Dördüncü hissə, 9
Səhifə 2 / 2 · 50%
Товарищ, вер, взойдёт она,
Звезда пленительного счастья,
Россия вспрянет ото сна,
И на обломках самовластя
Напишут наши имена!
Rəis hövsələdən çıxıb səsini ucaltdı:
– Cənab Kipiani, dərsi dayandırın!
– Niyə?
– Siz dustaqsınız.
Kipiani dönüb təlaş və həyəcandan yanaqları qızarmış tələbələrin gözlərinə baxdı. Onların baxışları alışıb-yanırdı. Kipiani başa düşdü ki, məktəb skamyasının arxasında oturan bu uşaqlar bu saat qəzəbli pələng balaları kimi aşağı siniblər. Onlar rəisin üstünə atılmağa hazırdılar. Kipiani yazı taxtasının yanında təkəbbürlə dayanan Petrova da gözaltı baxdı və istehza ilə gülümsündü:
– Hələ zəng vurulmayıb. Dərsi yarımçıq kəsmək olmaz. Elə bilirəm ki, növbətçi müəllimimiz də buna razılıq verməz. Elə deyilmi, Boris Mixayloviç?
Petrov quyruğu basılmış ilan kimi çəmbərlənib fısıldadı. Rəis Kipianinin istehzasını başa düşdü, səsini bir qədər ucaltdı:
– Qurtarın, cənab!
Polislər qapını açdılar. Kipiani başa düşdü ki, onlar balaca bir işarəyə bənddirlər. Bir şey olsa, naqanlarını çıxardıb irəli atılacaqlar.
– Dəstəniz nə yaman böyükdür, zati-aliləri, bu qədər adama niyə əziyyət vermisiniz?..
Kipiani yenə istehza ilə gülümsündü, sonra əsasını götürdü, kitablarını yığdı, sinif jurnlına əl uzadarkən Petrov irəli yeridi:
– Ona dəyməyin.
– Son məşğələni qeyd etməliyəm. Siz ki, rəsmiyyət sevənsiniz cənab Petrov.
– Cənab Kipiani...
– Əsəbiləşməyin.
Kipiani qarşısındakı adamın qızarmış çöhrəsinə baxdı. Təmkinini pozmadan qələmi götürüb jurnalı yazdı. Bir xeyli gözünü yazıdan çəkmədi. Elə bil öz xəttinə həsrətlə baxırdı. Artıq getmək vaxtı olduğunu başa düşdü. Başını qaldırıb tələbələrini bir daha süzdü. Əlini qapının dəstəyinə uzatdı. Uşaqlar gurultu ilə ayağa qalxdılar. Petrov onların qabağını kəsdi:
– Yadınıza salıram, bu gün dərsdən sonra heç bir gəzinti və məşğələ olmayacaq.
– Olacaq, cənab Petrov, bu gün də, sabah da bu işlər davam edəcək.
– O qanrılıb tələbələrin üzünə baxdı. – Mən buna əminəm. Əziz balalar, salamat qalın!
Kipiani qapını açıb cəld bayıra çıxdı. Rəislə Petrov onu təqib etdilər. Bayaqdan heç nə başa düşməyən və key kimi dayanan uşaqlar qapının zərblə vurulmasından diksinib sanki yuxudan ayıldılar. Gurultu ilə qapıya doğru cumdular. Polislər onların sinəsindən vurub geri qaytardılar. Qapı uşaqların üzünə örtüldü. Tələbələr pəncərənin qabağına yüyürdülər. Polislər oranı da kəsmişdilər.
Həyətə düşən kimi Kipianini araya aldılar. O, darvazaya qədər dinməz-söyləməz getdi. Orada ayaq saxladı. Dönüb həsrətlə məktəbə baxdı. Uşaqlar pəncərələrdən boylanırdılar. Müəllimlər qapının ağzında dayanmışdılar. O gördü ki, Semyonov əllərini sinəsində çarpazlayaraq, eyvanın dirəyinə söykənmişdir. Hamı qəzəb və təmkinlə susur, yalnız Petrov həyətin ortasında təkcə dayanmışdır. Kipiani saatını çıxartdı. Zəngə hələ on beş dəqiqə var idi. O, başa düşdü ki, tələbələri və müəllim yoldaşları ilə vidalaşmaq ona müyəssər olmayacaqdır. Hər səhər onun şlyapasını çıxardıb salam almasından xoşlanan dəcəl tələbələri gözünün önündə dayandı. Kipiani qeyri-iradi gülümsündü və şlyapasını çıxardıb azacıq təzim etdi.
