Bu xatirə Əcəmi dilindəndir
Səhifə 2 / 2 · 50%
¹ Ey dost, ayıl gör necə gözəl gəlir! (fars.) Dəryanurun tumbul əlləri güldanın üzərində gəzdi. Ürəyim elə bil qopub ayaqlarımın altına düşdü. Mənə elə gəldi ki, o yaraşıqlı əllərilə sinəmi oxşayır. Özüm də: “Bəli, xatun!” Sizin atanızın sifarişi yerinə yetirilmişdir” – Güldanı göstərdim, onun başına hərləndim. – ”Mən gecəni gündüzə qatıb az vaxt içərisində onu minalarla bəzəmişəm, ona bacardığım naxışları vurmuşam. İstəmişəm ki, əla Kəşan xalçaları, gözəl Təbriz xalıları, zərif Herat cecimləri ilə bəzənən Şəmsəddin Eldəgəz sarayında sizin kimi gözəlin atasının hədiyyəsi xanların, naiblərin gətirdiyi hədiyyələr içərisində seçilsin. Buyurun, yaxından baxın”, Dəryanur: “Şeyx babamın... hə, hə atamın...” deyə kəsik-kəsik danışdı və güldanın başına dolandı. O, oyuncaqlara baxan bir uşaq hərisliyilə hədiyyənin hər tərəfinə tamaşa etdi. Onun ağ barmaqları güldanın zərif nəbati naxışları üzərində gəzdikcə mən də təsvir etdiyim güllər, quşlar barədə məlumat verirdim, işlətdiyim rənglərdən, vurduğum naxışlardan danışırdım. Onun səsini, gülüşünü eşitmək qəsdilə hərdənbir incə zarafatı da unutmurdum: “ Bu qərənfildi, bu da nərgiz... Məsum qızlar kimi boynu bükük qərənfil... dağların qarından özünə don tikən nərgiz...” Dəryanur söhbəti dəyişmək istədi...”Əllərin qızıldı, oğlan. Hədiyyən nadir tapılan hind güldanlarına bənzəyir... birdən inciyərsən, bənzəmir, ondan da gözəldir.. Mən belə güldanları Təbrizdə görmüşəm”.
Elə bu vaxt Cəmil qapıda göründü, şəhadət barmağı ilə işarə edib cariyə qızı bayıra çağırdı. Zəhra əvvəlcə çiyinlərini çəkdi. Ancaq şeyxin qızının dönüb baxması ilə onun otağı tərk etməsi bir oldu. İçəridə ikimiz qaldıq. Dəryanur yenidən uşaq marağı ilə güldanın başına hərləndi. Nədənsə nitqim qurumuşdu, ona nə deyəcəyimi kəsdirə bilmirdim. Birdən gözlənilməz bir hadisə baş verdi: Yüzd-Kürd¹ tərəfdən tozanaq qopdu, külək açıq pəncərədən içəri dolub şeyx qızının niqabını arxaya atdı. Qız nə qədər çalışdısa da kürəyinə yapışan niqabı sahmana salıb üzünə qaytara bilmədi. Mənə elə gəldi ki, otaqda ay doğdu, ətraf nura qərq oldu, güldanın əlvanlığı da itib getdi. Dəryanurun duru sifəti, al yanaqları, sol yanağındakı xalı, incə dodaqları məni bihuş etdi, ixtiyarımı əlimdən aldı. Ürəyimdən bir səs qopdu: ”Xaliqinə əhsən” ...Axı mən iki il olardı ki, belə bir fürsətin həsrətində idim. Harada bağdadlı əş-şeyx ər-rəisin qızından söhbət düşürdüsə, ürəyim yerindən oynayırdı. Bircə dəfə “Qızlar bulağı”nda üzünü ötəri