqla xəbər aldı: “Sən kimsən, oğlan?” Cəmil qəh-qəhə çəkib güldü, hisdən qaralmış sifətində ağ dişlərindən süzülən qəribə bir parıltı alışıb söndü: “Adamam”. Cariyə qız söhbətə qarışdı: “Adam olmağına adamsan, amma xanım bilmək istəyir ki, burada işin, sənətin nədi?” Cəmil özünü düzəldib belə cavab verdi: “Mənə Cəmil ibn Səlman deyərlər. Ustadım Əcəminin atası, bu yerlərin mahir bənnası rəhmətlik Əbubəkr dayı məni də özünə doğma oğul bilərdi. Buna görə də öz ustadıma canlabaşla qulluq edirəm...”

Bərli-bəzəkli xanım ucadan güldü: “Oğlan, deyəsən dildən çox pərgarsan?” Cəmil gülə-gülə dedi: “Hə, bu barədə Allahımdan razıyam, xanım. Dildən yaman qoçaq yaradıb məni”. Cariyə qız araya girdi: “Yaxşı, yaxşı az çərənçilik elə, bizi ustanın yanına apar!..” Cəmil əlini sağ gözünün üstünə qoydu və başını sinəsinə endirdi: “Baş üstə deyib işlədiyim otağı göstərdi və yenə dili dinc durmadı:”Ayıb olmasın, bilmək olar mənim ustamı görmək istəyən xanım kimdi?” Cariyə qız dedi: “Əş-şeyxin ər-rəisin qızıdı”. Cəmil xəbər aldı:”Yəni baş şeyxin?! Cariyə qız ucadan dedi: “Bəli... Dəryanur xanımdı”. Cəmil öz-özünə danışdı: “Dəryanur?! Deyirəm axı, aləm nura qərq oldu bir anda...”

Cəmil düz deyirdi, əş-şeyx ər-rəisin qızı üzünü Təbriz ipəyindən hazırlanan tülbənd niqabın altında gizlətsə də, onun mütənasib əndamı bərli-bəzəkli geyiminin içərisində çox gözəl görünürdü. Cəmil bir də baş endirdi, qızları içəri dəvət etdi. Məni xəbərdar etməyi də yadından çıxartmadı: “Ey dust, çi vəqti xabidənəsət, afəti miayəd!”¹.

Əş-şeyx ər-rəisin qızı Təbrizin ən gözəl xatay atlasından tikilmiş paltarlarının ətəklərini yığışdırıb astanadan içəri adladı.

Mən bir ay olardı ki, beş-altı qarış boyda xüsusi güldan hazırlamışdım. Onu kürədə bişirib üstünə ağ rəngli mina çəkmişdim. Otağın ortasında bərq vuran güldan, onun üzərindəki naxışlar, müxtəlif bərbəzək Dəryanuru birdən elə aludə etdi ki, mənimlə salamlaşmağı da unutdu. Yaxına gəlib baş endirdim və təmkinlə dedim: “Möhtərəm şeyxin gözəl qızı Dəryanur xanıma ehtiram və salamlar olsun”. Dəryanur diksindi, cəld mənə tərəf döndü, diqqətlə üzümə baxdı. Niqabın altından alışıb yanan iri, qara gözlərini üzümə zillədi: “Əcəmi, Əcəmi ki, deyirlər... ustad, ustad ki, deyirlər, sənsən?” Dedim: “bəli, mənəm... Sabahınız xeyir, xanım... Xoş gəldiniz..” Dəryanuru elə bil huş aparmışdı... Cariyə qızın dirsəyi çox ehmalca onun böyrünə toxundu: “Usta sizə salam verdi, xoş gəldin elədi”. Dəryanurun dili topuq vurdu: “Hə... nə dedin?” Bağışlayın... Çox razıyam, sağ olsun!” – Tez əlini atıb niqabı çıxarmaq istədi və birdən hər şeyi başa düşdüyü üçün fikrindən daşındı: “Bilirsən, – dedi – Hə, hə, onu demək istəyirəm ki, şeyx... atam bir az nasazdı... Mən gəldim... biz gəldik görək sifarişimiz hazırdı?.. Axı şeyx onu bu günlərdə döyüşdən qalib çıxıb şəhərimizə qayıdan atabəy-əzəmə, hökmdar Şəmsəddin Eldəgəzə hədiyyə aparacaq.”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Naməlum süvarilər

Vəzir çox narahat idi. Yerində otura bilmirdi. Gah eşiyə çıxıb içəriyə qayıdır, gah pəncərələri məğribə açılan iş otağını ölçür, Ədilağa gölünə, Araza baxır, gah da kürsüdə əyləşib “Afərinnamə”ni əsəbi-əsəbi sağa-sola vərəqləyirdi. Vərəqlədikcə də öz-özünə deyinirdi: “Elə siz baş sındırın, riyazi qanunlar kəşf edin, göylərin sirrilə əlləşin, həyatda düzlüyün, doğruluğun labüdlüyündən yazın... Bəs dediyiniz ölçü, ədalət, vicdan hanı? Birdən səsini ucaldıb:– Yoxdur, yalandır! dedi ixtiyar vəzir. – İnsan çox mürəkkəb məxluqdur. Onun əməlindən, felindən baş açmaq olmur. Ələlxüsus...

