Dördüncü hissə, 9
Səhifə 1 / 2
Semyonov üstünə göy mahud çəkilmiş iri yazı masasının arxasından durub küncdəki saata yaxınlaşdı. Jiletinin cibindən açan çıxardıb qapağını açdı. Adam boyda olan saatın iri kəfgiri ətalətlə sağa-sola hərəkət etdikcə otağa ahəngdar bir çıqqıltı yayılırdı. Semyonov ağ siferblatın üstündəki naxışlı rəqəmlərə, qızıl suyuna çəkilmiş əqrəblərə baxdıqdan sonra zənciri dartdı. Elə bil saatın çıqqıltısı gücləndi. Əqrəbin böyük tayı on birin üstünə çatdı. Direktorun otağına hardasa, lap uzaqlarda çalınan kilsə zənginin səsini xatırladan bir danqıltı yayıldı. Bu səs bir neçə dəfə təkrar olub dalğalandı. Semyonov adəti üzrə döş cibindən gümüş saatını çıxardıb şaqqıltı ilə qapağını açdı və vaxtı yoxladı. Dalbadal vurulan zəngin dalğalı sədası susana qədər gözünü əqrəblərdən çəkmədi. Düz on bir tamamda hər iki saatın qapağını örtdü və asta addımlarla eyvana çıxdı.
Məktəbin həyatı bomboş idi. Hamı dərsdə idi. Sinif otaqlarının pəncərələri açıq idi. Müəllimlərə cavab verən tələbələrin yeknəsəq səsi eşidilirdi. Bu yeknəsəqliyi arabir müəllimlər kəsirdi. Onlar dərs söyləyən uşaqları dayandırıb nə isə soruşur, sonra özləri əlavələr edirdilər. Buradan, direktorun otağının qarşısındakı eyvandan hər şeyi görmək mümkün idi. Semyonov hava xoş olanda, elə indiki kimi, buradaca dayanar və yazı taxtasının önündə dərs söyləyən uşaqlara tamaşa edər, onların verdikləri cavablara qulaq asardı. Onun lövhədə məsələ həll edən riyaziyyat müəllimlərinin, ya da onlara cavab verən tələbələrin rəqəmləri tabaşirlə güllə kimi yazmasından xoşu gələrdi. O, tabaşir taqqıltısından xüsusi zövq alardı. Semyonov lövhədə tabaşirin saat mexanizmi kimi ahəngdar şəkildə taqqıldamasından dərsin necə keçdiyini müəyyənləşdirərdi.
O, indi də sakitcə dayanıb sinif otaqlarına göz gəzdirdi. Hər şey öz qaydasında idi. Bu gün məşğələlər öz vaxtında başlamış, ötən gecə isə heç bir hadisə olmamışdı. Tələbələr də, müəllimlər də böyük həvəslə dərsə başlamışdılar. Semyonov bir xeyli eyvanda dayandıqdan sonra yeməkxananı və yataqxanadakı işləri yoxlamaq məqsədi ilə eyvandan enmək istədi. Ancaq şəhərə daxil olan atlı kazakları görüb ayaq saxladı. At nalının şaqqıltısı divarları cingildətdi. Torpaqdan qalxan toz havada laylandı. Səhər sükutunu pozan bu atlı dəstəsinin hay-küyü camaatı sərsəm etdi. Kimi pəncərəni açıb səhər şəfəqlərində poqonları və qılınclarının dəstəsi parıldayan kazaklara təəccüblə tamaşa etdi, kimi də qorxudan qapı-bacanı daha da möhkəm bağladı. Atlılar dar küçələri, əyri döngələri keçib, seminariyanın yanına qədər gəldilər Burada azca dayandıqdan sonra iki yerə ayrıldılar. Bir hissə məktəbin ətrafını kəsdi, o biri hissə yataqxananı mühasirəyə aldı. Atdan düşdülər. Üst-başlarının tozunu çırpıb papiros yandırdılar. Səhərin şəffaf havasında daha aydın görünən göyümtül tüstülər burula-burula yuxarı qalxıb laylandı.
