Səhifə 2 / 3 · 33%

...Gün get-gedə əyilirdi. Uzaqdakı dağların döşündə kölgə düşən yerlər çoxalırdı. Dvin düzlərində isə vuruş getdikcə qızışırdı. İndi hər iki qoşun bir-birinin üstünə ox, mizraq “yağışı” yağdırır, mancanaqlara qoyulan yekə-yekə daşlar tullayır, içi neftlə dolu çəlləklər, bərkidilmiş yanar arabalar hellədirdilər...

Georginin əsgərləri döyüş meydanının yoxuş hissəsində dayandıqları üçün bu əlavə “silah” növlərindən daha səmərəli istifadə edirdilər...

Cahan Pəhləvan vuruş başlanan gündən düşmən qoşununun başçısını görə bilmirdi. Bunu həm özü, həm vəziri, həm də məlikləri hərə bir tərəfə yozurdu. Ancaq düşmən qoşununun arxasında üç çadırın – biri yaşıl, iki qara çadırın qurulmasını da əbəs bilmirdilər və Cahan Pəhləvanın ürəyinə dammışdı ki, qara çadırlarda nəsə bir fitnə-fəsad var...

Sədəddin Əsədin bir sözü də onun ağlına batmışdı: “Gürcüstan hakimi mərhum atabəy-əzəmdən sonra özünə təzə dostlar tapıb və onların məsləhətləri ilə oturub-durur... Onun təzə məsləhətçiləri isə azacıq aşın duzu deyillər, onlardan hər cür fitnə-fəsad gözləmək olar... “Elə bu vaxt baş verən hadisənin özü də fikirlərini təsdiq etdi. Qara çadırın pərdəsi qaldırılan kimi it sürüsü özünü düşmən qoşunun içərisinə saldı. Xüsusi təlim görüb harınlanmış itlər Cahan Pəhləvanın əsgərlərinin üstünə dırmanaraq birini burda, birini orda didib parçalamağa başladılar. Piyadaların içərisinə çaxnaşma düşdü, Bundan istifadə edən qoşun Cahan Pəhləvanın əsgərlərinin yandan və arxadan qırmağa başladı. Cahan Pəhləvan pəncərə geri döndü, işarə edib Məlik Cəmaləddin Özəbanı yanına çağırdı: – Mənim şəxsi süvari mühafizlərimə təcili əmr ver ki, itləri zərərləşdirsinlər! Becid ol, məlik!

Cəmaləddin Özəba təzim etmədən atını dördnala arxaya çapdı və bir an keçmədi ki, gecələr gizli qazılıb düzəldilən xəndəkdən əllərində xüsusi nizələr olan bir dəstə süvari özünü piyadalara yetirdi. İt zingiltisi döyüş meydanını ağzına götürdü.

İtlərin qəribə səslərini eşidən Georgi əlində qılınc yaşıl çadırın qapısında göründü. Cahan Pəhləvan sol çiyni üstündə geriyə qanrılıb məliklərə baxdı. Cəmaləddin Ayəba kinayə ilə dedi:

– İtin yekəsi yaşıl çadırdaymış?!

Çox çəkmədi ki, bütün itlər qılıncdan keçirildi, nizələr ucunda parça-parça edildilər...

– Gürcüstan hakiminin belə əskik işləri də varmış? – Bu dəfə də Sədəddin Əsəd öz-özünə yana-yana deyindi.

– Eyb etməz, vəzir... Səbrini bas. Deyəsən, Georgi Lori Dma düzənliyindəki vuruşu yadından çıxarıb. Ağşəhər mahalındakı vuruşda qaçıb canını qurtardı. Bu dəfə onu görə bilməz. Ona elə gəlir ki, atabəy-əzəmin qılıncı qınında yatıb, həm də pas atıb. Daha fikirləşmir ki, mərhum Şəmsəddin Eldəgəzin bir qılıncı ondan sonra iki oldu, indi də altıdı!.. Bu dəfə ona dərsi tək verəcəyəm, sultansız, şahərmənsiz...

Sədəddin Əsəd hökmdarın əvvəlcə özünə və qardaşına, sonra da oğullarına işarə vurduğunu dərhal başa düşdü və döyüş meydanında ölüm-dirim vuruşu ərəfəsində əsgərin də, sərkərdənin də xeyir-duaya olan ehtiyaclarını nəzərə alaraq üzünü göyə tutub dedi:

– Sübhənallah! Sən bizim həşəmətli hökmdarımızın özünü də, qardaşını da, oğullarını da bütün bəlalardan hifz elə! – Sonra Cahan Pəhləvanın özünə müraciətlə: – Hökmdar, qılıncın heç vaxt əlindən düşməsin. Qalxana, sinəbəndə heç vədə ehtiyacın olmasın! – dedi.

Cahan Pəhləvana agah oldu ki, ixtiyar vəzir onun özünün döyüşə girmə məqamının yaxınlaşdığını hiss etdiyi üçün xeyir-dua verməyə başlamışdır.

...Hər iki tərəfdən sağ qalan, yüngül yaralanan ayaq üstə dura bilməyən piyadalar atların ayaqları altında qalmasınlar deyə xüsusi əmrlə səf-səf olub döyüş meydanının kənarına çəkilmişdilər. Biri qılıncına, biri nizəsinə söykənmişdi. Yaralıların çoxu salamat silahdaşlarını özlərinə dayaq etmişdi.

Ortada süvarilərin döyüşü gedirdi. Cahan Pəhləvan əvvəlcə vuruşa girməyi arranlılardan təşkil edilən hissələrə əmr etmişdi. Vəzirə, məliklərə bir söz deməsə də fikirləşmişdi: “Qoy baxıb görək arranlı əsgərlər necə qılınc vururlar, necə nizə işlədirlər... Bir də xəyanət, satqınlıq döyüşün əvvəlində aşkar olunsa onu ləğv etmək, üzüdönükləri cəzalandırmaq asandır. Vay o gündən ki, xəyanət, satqınlıq son məqamda, döyüşün şirin yerində, həlledici vaxtında oluna. Bu, qoşun başçısına çox baha başa gələr...

Sərkərdə bədgüman olsa da, Gürcüstan süvarilərinə qarşı arranlılar bu dəfə çox inadla vuruşurdular: at kişnərtisi kəsilmir, qılınc-qalxan səsləri ara vermirdi...

Buna baxmayaraq Georginin süvariləri güc gəlirdi.

Sədəddin Əsəd boz ayğırı yenə irəli sürüb hökmdara dedi:

– Bəlkə çapar göndərim Qızıl Arslana xəbər versin ki...

– Vəzir!.. Dedim ki, cəbban olma... Mən hələ sağam... Qılıncım da hələ qınındadır! Karmasın düzlərində Ay-Doğdunu necə darmadağın etdiyim yadındadır?.. Unutmamısan ki, üçüncü Toğrulun əmisi şahzadə Məhəmmədi yerində oturtmaq üçün Həmədandan İsfahana birbaşa at sürən atabəy Məhəmməd mənəm!..

Sədəddin Əsəd bu suallardan qane olub boz ayğırı yenə öz yerinə qaytardı.

Cahan Pəhləvanın atlıları isə bir-bir öldürülüb sıradan çıxır, ya da yaralanıb döyüş meydanını tərk edirdilər. Arranlı süvariləri döyüşə aparan adaş məliklərin qılıncları hələ işləyirdi. Cəmaləddin Ayəba başından yaralansa da, adaşı ilə bəzən dal-dal, bəzən çiyin-çiyinə verib bütün həmlələri mərdliklə dəf edirdi.

Cahan Pəhləvan vəzirə əyilib dedi:

– Atını sür, pusquda duran piyadaları sağ cinahdan sədəlgaha burax.

Sədəddin Əsəd təzəcə başı ilə razılıq edib hökmdarın yanından uzaqlaşmaq istəyirdi ki, sol cinahdan bir süvari dəstəsi qıy vura-vura düşmən qoşunlarının üstünə şığıdı.

Bir göz qırpımında qılınclar işlədi, nə işlədi. Düşmən dəstələrinin səfləri yarıldı. Boyunlar bir-birinin ardınca çiyinlərə əyildi, atların yəhərləri boş qaldı...

– Bu süvarilər kim ola, vəzir? – Cahan Pəhləvan qalxansız, məxfərinsiz vuruşan döyüşçüləri göstərib çiyinlərini çəkdi.

– Bəlkə Qızıl Arslandı...

– Ola bilməz! – Hökmdar qəti etiraz etdi. – Qızıl mənim əmrimi heç vaxt pozmaz!.. Diqqətlə bax... o qabaqdakı süvari mənə tanış gəlir...

Cahan Pəhləvanın yadına birdən Əlincə gədiyində, qayalar arasında üz-üzə gəldiyi Əli Şimşək düşmüşdü. Vəzir diqqətlə baxsa da, deyəsən, dəstənin önündə qılıncını sürətlə sağa-sola hərləyən, aşağı-yuxarı endirib-qaldıran döyüşçünü tanıya bilmədi.

– Ayırd edə bilmirəm, hökmdar!.. Çox cəld vuruşur.

– Mən ayırd etdim, vəzir!.. Çoban Eldar Bəhmənin oğludur.

– Əli Şimşək?!

– Bəli... Yanılmıram, odur, özüdür. – Cahan Pəhləvan döyüş meydanına bir də diqqətlə baxdı. – Onu bura çəkib gətirən saraya sədaqəti deyil, vəzir... El-oba qeyrətidir, çətin məqamda öz həmyerlilərinə arxa durmaq istəyidir... Mərhəba!

Düşmən dəstələrinin sıraları pərən-pərən olub seyrəlirdi, qalanlar da geriyə dönüb hara gəldi qaçırdılar. Qalxansız, məxfərinsiz qaçaqlar onları qılıncdan keçirə-keçirə cədəlgahdan uzaqlaşırdılar. Qələbəyə arxayın olandan sonra döyüş meydanına, qəfildən necə daxil olmuşdularsa eləcə də tərk edib getdilər oranı Əlincə qisasçıları...

– Bəs... bunlar necə gəlib bura çıxıblar? – Vəzir təəccübünü gizlədə bilmədi.

– Kimsə deyib: Çoban Eldar Bəhmənin oğlu laməkandı...

Cahan Pəhləvan sevincini gizlədə bilməyib yenə əvvəlki sözünü təkrar etdi: – Mərhaba!

Dəliqanlı süvarilərin meydana girməsi ilə hər şey dəyişmişdi. Az keçmədi ki, düşmən atlıları özlərini itirdilər. İşi belə görən Georgi piyadalarını yenidən döyüşə girmək əmri verdi.

Cahan Pəhləvanın xüsusi süvariləri də bunu görüb əmr gözləmədən döyüşə atıldılar.

Qan yenidən su yerinə axdı...

Elə bu vaxt Cahan Pəhləvan gördü ki, sarı kəhərin üstündə cavan bir əsgər qəribə bir cəldliklə cövlan edir: atını tez-tez şahə qaldıraraq sağını, solunu biçib tökür – qılıncının altına düşənin, tiyəsinin qabağına keçənin biri başını itirir, biri qolunu, biri əlləri ilə üzünü tutub atının yalına yatır biri qarnını qucaqlayıb, biri ombasını ovcunun içərisinə sıxıb yəhərdən aşır, biri kürəyini arxaya dartıb atının sağrısına tərəf hərəkətsiz qalır, biri canını götürüb atı ilə birlikdə kənara sıçrayır... Cavan süvari isə əməlinə aludə olaraq get-gedə qızışır, hərdənbir də pəhləvanlar kimi nərə çəkərək bu tərəfdən vurub o tərəfdən, o tərəfdən vurub bu tərəfdən çıxır... Cahan Pəhləvan fikirləşdi: “Yoxsa bu, Əli Şimşəyin dəstəsindəndi, qalıb?..”

Birdən cavan oğlan əsgəri elə bil yəhərin üstündən çəkib yuxarı qaldırdılar, əvvəlcə arxaya gərildi, sonra başı sinəsinə endi. Onun kürəyinə eyni vaxtda hardansa uçub gələn iki ox sancılmışdı. Cahan Pəhləvan bunu görən kimi sağ əlini bir anlığa qılıncının qəbzəsindən çəkib sinəsinin üstünə qoydu. Dodaqları güclə, həm də böyük qəzəblə bircə söz pıçıldadı: “Namərdlər!” Və bildi ki, qəfil süvarilərin və cavan əsgərin igidliyini Georgi həzm edə bilməmiş və özünün hardansa pusquda duran sərrast ox atanlarına əlavə tapşırıq vermişdi...

Əsgərlərdən kimsə atının yüyənini çevirib süvarinin yanına sürdü və cəld hərəkətlə oxları bir-biri çəkib onun kürəyindən çıxardı. Cavan əsgər qılıncını yəhərin qışına dayaq verib qəddini düzəltdi və oxları onun kürəyindən çıxaran silahdaşına nə dedisə, o da onun atını yedəyinə alıb Cahan Pəhləvanın hüzuruna gətirdi, hökmdar bunu görən kimi ağ kürəni ilə irəli çıxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əsrin onda biri

Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:

11 dəq
Analar kövrək olurlar

– Olar?– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.

11 dəq
Ovda

Cahan Pəhləvan bu dəfə ova az adamla çıxmışdı. Məqsədi son vaxtlarda hiss etdiyi baş ağrılarını yüngülləşdirmək, dağ havası ilə nəfəs almaq, sarayın dedi-qodularından uzaqlaşmaq, Həmədandan gələn bəd xəbərləri bir günlüyə də olsa unutmaq idi.Sədəddin Əsəd hökmdarın niyyətindən xəbər tutan kimi ona Əlincə tərəflərə getməyi məsləhət bilmişdi. Bu yerlərin təmiz havasından, sərin bulaqlarından, müxtəlif rəngə çalan dağlarından bildiklərini, eşitdiklərini təkrar-təkrar nəql edəndən sonra “Əlincə qələsinə bir də baxarsız, bəlkə sizin razılığınızla gələcəkdə beytülmalı oradan köçürməli olduq” demişdi.

18 dəq
Balaca xatun

Cahan Pəhləvan ovda yorulduğu üçün otağına çəkilib yuxuya getmişdi. Hələ ortada Əli Şimşəyi yuxuda da görmüşdü. Görmüşdü ki, bu dəfə çoban Eldar Bəhmənin oğlu ilə düzəngahlıqda üz-üzə gəlib bir-birinin üstünə qılınc qaldırmışlar... Vuruş qarşısında Əli Şimşəyin qılıncından yenə şimşəklər tökülür...Cahan Pəhləvan yuxulu-yuxulu nəsə danışdı və öz səsinə oyanıb böyrünü dəyişəndən sonra təzədən yuxuya getdi.

10 dəq

Başqa şairlərin şeirləri