Dördüncü hissə, 6
Cahandar ağa atı tövlədən çıxardıb talvarın altına gətirdi. Sağrısını yalını sığalladı. At astaca oxranıb kişini iylədi, qulaqlarını qırpıb dayandı. Cahandar ağa dərindən köksünü ötürdü və yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu duydu. At pis ata oxşamırdı. Boynu gözəl, qaməti uca idi. Dərisinin rəngi tünd-qırmızı idi. Bəzi yerləri şabalıdı rəngə çalırdı. Qaçmağı da pis deyildi, ancaq Cahandar ağanın ürəyinə o qədər də yatmırdı. Nə qədər çalışırdısa da, Qəmərdən sonra bu ata isnişə bilmirdi. Elə bil at da bu soyuqluğu duyurdu. Sahibini görəndə Qəmər kimi çəçiyi ilə yeri eşib kişnəmir, şahə qalxıb oynaqlamırdı. Bu atla Qəməri müqayisə etmək olmazdı. Qəmər elə bil başa düşürdü, sevincini, kədərini bildirir, lal baxışları ilə sahibinin ürəyindən keçənləri oxumaq istəyirdi.
Cahandar ağa atın ətrafına bir də dolandı, sonra sakit addımlarla evə doğru getdi. İçəri girib divardan asdığı tüfəngini götürdü, çalnı-çarpaz bağladı. Ağ yundan toxunmuş qotazlı başlığını göy buxara papağının üstündən geyib boynuna doladı. Xəncəri yana çəkdi. İçəri gəldiyi kimi də sakit addımlarla getmək istədi. Ancaq qapıya yaxınlaşanda ayaq saxladı. Dönüb geri, otağa baxdı, gözünü divara vurulmıış xalçaların üzərində gəzdirdi. Tavandan asılmış otuzluq çırağa, baş tərəfdə divara mıxlanmış qollu-budaqlı iri maral buynuzuna baxdı. Qoşa taxtı, döşəkcələri, zərbaftalı, qotazlı mütəkkələri gözdən keçirtdi. Elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. Özü də hiss etmədən köksünü ötürdü. Darağı tüfəngin xəzinəsinə basdı. Çaxmağı hərləyib şaqqıldatdı, dabanı üstə fırlanıb otaqdan çıxdı. Həyətdəkilərin üzünə baxmadı. Əli qoynunda, təlaş və təşviş içində dayanıb gözünü ona zilləyən Mələyi görmədi. Qonşu otaqda pərdəni azacıq aralayıb gözündən bulud kimi yaş tökən Salatın tərəfə dönüb baxmağı ağlına belə gətirmədi. Ağır, lakin qəti addımlarla talvara yaxınlaşıb atı kənara çəkdi. Quş kimi sıçrayıb yəhərə qalxdı. Yüyəni qəsdən dartdı. At sahibinin iradəsinə tabe olub dal ayaqları üstə qalxdı və yuxudan ayılmış kimi yəhərin altında oynadı. Yorğa yerişlə doqqaza sarı yollandı. Darvazaya çathaçatda qanad şaqqıldadı. Cahandar ağa qeyri-ixtiyari dönüb geri baxdı. İri, kəkilli sarı toyuq tara çıxıb hövllə qanadlarını şaqqıldadırdı. Kişi təəccüb etdi. Toyuq birdən boğazını irəli uzadıb xoruz kimi ucadan banladı. Cahandar ağanın bədənini soyuq tər basdı, iri həbəşi dodaqları kipcə bağlandı. Qızarmış gözlərinə qan sağıldı. Tüfəngi hərləyib tətiyi çəkdi. Qanadını çırpıb bir dəfə banlamaq istəyən toyuq yumaq kimi havaya qalxıb çəpərin o üzünə düşdü. Lələkləri göydə oynadı. Cahandar ağa atın boynuna yataraq dördnala çapdı. Kənddən aralanıb Kürün sahilində görunməz oldu.
Hava tutqun idi. Çöllər çoxdan bozarmışdı. Dəmyələrdəki kövşənlərə od vurulduğundan, düzənlər, təpələr ala-tala olmuşdu. Elə bil əkin yerlərinə əyrim-üyrüm qara zolaqlar çəkmişdilər. Meşə də bom-boz idi. Qovaq ağacları saralmış yarpaqlarını tökmüşdü. Sahildəki cələ də çılpaqlaşmışdı. Kür isə yenə əvvəlki kimi burula-burula axır, aşağılarda şaxələnib vadisini genişləndirirdi.
Cahandar ağa atı xeyli çapdıqdan sonra cilovu çəkdi, qutusunu çıxardıb papiros eşdi. Yandırdı. Sümürməyə başladı. Kişinin sinəsi körük kimi qabarıb boşaldı. Burun pərlərindən fısqırıb çıxan bozumtul tüstü layları onun sifətini görünməz etdi. Bu boz-bulanıq tüstü dumanı arasında közərən papirosun işıltısı getdikcə gücləndi. Cahandar ağa papirosu sümürdükcə az qalırdı ki, müştüyü tənbəki qarışıq çeynəyib udsun. Onun əlləri titrəyirdi. Elə bil sinəsini basıb sıxırdılar, nəfəsi darıxırdı. "Səhər-səhər bu toyuq niyə banladı? Yola çıxdığım yerdə bu nəhs əlamət nəydi? Yoxsa evimizin başında bir qaranlıq var? Axı deyirlər toyuq banlayanda bədbəxtlik üz verir? Görəsən indi nə olacaq? Yoxsa mənim özümün başına bir iş gələcək?" Cahandar ağa titrəyən müştüyə baxdı. Hiss etdi ki, əlləri də əsir. "Mənə nə olub? Yoxsa canından qorxuram? Atalar deməyibmi ki, bir ovuc qanından qorxan namərddir? Bəs niyə ürəyim döyünür?"
Bu gün hər şey həll olunmalı idi. Özü də təkbətək, qabaq-qabağa. Cahandar ağa onu çox axtarmışdı. Neçə dəfə kəndə gizlicə adam yollayıb, Allahyarın yerini öyrənmək istəmişdi. O isə yağlı çörəyə dönüb, yoxa çıxmışdı. Şəhərə qaçıb gizlənmişdi. Cahandar ağa and içmişdi ki düşmənindən intiqam almayınca camaat içinə çıxmayacaq. Beləliklə düz iki ay gözləmişdi. Evdəkilərin üzünə baxmamış, ağzı üstə döşənib yatmışdı. Dünən isə ona xəbər vermişdilər ki, Allahyar gəlib. Cahandar ağa bir gün də gözləyib onu arxayın saldıqdan sonra yola düşməyi qərara almışdı. O özü ilə heç kəsi götürməmişdi. Fikri təkbaşına mərd-mərdanə döyüşmək idi. Onu bircə şey qorxudurdu: düşmənindən əvvəl ölmək!
Cahandar ağa papirosu dalbadal sümürüb atdı. Kəhəri mahmızladı. At yerişini artırıb cələni ortadan iki bölən cığırla irəlilədi. Yarğanların dibi ilə xeyli getdi. Cahandar ağa özünü sakitləşdirmək üçün papirosu papirosun oduna yandırdı. At döngələri burulub dikdirə çıxdı. Uca yarğanın qaşında fınxırıb dayandı. Kişi fikirdən ayrılıb gözünü Kürə zillədi. Su boz-bulanıq idi. Sahil boyu mal-qara otlayırdı. Bir az bəridə atlar gəmirişirdi. Bir dəstə qız cığırla suya enirdi.
Kişi gözünü axar suya zillədi. Mələyi götürüb qaçdığı yerin bərabərində bir gəlin dizə qədər suya girmişdi. O da eynilə Mələk kimi donunu bürmələyib paçasının arasına yığmışdı. Deyəsən, soyuq suyun təmasından ləzzət alırdı. Dönə-dönə ovuclayıb üzünə çırpırdı. Cahandar ağa bir anlığa hər şeyi unutdu. Ona elə gəldi ki, aradan aylar keçməyib, illər dolanmayıb: suda yuyunan elə Mələkdir. O bu saat atı çapıb irəli cumacaq, gəlinin biləyindən yapışıb, yəhərin qucağına alacaq və birbaş Kürü yarıb o tərəfə keçəcəkdir.
Kişi yaxasını açıb sinəsi dolusu nəfəs aldı. Gözünü Kürün şaxələnmiş qollarına zillədi. Elə bil su yorğunlaşmışdı. Həmişəki kimi qıjıldayıb kükrəmir, sahilə çırpıb yarğanları oymur, əksinə, qayalara toxunan kimi ağır-ağır geri çəkilirdi. Meşə də yuxulu kimi idi. Hər şey süstləşmişdi. Cahandar ağanın qəlbində bircə an bundan əvvəl baş qaldıran gənclik coşqunluğu yox oldu. Suda üzünü yuyan gəlin də, sahildə mal otaranlar da, Mələk də yadından çıxdı. Ürəyində bir ağırlıq, beynində yorğunluq hiss etdi. Hər şeyi unudaraq Kürün sakit qıjıltısına qulaq asdı. Kimsə bu qıjıltıya həmahəng şəkildə astadan, ancaq yanıqlı-yanıqlı oxuyurdu:
Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır cahanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Tutulur məclisdə igidin yası,
Kar görmür qılıncı, polad libası,
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
At, sahibinin yüyəni boşaltdığını hiss edib, cığırla sahilə endi. Cilovu dartıb suya girdi. Cahandar ağa ona mane olmadı. Doyunca, şorultu ilə su içməsinə imkan verdi. Özü də yenidən papiros eşib yandırdı. Yenə mahnıya qulaq asdı:
Belə zaman hara, qoç igid hara,
Mərdləri çəkirlər namərdlər dara.
Baş əyir laçınlar, tərlanlar sara,
Mənmi qocalmışam, ya zəmanəmi?
Onun iri, həbəşi dodaqlarında təəssüf qarışıq bir məyusluq duyulurdu. Kişi uşaq kimi dərindən köks ötürdü. Mahnının sözlərini astaca təkrar etdi: "Mənmi qocalmışam, ya zəmanəmi?"
Sahildə ayaq tappıltıları eşidildi. Bayaq gəmirişən atlar bir-birini qovub Kürə tökülüşdü. Cahandar ağanın da atı başını qaldırıb bərkdən kişnədi və yüyəni çeynədi. Kişi elə bil yuxudan ayıldı. Papirosu sümürüb bir-iki nəfəsə qurtardı və cilovu dartıb sudan çıxdı. Kəhərin başını qanırıb qarşıdakı kəndə doğru çapdı... Cahandar ağanın özünə acığı tutdu. Axır vaxtlar tez-tez zəiflik etdiyinə görə ürəyində özünü danladı. Elə bil birdən-birə onu dəyişdilər. At kəndin arasına girəndə o, başlığını bir az da möhkəm doladı. Tüfəngi yəhərin qaşından götürdü. Çaxmağı hərləyib gülləni lüləyə verdi. Barmağını tətikdən çəkmədi. At əyri kənd yollarına buruldu, döngölərdən keçdi. Ətrafı çəpərli iri bir darvazaya çatanda Cahandar ağa cilovu birdən-birə dartdı. At yerində fırlanıb dayandı. Cahandar ağa darvazanın arasından həyətə baxdı. Cod, bir qədər də heybətli səslə dilləndi:
– Ay ev yiyəsi?!
İtlər hürüşdü. Cahandar ağa barmağı tətikdə, gözünü qapıya zillədi. Əvvəlcə nökərlər, sonra da Allahyar özü həyətə çıxdı. Elə bil Cahandar ağanın içərisində bir şey şişib partladı. Onun beynini, sinəsini daxildən sıxdılar. Ürəyi az qaldı köksünü partladıb çıxsın, daxili gərginlikdən qulaqları ağrıdı. Cahandar ağa fərqinə varmadan tüfəngi dərhal üzünə qaldırdı. Allahyar səksəkəli halda darvazaya yaxınlaşdı:
– Kimsən?
Cahandar ağa onun yaraqsız olduğunu və heç nədən şübhələnmədiyini görüb tüfəngi aşağı saldı.
– Kişi kişinin qabağına belə çıxmaz. Get atını yəhərlə, tüfəngini götür.
