Səhifə 1 / 3

Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.

– Kimdir?

– Mənəm.. Nərgiz müəllimə... qorxmayın.

Qız tanış səsə qapını araladı. İçəridən düşən işıq oğlanın üzünü aydınlaşdırdı.

– İmran? - O, dərindən nəfəs aldı. - Elə qorxdum ki...

– Məndən başqa gecə vaxtı sizin qapınızı kim döyər ki?

Nərgiz dinmədi.

– Əgər qorxutdumsa, üzr istəyirəm. Mən qapını döymək istəyirdim, özünüz qabağıma çıxdınız.

Onlar bir az beləcə dayandılar. Nərgiz bir əli ilə qapının dəstəyindən tutub durmuşdu. Qaranlığı yaran işıq zolağı eyvanın və pilləkəni aydınlaşdrıb, həyətdəki yaşıllığın üstünə sərilmişdi. Xırdaca böcəklər işıqda qaynaşırdı. Ortalıqdakı sükut elə dərin idi ki, arxa sıçrayıb düşən qurbağaların suyu şappıldatması eşidilirdi. Elə bil hər ikisi bir anlığa hər şeyi unudub, gecənin sakitliyini dinlədi.

Heç biri cürət edib qabağa düşə bümirdi. Nə İmran dillənir, nə də Nərgiz onu içəri dəvət edirdi.

Külək otları, yarpaqları xışıldatdı. Nərgiz fikirdən ayıldı.

– Haradan gəlirsiniz?

– İşdən qayıdıram. Gördüm pəncərədən işıq gəlir, dayandım, heç özüm də bilmirəm nə təhər oldusa qapınızın ağzına gəldim.

Nərgizin üzünə kölgə düşdüyündən, İmran onun sifətindəki ifadəni görə bilmirdi. Həyəcandan ürəyi döyünən İmran əlini cibinə salıb papiros qutusunu axtardı.

– Keçin içəri, qapının ağzında niyə durubsunuz, - deyə Nərgiz tərəddüdlə təklif etdi.

– Deyəsən, gecdir axı, sizi narahat eləmərəmmi?

– Gələn qonağı geri qaytarmazlar. Gərək gəlməyəydiniz, gəlibsiniz, içəri keçin. İmran yüngül nəfəs aldı, papiros qutusunu cibinə qoyub içəri keçdi. Nərgiz qapını örtüb stul çəkdi.

– Əyləşin.

O, yarımçıq qoyduğu kitabı götürdü. Pilətənin üstündəki çaydanı yerə qoydu. Çay süzdü, yenə də nə isə axtarmağa başladı. İmran onun bir ev sahibi kimi əl-ayağa düşdüyünü, qonağını razı salmağa çalışdığını görüb:

– Zəhmət çəkməyin, heç nə lazım deyil, - dedi.

– Siz mənim evimə birinci dəfə gəlirsiniz, hörmət eləmək borcumdur. Ancaq günah özünüzdədir. Vaxtsız gələn qonaq kisəsindən yeyər.

– Mən ki qonaq deyiləm.

İmran qurtum-qurtum çay içir, Nərgiz müəllimə gözaltı onu süzürdü. Hiss olunurdu ki, hər ikisi sıxılır, danışmağa söz tapa bilmir. İçəri isti olmasa da, İmran tez-tez tərini silirdi. Nərgiz müəllimənin sifəti alışıb-yanırdı. O nə isə hiss edirdi və bundan qorxurdu. Əslinə baxsan, o çoxdan, elə İmranla birinci dəfə eyvanda görüşən andan qorxurdu. Nərgiz o vaxtdan öz hissləri ilə mübarizə aparırdı. İndi də narahat idi.

İmran da həyəcanlanırdı. Neçə vaxtdan bəri ürəyində coşan hissləri açıb deməyə cəsarəti çatmırdı. Ancaq onu hiss edirdi ki, susmaq mümkün deyil. Madam gəlib, gərək söz açsın. Nəhayət o:

– Heç yaxşı iş görmədiniz, Nərgiz müəllimə, - deyə, tarlada yarımçıq qalan söhbəti yenidən başladı, - mən sizi belə bilmirdim.

Qız heç nə anlamırmış kimi soruşdu:

– Nə olub ki?

– Gərək bizdən köçməyəydiniz. Mən heç... Anamın qəlbinə toxunmayaydınız. O sizi çox istəyir. Lap çox istəyir.

– Bilirəm... O mənə analıq eləyib...

– Bəs niyə ona axıra qədər övladlıq eləmədiniz?

Nərgiz müəllimənin ürəyi daha da narahat oldu.

– İmran... Mən gec-tez sizdən köçməli idim. Həmişəlik orada qala bilməzdim ki?

– Həmişəlik qala bilməzdiniz? - İmran onun sözünü təkrar etdi.

– Niyə qala bilməzdiniz?

– Heç elə şey olarmı?

– Istəsəniz olar. Sizdən asılıdır...

– İmran daha nə isə dedi, ancaq Nərgiz eşitmədi. Onun qulaqları uğuldadı. Otaq başına hərləndi. O, əllərini yanaqlarına apardı. İmran isə hey ona baxır, inadla cavab gözləyirdi.

Birdən Nərgizi titrətmə götürdü, dodaqları səyridi. Özünü saxlamaq istədisə də, bacarmadı. Hıçqırıq onu boğdu. Başını stola söykədi. Saçları çiynindən sürüşüb aşağı sallandı.

İmran çaşıb qalmışdı. Qarşısında hıçqırıb ağlayan qıza nə deyəcəyini, onu necə sakitləşdirəcəyini bilmirdi. "Ona nə oldu, nə üçün belə edir?" - deyə düşündü və titrək əlləri ilə Nərgizin saçlarını geri elədi. Onun başını yuxarı qaldırıb diqqətlə üzünə baxdı. Qızın gözləri yaşla dolu idi. Burun pərələri səyriyirdi. Nazik dodaqları azca aralanmışdı. O, körpə kimi hıçqırırdı.

– Nərgiz... Axı sizə nə oldu?

– İmran, yalvarıram, çıxın gedin, bu saat məndən heç nə soruşmayın.

– Axı niyə?

– Bilmirəm... Heç nə bilmirəm, xahiş eləyirəm çıxın gedin...

– Mən heç yana gedən deyiləm!

Qız İmranın səsindəki qətiyyəti hiss etdi. Özünü toxtatdı. Qızarmış gözlərini İmranın üzünə dikib uzun-uzadı baxdı. Onun baxışlarındakı məlulluq və iztirab İmranı sarsıtdısa da, heç nə soruşmadı. Nəhayət, Nərgiz dilləndi:

– İmran, axı sən məni tanımırsan. - O heç özü də hiss etmədən İmrana "sən" dedi. - Bilmirsən kiməm, nə yuvanın quşuyam...

– Nərgiz...

– Sözümə qulaq as! Yaxşı tanımadığın bir qıza könül bağlamağı sənə məsləhət görmürəm.

– Bunlar artıq sözlərdir, Nərgiz.

– Yox, İmran, bu, ömür-gün sevdasıdır. Əgər sən məni yaxşı tanısan, fikrindən əl çəkərsən.

– Heç vaxt!

– Dedim çəkərsən, İmran. Sən məni sevə bilməzsən!

– Bəs sən necə?

– Mənmi?

– Mən heç nə başa düşə bilmirəm, Nərgiz. Sən nə danışırsan, axı mən səni niyə sevə bilmərəm?

– İmran, yaxşısı budur çıx get, nə özünə, nə də mənə əziyyət ver.

Yalvarıram sənə, dur get.

– Nərgiz, dedim sözümdən dönən deyiləm. Məni başa sal görək, bu nə deməkdir?

– Demək, sən hər şeyi bilmək istəyirsən, eləmi?

– Bəli!

Nərgizin yenə fikri dağıldı, nə deyəcəyim bilməyib susdu. Lakin birdən qətiyyətlə ayağa durdu, kitabların arasından bir dəftər götürdü:

– Al... Ancaq məndən bir kəlmə də soruşma.

O yenidən hönkürdü, hıçqırığını boğmaq üçün çarpayının üstünə yıxılıb, üzünü yastıqda gizlətdi.

İmran bir ona, bir də dəftərə baxdı. Qıza yaxınlaşdı. Nərgiz dik atılıb bayıra qaçdı. İmran bir-iki dəfə çağırdısa da, qız geri dönmədi, qaranlıqda gözdən itdi.

Heç nə anlamayan İmran yerə düşmüş dəftəri götürdü, qeyri-ixtiyari vərəqlədi... "İnsanın həyatında çox qəribə, ağlagəlməz hallar olur. Bəzən bir adamla iki il, üç il bir yerdə yaşayırsan, hər gün görüşürsən, lakin ona əhəmiyyət vermirsən, onun varlığını belə hiss etmirsən. Bəzən təsadüfi, ötəri bir görüş ömrün boyu yadından çıxmır... Biz onunla üç ildir ki, bir kursda oxuyuruq. Hər gün bir-birimizə rast gəlirik, salam veririk. O, o qədər də gözəl deyil. Qarayanız bir oğlandır. Gözlərindən başqa sifətində elə bir cazibədar yeri yoxdur. Bəzən mən ona diqqətlə baxıram, ağzının və burnunun iri olduğunu nıüşahidə edirəm. Amma nədənsə adama xoş gəlir, necə deyərlər, çox suyuşirin oğlandır. Xasiyyəti də pis deyil, ağır təbiətli cavandır. Çox danışıb-gülməz, kursumuzdakı oğlanlara da o qədər qoşulmaz. Amma hərdənbir zarafat edib ətrafdakıları güldürməyi sevir. İlk baxışda qaradinməz, bir qədər də rəsmi görünür. Hətta adama elə gəlir ki, o eqoistdir. Amma bir az yaxından tanış olanda tamam əksini görürsən. Mən də elə oldum.

Çox qəribədir, mən onu yalnız üçüncü kursda görməyə başladım. Elə bil bu üç ildə o, heç bizim kursda deyilmiş. Mən onun varlığını hiss etmirdim. İndi hara getsəm, hara baxsam, onu görürəm. Min adamın içində onun boyunu seçirəm, səsini tanıyıram. Bizim yaxınlaşmağımız da qəribə oldu. Bir dəfə necə oldusa mühazirədə o mənim yanıma gəldi, böyrümdəki boş yeri göstərib soruşdu:

– Oturmaq olarmı?

Mən kənara çəkilib ona yer elədim. Bu üç ildə birinci dəfə idi yanaşı otururduq. Mən həmişə qızların yanında olardım, o isə heç bilmirəm kiminlə əyləşərdi. İkinci dərsdə də təsadüfən yenə yanaşı düşdük, hətta o mənə baxıb gülümsündü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 5

Onlar dərin sükut içində, asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. Cığırları ot basmışdı. Bəzi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Kipiani azacıq axsadığından dalda qalır, bir az irəlidə gedən Əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Nəhayət, qala divarına yaxın bir yerdə, otları azacıq saralmış göylükdə oturdular. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. Əhməd isə gözünü üfüqə zillədi. Qarşıdakı dağlar baş-başa vermişdi. Meşənin ətəklərində kəndlər, bir az bəridə isə vağzal görünürdü. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir, çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da, ətraf saralmışdı. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Gözünü saralmış daşlara, uçuq-sökük yerlərə, hörgülərin arasında bitən quru otlara zillədi. Hər şey beləcə dəyişir, dağılıb sökülür və köhnəlirdi... Onlar da belə idilər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir, birgə də nümayişə, küçəyə çıxardılar. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. Heç nədən qorxmurdular. Hətta bəzən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi, çevriliş etməyi, həbsxanalara, zindanlara belə düşməyi arzu edirdilər. Onlarda həm coşqun bir ədalət hissi, həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Lakin tələbələrin bu coşqunluğu uzun sürmədi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər. Aradan illər ötdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Kipiani yorğun və məhzun kimi görünürdü. Deyəsən, əvvəlki coşqunluqdan əlamət qalmamışdı. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illərı onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət, arzuların ilğım kimi əlçatmazlığı onları süstləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi?Kipiani də eyni ilə bu cür düşünür, Əhmədi gözaltı süzüb, söhbəti hardan başlayacağını müəyyənləşdirirdi. Onun deməyə sözü çox idi. O bilmək istəyirdi ki, Əhməd təkdirmi, keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır?

195710 dəq
Dördüncü hissə, 6

Cahandar ağa atı tövlədən çıxardıb talvarın altına gətirdi. Sağrısını yalını sığalladı. At astaca oxranıb kişini iylədi, qulaqlarını qırpıb dayandı. Cahandar ağa dərindən köksünü ötürdü və yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu duydu. At pis ata oxşamırdı. Boynu gözəl, qaməti uca idi. Dərisinin rəngi tünd-qırmızı idi. Bəzi yerləri şabalıdı rəngə çalırdı. Qaçmağı da pis deyildi, ancaq Cahandar ağanın ürəyinə o qədər də yatmırdı. Nə qədər çalışırdısa da, Qəmərdən sonra bu ata isnişə bilmirdi. Elə bil at da bu soyuqluğu duyurdu. Sahibini görəndə Qəmər kimi çəçiyi ilə yeri eşib kişnəmir, şahə qalxıb oynaqlamırdı. Bu atla Qəməri müqayisə etmək olmazdı. Qəmər elə bil başa düşürdü, sevincini, kədərini bildirir, lal baxışları ilə sahibinin ürəyindən keçənləri oxumaq istəyirdi.Cahandar ağa atın ətrafına bir də dolandı, sonra sakit addımlarla evə doğru getdi. İçəri girib divardan asdığı tüfəngini götürdü, çalnı-çarpaz bağladı. Ağ yundan toxunmuş qotazlı başlığını göy buxara papağının üstündən geyib boynuna doladı. Xəncəri yana çəkdi. İçəri gəldiyi kimi də sakit addımlarla getmək istədi. Ancaq qapıya yaxınlaşanda ayaq saxladı. Dönüb geri, otağa baxdı, gözünü divara vurulmıış xalçaların üzərində gəzdirdi. Tavandan asılmış otuzluq çırağa, baş tərəfdə divara mıxlanmış qollu-budaqlı iri maral buynuzuna baxdı. Qoşa taxtı, döşəkcələri, zərbaftalı, qotazlı mütəkkələri gözdən keçirtdi. Elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. Özü də hiss etmədən köksünü ötürdü. Darağı tüfəngin xəzinəsinə basdı. Çaxmağı hərləyib şaqqıldatdı, dabanı üstə fırlanıb otaqdan çıxdı. Həyətdəkilərin üzünə baxmadı. Əli qoynunda, təlaş və təşviş içində dayanıb gözünü ona zilləyən Mələyi görmədi. Qonşu otaqda pərdəni azacıq aralayıb gözündən bulud kimi yaş tökən Salatın tərəfə dönüb baxmağı ağlına belə gətirmədi. Ağır, lakin qəti addımlarla talvara yaxınlaşıb atı kənara çəkdi. Quş kimi sıçrayıb yəhərə qalxdı. Yüyəni qəsdən dartdı. At sahibinin iradəsinə tabe olub dal ayaqları üstə qalxdı və yuxudan ayılmış kimi yəhərin altında oynadı. Yorğa yerişlə doqqaza sarı yollandı. Darvazaya çathaçatda qanad şaqqıldadı. Cahandar ağa qeyri-ixtiyari dönüb geri baxdı. İri, kəkilli sarı toyuq tara çıxıb hövllə qanadlarını şaqqıldadırdı. Kişi təəccüb etdi. Toyuq birdən boğazını irəli uzadıb xoruz kimi ucadan banladı. Cahandar ağanın bədənini soyuq tər basdı, iri həbəşi dodaqları kipcə bağlandı. Qızarmış gözlərinə qan sağıldı. Tüfəngi hərləyib tətiyi çəkdi. Qanadını çırpıb bir dəfə banlamaq istəyən toyuq yumaq kimi havaya qalxıb çəpərin o üzünə düşdü. Lələkləri göydə oynadı. Cahandar ağa atın boynuna yataraq dördnala çapdı. Kənddən aralanıb Kürün sahilində görunməz oldu.

19579 dəq
Dördüncü hissə, 7

Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Əlinə Osmanın yazısı keçdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi. Çaydan bir-iki qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Qələmi qırmızı mürəkkəbə batırdı. İnşa yazısını təkrarən, diqqətlə oxumağa başladı. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Bizim əkin sahələrinin bir ucu qonşu erməni kəndlərinə qədər uzanıb gedir. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Kürün hirsli ləpələri az qalır ki, evlərin divarın yalasın. Sol sahildə böyük bir meşə var. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Burada hər nə desən tapmaq mümkündür. Kənd uşaqları çox vaxt üzə-üzə Kürü adlayıb meşəyə keçir, almadan, armuddan dərir, tut yeyir, ciblərini alça ilə doldurub geri qayıdırlar. Bizim meşədə yüzillik palıd, fıstıq və qarağaca da rast gəlmək mümkündür. Buranın hələ ayaq dəyib iz düşməmiş qalın yerləri var. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır, meşə xoruzları banlaşır. Bura səfalı və zəngin ov yeridir. Qışda qazın, ördəyin, yayda, payızda isə turacın əlindən tərpənmək olmur. Qabanlar sürü ilədir, boz ayılara, canavara, çaqqala, tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər, yamyaşıl talalar var. Bizim göytəpəlilər sentyabr ayından ta mayın axırına qədər burada, binədə olurlar. Bu meşənin camaata çox xeyri dəyir. Ancaq indi buranı qoruq ediblər Atlı kazaklar gecə-gündüz keşik çəkir, heç kəsi yaxına buraxmırlar. Deyilənə görə, buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayırlar. Onun kefi istəyəndə Tiflisdən buraya ova gələcəkdir. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da, sulu yerimiz yoxdur. Camaat dəmyələrdə taxıl əkir. Bizim qolumuzdan tutan meşə idi, onu da əlimizdən aldılar. Bir parça torpağın bəsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. Görəsən bu niyə belədir? Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"Aleksey Osipoviç son sətirləri bir də oxudu. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Yavaşca ayağa durub otaqda gəzindi. O, yazı işinə nə qiymət verəcəyindən çox, Osmanın ağlına bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Axı, müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. Bəs o, Russonun fikirlərini kimdən öyrənmişdi?

19579 dəq
Dördüncü hissə, 8

Əşrəf yuxudan ayılan kimi əlini sinəsinin üstünə apardı. Kitabı tapmadıqda yorğanı atıb yerindən sıçradı. Yastığını qaldırdı, döşəyin altını yoxladı, gözünə heç nə dəymədi. Rəngi kağız kimi ağardı. Çarpayının dörd yanına fırlandı, əyilib aşağı baxdı, pəncərənin qabağını axtardı. "Bu necə ola bilər?" – deyə düşündü. Yoldaşlarını oyatmaq, onlardan bir-bir kitab görüb-görmədiklərini soruşmaq istədi. Ancaq ürək eləmədi. Axı bu kitabı ona gizlincə vermişdilər, özü də tapşırmışdılar ki, heç kəsə göstərməsin.Uşaqlar oyanana qədər Əşrəf yataqxananı bir də dolaşdı, gümanı gəldiyi yerlərin hamısını yoxladı. "Mən yerimə uzananda kitab əlimdə idi, axırıncı səhifələrini oxuyurdum. Görünür, yuxu məni aparıb, haçan yatdığımdan xəbərim olmayıb – deyə öz-özünə düşündü. – Kitab əlimdən düşsə yerin içində olardı, ya da çarpayının ətrafında. Bəs bu necə oldu? Yoxsa uşaqlardan biri götürüb? Bəlkə Firidun bilir, axı o bu gecə növbətçi idi?"

19579 dəq

Başqa şairlərin şeirləri