Aleksey Osipoviç yastığa dirsəklənərək qonşu çarpayıda şirin yuxuya getmiş arvadına tamaşa edirdi. Vera əlinin ikisini də cütləyib başının altına qoymuş, dizlərini qarnına doğru azacıq qatlayıb yatmışdı. Yorğan sürüşüb düşdüyündən, çiyninin bir hissəsi və sinəsi açılmışdı. Nəfəsi ipək köynəyinin yaxasındakı tülü yelləndirirdı. Çırağın işığı aşağı çəkilmiş olsa da, arvadın saçlarına düşəndən aydınca görünürdü. Qırışlar onun alnına iz salmışdı. Gözlərinin altı kölgələnmiş, buxağında, sinəsində nazik zehlər əmələ gəlmişdi. Halbuki, beş-altı il bundan əvvəl yanağı, buxağı, elə sinəsi də qəşəng və sığallı idi. Saçları gur və dalğalı idi. Köksü qabarıq olsa da, bədəni nazik və oynaq idi. Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi. Ancaq indi ətə dolub ağırlaşmışdı. Hiss olunurdu ki, Vera yaşlaşmışdı.

Onlar on ildən çox idi ki, evlənmişdilər. Çətin günlərdə bir-birinə həyan olmuş, evdə bir azca soyuqluq hiss edəndə nəfəsləri ilə onu isitmiş, qəribliyə düşəndə bir-birinə sığınmışdılar: ürəklərindən keçənləri gözlərindən oxumuşdular. Aleksey Osipoviç hələ indiyə qədər Veradan narazılıq, azacıq da olsa bir şikayət eşitməmiş, özü də arvadının könlünə toxuna biləcək bir hərəkət etməmişdi. Onlar bir-birini çox istəyirdilər. Uşaq vaxtı Şamaxı tərəfdə, Çuxuryurd yaylaqlarında bir yerdə böyümüşdülər. Vera ağ bənizli, qırmızı yanaqlı malakan qızları ilə bir yerdə ot biçininə gedəndə, bulaq üstə enəndə, ya da ayaqyalın çəmənlikdə qaçanda, Aleksey onu gözaltı süzərdi. Axşamlar isə tez-tez kəndin ortasına toplaşıb qarmon çalar, səhərə qədər oynayıb-oxuyar dan qızarana yaxın evlərə dağılışardılar. Aleksey Veranı tez-tez rəqsə çağırar, sonra da kölgəli küçələrlə evlərinə ötürərdi. Onlar belə hallarda kəndin arasındakı yolla asta-asta addımlayar, aylı gecələrdə qoşalaşan kölgələrinə tamaşa etməkdən doymazdılar. Onların kölgələri gah dağın döşünə sərilər, gah dərəni aşar, gah da yenicə ağardılmış kənd evlərinin divarında baş-başa verərdi. Aleksey Veranı ilk dəfə evlərinin yanında, məhz belə aylı gecələrin birində öpmüşdü. Vera onun hərəkətinə əvvəlcə təəccüb etmiş, xeyli Alekseyin üzünə baxmış, sonra özü də bilmədən onun boynunu bərk-bərk qucaqlamışdı. Kəndin alt tərəfindəki çəmənliyin otu biçilmişdi. Tayalar cərgələnmişdi. Vera baş yaylığını açaraq çəmənliyə qaçmışdı. Onlar qurumuş çiçək və otun ətrindən məst olaraq, tayaların birinin kölgəsində gizlənmişdilər.

