17
Səhifə 3 / 3 · 67%
Aradan nə qədər keçdiyini bilmədim. Gözümü açanda Teymurun üzümə zillənmiş gözlərini gördüm. Mən inana bilmirdim ki, bütün bunlar həqiqətdir. Teymur doğrudan da mənim yanımdadır, mən onun sinəsinə qısılmışam. O, titrək əlləri ilə saçımı sığallayır.
Xeyli beləcə dayandım. Birdən qəhər məni boğdu. Ağladım, doyunca ağladım.
– Məni bağışla, Teymur. Mən beç təsəvvürümə gətirə bilməzdim ki, biz beləcə yanaşı dayana bilərik. Mənim nələr çəkdiyimi bilirsənmi, Teymur?
– Bilirəm, Nərgiz... Leyla mənə hamısını danışıb, mən səndən də çox əziyyət çəkirəm. Mən əvvəllər bunu hiss eləmirdim. Heç ağlıma da gəlməzdi Sənin mənə görə əziyyət çəkdiyini görəndə nə edəcəyimi bilmədim.
O məni sahildən uzaqlaşdırdı. Fəvvarənin yanındakı skamyalardan birində oturduq.
Nə isə demək istədi, qoymadım.
– Heç nə lazım deyil, mən sənin ürəyindən keçənləri bilirəm, Teymur, onu da bilirəm ki, bu görüş bir də təkrar olunmayacaq. Mən bir də heç kəsi bu cür sevə bilməyəcəyəm.
– Sevgi... - deyə Teymur pıçıltı ilə təkrar etdi və gözlərini harayasa zillədi. O xeyli dayanıb fikrə getdi. Mən onun kədərləndiyini, əzab çəkdiyini, nədənsə narazı olduğunu hiss etdim. Beynimdə qəribə fikir dolaşdı: "Bəlkə o da məni sevir?"
Mən ona daha yaxın oturdum.
– Teymur, de görüm... azacıq da olsa məni sevirsənmi?
O dönüb üzümə baxdı. Gözlərindəki ifadə məni sarsıtdı. Mən orada mərhəmət oxudum. Bəli, gözlədiyim sevgi əvəzinə mərhəmət! Başa düşdüm ki, Teymurun mənə yazığı gəlir, dərdimi yüngülləşdirmək istəyir.
– Sənin daha xoş dəqiqələrin olacaq, Nərgiz!
– Mən bir də heç kəsi sevə bilməyəcəyəm.
– Sevəcəksən! - deyib ayağa durdu.
Evimizin yanında ayrılanda Teymur mənimlə daha açıq danışdı:
– Gəl bu gündən dost olaq. Hər şeyi unudaq, bir daha bu cür görüşməyək.
Onun dediyi kimi də oldu. Biz bir daha görüşmədik. Ancaq mən sakitləşən kimi oldum. Gecələr rahat yatdım. Elə bil bu görüşümüz mənə ürək-dirək verdi.
Dövlət imtahanını da pis qurtarmadım. Axırıncı itntahandan çıxanda Teymur mənə yaxınlaşıb əlimi sıxdı, təbrik etdi.
Biz ayrıldıq.
Mən ata-anamın etirazına baxmayaraq kəndə gəldim. Burada sakit dolanacağımı qət etdim. Ancaq olmadı. Qəlbim sözümə baxmadı. İndi də başqası..."
İmran axırıncı vərəqi çevirdikdən sonra xeyli hərəkətsiz dayandı. Qəmli bir hekayə oxumuş kimi mütəəssir oldu. Yavaşca əlini cibinə apardı, papiros götürdü, barmaqları arasında xeyli saxladı, sonra damağına alıb ayağa durdu. Onun gözləri bir nöqtəyə zillənmişdisə də, heç nə görmür, beç nə düşünə bilmirdi. O sarsılmışdı. İmran kibrit axtardı, tapmadı. Stolun üstündə yanan lampanı təzəcə görümıüş kimi oldu. Piltəni yuxarı qaldırıb papirosunu yandırdı. Bir nəfəsə yarıya qədər sümürdü. Otağı duman bürüdü. O, qutudan bir papiros da götürdü. Yalnız bu zaman sol ovcunda sıxdığı kibrit gözünə dəydi. Başını bulayıb dəftəri də vərəqlədi. "Belə..." deyib köksünü ötürdü. Qaşqabağını sallayıb, asta-asta pilləkəni endi, otların arasında qıvrılan nazik cığıra düşdü. Arxın üstündəki balaca körpüyə qədər getdi. Ayna kimi parıldayan su onun gözlərini oxşadı. İmran dayandı. Suda ulduzlar sayrışırdı, topa-topa buludları yaran ay qaçırdı. İmrana elə gəldi ki, buludlar ayı bürüyür, onun qabağına keçir, yol vermək istəmir, ay isə çırpınıb gah buludlara baş vurur, gah qılınc kimi sıyrılır, gah da duman içində görünməz olur.
Harada isə qurbağa quruldadı. Yaxındakı çinarın başında anadil ötdü. Kəndin qurtaracağında bir başqası ona cavab verdi. İmran bu səslərdə bir qəriblik, yalqızlıq və şikayət duydu.
İmran papirosunu kötüyünə qədər sümürüb atdı.
Körpüdən aralandı, klubun qabağından keçib evlərinə yollandı. Ayaqları dalınca sürünsə də, geri donmədi. Evlərinin yanına qədər bu cür səssiz-səmirsiz getdi. Ancaq orada dayandı, papiros qutusunu açdı, əlinə heç nə gəlmədi. Çəpərin dibinə atılan papiros qabı ağardı.
Birdən o sanki yuxudan ayıldı. Ətrafına boylandı. Bəs Nərgiz necə oldu? Hara getdi?
İmran vahimələndi, ağlına pis fikirlər gəldi. "O cür qız hər nə desən eləyər". O, geri döndü. Döngələri necə burulduğunu çəpərlərdən necə aşdığını, körpünü nə vaxt keçdiyini bilmədi. Qapını taybatay açıb içəri girdi. Otaq bomboş idi.
– Nərgiz!.. - deyib çağırdı. Səs verən olmadı. Bayıra çıxdı. Yenə çağırdı. Heç kəs cavab vermədi. İmran başı alovlu bağa qaçdı. Ağacların dibini axtardı. Hər tərəfb göz yetirdisə də, Nərgizdən cavab çıxmadı. O, arxın yaxası ilə yuxarı qaçdı. Çiçəklənmiş iydə kollarının dibində dizlərini qucaqlayıb arxın suyuna baxan Nərgizi gördü. Ürəyi sakitləşmək əvəzinə daha şiddətlə döyündü. Qızı ürküdüb qaçıracağından ehtiyat edirmiş kimi asta addımlarla ona yaxınlaşdı.
Nərgiz yerindən tərpənmədi. İmran onun yanında oturdu. Bir neçə saniyə nə deyəcəyini bilmədi. Sonra əlləri yavaş-yavaş qalxdı. Nərgiz çiynində ağırlıq hiss edib diksindi. Dönüb İnıranın üzünə baxdı və birdən başını onun köksündə gizlətdi.
– İmran...
– Heç nə lazım deyil.
– Axı...
İmran qıza imkan vermədi, onun başını sinəsinə daha bərk sıxdı. Hava elə gozəldiki...
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-17
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Onlar dərin sükut içində, asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. Cığırları ot basmışdı. Bəzi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Kipiani azacıq axsadığından dalda qalır, bir az irəlidə gedən Əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Nəhayət, qala divarına yaxın bir yerdə, otları azacıq saralmış göylükdə oturdular. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. Əhməd isə gözünü üfüqə zillədi. Qarşıdakı dağlar baş-başa vermişdi. Meşənin ətəklərində kəndlər, bir az bəridə isə vağzal görünürdü. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir, çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da, ətraf saralmışdı. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Gözünü saralmış daşlara, uçuq-sökük yerlərə, hörgülərin arasında bitən quru otlara zillədi. Hər şey beləcə dəyişir, dağılıb sökülür və köhnəlirdi... Onlar da belə idilər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir, birgə də nümayişə, küçəyə çıxardılar. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. Heç nədən qorxmurdular. Hətta bəzən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi, çevriliş etməyi, həbsxanalara, zindanlara belə düşməyi arzu edirdilər. Onlarda həm coşqun bir ədalət hissi, həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Lakin tələbələrin bu coşqunluğu uzun sürmədi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər. Aradan illər ötdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Kipiani yorğun və məhzun kimi görünürdü. Deyəsən, əvvəlki coşqunluqdan əlamət qalmamışdı. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illərı onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət, arzuların ilğım kimi əlçatmazlığı onları süstləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi?Kipiani də eyni ilə bu cür düşünür, Əhmədi gözaltı süzüb, söhbəti hardan başlayacağını müəyyənləşdirirdi. Onun deməyə sözü çox idi. O bilmək istəyirdi ki, Əhməd təkdirmi, keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır?