Rəis darvazanın yanındakı xidmətçiyə etina etmədən irəli keçdi. Arxasınca gələn polislərlə birlikdə pilləkəni taqqıldada-taqqıldada yuxarı qalxdı. Eyvanda Semyonovla qarşılaşdı:
– Sabahınız xeyir, cənab direktor.
– Sabahınız xeyir, cənab.
Rəis Semyonovun sual dolu baxışlarına fikir vermədi. Qabağa keçib, bir-iki addım atdıqdan sonra geri döndü:
– Kabinetinizə getmək olarmı?
– Buyurun, cənab... Müsaidə edin...
Rəis özü qapını açdı. Ev sahibi kimi irəli keçdi. Polis nəfərləri də onun dalınca otağa girdilər. Yalnız bundan sonra Semyonova yol verdilər. Dmitri Dmitriyeviç təmkinini pozmadan keçib öz yerində əyləşdi. Polislər keşik çəkirlərmiş kimi qapının yanında dayandılar. Semyonov gözaltı otaqda gəzinən rəisi süzdü. Sonra da bir az bundan əvvəl qurduğu saatın yanında daş kimi quruyan polisə baxdı. Onun qılıncı yerə dəyirdi. Farağat vəziyyətində dayansa da, qılçaları yana əyilmişdi. Semyonov susdu. Otaqda gəzinən rəisin çəkməsinin nallı dabanının taqqıltısı və polislərin fısıltısı onu hövsələdən çıxartsa da dinmədi. Rəis bu qayda ilə bir xeyli gəzindi. Sonra kürsünü çəkib direktorla üz-üzə oturdu:
– Kipiani burdadırmı?
– Dərsdədir. Necə məgər?
– Onu aparmalıyıq.
– Haraya?
– Lazım olan yerə.
– Bunun üçün əlinizdə rəsmi sərəncam varmı?
Rəis Semyonovu qıyqacı baxışlarla tərs-tərs süzdü. Sonra Kipianinin həbs olunması barədəki sənədi süni bir nəzakətlə direktora təqdim etdi. Semyonov kağızı oxumağa tələsmədi. Yenə əvvəlki kimi təmkinli rəisi süzdü. Eynəyini taxdı. Kağızı stolun üstünə qoydu. Onun hər kəlməsini diqqətlə nəzərdən keçirdikdən sonra qaytarıb rəisə verdi. Bir xeyli fikirli-fikirli susdu. "Bu niyə belə olsun? – deyə düşünməyə başladı. – Axı mən onlara yazmışdım ki, Kipianidə heç bir sübhəli hərəkət görməmişəm. Yoxsa mənə inanmırlar? Axı biz bir yerdə işləyirik. Mən Kipianini xəfiyyələrdən yaxşı tanıyıram".
Rəis direktorun bu işdən narazı qaldığını sifətindən oxudu. Dodaqları azacıq qaçdı. Onun gülüşündəki istehza Semyonovun gözündən yayınmadı.
– Zəhmət çəkin, onun yerini göstərin.
– Siz onu dərsdən sonra öz evindən apara bilməzdinizmi?
– Mən verilən əmri yerinə yetirirəm.
– Zənnimcə, Siz tələsirsiniz. Mən lazımi yerlərə yazmışam ki, Kipianidə heç bir şübhəli hərəkət müşahidə etməmişəm.
– Görünür, Sizin yazdıqlarınızı əsassız saymışlar. Hər halda biz adamları Sizdən yaxşı tanıyırıq, cənab direktor, hətta Sizin özünüzə özünüzdən yaxşı bələdik.
– Bu nə deməkdir?
– Fikrim aydındır. Sizə məsləhət görürəm ki, bir az da özünüz haqqında düşünəsiniz.
– Cənab, Siz...
– Əsəbiləşməyin. Gedək, Kipianinin yerini göstərin.
Semyonov başa düşdü ki, mübahisə etmək faydasızdır. Onun etirazına heç kəs əhəmiyyət verməyəcək, Kipianini həbs edəcəklər. Ancaq o bu işi ləngitmək istədi. Tələbələrin gözü qarşısında müəllimin dustaq edilməsi pedaqoji qaydaların ciddi pozulması demək idi. Belə hərəkət muəllimi ən güclü, müqəddəs və toxunulmaz bir insan hesab edən pərəstişkar şagirdlərin təsəvvürünü alt-üst etməyə, onların gözəl arzularının, həyat amallarının tapdalanmasına, ideal bir əlçatmazlığın məhvinə bərabər idi. Pedaqoji müəssisədə buna yol vermək olmazdı.
– Mən dərsi dayandıra bilmərəm, cənab, yaxşı olar ki, məşğələdən sonra...
– Sizin məşğələniz məni maraqlandırmır.
Sözümü kəsməyin, cənab rəis, bu məktəbin sahibi hələlik mənəm. Ona görə də bu işi Sizin iştirakmızla görəcəyik. Mən belə bir ədalətsiz həbsdə iştirak etmərəm. Etməlisiniz. Siz məni məcbur edə bilməzsiniz.
– Məcbur yox, məsləhət bilirik.
– Minnətdaram. Ancaq bu işdən qəti imtina edirəm.
– Elə isə bu işi sizsiz görərik.
– Sizin buna səlahiyyətiniz yoxdur.
– O bizim işimizdir.
– Mən buna icazə vermirəm.
– Buna ehtiyacımız yoxdur.
Rəis ayağa durdu. Qapının ağzını kəsdirən polislər qamətlərini bir az da düzəltdilər. Onlar gəldikləri kimi hay-küylə aşağı endilər. Növbətçi müəllim Petrov həyətin ortasında onların qarşısına çıxdı:
– Cənab rəis, Sizə kim lazımdır?
– Siz kimsiniz?
– Mən növbətçi müəlliməm. Tanış olaq, Boris Mixayloviç Petrov.
– Boris Mixayloviç? – deyə rəis təkrar etdi və səsini alçaldıb pıçıldadı. – Siz... Siz... növbətçi müəllimsiniz?
– Bəli... Mən...
– Lap yaxşı. Bizə Kipianinin yerini göstərin.
– Məmnuniyyətlə. Ancaq əvvəlcə direktor...
– Onunla görüşmüşük.
– Aydındır... Gedək.
Boris Mixayloviç belinin əyrisini düzəldib sinəsini qabağa verdi və əlini pencəyinin yaxasından içəri saldı. Çəliyini qolunun büküləcəyinə keçirtdi. Özünü şax tutaraq, rəsmi keçid qəbul edən adamlar kimi dabanlarını yerə vura-vura sinif otaqlarının qabağından ötdü. O həmişə növbətçi olanda qəsdən, uşaqları vahiməyə salmaq üçün cırıldayan çəkmə geyinərdi. Bu gün də həmin çəkmələr ayağında idi. İndi polislərin önündə irəlilədikcə onun çəkmələri daha ucadan cırıldayırdı. Rəis və onun dalınca gələn polislər isə təhlükəli bir ovu qaçıracaqlarından qorxurlarmış kimi əllərini naqanın qoburundan çəkmir və pəncələri üstündə yeriyirdilər.
Sinif otaqlarından səslər kəsildi. Müəllimlər əllərində təbaşir dayandılar. Uşaqlar pəncərələrin qabağına toplaşdılar. Müsəlman şöbəsində dərs deyən Çernıyayevski sözünə ara verib qapıya yaxınlaşdı. Çərçivəyə dirsəklənərək başım əlinə söykədi. Hamıdan əvvəl Əşrəf pəncərəyə yaxınlaşdı. Bütün məktəb nəfəsini içəri çəkib susdu. Boris Mixayloviçin bələdçilik etdiyi dəstənin harada dayanacağını gözlədi. Növbətçi müəllim ayaq saxladı. Gözü ilə Kipianinin dərs dediyi otağı göstərdi. Polislərdən bir neçəsi pəncərənin qabağında dayandı. Rəis isə astanada durub içərini dinşədi. Kipianinin səsi gəlirdi. O, ucadan Puşkinin şerini oxuyurdu:
Пока свободою горим,
Пока сердца для чести живы,
Мой друг, Отчизне посвятим
Души прекрасные порывы!