Bu sakit, güclə seziləcək dərəcədə titrəyişli və amiranə səs Allahyarı diksindirdi. O indiyə qədər göydə axtardığı adamın öz ayağı ilə qapıya gəldiyinə sevindi və hər şeyi unudaraq irəli atılmaq istədi. Ancaq əliboş olduğunu görüb ürəyində özünü danladı. Hirsindən dişini-dişinə sıxıb dayandı. Onun bu halı Cahandar ağanın gözündən qaçmadı:
– Tez ol!
Allahyar tərəddüd içində dayandı. Cahandar ağa hiss etdi ki, düşmən qorxur, geri dönməyə, ona arxasını çevirməyə cürəti çatmır. Cahandar ağa çaxmağı hərlədi. Tüfəngin dabanını açıb xəzinədəki güllələri boşaltdı və Allahyarın ayağının altına atdı.
– Qorxma, arxadan vurmaram.
Allahyar addım-addım geri çəkildi. Bayaqdan söhbətə qulaq asan nökərlərdən biri atı tövlədən çıxartdı. Allahyar evə girdi. Bir göz qırpımında evdən güllə kimi çıxıb atın belinə atıldı. Tüfəngi hərləməyi ilə tətiyi çəkməsi bir oldu. Darvazanın taxtası deşildi. Qəzəbdənmi, yoxsa qorxudanmı, nədənsə var səsi ilə bağıraraq, atı darvazaya doğru çapdı.
Cahandar ağa çiyninin göynəməyinə fikir vermədi. Atı çəpərin üstündən sıçradıb həyətə düşdü. Qolu ağrısa da, birtəhər nişan aldı, düşmənindən qabaq tətiyi çəkdi. Allahyarın tüfənginin qundağı parçalandı. At təntiyib kişnədi. Cahandar ağa bir göz qırpımında onun üstünü aldı. Xəncəri siyirməsinə macal vermədi. Barıt tüstüsü, qorxunc, heybətli səslər və it zingiltisi bir-birinə qarışdı. Cahandar ağa qoca bir qarının dizinə döydüyünü və həyətin ortasında vurnuxub ağladığını gördü. Əl saxladı. Onun boğuq səsi yenidən eşidildi:
– Arvad-uşağı qorxutma, həyətdən çıx.
Atlar baş-başa dayandılar. Sahibləri kimi nəfəsləri bir-birini vurdu. Birdən Allahyarın xəncəri göydə parıldadı. Cahandar ağa bir azca gec tərpənsəydi, çiyni üzüləcəkdi. Ancaq o, Allahyarın biləyini havada tutub qanırdı. Atlar bir xeyli dövrə vurdular. Cahandar ağa var gücü ilə ayağını üzəngiyə basıb Allahyarı yəhərdən araladı və yerə saldı. Özü də atılıb düşdü. Allahyar səndirlədi, sonra özünü tarazlayıb durdu. Dalı-dalı çəkilib darvazaya yaxınlaşdı. Cahandar ağa ağrıdan bir çiyni üstə əyilərək irəlilədi və onu darvazaya sıxışdırdı. Allahyar tərpənə bilmədi. Kürəyini qapıya söykəyib dayandı. Gözlər bir-birinə sancıldı. Bir neçə saniyə beləcə dayandılar. Ancaq Cahandar ağaya elə gəldi ki, aradan illər keçdi. Üzünə zillənmiş gözlərdə qəzəb, nifrət qarışıq bir məzlumluq vardı. Allahyar elə bil onu məzəmmətləyirdi. Lakin bu hal çox çəkmədi. Şimşək kimi çaxıb keçdi və Allahyar sıçrayıb irəli atıldı. Cahandar ağa tətiyi çəkdi.
Allahyar qıvrıldı. Özünü tarazlayıb qamətini düzəltdi. Hədəqədən çıxmağa başlayan gözlərini Cahandar ağanın üzünə zilləyib irəli yeridi. Cahandar ağa tətiyi bir də çəkdi. Allahyar yıxılmadı. Addımladı. Kişi geri çəkildi. Üstünə gələn adamın zəhmi onu basdı. Bədəni çim tərə batdı. Çaxmağı bir də hərlədi. Ancaq gülləni lüləyə verə bilmədi. Allahyarın sinəsi tüfəngə dirəndi. Bir xeyli beləcə üz-üzə dayandılar. Cahandar ağa gördü ki, onun gözləri tərpənmir. Kirpikləri oynamır. Bəbəkləri şüşə kimi soyuq və cansızdır. Ayaq üstə dursa da, çoxdan ölmüşdür. Cahandar ağa ömründə ilk dəfə vahimələnib geri çəkildi. Allahyarın cəsədi kökündən kəsilmiş ağac kimi gurultu ilə yerə sərildi.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Onlar dərin sükut içində, asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. Cığırları ot basmışdı. Bəzi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Kipiani azacıq axsadığından dalda qalır, bir az irəlidə gedən Əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Nəhayət, qala divarına yaxın bir yerdə, otları azacıq saralmış göylükdə oturdular. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. Əhməd isə gözünü üfüqə zillədi. Qarşıdakı dağlar baş-başa vermişdi. Meşənin ətəklərində kəndlər, bir az bəridə isə vağzal görünürdü. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir, çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da, ətraf saralmışdı. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Gözünü saralmış daşlara, uçuq-sökük yerlərə, hörgülərin arasında bitən quru otlara zillədi. Hər şey beləcə dəyişir, dağılıb sökülür və köhnəlirdi... Onlar da belə idilər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir, birgə də nümayişə, küçəyə çıxardılar. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. Heç nədən qorxmurdular. Hətta bəzən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi, çevriliş etməyi, həbsxanalara, zindanlara belə düşməyi arzu edirdilər. Onlarda həm coşqun bir ədalət hissi, həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Lakin tələbələrin bu coşqunluğu uzun sürmədi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər. Aradan illər ötdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Kipiani yorğun və məhzun kimi görünürdü. Deyəsən, əvvəlki coşqunluqdan əlamət qalmamışdı. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illərı onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət, arzuların ilğım kimi əlçatmazlığı onları süstləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi?Kipiani də eyni ilə bu cür düşünür, Əhmədi gözaltı süzüb, söhbəti hardan başlayacağını müəyyənləşdirirdi. Onun deməyə sözü çox idi. O bilmək istəyirdi ki, Əhməd təkdirmi, keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır?
Dördüncü hissə, 7Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Əlinə Osmanın yazısı keçdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi. Çaydan bir-iki qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Qələmi qırmızı mürəkkəbə batırdı. İnşa yazısını təkrarən, diqqətlə oxumağa başladı. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Bizim əkin sahələrinin bir ucu qonşu erməni kəndlərinə qədər uzanıb gedir. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Kürün hirsli ləpələri az qalır ki, evlərin divarın yalasın. Sol sahildə böyük bir meşə var. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Burada hər nə desən tapmaq mümkündür. Kənd uşaqları çox vaxt üzə-üzə Kürü adlayıb meşəyə keçir, almadan, armuddan dərir, tut yeyir, ciblərini alça ilə doldurub geri qayıdırlar. Bizim meşədə yüzillik palıd, fıstıq və qarağaca da rast gəlmək mümkündür. Buranın hələ ayaq dəyib iz düşməmiş qalın yerləri var. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır, meşə xoruzları banlaşır. Bura səfalı və zəngin ov yeridir. Qışda qazın, ördəyin, yayda, payızda isə turacın əlindən tərpənmək olmur. Qabanlar sürü ilədir, boz ayılara, canavara, çaqqala, tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər, yamyaşıl talalar var. Bizim göytəpəlilər sentyabr ayından ta mayın axırına qədər burada, binədə olurlar. Bu meşənin camaata çox xeyri dəyir. Ancaq indi buranı qoruq ediblər Atlı kazaklar gecə-gündüz keşik çəkir, heç kəsi yaxına buraxmırlar. Deyilənə görə, buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayırlar. Onun kefi istəyəndə Tiflisdən buraya ova gələcəkdir. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da, sulu yerimiz yoxdur. Camaat dəmyələrdə taxıl əkir. Bizim qolumuzdan tutan meşə idi, onu da əlimizdən aldılar. Bir parça torpağın bəsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. Görəsən bu niyə belədir? Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"Aleksey Osipoviç son sətirləri bir də oxudu. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Yavaşca ayağa durub otaqda gəzindi. O, yazı işinə nə qiymət verəcəyindən çox, Osmanın ağlına bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Axı, müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. Bəs o, Russonun fikirlərini kimdən öyrənmişdi?
Dördüncü hissə, 8Əşrəf yuxudan ayılan kimi əlini sinəsinin üstünə apardı. Kitabı tapmadıqda yorğanı atıb yerindən sıçradı. Yastığını qaldırdı, döşəyin altını yoxladı, gözünə heç nə dəymədi. Rəngi kağız kimi ağardı. Çarpayının dörd yanına fırlandı, əyilib aşağı baxdı, pəncərənin qabağını axtardı. "Bu necə ola bilər?" – deyə düşündü. Yoldaşlarını oyatmaq, onlardan bir-bir kitab görüb-görmədiklərini soruşmaq istədi. Ancaq ürək eləmədi. Axı bu kitabı ona gizlincə vermişdilər, özü də tapşırmışdılar ki, heç kəsə göstərməsin.Uşaqlar oyanana qədər Əşrəf yataqxananı bir də dolaşdı, gümanı gəldiyi yerlərin hamısını yoxladı. "Mən yerimə uzananda kitab əlimdə idi, axırıncı səhifələrini oxuyurdum. Görünür, yuxu məni aparıb, haçan yatdığımdan xəbərim olmayıb – deyə öz-özünə düşündü. – Kitab əlimdən düşsə yerin içində olardı, ya da çarpayının ətrafında. Bəs bu necə oldu? Yoxsa uşaqlardan biri götürüb? Bəlkə Firidun bilir, axı o bu gecə növbətçi idi?"
Dördüncü hissə, 9Semyonov üstünə göy mahud çəkilmiş iri yazı masasının arxasından durub küncdəki saata yaxınlaşdı. Jiletinin cibindən açan çıxardıb qapağını açdı. Adam boyda olan saatın iri kəfgiri ətalətlə sağa-sola hərəkət etdikcə otağa ahəngdar bir çıqqıltı yayılırdı. Semyonov ağ siferblatın üstündəki naxışlı rəqəmlərə, qızıl suyuna çəkilmiş əqrəblərə baxdıqdan sonra zənciri dartdı. Elə bil saatın çıqqıltısı gücləndi. Əqrəbin böyük tayı on birin üstünə çatdı. Direktorun otağına hardasa, lap uzaqlarda çalınan kilsə zənginin səsini xatırladan bir danqıltı yayıldı. Bu səs bir neçə dəfə təkrar olub dalğalandı. Semyonov adəti üzrə döş cibindən gümüş saatını çıxardıb şaqqıltı ilə qapağını açdı və vaxtı yoxladı. Dalbadal vurulan zəngin dalğalı sədası susana qədər gözünü əqrəblərdən çəkmədi. Düz on bir tamamda hər iki saatın qapağını örtdü və asta addımlarla eyvana çıxdı.Məktəbin həyatı bomboş idi. Hamı dərsdə idi. Sinif otaqlarının pəncərələri açıq idi. Müəllimlərə cavab verən tələbələrin yeknəsəq səsi eşidilirdi. Bu yeknəsəqliyi arabir müəllimlər kəsirdi. Onlar dərs söyləyən uşaqları dayandırıb nə isə soruşur, sonra özləri əlavələr edirdilər. Buradan, direktorun otağının qarşısındakı eyvandan hər şeyi görmək mümkün idi. Semyonov hava xoş olanda, elə indiki kimi, buradaca dayanar və yazı taxtasının önündə dərs söyləyən uşaqlara tamaşa edər, onların verdikləri cavablara qulaq asardı. Onun lövhədə məsələ həll edən riyaziyyat müəllimlərinin, ya da onlara cavab verən tələbələrin rəqəmləri tabaşirlə güllə kimi yazmasından xoşu gələrdi. O, tabaşir taqqıltısından xüsusi zövq alardı. Semyonov lövhədə tabaşirin saat mexanizmi kimi ahəngdar şəkildə taqqıldamasından dərsin necə keçdiyini müəyyənləşdirərdi.
Başqa şairlərin şeirləri
Təkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıq,Görən dir: xoş yaratmışdır dəhanında şəkərxalıq
BağlasınYaralandım ürəyimin başmdan,Yara deynən yaralarım bağlasın!
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.