Dördüncü hissə, 6Cahandar ağa atı tövlədən çıxardıb talvarın altına gətirdi. Sağrısını yalını sığalladı. At astaca oxranıb kişini iylədi, qulaqlarını qırpıb dayandı. Cahandar ağa dərindən köksünü ötürdü və yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu duydu. At pis ata oxşamırdı. Boynu gözəl, qaməti uca idi. Dərisinin rəngi tünd-qırmızı idi. Bəzi yerləri şabalıdı rəngə çalırdı. Qaçmağı da pis deyildi, ancaq Cahandar ağanın ürəyinə o qədər də yatmırdı. Nə qədər çalışırdısa da, Qəmərdən sonra bu ata isnişə bilmirdi. Elə bil at da bu soyuqluğu duyurdu. Sahibini görəndə Qəmər kimi çəçiyi ilə yeri eşib kişnəmir, şahə qalxıb oynaqlamırdı. Bu atla Qəməri müqayisə etmək olmazdı. Qəmər elə bil başa düşürdü, sevincini, kədərini bildirir, lal baxışları ilə sahibinin ürəyindən keçənləri oxumaq istəyirdi.Cahandar ağa atın ətrafına bir də dolandı, sonra sakit addımlarla evə doğru getdi. İçəri girib divardan asdığı tüfəngini götürdü, çalnı-çarpaz bağladı. Ağ yundan toxunmuş qotazlı başlığını göy buxara papağının üstündən geyib boynuna doladı. Xəncəri yana çəkdi. İçəri gəldiyi kimi də sakit addımlarla getmək istədi. Ancaq qapıya yaxınlaşanda ayaq saxladı. Dönüb geri, otağa baxdı, gözünü divara vurulmıış xalçaların üzərində gəzdirdi. Tavandan asılmış otuzluq çırağa, baş tərəfdə divara mıxlanmış qollu-budaqlı iri maral buynuzuna baxdı. Qoşa taxtı, döşəkcələri, zərbaftalı, qotazlı mütəkkələri gözdən keçirtdi. Elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. Özü də hiss etmədən köksünü ötürdü. Darağı tüfəngin xəzinəsinə basdı. Çaxmağı hərləyib şaqqıldatdı, dabanı üstə fırlanıb otaqdan çıxdı. Həyətdəkilərin üzünə baxmadı. Əli qoynunda, təlaş və təşviş içində dayanıb gözünü ona zilləyən Mələyi görmədi. Qonşu otaqda pərdəni azacıq aralayıb gözündən bulud kimi yaş tökən Salatın tərəfə dönüb baxmağı ağlına belə gətirmədi. Ağır, lakin qəti addımlarla talvara yaxınlaşıb atı kənara çəkdi. Quş kimi sıçrayıb yəhərə qalxdı. Yüyəni qəsdən dartdı. At sahibinin iradəsinə tabe olub dal ayaqları üstə qalxdı və yuxudan ayılmış kimi yəhərin altında oynadı. Yorğa yerişlə doqqaza sarı yollandı. Darvazaya çathaçatda qanad şaqqıldadı. Cahandar ağa qeyri-ixtiyari dönüb geri baxdı. İri, kəkilli sarı toyuq tara çıxıb hövllə qanadlarını şaqqıldadırdı. Kişi təəccüb etdi. Toyuq birdən boğazını irəli uzadıb xoruz kimi ucadan banladı. Cahandar ağanın bədənini soyuq tər basdı, iri həbəşi dodaqları kipcə bağlandı. Qızarmış gözlərinə qan sağıldı. Tüfəngi hərləyib tətiyi çəkdi. Qanadını çırpıb bir dəfə banlamaq istəyən toyuq yumaq kimi havaya qalxıb çəpərin o üzünə düşdü. Lələkləri göydə oynadı. Cahandar ağa atın boynuna yataraq dördnala çapdı. Kənddən aralanıb Kürün sahilində görunməz oldu.
Dördüncü hissə, 7Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Əlinə Osmanın yazısı keçdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi. Çaydan bir-iki qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Qələmi qırmızı mürəkkəbə batırdı. İnşa yazısını təkrarən, diqqətlə oxumağa başladı. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Bizim əkin sahələrinin bir ucu qonşu erməni kəndlərinə qədər uzanıb gedir. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Kürün hirsli ləpələri az qalır ki, evlərin divarın yalasın. Sol sahildə böyük bir meşə var. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Burada hər nə desən tapmaq mümkündür. Kənd uşaqları çox vaxt üzə-üzə Kürü adlayıb meşəyə keçir, almadan, armuddan dərir, tut yeyir, ciblərini alça ilə doldurub geri qayıdırlar. Bizim meşədə yüzillik palıd, fıstıq və qarağaca da rast gəlmək mümkündür. Buranın hələ ayaq dəyib iz düşməmiş qalın yerləri var. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır, meşə xoruzları banlaşır. Bura səfalı və zəngin ov yeridir. Qışda qazın, ördəyin, yayda, payızda isə turacın əlindən tərpənmək olmur. Qabanlar sürü ilədir, boz ayılara, canavara, çaqqala, tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər, yamyaşıl talalar var. Bizim göytəpəlilər sentyabr ayından ta mayın axırına qədər burada, binədə olurlar. Bu meşənin camaata çox xeyri dəyir. Ancaq indi buranı qoruq ediblər Atlı kazaklar gecə-gündüz keşik çəkir, heç kəsi yaxına buraxmırlar. Deyilənə görə, buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayırlar. Onun kefi istəyəndə Tiflisdən buraya ova gələcəkdir. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da, sulu yerimiz yoxdur. Camaat dəmyələrdə taxıl əkir. Bizim qolumuzdan tutan meşə idi, onu da əlimizdən aldılar. Bir parça torpağın bəsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. Görəsən bu niyə belədir? Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"Aleksey Osipoviç son sətirləri bir də oxudu. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Yavaşca ayağa durub otaqda gəzindi. O, yazı işinə nə qiymət verəcəyindən çox, Osmanın ağlına bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Axı, müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. Bəs o, Russonun fikirlərini kimdən öyrənmişdi?
Dördüncü hissə, 8Əşrəf yuxudan ayılan kimi əlini sinəsinin üstünə apardı. Kitabı tapmadıqda yorğanı atıb yerindən sıçradı. Yastığını qaldırdı, döşəyin altını yoxladı, gözünə heç nə dəymədi. Rəngi kağız kimi ağardı. Çarpayının dörd yanına fırlandı, əyilib aşağı baxdı, pəncərənin qabağını axtardı. "Bu necə ola bilər?" – deyə düşündü. Yoldaşlarını oyatmaq, onlardan bir-bir kitab görüb-görmədiklərini soruşmaq istədi. Ancaq ürək eləmədi. Axı bu kitabı ona gizlincə vermişdilər, özü də tapşırmışdılar ki, heç kəsə göstərməsin.Uşaqlar oyanana qədər Əşrəf yataqxananı bir də dolaşdı, gümanı gəldiyi yerlərin hamısını yoxladı. "Mən yerimə uzananda kitab əlimdə idi, axırıncı səhifələrini oxuyurdum. Görünür, yuxu məni aparıb, haçan yatdığımdan xəbərim olmayıb – deyə öz-özünə düşündü. – Kitab əlimdən düşsə yerin içində olardı, ya da çarpayının ətrafında. Bəs bu necə oldu? Yoxsa uşaqlardan biri götürüb? Bəlkə Firidun bilir, axı o bu gecə növbətçi idi?"
Başqa şairlərin şeirləri
Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
Hissiyyati-madəranəİştə növzadın edib zibi-kənar,Gah öpər, oxşar onu, gəh qoxular.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.