Rəis qapını döymədən, dərs deyən müəllimdən icazə almadan içəri girdi. Tələbələr gələn adama hörmət əlaməti olaraq gurultu ilə ayağa qalxdılar. Kipiani sözünü kəsmədən rəisə baxdı və əli ilə uşaqlara işarə etdi ki, otursunlar. O başa düşdü ki, onun fikrini, fəaliyyətini yarımçıq kəsmək, sözünü ağzında qoymaq üçün gəliblər. Bu onun son dərsi olacaq. Tələbələrlə indiki kimi bir daha üz-üzə dayanıb, ürək sözlərini deyə bilməyəcək. Öz fikrini onlara çatdırmağa bir daha imkanı olmayacaq. Kipiani özünü itirmədi. Rəisin işarəsinə əhəmiyyət vermədi və şerin son misralarını oxudu:
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-9
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəncə çayı selləmə gəldiyindən onun qıjıltısı şəhəri başına götürmüşdü. Bu qıjıltı o qədər güclü idi ki, küçələrdə, yollarda edilən hərəkətlər sezilmirdi. Başqa vaxtlar şəhərin 2-ci hissəsində körpünün yanındakı kilsə saatının səsi şəhərin ucqar küçələrində belə eşidilirdi. İndi isə beş addımlıqdan heç nə eşitmək mümkün deyildi.XI Ordunun əsgərləri ac və yorğun olduqlarından axşamdan kazarmaya doluşmnş və yatışırdılar. Keşikçilər kazarmanın ətrafında dolaşır, yorğun-yorğun əsnəyir və növbələrinin haçan qurtaracağını gözləyirdilər. Onlardan divara söykənib mürgüləyənlər də var idi.
VII fəsil, 3Hava olduqca isti idi. May ayının axın olmasına baxmayaraq elə bil küçələrə od ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında göyə ucalan çinarların enli yarpaqları meh vurduqca astadan xışıldayırdı. Məscidin həyəti ibadət edənlərlə dolmuşdu. Başlarında ağ fəs, əyinlərində arxalıq olan kişilər balaca arxa yaxınlaşır, əllərindəki aftafanı su ilə doldurub dəstəmaz alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi sakinləri günorta namazına hazırlaşırdılar. Məscidin kənarı ayaqqabı və başmaqlarla dolu idi. Həyətdəki çinarların kölgəsində dəvələr uzanmışdı. Dəmiryol vağzalına gedən yolun ətrafındakı kiçik dükanlar qaynaşırdı. Papaqçılar öz papağını, pinəçilər öz ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə sərib müştəri gözləyirdilər. Özlərinə bir papaq, ya çuxa almaq istəyən kəndlilər isə dükanların qabağından dönə-dönə ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı boxçalı arvadlar isə çarşab içində günbəzli hamama doğru addımlayırdılar. Avara bağının sol tərəfindəki arxdan isə su aramsız şırıldayıb axırdı. Bu suyun şırıltısı Gəncənin küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı.Ağacların kölgəsində poqquldayan iri samovarların ətrafı adamla dolu idi. Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da var idi. Arabir çiyinlərində səhəng su satan uşaqların ciyiltili səsi eşidilirdi: "Ay ürəyi yanan, yaxın gəlin, sərin su var, buzlu su var". Bu səslərə meydanın başqa tərəfindən eşidilən səslər də qarışırdı: "Buzlu su, sərin su, isgəncəvi".
VII fəsil, 4Rus bolşevikləri üsyanın başlanmasından üç saat sonra xəbər tutdular və dərhal qarovulda dayanan azərbaycanlı əsgərləri dəyişdirməyə başladılar. Lakin gecikmişdilər. Şəhər üsyançıların əlində idi. Bolşeviklər dərhal qərargaha yığışdılar. Komendant zirehli qatarların, hərbi hissələrin komandirlərini ətrafına topladı. Vəziyyətlə onları tanış etdi. Toplaşanlardan zirehli qatarın komandiri çox sakitcə və ağayana cavab Verdi:– Narahat olmayın, yoldaşlar! Səhər tezdən şəhəri toplardan atəşə tutarıq, səslərini kəsərlər. Mən müsəlmanları yaxşı tanıyıram. Onlarda döyüş qabiliyyəti yoxdur. Onların sənəti qaçaqçılıq, quldurluqdur.
VIII fəsil, 1Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin üstünə ay doğmuş və hər yeri işıqlandırmışdı. Bu, Çapıq Əmrahın xoşuna gəlmədi. Beləcə qarlı günlərdə hər qaraltı aydınca seçilirdi.O, sakitcə tövləyə endi, içəri püş səpilmişdi. Baca basdırılmışdı. Malların nəfəslərinin hənirtisi içərini isitmişdi. Çapıq Əmrahın bədəni qızışdı, sümüyü açıldı. Ondan olsaydı, burdan heç yana getməzdi. Atına yaxınlaşdı. Həmişə yəhərli-yüyənli saxladığı kəhərin telini sığalladı, üzənginin və dal tapcırlarının möhkəmliyini yoxladı. Əlini atın sağrısına çəkdi, boynunu, üzünü sığalladı və sonra gözlərindən öpdü. Bir xeyli beləcə, üzü atın üzündə dayandı. Kəhər sahibinin bu mehribanlığından riqqətə gəldi. Qabaq ayağını tərpədib astaca oxrandı. Çapıq Əmrah toxtaqlıq verib atı həyətə çəkdi. Tüfəngini götürdü, xəncərini bağladı və yapıncısını çiyninə saldı. Ağ yun başlığını papağının üstündən geyindi. Pəncərədən sakitcə boylanan arvad-uşağına üzünü belə çevirmədən quş kimi sıçrayıb yəhərə qalxdı. Onun məqsədi xəlvəti yollarla gözə görünmədən kənddən çıxmaq və qonşu obaya getmək idi. Dərə ilə İncə çayının sahilinə endi. Ağacların arxasından sivişib keçdi və azacıq sonra kəndin yuxarı başındakı dikdirdə göründü və elə zənn etdi ki, aradan çıxmışdır. Azacıq nəfəsini dərdi və ətrafı dinşədi. Qarın üstündə tərpənən qaraltıları görəndə isə başa düşdü ki, yollar, bənd-bərələr kəsilmiş, kənd mühasirəyə alınmışdır. At da bunu hiss etdi. Dayanıb irəli getmək istəmədi. Əmrah bilirdi ki, onun atı qabaqda bir qaraltı görəndə, qorxu hiss edəndə qulaqlarını şəkləyib ətrafı dinşəyir və bədəni titrəyirdi. O bununla sahibinə bildirmək istəyirdi ki, yol xatalıdır. Əmrah atın boynunu sığalladı və yalına yatdı. At qulaqlarını yapıxdırdı və hiss etdi ki, yolu kəsən qaraltıların yanından güllə kimi keçib sahibini dardan qurtarmaq lazımdır. Yerindən götürüldü. Keşikçilərin yanından yel kimi keçdi. Onu arxadan harayladılar. "Dayan!" - dedilər və çaxmaxlar şaqqıldadı. At sürətini bir az da artırdı. Əmrah aradan çıxdığına sevindi və "Ağrın alım, a kəhərim, bir azca da tərpənsən, dardan təmiz qurtararıq", - deyə ürəyindən keçirdi. Elə bu vaxt at büdrədi, dal ayaqları üstə şaxə qalxdı və birdən arxası üstə yerə sərildi. Əmrah ayağını üzəngidən çıxara bilmədi. Onun qılçası atın altında qaldı. Gözünü yumub-açınca buynuzlu əsgərlərin süngüləri sinəsinə dirəndi. Keşikçilərin yarımkürk geyinmiş, uzun qılınclı komandirləri də at belində gəldi. Çapıq Əmrahı dartıb ayağa qaldırdılar. Tüfəngini aldılar, xəncərini belindən açdılar. Komandir atın belindən əyilərək onun yapıncısını götürdü və öz çiyninə saldı. Başlığı da boynuna doladı. "'Necədi, əsil Qafqaz igidinə oxşayırammı?" - deyə əsgərlərə müraciət etdi. Gülüşdülər, sonra da Çapıq Əmrahı qabaqlarına qatıb kəndə gətirdilər.
Başqa şairlərin şeirləri
Mən əlləri qabarlı bağbanam vətənimdə,Bağçamın güllərini yad əllər dərə bilməz.
Nə aləm indiEşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən