Xəzinə üstündə yatan ilan 8
Səhifə 2 / 3 · 33%
Günlərin birində Dinişin əməlli-başlı göynəyə-göynəyə hönkürdüyünü eşidəndə evə cumdu, anasının “saxlancın”dan bir ovuc qızıl-“axça” götürüb, aparıb dükanda “daxıl”ın üstünə atdı, əvəzində bir top ipək alıb, qoltuğuna vurub aparıb Ayna bacının “Singer” tikiş maşınının yanına atdı. “Tik! Birinci Dinişə, torksin donu!” Heç iki gün keçmədi ki, bütün qızların bədənlərində torksin ipəyi, yetimlərin əyinlərində isə al-qıpmızı köynəklər parıldadı. Sonra isə “Dəli Səməd”i daha da dəli eləyən bir hadisə başlandı... Məlum oldu ki, “Dəli Diniş” “Dəli Səməd”ə vurulub! Buna görə də yetimlərin “qoqulu-moquluları”nı oğurlayıb aparıb, Kətyənli məhləsində “acından ölən gədələrə”, süddən kəsilən gəlinlərin körpə qızlarına yedirdib, möhkəm-möhkəm tapşırırdı ki, “gedin kəndin ortasında hoppanışın, qışqırışın ki, “Dəli Səməd Dəli Dinişə vurulub, Dəli Diniş də Dəli Səmədə vurulub”. Kətyənli uşaqları “qoqulu-moqlunu guppultuynan udub”, gedib Ortayolda “...vurulublar”-filan qışqırışanda isə Ayna bacıya dərhal məlum oldu ki, “hamısı Dinişin işidi”, Ayna bacı qızının donunun dalını qaldırıb “yumşaq yerini” qıpqırmızı eləyənə qədər şappıldadırdı.
O vaxt Cəfər əmi idarə heyətinin qərarını çıxarıb, “qırılan diviziyada qırılanların” uşaqları, yəni evində saxladığı yetimlərə “Fond hesabına” on bir çiy kərpic ev tikdirmişdi, qarğıdalı, taxıl, noxud, maş və sair belə-belə şeylər əkib “yetimləri dirçəltməkdən ötrü” əlavə əkin sahələri paylamışdı. Yetimlər isə, qəribə idi ki, elə bil Cəfər əminin yaxşılığının əvəzində hər il “qara-quru qızlar”dan bir-ikisini “götürüb qaçıb” o evlərə – yetimlər məhləsinə aparırdılar, heyətə ərizə yazıb öz yeni ailələri üçün “bir baş sağmal inək”, “beş-üç qoyun” alıb, “kişiləşib” “adam olurdular”. İndi isə... Səməd diksinib, ayaq saxlayıb, təəccüblə soruşdu ki:
– Yetimlər məhləsi niyə boş kimidi?!
– Hə... Boşalıb... yoxdular, ay Mədədimiz, – dedilər.
Niyə? Demə, Qudalı gombulları “rayonu materialnan doldurubmuşlar; yazıbmışlar ki, “bu var-dövlətin hamısı kolxozun hesabına düzəlib, “Belə qanunsuzluğa dözəmmərik biz!” Gecələr, yetimlərdən kim isə evdə olmayanda içəri soxulub, Lütün qızlarına əl uzadırmışlar”. “Vağzal bufetində içib dəmlənib kəndə qayıdanda məhlənin həyət bacasında şalvarlarını aşağı salıb hər yeri batırırmışlar”, “gecənin bir aləmində bar-bar bağırırmışlar ki, “o əkin yerləri dədə-babadan Qudalıların olub! Vermiyəcəyik sizə!” Və doğrudan da suvarma vaxtlarında arxın suyunu Qudalı məhləsinə ötürüb, yetimlərin qarğıdalılarını, taxıllarını yandırırmışlar.
– Köçdülər bədbəxt yetimlər, ay Səməd! Getdilər! Yurdları boş qaldı. Əkinləri Rəhim kişi öz “çoxuşaqlı Qudalılar”ına paylatdırdı. Xaraba qalıb yetimlər məhləsi!
Səməd hiss etdi ki, bu “xarabalıq”da köhnə düşmənliklə bağlıdır; yadında idi ki, Xəlvət Rəhim idarəyə heç vaxt qalmaqalsız getməzdi. Hələ Ortayolda ikən bar-bağırardı ki, “öz kürəkənlərinə yedirdirsən kolxozu. Bəs bizimkilərin aclığı-susuzluğu yoxdumu, ay Lüt milyoner köpəyoğlu!” – Kabinetə girən kimi hər dəfə bir şagird vərəqini Cəfər əminin stolunun üstünə şappıldadıb: “Qol çək bura! Qalanını özüm yazacam. Pendir lazımdı! Yağ lazımdı!..” – O qədər bağırardı ki, yazıq Cəfər əmi köksünü ötürə-ötürə ağ kağıza qol çəkərdi, mızıldanıb: “Al! İtaparan olsun!” – deyərdi.
Səməd boş məhlədən gözünü çəkib Dinişə baxdı. Yadında idi ki, “qara-quru” qızların, yetimlərin sayı lap azalandan sonra da Dinişin çığır-bağırı kəsilmədi. Bütün kənd kimi, nəhayət, “Dəli Səməd” də laqeyd qala bilməyib, gedib Ayna bacını eşiyə çağırdı: “Bu nə biabırçılıqdı, ay bacı! – dedi. Bir o qalıb kəndə car çəksin Dəli Səməd alır məni!..” Bununla da, Dinişin səsi batdı, əvəzində, hər dəfə Səmədlə rastlaşdıqca, səssiz-səmirsiz tökülən göz yaşları seli başlandı...
Yolda kim isə gülə-gülə bu əhvalata əlavə elədi:
– Sən gedəli gözünün yaşı qurumurdu! – dedi.
– Dirildi!
– Gəlişin Torksini də güldürdü, diriltdi, a xoşqədəm! – dedilər.
Əmma “Diniş” adı ilə “torksin” kəlməsi ayrıca mahnı oxuyub, “qırılan diviziyada qırılanlar” adlanan köhnə yara yerində “Cəfər əmi – Lüt Cəfər” adlanan təzə yaranı da ağrıtdı. Məhz buna görə də Səmədin qolları öz-özünə qalxıb Dinişə – Torksinə doğru uzanıb, Torksinlə birlikdə Cəfər əmini də, on bir yetimi də, Ayna bacını və qızlarını da qucaqlamaq istədi.
Səmədin xəbəri yoxdu ki, bayaq quyunun dikdirində Süduşənin, Hacehsanın axşam sərinliyi boynuna sarılanda, o sərinliyi gətirən qollar arasında Dinişin qolları da vardı, bir yox, bəlkə beş dəfə sarılmışdı; o kəpənək, qaranquş qanadları alnından, o üzündən-bu üzündən öpəndə, o qanadları gətirən dodaqlar arasında Dinişin dodaqları da vardı, bir yox, bəlkə beş dəfə, on dəfə öpmüşdü. Əmma orda Səməd qırılan əsgərlərin vaxtsız qocalmış arvadları ilə onların qızlarını, gəlinlərini görmüşdü, daha doğrusu, hamını eyni gözlə görmüşdü.
Mahnının davamı yetimlərin taleyindən söz açıb Səmədin qollarını yanına saldı və Torksin tay-tuşlarının arasından çıxıb böyrünə qısılanda Səməd onun pioner qalstuku kimi ensiz, qara qıymaçasının arxasında sığalsız, pırtlaşıq saçını, qara qoftasının altında tamam ətsiz, quru-taqqanaq çiynini sığallaya-sığallaya dayanıb hərəkətsiz qaldı.
Səhər alatoranda Əmirli mülkünün alov sütunu göyə dirənəndə, o sütunun işığında Səməd Ortayolla üzüaşağı tökülən cəmaatdan başqa, bu yanda – yolun sağında bir cərgə təzə ev görmüşdü, əmma at belində qoşalüləsini guruldadan Qurban əmi ilə cəmaata necə laqeyd baxmışdısa, təzə evlərin cərgəsinə də eləcə laqeyd baxıb, dərhal da unutmuşdu. İndi isə... məlum oldu ki, “Yetimlər məhləsi” “Xaraba!” Səbəb isə budur ki, “İt nəfəsi dəyib bu məhləyə. Qudalı xılının nəfəsi dəyib. Elə murdarlayıblar ki, yetimlərin qayıdıb bu bağlı qapıları açmağına daha heç kəsin umudu yoxdu”.
Səməd heç nə başa düşmürdü. Ətrafında isə birdən-birə sükut başlanmışdı.
İrəlidə – otuz-qırx addımlıqda Təftiş qapan-tərəzinin üstündə qalxıb, anbarın dirəyinə “yel fanarı” asdı. İkinci “yel fanarı”nı Möhsün kişi aparıb, Məmməd Xələf Zalın maşınının kabinəsinin açıq qapısından asdı. Fanarlar anbarın qabağındakı meydanda arabaların dayandığı yerdən kənara işıq salmasa da, Səməd böyrünə qısılıb üzünə baxan Torksinin gözlərinin dövrəsini yaşla dolu gördü. Torksin ağır-ağır başını bulayırdı, ağır-ağır inildəyirdi.
– Qurbanın olum, məhlə barədə soruşma daha. Ayıblı eləyiblər bizi, qurbanın olum. Ayıblı eləyiblər! – deyirdi.
Səməd çox təkid elədi. Qudalıların o məhlədə “açdıqları oyunlar” barədə daha heç kəs danışmadı. Gecdən-gec kim isə bir neçə kəlmə: – Lütün tutulmağının səbəbi elə o məhlədi, – dedi. Və bununla da yeni-yeni heyrətli sirrlər açıldı...
O ili – on yeddi sədr bircə gecədə maşınlara basılıb rayon mərkəzinə aparılanda cəmaatda tökülüb gedib. Günortaya qədər raykomda Sultanla generalın arasında “qılınc-qırğın” olub. Sonra qırmızı tuf daş binanın həyətinin çökəyindən o yandakı yarım metrlik daş hasarın üstündən Persin səsi gəlib: “Bir ton kağız yığıblar, qovluqlara doldurub, veteranların qoltuqlarına veriblər ki, təmiz adamlardı bu sədrlər. O bir ton kağızın müqabilində bircə sənəd oxuyacam mən sizə...”
Əlində miləmil dəftər vərəqi varmış. Vərəqin iki üzü də yazılı imiş.
Lüt Cəfəri çağırıb, vərəqin ayağındakı imzanı göstərib, soruşub ki, “Bu qol sənindimi?”
Lüt Cəfər baxıb, deyib: “Mənimdi”.
Pers yenə soruşub ki, “Saxta deyil?”
Lüt Cəfər deyib: “Yox, saxta deyil”. Qonaqlı kənd sakini gətirərdi mənə belə dəftər vərəqlərini elə-belə, yazı-pozusuz, altdan qol çəkərdim ki, anbardar yağ, pendir versin!
Pers vərəqi ətrafındakı adamlara da, camaata da göstərib, deyib: “Bu gördüyünüz sənəd Sultan Əmirliynən Qılınc Qurbanın müqəddəs adam kimi qələmə verdikləri kolxoz sədri Cəfərin ilkin istintaqda ifadəsidi!”
Yazıq Lütün ağzı açıq qalıb.
Qılınc qışqırıb ki, “Nə iştintaq?! Nə ifadə?! Cəfəri kim dindirib, ə, general qırışmal?! Nəyə görə dindiriblər, havaxt dindiriblər?!” Şığıyıb o “sənədi” Persin əlindən almaq istəyib, Pers Bakıdan özü ilə gətirdiyi “çarvadarlar”ına baxıb, “çarvadarlar” Qılıncı araya alıb, gizlincə qolunu burublar, “Hövsələn olsun. Ağzını da dağıtma. Bircə o “qırışmal” kəlməsinə görə itirib-batırarıq, izin-tozun da qalmaz!” – deyiblər. Sonra da asta-asta itələyib raykomun dəhlizinə salıblar. “Özünü aparammırsan!” – deyiblər.
Pers işində imiş.
“Cəfər Qaryağdı oğlunun bu ifadəsi Sultan Əmirliynən Qılınc Qurbanın dövlət əmlakını mənimsəyənlərə və əxlaq pozğunlarına himayədarlığını açıb hər ikisini ifşa elədiyinə görə, hər ikisi Cəfər Qaryağdı oğluna təzyiq göstərir, o da öz əliynən yazıb, öz əliynən imzaladığı ifadəsini dəyişdirmək istəyir. Əmma bu sənəd qüvvədədi. Oxuyuram, cəmaət, eşidin!”
Oxuyub, cəmaat da eşidib:
“Mən, Cəfər Qaryağdı oğlu, bunnan yazıb boynuma alıram və etiraf eləyirəm ki, şəxsi dostlarım və sirdaşlarım Sultan Əmirliynən Qılınc Qurbanın himayədarlığı nəticəsində ömrümün çoxunu əxlaq pozğunluğu və cinayətkarlıqnan keçirmişəm.
Birincisi, etiraf eləyirəm ki, rayonda əxlaqsız qadın kimi məşhur olan Qarmonçu Şənbəynən uzun müddət açıq yaşamışam və bunnan ailəmə pis təsir göstərib, arvadımın, sonra da qızlarımın əxlaqının pozulmağına səbəb olmuşam.
Kitabxana.az · https://kitabxana.az/works/isa-huseynov-xezine-ustunde-yatan-ilan-8
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.
Süleyman padşahın xəzinəsi 10Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.
Süleyman padşahın xəzinəsi 11Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.
Süleyman padşahın xəzinəsi 12Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.
Başqa şairlərin şeirləri
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
GördümSəni bir şahi-gülrüxan,Mən özümü zəlil gördüm.
Aləm niyə bəs olmadi viran, Əli ƏkbərAləm niyə bəs olmadi viran, Əli Əkbər,Ol gün ki, səni saldılar atdan, Əli Əkbər?
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.