6 dəq
Odla su arasında

Cahan Pəhləvan gecəni pis yatmışdı. Sübhə yaxın yuxuya getsə də, xoruz banı eşidib ayılmışdı. Səbəb də o olmuşdu ki, atabəy-əzəmi yuxuda görmüşdü. Görmüşdü ki, atabəy-əzəm taxta əyləşib, onu yanına dəvət edib. İçəri girəndə atabəy əzəm taxtdan durub, onun qənşərinə gəlir, sağ əlini oğlunun çiyninə qoyur. Sonra atdan yuxarı onu diqqətlə süzür. Axı, oğul atasından həm hündürdür, həm də qəddi-qamətli. Bu, hökmdarın xoşuna gəlir, onu sevindirir... Ürəyində Möminə xatuna razılıq edir: “Mərhəba südünə, ülya mələkə!..” Sonra deyir: “Mənə gətirilən səhih xəbərlərə görə Rey hakim cızığından çıxır. Və bizim xanədana açıqdan-açığa kin-küdurət bəsləyir. Onu yerin də oturtmaq gərəkdir. Hökmdar atanın ilkin oğlu kimi, Eldəgəzlər xanədanın gələcək ikinci hakimi kimi bu işi son görməlisən. Sənə həm inanıram, həm də qılıncına güvənirəm... Get, sənə uğurlar arzulayıram. Göstər özünü, qoy əmirlər, məliklər, rəislər sənin zərbi-dəstini indidən görsünlər... Amma unutma ki, müharibə çox pis şeydi, gərək onu tez qurtarasan. Yoxsa insanlar bir-birini qırmağa adətkar olarlar. Onlarda şəhərləri, kəndləri viran qoymağa, yandırmağa həvəs çoxalar, adamları qarət etməyə, soymağa meyli artar. Sonra bunun qarşısını almaq olar müşkil iş...”Sonra müxtəlif vuruş səhnələrini görmüşdü. Moğlub olan Qütluq İnancın onun atının ayaqlarına düşməsi, dil çıxarıb yalvarması, qızını ona ərə verib düşmənçiliyi aradan götürmək istəməsi, gecə ciddi sifətli, süzgün baxışlı, məğrur duruşlu İnanc xatunun onun yanına göndərilməsi, evlənmələri şərəfinə düzəldilən eyş-işrət məclisi qırıq-qırıq nəzərində canlanmışdı.

14 dəq
El-oba naminə

Dağlar da insanlar kimi müxtəlif olur: alçaq-uca, mülayim-sərt... Naxçıvan dağlarının isə başqa bir xüsusiyyəti də budur ki, ilin müəyyən aylarında bir səhərlər, bir də axşamçağılar hərəsi bir rəngə çalır. Çox vaxt ayırd edə bilmirsən ki, bu qəribə rəngləri bu dağların üzünə hansı qəfil bir əl sürtür, onları kimin gözəgörünməz möcüzəli fırçası bu rənglərə boyayır. Elə dağ var, gələnə-gedənə sinəsi üstən cığır açır, yol verir. Elə dağ da var, qalaya-qəsrə çevrilib torpağa yad ayaq dəyməsinə, düşmən atlarının keçməsinə keçilməz sədd olur, qənim kəsilir, evindən-eşiyindən iraq düşən igidlərə havadarlıq edir, qoynunda daldanacaq verir.Əli Şimşəyin dəstəsi həmişə bu dağlardan ən gözəllərini özünə məskən seçərdi. Bu il də onlar çiyin-çiyinə verib bir-birinə söykənən, pəhləvanlar kimi əzəmətlə yan-yana dayanan Əlincə dağlarında məskən salmışdılar. Bu dağların döşündəki hamar düzənlik cıdır meydanına oxşayırdı. Səma aydın, dağlar çənsiz-dumansız olanda, bura qalxıb məğrib

6 dəq
Hamı gedən yol

Cahan Pəhləvan sərdabənin açılışından sonra xəstəliyindən Həmədana dönməmişdi. Şirazlı təbibi-xünkarın dedikləri düz çıxmamışdı: hökmdar bimarü-rəncur idi. Sarayda da, şəhərstanda da, söz-söhbət gəzirdi ki, şahın halı gün-gün xarablaşır.Hökmdarın xəstələnməsi, atabəy-əzəmdən sonra üz-gözləri öyrəşmiş vəliəhdin onları əbədilik tərk etməsi ehtimalı bir sıra məliklərin, sarayın xəlvətiyyəsinə yaxın olan varlıların ciddi narahatlığına səbəb olmuşdu. Sarayın daxilində də bayırında da söz-söhbətə bir an belə ara verilmirdi:

16 dəq

Başqa şairlərin şeirləri