Bu ünsiyyət, ilk gənclik mehribanlığı, uşaqlıq isinişməsi onlar evlənəndən sonra da davam etmişdi. Bir yastığa baş qoyduqları gündən indiyə qədər aralarında könülə toxunan bir söz olmamışdı. Vera çox təmkinli qadın idi. Aleksey Osipoviç hiss edirdi ki, o, qüssəli olanda, qəlbində gizli bir dərd baş qaldıranda belə, zahiri şadlığını itirmir, dodaqlarından təbəssüm əskik olmur. O həmişə ərinin sakitliyinə çalışır, onu kədərləndirməmək və fikrini dağıtmaq istəyir. Aleksey Osipoviç də arvadını mehribanlıq və qayğı içində saxlayır, onu nəvazişlərə qərq edirdi. Lakin bunların heç biri Veranın ürəyində qubar bağlayan dərdi azalda bilmirdi. Aleksey Osipoviç görürdü ki, arvadı içəridən qovrulur, günü nə qədər xoş keçsə də sarsılır, aybaay, günbəgün qocalır. Vera gündüzlər zahiri təmkinini və şadlığını saxlaya bilsə də, gecələr yuxuya gedən kimi sifətinə qüssə çökür, onun məhzun çöhrəsindən hər şeyi anlamaq olurdu. Aleksey Osipoviç arvadının çox zaman yuxuda çatılan qaşlarına, alnındakı düyünlərə, çöhrəsindəki hüznə ürək ağrısı ilə tamaşa edirdi. O, Veranın yuxuda dəfələrlə uşaq kimi hıçqırıb ağladığını, bəzən də elə bil nəyi isə qucaqlayıb oxşadığını, laylaya bənzər bir tərzdə zümzümə etdiyini görmüşdü. Aleksey Osipoviç başa düşürdü ya, arvadı övladsızlıq dərdi çəkir, üzə vurmasa da, uşaqlarının olmaması onu acı alma kimi büzüşdürür. Belə hallarda Aleksey Osipoviç yaşarmış gözlərini silirdi. Axı o da övlad istəyirdi. O da istəyirdi ki, axşamlar otaqlar sükuta qərq olmasın, qüssə və kədərdən qulaqlar güyüldəməsin. Hay-harayla qaçışan uşaqlar nəyisə salıb sındırsınlar, yazi masasının üstündəki dəftər-kitabı bir-birinə qatsınlar. Vera hirslənib onlara acıqlansın, uşaqların yumşaq yerinə bir-iki şapalaq çəksin, balacalar xilas olmaq üçün atalarının yanına qaçsınlar, onun arxasında gizlənsinlər.

Aleksey Osipoviç yorğanı çəkdi. Veranın sinəsini və çiynini örtdü. Onun dən düşmüş saçını üzündən geri atdı. Arxası üstə çevrildi. Gözünü tavana zillədi. Çırağın işığı azalmışdı. Bayırda külək əsirdi. Ağacların xışıltısı eşidilirdi. Arabir parovozlar kəsik-kəsik fit verirdi. Kür qıjıldayırdı.

"Mən nahaq kədərlənirəm. Övladsizlıqdan şikayət eləməyə haqqım yoxdur. Bəs tələbələrim? Məgər onlar mənim övladlarım deyilmi? Məgər mən öləndən sonra onların timsalında yaşamayacammı? Müəllim üçün tələbəsini boya-başa çatdırmaq ən böyük səadət deyilmi? Məgər müəllim tələbələrini öz balasından azmı sevir? Əgər belə olmasaydı, Pestalotsi xəstə tələbələrini buraxıb öz oğlunun dəfninə getməzdimi? Ancaq o getmədi. Fikirləşdi ki, oğlum onsuz da ölmüşdür, onu mənsiz də dəfn edəcəklər. Xəstə uşaqları başsız qoysa daha ağır itkilər baş verə bilər. Gərək biz də o cür pedaqoqların yolu ilə gedək. Fədakarlığı ondan öyrənək. Doğrudan da tələbənin ən yaxın adamı, onun sirdaşı müəllimi deyilmi? Elə hallar olmurmu ki, uşaq ata-anasına demədiyi sirri müəlliminə açır. Yox, mən haqsızam. Mən övladsız deyiləm. Mənim balalarımın sorağı bir neçə ildən sonra Azərbaycanın ən ucqar guşələrindən gələcək".

Aleksey Osipoviç bunları çox yaxşı dərk edirdi. O bütün həyatını məktəbə vermişdi. Səhərdən axşama qədər uşaqlardan ayrılmazdı. Məşğələlərdən sonra onlarla birlikdə yataqxanaya gedər, çarpayıları, yorğan-döşəyi yoxlayar, onları yuxuya verdikdən sonra evə qayıdardı. Başı işə o qədər qarışardı ki, günlərin necə gəlib-getdiyini hiss etməzdi. Bəzən ailəsini, özünü belə unudardı. O hiss etməzdi ki, Vera evdə darıxır, pəncərədən boylanmaqdan yorulur. Ancaq indi, yay tətili günlərində Aleksey Osipoviç sakitlikdən bezmişdi. O özü tək qaldığından, arvadının iztirablarını daha yaxşı dərk edirdi. Sabah uşaqlar gəlməlidirlər. Yenə məktəbin həyəti, yataqxana səs-küylə dolacaq. Yenə məşğələlər başlayacaq, tələbələrin min cür tələbi, şikayəti, sualları etirazı və narazılıqları meydana çıxacaq. Yenə Aleksey Osipoviç səhər gedib axşam qayıdacaq. Bəs Vera nə etsin? Bəlkə onu da məktəb işinə qoşsun? Bəlkə təzə açılacaq hazırlıq kurslarında ona bir məşğələ düzəltsin? Xor və dram dərnəklərinin işini ona tapşırsın? Axı onun yaxşı səsi var. Uşaqlarla çox tez dil tapır. Hansı evə bircə dəfə getsə, balacalarla danışıb-oynasa, ondan əl çəkmirlər.

Aleksey Osipoviçın yuxusunun dağılmasının bir səbəbi də sabahı gözləməsi idi. O iki ay bundan əvvəl Azərbaycanı oymaq-oymaq gəzib Qori müəllimlər seminariyası üçün tələbə axtarmışdı. Otuz adam ona söz vermişdi ki, uşağını oxumağa göndərəcək. İndi görəsən onlar gələcəkmi? Sonradan fikrini dəyişən olmayıb ki? Əgər sözlərindən dönsələr, hazırlıq qrupları açmaq çətin olacaq.

Aleksey Osipoviç yanı üstə çevrildi. Gözünü pəncərəyə zillədi. İçəri toran idi. Bayır isə aydınlaşır, pəncərədən süzülən işıq çırağın şöləsini solğunlaşdırırdı...

Aleksey Osipoviçin gözünə yuxu getməsi ilə ayılması bir oldu. Səksəkəli yatdığından, pəncərədən işıq düşən kimi yerindən dik atıldı. Dərhal da paltarını geyinib arvadını oyatdı:

– Vera, dur, gedirik.

Arvad təlaşla onun üzünə baxdı:

– Hara?

– Vağzala.

– Xeyir ola?

– Uşaqları qarşılamaq lazımdır.

– Məni də aparırsan?

– Tez ol, gecikirik.

Onlar yarım saatdan sonra məktəbin həyətinə gəldilər. Sakitlik idi. Faytonçu atları qoşmuşdu. Kiminləsə söhbət edirdi. Aleksey Osipoviç arvadının qolundan tutub faytona yaxınlaşdı. Elə bu vaxt faytonçu ilə söhbət edən adamı tanıdı. Onlar furajkalarını götürüb salamlaşdılar.

– Cənab Kipiani, bu tezdən hara?

O gülümsündü. Azacıq aşağı əyilib Vera Fyodorovnanın əlindən öpdü və bundan sonra üzünü Aleksey Osipoviçə tutdu:

– İcazə versəniz, sizinlə gedərdim.

– Yoxsa səfəriniz var?

– Yox. Mən də uşaqları qarşılamaq istəyirəm. Ürəyim yaman darıxır. Tələbəsiz məktəb suyu sovulmuş dəyirman kimi yaman qüssəli olur, deyilmi, Aleksey Osipoviç?

– Elədir.

Onlar yanaşı oturdular. Faytonçu qamçını havada oynatdı. Atlar çaparaq həyətdən çıxdılar və döngəni burulub vağzala yollandılar. Şəhər hələ yuxulu idi. Küçələrdə təkəm-seyrək adam var idi. Üfüq qıpqırmızı idi. Vağzalla şəhərin arasındakı düzənlikdə qıvrılıb axan Kürün suları parıldayırdı. Çayın vadisindəki çəmənlik də göz qamaşdırırdı. Elə bil oraya səhər-səhər göydən su çilənmişdi.

Qatar silkələnib dayandı. Çiyni heybəli uşaqlar müvazinətlərini saxlaya bilməyib səndirlədilər. Əşrəf qapının ağzına tərəf getdi. Yuxudan kal ayılmış uşaqları qoymadı ki, basabas salsınlar. Özü hamıdan əvvəl vaqondan yerə düşdü. Yükü ağır olanlara kömək etdi. Əhməd də o biri vaqondakı uşaqları düşürtdü. Tiflisdə dəstə böyümüşdü. Başqa qəzalardan gələn uşaqlar da onlara qoşulmuşdular.

Əhmədlə Əşrəf uşaqları kənara, vağzaldan aralı bir yerə topladılar. Onların çoxu hələ özünə gələ bilməmişdi. Ömürlərində ilk dəfə vaqona mindiklərindən, dəmir yolu gördüklərindən, yad yerə ayaq basdıqlarından, təşviş və təlaşla ətrafa boylanırdılar. Çoxları çiyinlərindəki heybədən bərk-bərk yapışmışdı. Elə bil ki, kiminsə onu oğurlayacağından ehtiyat edirdilər. Osman hamıdan çox həyəcan keçirirdi. Gah qabağa qaçır, gah dəstənin ortasında durur, gah da Əşrəfin yanına gəlib az qala onun ətəyindən yapışırdı.

Osman birdən qabağa çıxdı. Həyəcanla Əşrəfin qolundan dartıb dəmir yolundan o tərəfdəki faytonu göstərdi. Əşrəf dönüb baxdı, Aleksey Osipoviçi gördü.

Vaqondan yenicə düşmüş uşaqlar onlara yaxınlaşdılar. Çernyayevski qollarını açıb Əhmədi qucaqladı. Əşrəfin kürəyinə vurdu.

– Demək belə, hamınız gəlibsiniz.

O, uşaqları bir-bir gözdən keçirdi. Ayaqlarındakı çarığa, yamaqlı paltarlarına baxdı. Onların ürkək baxışlarına arxasında gizlənən həvəs və marağı gördü. Ani olaraq, "Görəsən bunlardan gələcəkdə nə olacaq?" deyə xəyalından keçirdi. Əlini uzadıb uşaqların bəzisinin papağını, bəzisinin kəmərini düzəltdi. Osmana yaxınlaşanda isə ayaq saxlayıb gülümsündü.

– Sən də gəlmisən?

– Özünüz görürsünüz.

– Bəs, Molla Sadıqla haqq-hesabı kim çürüdəcək?

– Tapılar, – deyə Osman gülə-gülə cavab verdi. – Kəndimizdə dəcəl çoxdur.

– Mixail Keyxosrovoviç, – deyə Aleksey Osipoviç sözə başladı. – Bu yaman dəcəldir. Tütünə barıt doldurub mollanın saqqalını yandırmışdı.

– Yəqin burda da bizim saqqalımızı yandıracaq.

– Siz papiros çəkirsiniz?

Uşaqlar gülüşdülər. Müəllimlər də onlara qoşuldular. Ancaq Əhməd gözünü Kipianidən ayırmadı. Diqqətlə onun üzünə baxdı, bu tanış səsi harda eşitdiyini xatırlamaq istədi.

Aleksey Osipoviç uşaqların hamısı ilə görüşdükdən sonra geri döndü və üzünü Əhmədə tutdu:

– Sevindiyimdən hər şeyi unutmuşam. Heç Sizi tanış da eləmədim.

Bu bizim seminariyanın müəllimi Kipianidir.

Kipiani əlini uzatdı və birdən qaşlarını çatıb dayandı:

– Axı, deyəsən biz tanışıq.

– Dayan, dayan, – deyə Əhməd nəyi isə xatırlayıb susdu və birdən qollarını açıb Kipianini qucaqladı. – Mişa, sən salamatsanmı?

Hamı təəccüblə onlara baxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

16

Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini qovurdular.

19546 dəq
17

Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?

195417 dəq
18

Onlar idarədən birgə çıxdılar. At tövləsinin yanında Nəsib dayı İmranın qolundan tutdu.– Getmə, səninlə işim var.

19547 dəq
19

Rayonda açılmış tibb məktəbi şəhərin qurtaracağında, pambıq məntəqəsinin qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən sonra qızlar məktəbin həyətində, arxın kənarında oturub kitab oxuyur, səhərlər isə dəsmal, sabun götürüb yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu.Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan qızlar, pəncərələrdən küçəyə çıxır, pencəklərini çiyinlərinə salıb qapı ağzında dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar əllərini qoyunlarına qoyub elə məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara yazığı gəlirdi.

195410 dəq

Başqa şairlərin şeirləri