gördüyüm, amma adını bilmədiyim bu gözəlin həsrəti məni rahat buraxmırdı. Şəhərimizdə qəfil peyda olan, hələ heç kimin gözünə əməllibaşlı görünməyən bu ürkək ceyran bu gün haradan gəlib mənim “ovlağıma” çıxmışdı? Yoxsa bu müəmmalı sirr idi, yaxud gözlənilməz möcüzə?.. Hər halda bəxtim gətirmişdi... Özüm də hiss etmədən başımı sinəmə endirdim, sağ əlimi gözümün üstünə qoydum. Dəryanur məni qarşısında səcdə edən görür kimi niqabını üzünə endirdi: “Sən nə etmək fikrindəsən? Dilim topuq vurdu: “Heç nə... mən... gözəllik aşiqi olduğum üçün sizə səcdə etmək istədim.” Dəryanur maraqlandı: “Nə üçün? Niyə?” Mən izahat verdim: “Ona görə ki... ona görə ki, sizin kimi gözəl yetirən bu torpağa on dəfə səcdə etsən yenə azdı, sizə süd verib ərsəyə çatdıran ananın başına gündə yüz dəfə dolansan yenə bəs eləməz!..” Dəryanur soyuqqanlı bir tərzdə soruşdu: ”Elə bu?” Mən bir az da cuşa gəlib dedim: “Niqabda şəms hüsnünü bizdən gizləyən afət istəsə meşələr ney, dəryalar mey olsun, olar! Sizə ad qoyana da alqış! Özü də on kərə əhsən, yüz dəfə mərhaba!.. Gözəl ad tapıblar: Dəryanur! Mən ananızın yerinə olsaydım sizə Dəryanur yox, lap Cahannur adı qoyardım...” Dəryanur dedi: “Cahannur kiçik bacımın adıdı”. Mən bu sözə o qədər əhəmiyyət vermədim, öz sözümü dedim: “Atabəy-əzəmin oğlu Cahan Pəhləvan gücü ilə cahanı fəth etdiyi kimi, əş-şeyx ər-rəisin qızı da öz gözəlliyi ilə, işıqlı gül-camalı ilə bütün cahanı valeh etməyə qadirdi...”
¹ Naxçıvan ətrafında qədim qala (VII əsr)
Baş şeyxin qızı da bacısı barədə dediyini unudub soruşdu: “Adımı hardan öyrənibsən?” Güldüm: “İndicə cariyəniz içəri girəndə həyətdə deyəndə eşitdim.” Dəryanur da güldü: “Belə deyin!” Mən yenə dilimi işə saldım: “Bir də ki, Günəşin, Ayın adını korlar da bilir, karlar da, xatun”. Dəryanur müti bir vəziyyət aldı: “Mənə xatun demə, xatunlar saraylarda olurlar”. Dedim: “Sizin onlardan nəyiniz əskikdi?.. Mənə qalsa bizim şəhərimizdə bircə xatun var, o da əş-şeyx ər-rəisin qızıdı”. Dəryanur nazlandı: “Çox ağ olmadı ki?” Tez düzəliş verdim onun danışığına: “Xeyir!” Hələ səsiniz, ud çalıb oxumağınız!” Dəryanurun sifəti təzədən ciddiləşdi: “Bəs bunlar sənə haradan agahdı?” – ”Xatun şeyxin babasının güllü-çiçəkli, fəvvarəli hovuzunun ətrafında əyləşib gözəl səsini cariyənin çaldığı udun naləsinə qatıb Məhsəti xanımın rübailərini, mənim şair dostum gəncəli İlyasın qəzəllərini oxuyanda divarın gündoğana baxan tərəfindən narbənd ağacının altında dayanan yazıq bir ustanın sinəsinə dağlar çəkdiyi barədə heç nə fikirləşmir?.. Qırqovul qırqovuldu, o da sərv ağacını çox sevdiyi üçün öləndə onun yanına uçar və orada ömrünü başa vurar. O ki, qaldı günaha... Allahtəala pis niyyətləri bəndəsinin ayağına günah yazır”. – Niyəsə özümdən asılı olmayaraq filosofluq etməyə həvəsim gəldi: “Allah Günəşi yaradıb ki, bəndələri onun hərarətilə isinsinlər, Allah Ayı yaradıb ki, zülmət gecələrdə adamlar onun ziyasını tutub getsinlər, yolu azmasınlar. Allah Beyləqan narını, Səlmaz almasını yaradıb ki, kimsəsizlər ac qalmasınlar. Allah mənim kimiləri də xəlq edib ki, gözəllərin cəfasını çəksin, onların eşqinə Fərhad kimi dağlar çapsın...” Dəryanur maraqla soruşdu: “Yoxsa... yoxsa mənə eşq edirsən, oğlan?” Bu sözlər haradan ağlıma gəldi, heç özüm də bilmədim: “Günəş hərarətsiz, səma buludsuz, dağ dumansız, gül şəbnəmsiz olmadığı kimi insan da eşqsiz, məhəbbətsiz..” Kaş cariyə qız otağa qayıtmayaydı! Dəryanur mənim sözlərimdən ağıllı-başlı məst olub getmişdi. Deyəsən, evlərində atasından həmişə Quranın surə və ayələrini eşidən bir qızın belə sözlərə qulaq asması lap ürəyindən idi! Cariyə qız həm mənim danışığımı yarımçıq qoydu, həm də onu şirin xəyallardan ayırdı: “Xanım, yubanırıq... gün əyilib, şər qarışır. Şeyx babanızın həb qəbul etməsi vaxtına az qalır!. Dəryanur tez sərəncam verdi: “De, hədiyyəni kəcavəyə qoysunlar”. İrəli çıxdım: “əziyyət çəkməyin... Hədiyyə sabah sübhün carçısı quşlar oxumağa başlayanda sizdə olar...” Dəryanur təəccüblə soruşdu:” Sabah niyə?” Dedim: “İndi ona əlavə bir naxış da lazımdı...” Dərindən köks ötürdü: “Havayı əziyyət çəkmə, onsuz da...” Dəryanur bu müəmmalı sözləri, nəsə deməyə cürətinin çatmaması ürəyimi sındırdı. Necə yəni “havayı əziyyət çəkmə...” Bu nə deməkdir? Bu nə xəbərdarlıqdı? Bu hansı bədbəxtliyin başlanğıcıdı?..Ürəyimdən keçənləri sifətinin dərhal dəyişən cizgilərindən oxudum: “O nə sözdü, xatun?” – dedim. Dəryanur tutuldu, handan-hana əlavə etdi: “Heç... elə belə... Sağlıqla qal...”
Başım sinəmə doğru əyildi, dodaqlarımdan ikicə söz qopdu: “Allah amanında!..”
Əş-şeyx ər-rəisin qızı başını qaldırıb diqqətlə üzümə baxdı, sinə dolusu ah çəkdi. Cəld bayıra çıxdı və cariyə qızın köməyilə kəcavəyə qalxdı. Atlar yerindən tərpəndi. Cəmil kəcavənin arxasınca çox baxdığımı görüb yanıma gəldi, bic-bic qımışıb, yenə zarafatından qalmadı: “Bəli... şəhərimizdə şəm oduna yanan pərvanələrin biri də artdı”. Sonra mənə göz vurub pəstdən, özü də şirin bir ləhcə ilə oxudu: “Aya baxdım, ay bəyaz. Qıza baxdım, qız bəyaz...Yazı yazan, insaf et, bu gözəli mənə yaz...”
...Başımın üstündən bir dəstə sərçə uçub getdi. Səs-küyləri şirin xəyallarımı alt-üst elədi. Xasiyyətim idi, belə yuxusuz, əzgin vaxtlarımda çay kənarına getməyə adət etmişdim. Xasiyyətimə xilaf olmayaraq şəhərin quzeyindəki dikdirə qalxdım, nəzərlərim Arazın bulanıq sularına zilləndi. Bir neçə gün bundan əvvəl dupduru olan suları payız yağışları boz rəngə boyamışdı. Qəribədir, uşaq yaşlarımdan bulanıq sulara çox baxa bilmirəm, dərhal qəmlənirəm. Bu dəfə də belə oldu, kədərləndim, fikrə getdim: “Gör bu qədim çayın sahillərində kimlər məskən salıb, kimlər ömür-gün sürüb... Buralara kimlər gəlib, kimlər gedib?.. Sular axdıqca bir nəsil digər nəsli yola salıb, bir nəsli digər nəsil əvəz edib bu çayın sahillərində... Heç adları da, izləri də qalmayıb bu sahillərdə, itib-batıblar bu sahillərdəki qumların üstünə qoyulan ayaq izləri kimi... Eh, Araz, Araz! Sənin nə vecinə, öz işindəsən, elə axırsan... Gah lillənirsən, gah durulursan... Sonra yenə axırsan, axırsan... Amma insan belə deyil, bir dəfə gəlir, bir dəfə də gedir... Ömrümüz yaman gödəkdi, arzularımızın çoxunu özümüzlə aparırıq... Hara aparırıq? Məlum deyil... İstifadə olunmayan qılınc kimi divardan asılı qalır istəklərimizin, arzularımızın çoxu...”
Çiynimə bir əl toxundu, geri döndüm... Cəmil idi. Amma indicə xatırladığım zarafatcıl cavan Cəmil deyildi. Bu Cəmilin də saçlarına yavaş-yavaş dən düşürdü mənim kimi... Yaşı artırdı, zarafatı, deyib-gülməyi azalırdı mənim kimi...
– Yenə nə fikirləşirsən? – Soruşdu Cəmil.
– Dünyanın qəribə-qəribə işlərini.
– Təzə bir şey tapdın barı?
– Yox.
– Onda gedək Şahab meydanına.
– Niyə?
– Eşitmirsən qulamların haray-həşirini!..
– Hə eşitdim... Bura bax, heç fikir verməmişəm.
– Cahan Pəhləvan bir azdan sonra şəhərimizə varid olur...
Bütün camaat təzə hökmdarın pişvazına çıxıb.
– Tamam unutmuşdum, ay Cəmil, – dedim. – Yaxşı ki, gəlib çıxdın... Gedək.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-ibrahimov-esrin-onda-biri-bu-xatire-ecemi-dilindendir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vəzir çox narahat idi. Yerində otura bilmirdi. Gah eşiyə çıxıb içəriyə qayıdır, gah pəncərələri məğribə açılan iş otağını ölçür, Ədilağa gölünə, Araza baxır, gah da kürsüdə əyləşib “Afərinnamə”ni əsəbi-əsəbi sağa-sola vərəqləyirdi. Vərəqlədikcə də öz-özünə deyinirdi: “Elə siz baş sındırın, riyazi qanunlar kəşf edin, göylərin sirrilə əlləşin, həyatda düzlüyün, doğruluğun labüdlüyündən yazın... Bəs dediyiniz ölçü, ədalət, vicdan hanı? Birdən səsini ucaldıb:– Yoxdur, yalandır! dedi ixtiyar vəzir. – İnsan çox mürəkkəb məxluqdur. Onun əməlindən, felindən baş açmaq olmur. Ələlxüsus...