Birdən kim isə ucadan "Biz Sizi heç vaxt unutmayacağıq, əziz Kipiani müəllim!" – deyə qışqırdı. Əşrəf səs gələn tərəfə boylandı. Gürcü tələbələrindən Luka pəncərənin qabağına çıxmışdı. Papağını havada yelləyirdi. Polislər onun ətəyindən dartıb aşağı salmaq istəyirdilər. Tələbələr onlarla dartışır və özlərini pəncərədən həyətə atmağa çalışırdılar. Əşrəf gördü ki, bir az keçsə Kipianini aparacaqlar. Xristian şöbəsinin tələbələri isə polislərlə əlbəyaxa olacaqlar. Əşrəf pəncərədən atılıb həyətə düşdü. Birbaş zəng asılan eyvana yüyürdü. Kəndirdən yapışıb var gücü ilə dartdı. Zəng təlaşla, kimi isə köməyə çağırırmış kimi həyəcanla səsləndi. Zərbələr bir-birinə qarışdı. Bütün məktəb, az qala bütün şəhər silkələndi. Əşrəf zəngin danqıltısından başqa heç nə eşitmədi, heç nə görmədi. Əsasını havada oynadıb onu hədələyən, var gücü ilə qışqıran növbətçi müəllimə əhəmiyyət vermədi. Hirslə, qəzəblə zəngi çaldı. Qapılar taybatay açıldı. Tələbələr qabağı kəsilən və birdən-birə özünə yol açan sel kimi gurultu ilə həyətə axışdılar. Polislər onların qabağını saxlaya bilmədilər. Uşaqlar qasırğa kimi burulub-büküldülər, hər şeyi yollarından süpürdülər və axırda burulğan təkin burulub Kipianini araya aldılar. Yalnız bundan sonra Əşrəf əlini kəndirdən çəkdi. Petrov əsasını onun başına endirmək istədi. Əşrəf ağacı havada qapıb Petrovun qolunu burdu. Kişi təngildədi. Əsa göydə fırlanıb kənara düşdü. Növbətçi müəllim onu saxlamağın mümkün olmayacağını anlayıb geri çəkildi. Əşrəf tələbələrin axınına qoşuldu. Uşaqları yara-yara qabağa keçdi. Kipiani ilə üzbəüz dayandı. Uşaqlar onları üzük qaşı kimi araya aldılar. Əşrəf bu saat özünü parçalamaq istəyirdi, elə zənn edirdi ki, bütün bu məsələlər həmin kitabla bağlıdır. Kipianinin həbs olunmasına bais o özüdür. Onun nəfəsi darıxdı. Bütün bunlar Kipianinin nəzərindən yayınmadı. O hiss etdi ki, Əşrəf qışqırmaq, nə isə bir şey demək istəyir. O, bu sadəlövh gəncin sonralar da iztirab çəkəcəyini duydu. Başa düşdü ki, Əşrəf özünü müqəssir sayır. Kipiani onu sakitləşdirmək və şübhələrdən xilas etmək üçün bir addim irəlilədi. Əli ilə işarə etdi ki, susmaq lazımdır. Əşrəf dinmədi. Yalnız bundan sonra o, tələbəsinə yaxınlaşıb, əli ilə Əşrəfin başını sığalladı. Az qala pıçıltı ilə ona təskinlik verdi:
– Səndə heç bir taqsır yoxdur. Məni başqa iş üstündə, başqa adamların xəbərçiliyi ilə həbs edirlər, – dedi.
Əşrəfin gözü yaşardı. Uşaqlar əl verib bir-bir Kipiani ilə görüşdülər.
Rəis darvazanı açdı. Atlı kazaklar gurultu ilə içəri doluşdular. Uşaqları arakəsməyə aldılar. Şallaqlar bir göz qırpımında havada oynadı, Hətta kazaklardan qılıncını siyirib hazır dayananlar da oldu. Hər şey tükdən asılı qaldı. Bircə işarə aləmi bir-birinə qata bilərdi. Semyonovdan əvvəl Çernyayevski özünü irəli atdı. Uşaqlar ortadan iki bölünüb direktorla inspektora yol verdilər. Lap qabaqdakı kazakın atının cilovundan yapışıb Kipianini geri çəkdilər. Semyonov rəislə döşdöşə dayandı:
– Fikriniz nədir?
– Uşaqları dağıdın!
– Siz də kazakları geri çəkin.
– Mən əmrimi geri götürmərəm.
– Bir hadisə baş versə, cavabdeh siz olacaqsınız.
– Mən dustağı aparmalıyam.
– Mən heç yana qaçan deyiləm, cənab rəis, sizin sürgünləri və qandalları çox görmüşəm. Əmr verin atlılar kənara dursun. Uşaqları qorxutmaq kişilik deyil.
Kipiani hündür bir yerə çıxdı. Əlini yuxarı qaldırıb tələbələri sakit etdi:
– Salamat qalın, əziz balalar, mən sizdən çox razıyam. Əminəm ki, bizim zəhmətimiz hədər getməyəcəkdir. Siz igid, gözüaçıq və namuslu vətəndaşlar olacaqsınız. Siz heç nədən qorxmadan xalqınız və millətiniz üçün fədakarlıq edəcəksiniz. Bu həbslər sizi sarsıtmasın. Oxuyun, hər yerdə maarif məşəlini ucaldın. Sizə minnətdaram, mənim müəllim yoldaşlarım, salamat qalın.
Kipiani nə qədər gülümsədisə də gözləri doldu. Şlyapasını çıxardıb hamıya baş əydi və bundan sonra darvazaya doğru getdi. Uşaqlar xeyli onun ardınca baxdılar. Kazaklar atlarını nizama düzüb Kipianinin ətrafını kəsdilər. Rəis qabağa düşdü. Siyirmə qılıncların polad liyəsi havada parıldadı. Daş küçə at nalının şaqqıltısı ilə doldu. Bu şaqqıltı uzun zaman uşaqların qulağından getmədi.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-9
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəncə çayı selləmə gəldiyindən onun qıjıltısı şəhəri başına götürmüşdü. Bu qıjıltı o qədər güclü idi ki, küçələrdə, yollarda edilən hərəkətlər sezilmirdi. Başqa vaxtlar şəhərin 2-ci hissəsində körpünün yanındakı kilsə saatının səsi şəhərin ucqar küçələrində belə eşidilirdi. İndi isə beş addımlıqdan heç nə eşitmək mümkün deyildi.XI Ordunun əsgərləri ac və yorğun olduqlarından axşamdan kazarmaya doluşmnş və yatışırdılar. Keşikçilər kazarmanın ətrafında dolaşır, yorğun-yorğun əsnəyir və növbələrinin haçan qurtaracağını gözləyirdilər. Onlardan divara söykənib mürgüləyənlər də var idi.
VII fəsil, 3Hava olduqca isti idi. May ayının axın olmasına baxmayaraq elə bil küçələrə od ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında göyə ucalan çinarların enli yarpaqları meh vurduqca astadan xışıldayırdı. Məscidin həyəti ibadət edənlərlə dolmuşdu. Başlarında ağ fəs, əyinlərində arxalıq olan kişilər balaca arxa yaxınlaşır, əllərindəki aftafanı su ilə doldurub dəstəmaz alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi sakinləri günorta namazına hazırlaşırdılar. Məscidin kənarı ayaqqabı və başmaqlarla dolu idi. Həyətdəki çinarların kölgəsində dəvələr uzanmışdı. Dəmiryol vağzalına gedən yolun ətrafındakı kiçik dükanlar qaynaşırdı. Papaqçılar öz papağını, pinəçilər öz ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə sərib müştəri gözləyirdilər. Özlərinə bir papaq, ya çuxa almaq istəyən kəndlilər isə dükanların qabağından dönə-dönə ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı boxçalı arvadlar isə çarşab içində günbəzli hamama doğru addımlayırdılar. Avara bağının sol tərəfindəki arxdan isə su aramsız şırıldayıb axırdı. Bu suyun şırıltısı Gəncənin küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı.Ağacların kölgəsində poqquldayan iri samovarların ətrafı adamla dolu idi. Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da var idi. Arabir çiyinlərində səhəng su satan uşaqların ciyiltili səsi eşidilirdi: "Ay ürəyi yanan, yaxın gəlin, sərin su var, buzlu su var". Bu səslərə meydanın başqa tərəfindən eşidilən səslər də qarışırdı: "Buzlu su, sərin su, isgəncəvi".
VII fəsil, 4Rus bolşevikləri üsyanın başlanmasından üç saat sonra xəbər tutdular və dərhal qarovulda dayanan azərbaycanlı əsgərləri dəyişdirməyə başladılar. Lakin gecikmişdilər. Şəhər üsyançıların əlində idi. Bolşeviklər dərhal qərargaha yığışdılar. Komendant zirehli qatarların, hərbi hissələrin komandirlərini ətrafına topladı. Vəziyyətlə onları tanış etdi. Toplaşanlardan zirehli qatarın komandiri çox sakitcə və ağayana cavab Verdi:– Narahat olmayın, yoldaşlar! Səhər tezdən şəhəri toplardan atəşə tutarıq, səslərini kəsərlər. Mən müsəlmanları yaxşı tanıyıram. Onlarda döyüş qabiliyyəti yoxdur. Onların sənəti qaçaqçılıq, quldurluqdur.
VIII fəsil, 1Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin üstünə ay doğmuş və hər yeri işıqlandırmışdı. Bu, Çapıq Əmrahın xoşuna gəlmədi. Beləcə qarlı günlərdə hər qaraltı aydınca seçilirdi.O, sakitcə tövləyə endi, içəri püş səpilmişdi. Baca basdırılmışdı. Malların nəfəslərinin hənirtisi içərini isitmişdi. Çapıq Əmrahın bədəni qızışdı, sümüyü açıldı. Ondan olsaydı, burdan heç yana getməzdi. Atına yaxınlaşdı. Həmişə yəhərli-yüyənli saxladığı kəhərin telini sığalladı, üzənginin və dal tapcırlarının möhkəmliyini yoxladı. Əlini atın sağrısına çəkdi, boynunu, üzünü sığalladı və sonra gözlərindən öpdü. Bir xeyli beləcə, üzü atın üzündə dayandı. Kəhər sahibinin bu mehribanlığından riqqətə gəldi. Qabaq ayağını tərpədib astaca oxrandı. Çapıq Əmrah toxtaqlıq verib atı həyətə çəkdi. Tüfəngini götürdü, xəncərini bağladı və yapıncısını çiyninə saldı. Ağ yun başlığını papağının üstündən geyindi. Pəncərədən sakitcə boylanan arvad-uşağına üzünü belə çevirmədən quş kimi sıçrayıb yəhərə qalxdı. Onun məqsədi xəlvəti yollarla gözə görünmədən kənddən çıxmaq və qonşu obaya getmək idi. Dərə ilə İncə çayının sahilinə endi. Ağacların arxasından sivişib keçdi və azacıq sonra kəndin yuxarı başındakı dikdirdə göründü və elə zənn etdi ki, aradan çıxmışdır. Azacıq nəfəsini dərdi və ətrafı dinşədi. Qarın üstündə tərpənən qaraltıları görəndə isə başa düşdü ki, yollar, bənd-bərələr kəsilmiş, kənd mühasirəyə alınmışdır. At da bunu hiss etdi. Dayanıb irəli getmək istəmədi. Əmrah bilirdi ki, onun atı qabaqda bir qaraltı görəndə, qorxu hiss edəndə qulaqlarını şəkləyib ətrafı dinşəyir və bədəni titrəyirdi. O bununla sahibinə bildirmək istəyirdi ki, yol xatalıdır. Əmrah atın boynunu sığalladı və yalına yatdı. At qulaqlarını yapıxdırdı və hiss etdi ki, yolu kəsən qaraltıların yanından güllə kimi keçib sahibini dardan qurtarmaq lazımdır. Yerindən götürüldü. Keşikçilərin yanından yel kimi keçdi. Onu arxadan harayladılar. "Dayan!" - dedilər və çaxmaxlar şaqqıldadı. At sürətini bir az da artırdı. Əmrah aradan çıxdığına sevindi və "Ağrın alım, a kəhərim, bir azca da tərpənsən, dardan təmiz qurtararıq", - deyə ürəyindən keçirdi. Elə bu vaxt at büdrədi, dal ayaqları üstə şaxə qalxdı və birdən arxası üstə yerə sərildi. Əmrah ayağını üzəngidən çıxara bilmədi. Onun qılçası atın altında qaldı. Gözünü yumub-açınca buynuzlu əsgərlərin süngüləri sinəsinə dirəndi. Keşikçilərin yarımkürk geyinmiş, uzun qılınclı komandirləri də at belində gəldi. Çapıq Əmrahı dartıb ayağa qaldırdılar. Tüfəngini aldılar, xəncərini belindən açdılar. Komandir atın belindən əyilərək onun yapıncısını götürdü və öz çiyninə saldı. Başlığı da boynuna doladı. "'Necədi, əsil Qafqaz igidinə oxşayırammı?" - deyə əsgərlərə müraciət etdi. Gülüşdülər, sonra da Çapıq Əmrahı qabaqlarına qatıb kəndə gətirdilər.
Başqa şairlərin şeirləri
Mən əlləri qabarlı bağbanam vətənimdə,Bağçamın güllərini yad əllər dərə bilməz.
Nə aləm indiEşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən