Dördüncü hissə, 2
Səhifə 2 / 2 · 50%
Dünən yuxarıdakı dağ kəndlərindən gəmi ilə keçirdiyi kəndlilərdən bir ona bir cüt gön vermişdi. Kişinin ayağı yalın idi. Bu gön onun əlinə göydən düşmüşdü. Qoca kişi qaranlıq qarışan kimi ocağın işığında günü köyşələmiş və özünə çarıq tikməyə başlamışdı. Ancaq ağcaqanadlar ona aman verməmişdi.
Qoca kişi çarığı götürdü. Suvadağa adamlar gələnə qədər tikib geymək istədi. Gün xeyli qalxdı. Yarğanın kölgəsi geri çəkildi. Sular qızardı. Kişi heç nəyə fikir vermədi. Çarığı tikib qurtardı, şirincə gərnəşib bərkdən əsnədi. Ayağını qurulayıb çarığın bir tayını geydi. Elə bu vaxt yarğanın qaşından onu səslədilər. Kişi əlinin üstə qoyub baxdı. Dikdirdə dayananların içində qardaşı oğlu Osmanı görəndə bir xeyli təəccüb etdi. Mina xala, Əşrəf, Əhməd və kəndin arvad-uşağı da yarğanın qaşında idi. Qoca kişi birdən-birə hər şeyi başa düşdü. Çarığı soyundu. Cütləyib kənara qoydu. "Deyəsən qocalıq məni yaman üstələyib, uşaqların uşkola gedəcəyini lap yadımdan çıxartmışam. Gərək Osmanın yoluna bir şey tapaydım".
Dəstə sahilə endi. Qoca kişi gəmidən düşüb onları qarşıladı. Osman kənardaca dayandı. Mina xala nə qədər çalışdısa da, gözünün yaşını saxlaya bilmədi. Üzümü yana çevirib dotunun ətəyi ilə gözünü sildi. Osman da doluxsundu. Axşamdan bəri getməyə tələsən, heybəsini bir gün qabaqdan hazırlayıb səbirsizliklə bu anı gözləyən oğlan birdən-birə qəribsədi. Uşaqlar qohumları ilə görüşüb bir-bir gəmiyə atılanda hiss etdi ki, yaş onu boğur, bir az da keçsə hönkürəcəkdir.
Mina xala özünə toxtaqlıq verdi. Yaxınlaşıb oğlunun üzündən öpdü. Əli ilə köynəyinin yaxasını düzəltdi, barmaqlarını düymələrinin üstündə gəzdirdi. Çiynini sığalladı.
– Bax, yadından çıxmasın, dərdin alım, şəhərə çatan kimi özünə paltar al.
– Yaxşı, ana, narahat olma.
Onlar yenidən qucaqlaşdılar. Qoca kişi gəminin ipini açdı. Bir-birindən ayrılmaq istəməyən ana-balaya acıqlandı:
– Di bəsdir, az zövzəklik eləyin.
Osman anasından aralandı. Adəti üzrə şalvarını dartdı, burnunu çəkdi. Bir-iki addım dalı-dalı getdi. Sonra dabanı üstə fırlanıb, quş kimi gəmiyə atıldı. Qoca kişi onun çarığının altındakı deşikləri aydınca gördü.
Mina xalanın ürəyi sakit olmadı. Onun titrək səsi eşidildi:
– Əşrəf, dərdin alım, Osmanı sənə tapşırıram, elə sənin də gözün üstündə olsun, Əhməd qardaş.
– Arxayın ol, ay bacı.
– Bax, Səlim amanatı, məni dilə tutdun, cavabdeh özünsən.
Əhməd gülümsündü:
– Ondan nigaran olma, dəyirmanın gözünə ölü salsan diri çıxar.
Gülüşdülər. Arvadlar gözlərini quraladılar. Kişilər özlərini şax tutmağa çalışdılar.
Uşaqlar gəmiyə doluşub qatarlaşdılar. Qoca kişi gözaltı onların əyninə, ayaqqabılarına, çiyinlərindəki heybələrinə baxdı. Hamıdan pis geyinən, hamıdan sınıq Osman idi. Onun əynində ağ bezdən köynək var idi. Görünür, anası yenicə tikmişdi. Osman elə bil köhnə geyimindən xəcalət çəkirdi. Uşaqların arxasında daldalanmağa çalışırdı. Ayağını xurcunların arasında gizlətmişdi.
Qoca kişi gəminin dal tərəfinə keçdi. Yenicə tikib qurtardığı çarığı cütləyib götürdü. Osmana yaxınlaşdı:
– Al, bala, geyin.
Osman əmisinin əlindəki çarığa baxdı. Onun gözlərində sevinc və təəccüb bir-birinə qarışdı. Ancaq başını bulayıb geri çəkildi:
– Lazım deyil, əmi, çox sağ ol.
– Al.
– Pulum var, şəhərə gedən kimi...
– Bə şəhərəcən ayaqyalın gedəcəksən, a nişanlısı göyçək? – Qoca kişi onun sözünü kəsib gülümsündü, kiçik gözləri daha da qıyıldı. -
Tez ol, geyin, özüm sənə tikmişəm.
Osman heybəni çiynindən yerə qoydu. Çanqları gəmiçidən aldı, aşağı əyilib köhnəni soyundu, təzəni geydi. Çarığın bağlarını bərkitmək istərkən gözü əmisinin yalın ayaqlarına sataşdı. Əli çarığın bağında, bir xeyli dayandı. Gözünü Qoca kişinin suda çox olduğundan ağarıb, qarın qaçmış ayağının qırışlarından çəkə bilmədi.
– Əmi, bəs...
Qoca kişi ona cavab vermədi. Osmanın altı deşik çarıqlarını götürüb Kürə atdı. Sonra üzünü uşaqlara tutdu:
– Ə, a nişanlısı göyçəklər, kimi gözləyirsiniz, düşün gəmini yuxarı çəkək.
Uşaqlar hərəkətə gəldilər. Gülüşdülər. Səlim dil altında qalmadı:
– Qoca dayı, yol üstündəyik, bizə sataşma.
– Söz güləşdirmə, a nişanlısı göyçək, sonra gecikərik.
Rüstəm kişi qabağa gəldi, əlini uzadıb kəndirdən yapışdı:
– Uşaqlarda işin olmasın, özümüz çəkərik, qoy ayaqları islanmasın.
Sahildəkilər köməkləşib gəmini yuxarı, hündür yarğanın altındakı keçidə çəkdilər. Burada dayanıb uşaqlarla bir də görüşdülər. Qoca kişi çəpi götürüb dal tərəfə keçdi. Əşrəf kürəyi aldı. Qabağa getdi. Sahildəkilər ipi gəmiyə atdılar. Gəmi Kürün axarına düşdü. Bir göz qırpımında sahildən aralandı. Uşaqlar sükut içində dayandılar. Yarğanın divarındakı deşiklərdən bir dəstə göyərçin uçub havaya qalxdı. Onlar Kür yuxarı süzüb kəndə doğru getdi. Sahildəki cələ, kəndə doğru gedən torpaq yol, elə uçurum yarğanlar da fırlandı, kəndin evləri getdikcə kiçildi, uzaqlaşdı.
Osman gözünü anasından çəkmədi. Mina xala sahil boyu, suyun axarı ilə, gəminin bərabərincə qaçır və əlini sinəsinə döyürdü.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?
VIII fəsil, 4Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.
VIII fəsil, 5Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.
IX fəsil, 1Qəza mərkəzindən yola düşən fayton Acı Dərəyə çatanda atlı milislər tüfənglərini çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa keçdilər. Yarğana yaxınlaşıb, qaçaq-quldurun pusquda dayana biləcəyi yerləri tapmaq və yol kəsən varsa, qəfildən üstlərini almaq üçün hazır dayandılar. Bir xeyli səssiz-səmirsiz ətrafı dinşədilər. Nə gəlib- gedən vardı, nə də bir hənirti eşidilirdi. Təkcə dərənin dibi ilə axan su şırıldayırdı. Bir az da gözlədilər. Sonra milislərdən ikisi dərəyə enib, torpaq yolla aşağı düşdü. Qalanları isə barmaqları tətikdə qolpunlara, yarğanlara göz qoydular. Dərəyə enən atların əvvəl ayaq tappıltısı, sonra da nal şaqqıltısı eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, çınqıllı- daşlı çayı keçdilər. Bir azdan isə yoxuşu qalxıb qarşıdakı dikdirdə görürdülər. Hamı: bəri üzdə keşik çəkən atlı milislər də, faytondakılar da nəfəslərini dərdilər. Yol salamatlıq idi. Əgər qaçaq-quldur olsaydı, çoxdan meydana çıxmışdılar.Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. Kələ-kötür yolda silkələnə-silkələnə, hər şıqqıltıdan diksinə- diksinə çayı keçdilər. Dikdirə qalxdılar və tezcə də sağa burulub xır yoluna çıxdılar.
Başqa şairlərin şeirləri
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Nə əcəbBu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb?
Saraliban solmuşamMən Camalam qürbat əlda,Məlil muşkul qalmışam,
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,