Odla su arasındaCahan Pəhləvan gecəni pis yatmışdı. Sübhə yaxın yuxuya getsə də, xoruz banı eşidib ayılmışdı. Səbəb də o olmuşdu ki, atabəy-əzəmi yuxuda görmüşdü. Görmüşdü ki, atabəy-əzəm taxta əyləşib, onu yanına dəvət edib. İçəri girəndə atabəy əzəm taxtdan durub, onun qənşərinə gəlir, sağ əlini oğlunun çiyninə qoyur. Sonra atdan yuxarı onu diqqətlə süzür. Axı, oğul atasından həm hündürdür, həm də qəddi-qamətli. Bu, hökmdarın xoşuna gəlir, onu sevindirir... Ürəyində Möminə xatuna razılıq edir: “Mərhəba südünə, ülya mələkə!..” Sonra deyir: “Mənə gətirilən səhih xəbərlərə görə Rey hakim cızığından çıxır. Və bizim xanədana açıqdan-açığa kin-küdurət bəsləyir. Onu yerin də oturtmaq gərəkdir. Hökmdar atanın ilkin oğlu kimi, Eldəgəzlər xanədanın gələcək ikinci hakimi kimi bu işi son görməlisən. Sənə həm inanıram, həm də qılıncına güvənirəm... Get, sənə uğurlar arzulayıram. Göstər özünü, qoy əmirlər, məliklər, rəislər sənin zərbi-dəstini indidən görsünlər... Amma unutma ki, müharibə çox pis şeydi, gərək onu tez qurtarasan. Yoxsa insanlar bir-birini qırmağa adətkar olarlar. Onlarda şəhərləri, kəndləri viran qoymağa, yandırmağa həvəs çoxalar, adamları qarət etməyə, soymağa meyli artar. Sonra bunun qarşısını almaq olar müşkil iş...”Sonra müxtəlif vuruş səhnələrini görmüşdü. Moğlub olan Qütluq İnancın onun atının ayaqlarına düşməsi, dil çıxarıb yalvarması, qızını ona ərə verib düşmənçiliyi aradan götürmək istəməsi, gecə ciddi sifətli, süzgün baxışlı, məğrur duruşlu İnanc xatunun onun yanına göndərilməsi, evlənmələri şərəfinə düzəldilən eyş-işrət məclisi qırıq-qırıq nəzərində canlanmışdı.
El-oba naminəDağlar da insanlar kimi müxtəlif olur: alçaq-uca, mülayim-sərt... Naxçıvan dağlarının isə başqa bir xüsusiyyəti də budur ki, ilin müəyyən aylarında bir səhərlər, bir də axşamçağılar hərəsi bir rəngə çalır. Çox vaxt ayırd edə bilmirsən ki, bu qəribə rəngləri bu dağların üzünə hansı qəfil bir əl sürtür, onları kimin gözəgörünməz möcüzəli fırçası bu rənglərə boyayır. Elə dağ var, gələnə-gedənə sinəsi üstən cığır açır, yol verir. Elə dağ da var, qalaya-qəsrə çevrilib torpağa yad ayaq dəyməsinə, düşmən atlarının keçməsinə keçilməz sədd olur, qənim kəsilir, evindən-eşiyindən iraq düşən igidlərə havadarlıq edir, qoynunda daldanacaq verir.Əli Şimşəyin dəstəsi həmişə bu dağlardan ən gözəllərini özünə məskən seçərdi. Bu il də onlar çiyin-çiyinə verib bir-birinə söykənən, pəhləvanlar kimi əzəmətlə yan-yana dayanan Əlincə dağlarında məskən salmışdılar. Bu dağların döşündəki hamar düzənlik cıdır meydanına oxşayırdı. Səma aydın, dağlar çənsiz-dumansız olanda, bura qalxıb məğrib
Hamı gedən yolCahan Pəhləvan sərdabənin açılışından sonra xəstəliyindən Həmədana dönməmişdi. Şirazlı təbibi-xünkarın dedikləri düz çıxmamışdı: hökmdar bimarü-rəncur idi. Sarayda da, şəhərstanda da, söz-söhbət gəzirdi ki, şahın halı gün-gün xarablaşır.Hökmdarın xəstələnməsi, atabəy-əzəmdən sonra üz-gözləri öyrəşmiş vəliəhdin onları əbədilik tərk etməsi ehtimalı bir sıra məliklərin, sarayın xəlvətiyyəsinə yaxın olan varlıların ciddi narahatlığına səbəb olmuşdu. Sarayın daxilində də bayırında da söz-söhbətə bir an belə ara verilmirdi: