Səhifə 2 / 3 · 33%

– Bu nədir, - dedi, - bu gün bizə nə olub?

– Bilmirəm, - deyə laqeydcəsinə cavab verdim və dönüb yanımdakı qızlarla söhbətə başladım.

Bu hadisədən bir gün sonra dərsə gələndə özüm də hiss etmədən gözlərimlə onu axtarırdım. Hətta yanımda boş yer saxladım. O, içəri girəndə çağırmaq istədim. Teymur isə mənimlə ötəri salamlaşıb qabaqda əyləşdi. O gün mən dərslərin axırına qədər narahat oldum. Özümün də başa düşə bilmədiyim hallar baş verirdi. Gah darıxır, gah kədərlənir, gah da özümü bu qədər yoldaşın içində tək hesab edirdim. Bu hiss getdikcə qüvvətlənirdi. Günlər ötdükcə özüm-özümü tanıya bümirdim.

Artıq kursumuzdakı oğlanları gözüm görmürdü. Onların səsi sifətlərinə qarışır, nəzərimdə elə bil dumana bürünürdü. Bu duman içərisində mən həmişə Teymurun gözlərini görürdüm. O harada otursa, mən o səmtə baxırdım, hara dönsə, mən də dönürdüm. Günəbaxan günəşə boylanıb boynunu əydiyi kimi, mən də Teymuru gözümdən qoymurdum. Bəzən evdə özüm-özümü danlayırdım. Axmaqlıq elədiyimi fikirləşir, bir daha onunla maraqlanmayacağıma söz verirdim. Ertəsi günü instituta qəti qərarla gəlirdim ki, bir də ona baxmayacağam, amma mümkün olmurdu. Mühazirə zamanı gözlərim yenə ona dikəlirdi. O isə nəinki mənimlə yanaşı oturmurdu, heç yanıma da gəlmirdi. Yenə əvvəlki kimi, oğlanlarla bir kənara çəkilirdi. Belə hallarda mən hirslənirdim. O öz soyuqluğu ilə məni yandırıb-yaxırdı.

Aradan bir ay keçdi. Mən sınıxmağa başladım. Qızlar məndən soruşdular:

– Nərgiz, sənə nə olub?

– Günü-gündən niyə sınıxırsan?

– Bilmirəm... Heç nə bilmirəm, - deyə cavab verirdim.

Təskinlik tapmaq üçün gecə-gündüz roman oxumağa başladım. Tramvayda, tənəffüsdə də romanlardan ayrılmazdım. Ancaq mümkün olmurdu. Bəzən gecə yerin içinə girib kitab oxuduğum zaman bir də hiss edirdim ki, dayanmışam. Sətirlərin arasından baş qaldıran Teymur gözlərini mənə zilləmişdir...

Bir gün əla oxuduğuna görə qəzetdə onun şəklini vermişdilər. Mən həmin qəzeti götürdüm. Otağıma çəkildim, qapını örtüb qəzeti stolun üstünə sərdim. Baxdım, baxmaqdan doymadım. Qayçını götürüb ehtiyatla şəkli kəsdim. Stolun üstündə, şüşənin altında cürbəcür şəkillər vardı. Onu da həmin şəkillərin arasına qoymaq istədim, ancaq fikrimi dəyişdim. Şəkli kitabların birisinin arasında gizlətdim. Bəli, mən onu gizlətdim. Niyə? Məgər mən onu başqa şəkillərin yanına qoya bilməzdim? Soruşan olsaydı, "yoldaşımdır" demək olmazdımı? Bəs mən onu nə üçün gizlətdim?

O gündən həmin şəkil gecələr mənim sirdaşım oldu.

Evdə hamı yatandan sonra kitab oxumaq bəhanəsi ilə stolun dalına keçir, onunla üzbəüz otururdum. Onun qaşları çatılmışdı. Boynu azacıq yana əyilmişdi, qıvrım saçlarından bir dəstə sürüşüb alnına düşmüşdü. Mənə elə gəlirdi ki, Teymur ürəyindən keçənləri duyur. Qəsdən cavab vermir. Gecələrin necə gəlib keçdiyini bilmirdim.

Bir gün dostum Leyla dərsdən sonra məndən ayrılmadı.

– Nərgiz, heç özündən xəbərin varmı? Günü-gündən şam kimi əriyirsən, axı sənə nə olub? Məndən niyə gizlədirsən?

Mən təlaşla:

– Heç nə yoxdur, - dedim, - Heç nə gizlətmirəm.

O, sınayıcı nəzərlə mənə baxdı və mənalı-mənalı başını tərpətdi:

– Mən uşaq deyiləm. Gözünün içinə baxanda ürəyindəkiləri oxuyuram. Sən sevirsən! Mən birdən-birə üstünə soyuq su çilənən adam kimi dik atıldım. Boğazım qurudu, ağzımı açıb ona bir kəlmə də deyə bilmədim. Leylanın sifətindəki narahatlıqdan gördüm ki, halım pisdir.

O, mənim qoluma girdi.

– Oh, Nərgiz, Nərgiz, - deyə məzəmmətedici ahənglə səsləndi.

Bulvara getdik. Skamyada oturduq. Mən gözümü dənizə zilləmişdim. Sərin külək əsir, ləpələr bir-birini qovurdu.

Mən ürəyimdə qövr eləyən sirri artıq saxlaya bilmədim. Hər şeyi Leylaya danışdım. O gündən biz sirdaş olduq.

Birgün Leyla yanıma gəldi. Onun sifəti tutqun idi. Hiss edirdim ki, mənə nə isə acı bir xəbər vermək istəyir. Ürəyim şiddətlə döyündü. Nəhayət, tab gətirə bilməyib soruşdum:

– Leyla nə olub?

– Nə olacaq? - deyə o acıqlı-acıqlı cavab verdi. - Teymura nişan taxıblar.

Özüm güclə saxlayıb pıçıltı ilə xəbər aldım:

– Kimə?

– Bizim institutda oxumur. Mən o qızı tanıyıram. Çox ağıllı və təmiz qızdır.

– Gözəldirmi?

– Sənə nə var, gözəldir ya çirkindir! Sənə deyirəm, ona nişan taxıblar. Ağlını başına yığ!

Leyla nə qədər danlayıb öyüd-nəsihət verdisə, olmadı. O gedəndən sonra oturub gözlərimə dəm verdim. Səhəri uşaqlar Teymuru təbrik edirdilər. Bəziləri də zarafatla "sağ əlin başımıza" - deyirdi. Leyla məni bir küncə çəkdi.

– Özünü biabır eləmə. Gəl gedək sən də onu təbrik elə.

– Yox, bacarmaram.

– Aləmi özünə güldürmə!

Leyla məni zorla Teymurun yanına apardı. Mən onun üzünə baxanda gözlərimə qaranlıq çökdü. Leyla qolumdan tutdu.

– Təbrik edirəm. Xoşbəxt olasınız...

– Çox sağ olun. O gün olsun ki, sizin də başınıza gəlsin.

O gündən yasa batmış kimi oldum. Mənə elə gəlirdi ki, dünya uçub, altında qalmışam.

Aradan bir neçə ay keçdi. Üçüncü kursu bitirdik, yay tətilinə getdik. Leyla məndən ayrılmadı. Birlikdə Şuşada istirahət evində olduq. Payız girdi, yenidən instituta qayıtdıq. Ancaq mən yenə Teymuru qəlbimdən çıxara bilmədim. Bir dəfə Leyla üstümə möhkəm düşdü:

– Mən dünyada ondan başqa heç kəsi sevə bilməyəcəyəm, - deyə cavab verdim, - özüm də bilirəm, mənim məhəbbətim axmaq məhəbbətdir. O məni sevmir, onun nişanlısı var, ancaq olmur, ürəyimə necə hökm edim?!

Bu cavabdan sonra Leyla mənə heç nə demədi. Aradan bir qədər də keçdi. Mənə elə gəlirdi ki, Teymur xeyli dəyişmişdir. O, daha şaddı, deyib-gülür, oğlanlarla zarafatlaşır, hətta mənə də mehribanlıq edirdi. Onun bu hərəkəti qəlbimdəki arzuları daha da alovlandırırdı.

Bir gün Leylagilə yığışmışdıq. Onun anadan olan günü idi. Adam çox deyildi. Leyla bu gecə mənimlə mehriban idi. Onun tez-tez saata baxmasından anlayırdım ki, kimi isə gözləyir.

Çox keçmədi ki, qapı açıldı. Teymur içəri girdi. Onu hay-küylə qarşıladılar. Hamı ayağa durdu. Mən isə yerimdən tərpənə bilmədim. Teymur qoltuğundakı kağızı açdı, ordan bir əmzik çıxardıb Leylaya verdi.

– Al, - dedi, - istəyirsən özün sor, istəyirsən saxla, lazım olar. O, mənalı-mənalı gülüb ətrafdakılara göz qırpdı. Otağı qaqqıltı götürdü.

Bilmirəm qəsdənmi, təsadüfənmi Leyla nə təhər elədisə, biz Teymurla yanaşı oturduq. O nə qədər mehriban və nəzakətli idi! Elə səmimi danışırdı, qulaq asmaqdan doymurdum. Hər şeyə göz qoyur, süfrədəki cürbəcür yeməklərdən mənim qabağıma düzürdü. Arabir nə isə deyirdi. Mən heç nə başa düşmürdüm. Daha doğrusu, mən məst idim. Özümü dünyanın ən xoşbəxt adamı hesab edirdim. Vaxtın necə gəlib keçdiyini hiss etmədim.

Biz dağılışanda tramvay işləmirdi. Küçələrdə görünən tək-tük maşınlar fit verib sürətlə keçirdi. Leyla məni tək buraxmaq istəmədi.

– Əgər razı olsa, onu mən ötürərəm. Elə evimiz bir səmtdədir, - deyə Teymur Leylanın, sonra da mənim üzümə baxdı.

Mən heç nə demədim. Ancaq o yadımdadır ki, Leyla güldü və bizim arxamızca:

– Teymur, bax, qızdan muğayat ol ha, sonra əlimdən qurtara bilməzsən, - dedi.

Biz yola düşdük. Nə o danışır, nə mən dillənirdim. Ayaq tappıltılarımız aydınca eşidilirdi. Tramvay yolunu keçib hündür bir yerdə dayandıq. Bakının işıqları sayrışırdı. Şəhərin qucaqladığı dəniz bu işıqların ağuşunda parıldayırdı. Lap uzaqda mayak yanıb-sönürdü. Sərin, aylı bir sentyabr gecəsi idi. Üşüyürdüm. Teymur bunu hiss edib pencəyini soyundu, yavaşca çiynimə saldı. Heç nə demədim. Mənə elə gəlirdi ki, yuxu görürəm, əgər etiraz etsəm, ya ona bir söz desəm, hər şey yox olacaq. Mən bu şirin xəyaldan ayrılmaq istəmirdim. O, yavaşca qoluma toxundu. Biz vağzal körpüsünə çıxdıq. Birdən məndə dənizə yaxından tamaşa etmək arzusu doğdu. Teymur etiraz etmədi. Hökumət evinin yanından keçib yenicə basdırılmış ağacların arası ilə sahilə endik. Soyuq, mamır qoxusu verən nəmli dəniz küləyi üzümə vurdu. Ləpələr narahatlıqla çırpınırdı, sahili yalayırdı. Ay işığı dənizin ortasında uzun bir zolaq salmışdı. Bu zolaq dənizlə bərabər titrəyirdi. Elə bil dənizə gümüş pullar səpələnmişdi. Ürəyim elə döyünürdü ki, az qalırdı sinəmi yarıb çıxsın. Yanaqlarım alışıb-yanırdı. Teymur da gözünü dənizə zilləmişdi. Mən ay işığında onun sifətindəki dalğınlığı gördüm. Nəhayət, o dilləndi:

– Nərgiz, gedək, sənə soyuqdur.

Mən daha dözə bilmədim.

– Yanıram, Teymur, - dedim, - bircə əlini üzümə vur.

O, əlini ehmalca mənim yanağıma vurdu. Dütıya başıma hərlotıdi. Özüm də bilmədən əlini tutub yanağıma sıxdım. Başımı onun qoluna söykədim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 5

Onlar dərin sükut içində, asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. Cığırları ot basmışdı. Bəzi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Kipiani azacıq axsadığından dalda qalır, bir az irəlidə gedən Əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Nəhayət, qala divarına yaxın bir yerdə, otları azacıq saralmış göylükdə oturdular. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. Əhməd isə gözünü üfüqə zillədi. Qarşıdakı dağlar baş-başa vermişdi. Meşənin ətəklərində kəndlər, bir az bəridə isə vağzal görünürdü. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir, çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da, ətraf saralmışdı. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Gözünü saralmış daşlara, uçuq-sökük yerlərə, hörgülərin arasında bitən quru otlara zillədi. Hər şey beləcə dəyişir, dağılıb sökülür və köhnəlirdi... Onlar da belə idilər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir, birgə də nümayişə, küçəyə çıxardılar. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekabristlər idi. Heç nədən qorxmurdular. Hətta bəzən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi, çevriliş etməyi, həbsxanalara, zindanlara belə düşməyi arzu edirdilər. Onlarda həm coşqun bir ədalət hissi, həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Lakin tələbələrin bu coşqunluğu uzun sürmədi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bəzilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər. Aradan illər ötdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Kipiani yorğun və məhzun kimi görünürdü. Deyəsən, əvvəlki coşqunluqdan əlamət qalmamışdı. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illərı onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət, arzuların ilğım kimi əlçatmazlığı onları süstləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi?Kipiani də eyni ilə bu cür düşünür, Əhmədi gözaltı süzüb, söhbəti hardan başlayacağını müəyyənləşdirirdi. Onun deməyə sözü çox idi. O bilmək istəyirdi ki, Əhməd təkdirmi, keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır?

195710 dəq
Dördüncü hissə, 6

Cahandar ağa atı tövlədən çıxardıb talvarın altına gətirdi. Sağrısını yalını sığalladı. At astaca oxranıb kişini iylədi, qulaqlarını qırpıb dayandı. Cahandar ağa dərindən köksünü ötürdü və yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu duydu. At pis ata oxşamırdı. Boynu gözəl, qaməti uca idi. Dərisinin rəngi tünd-qırmızı idi. Bəzi yerləri şabalıdı rəngə çalırdı. Qaçmağı da pis deyildi, ancaq Cahandar ağanın ürəyinə o qədər də yatmırdı. Nə qədər çalışırdısa da, Qəmərdən sonra bu ata isnişə bilmirdi. Elə bil at da bu soyuqluğu duyurdu. Sahibini görəndə Qəmər kimi çəçiyi ilə yeri eşib kişnəmir, şahə qalxıb oynaqlamırdı. Bu atla Qəməri müqayisə etmək olmazdı. Qəmər elə bil başa düşürdü, sevincini, kədərini bildirir, lal baxışları ilə sahibinin ürəyindən keçənləri oxumaq istəyirdi.Cahandar ağa atın ətrafına bir də dolandı, sonra sakit addımlarla evə doğru getdi. İçəri girib divardan asdığı tüfəngini götürdü, çalnı-çarpaz bağladı. Ağ yundan toxunmuş qotazlı başlığını göy buxara papağının üstündən geyib boynuna doladı. Xəncəri yana çəkdi. İçəri gəldiyi kimi də sakit addımlarla getmək istədi. Ancaq qapıya yaxınlaşanda ayaq saxladı. Dönüb geri, otağa baxdı, gözünü divara vurulmıış xalçaların üzərində gəzdirdi. Tavandan asılmış otuzluq çırağa, baş tərəfdə divara mıxlanmış qollu-budaqlı iri maral buynuzuna baxdı. Qoşa taxtı, döşəkcələri, zərbaftalı, qotazlı mütəkkələri gözdən keçirtdi. Elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. Özü də hiss etmədən köksünü ötürdü. Darağı tüfəngin xəzinəsinə basdı. Çaxmağı hərləyib şaqqıldatdı, dabanı üstə fırlanıb otaqdan çıxdı. Həyətdəkilərin üzünə baxmadı. Əli qoynunda, təlaş və təşviş içində dayanıb gözünü ona zilləyən Mələyi görmədi. Qonşu otaqda pərdəni azacıq aralayıb gözündən bulud kimi yaş tökən Salatın tərəfə dönüb baxmağı ağlına belə gətirmədi. Ağır, lakin qəti addımlarla talvara yaxınlaşıb atı kənara çəkdi. Quş kimi sıçrayıb yəhərə qalxdı. Yüyəni qəsdən dartdı. At sahibinin iradəsinə tabe olub dal ayaqları üstə qalxdı və yuxudan ayılmış kimi yəhərin altında oynadı. Yorğa yerişlə doqqaza sarı yollandı. Darvazaya çathaçatda qanad şaqqıldadı. Cahandar ağa qeyri-ixtiyari dönüb geri baxdı. İri, kəkilli sarı toyuq tara çıxıb hövllə qanadlarını şaqqıldadırdı. Kişi təəccüb etdi. Toyuq birdən boğazını irəli uzadıb xoruz kimi ucadan banladı. Cahandar ağanın bədənini soyuq tər basdı, iri həbəşi dodaqları kipcə bağlandı. Qızarmış gözlərinə qan sağıldı. Tüfəngi hərləyib tətiyi çəkdi. Qanadını çırpıb bir dəfə banlamaq istəyən toyuq yumaq kimi havaya qalxıb çəpərin o üzünə düşdü. Lələkləri göydə oynadı. Cahandar ağa atın boynuna yataraq dördnala çapdı. Kənddən aralanıb Kürün sahilində görunməz oldu.

19579 dəq
Dördüncü hissə, 7

Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Əlinə Osmanın yazısı keçdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi. Çaydan bir-iki qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Qələmi qırmızı mürəkkəbə batırdı. İnşa yazısını təkrarən, diqqətlə oxumağa başladı. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Bizim əkin sahələrinin bir ucu qonşu erməni kəndlərinə qədər uzanıb gedir. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Kürün hirsli ləpələri az qalır ki, evlərin divarın yalasın. Sol sahildə böyük bir meşə var. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Burada hər nə desən tapmaq mümkündür. Kənd uşaqları çox vaxt üzə-üzə Kürü adlayıb meşəyə keçir, almadan, armuddan dərir, tut yeyir, ciblərini alça ilə doldurub geri qayıdırlar. Bizim meşədə yüzillik palıd, fıstıq və qarağaca da rast gəlmək mümkündür. Buranın hələ ayaq dəyib iz düşməmiş qalın yerləri var. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır, meşə xoruzları banlaşır. Bura səfalı və zəngin ov yeridir. Qışda qazın, ördəyin, yayda, payızda isə turacın əlindən tərpənmək olmur. Qabanlar sürü ilədir, boz ayılara, canavara, çaqqala, tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər, yamyaşıl talalar var. Bizim göytəpəlilər sentyabr ayından ta mayın axırına qədər burada, binədə olurlar. Bu meşənin camaata çox xeyri dəyir. Ancaq indi buranı qoruq ediblər Atlı kazaklar gecə-gündüz keşik çəkir, heç kəsi yaxına buraxmırlar. Deyilənə görə, buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayırlar. Onun kefi istəyəndə Tiflisdən buraya ova gələcəkdir. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da, sulu yerimiz yoxdur. Camaat dəmyələrdə taxıl əkir. Bizim qolumuzdan tutan meşə idi, onu da əlimizdən aldılar. Bir parça torpağın bəsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. Görəsən bu niyə belədir? Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"Aleksey Osipoviç son sətirləri bir də oxudu. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Yavaşca ayağa durub otaqda gəzindi. O, yazı işinə nə qiymət verəcəyindən çox, Osmanın ağlına bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Axı, müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. Bəs o, Russonun fikirlərini kimdən öyrənmişdi?

19579 dəq
Dördüncü hissə, 8

Əşrəf yuxudan ayılan kimi əlini sinəsinin üstünə apardı. Kitabı tapmadıqda yorğanı atıb yerindən sıçradı. Yastığını qaldırdı, döşəyin altını yoxladı, gözünə heç nə dəymədi. Rəngi kağız kimi ağardı. Çarpayının dörd yanına fırlandı, əyilib aşağı baxdı, pəncərənin qabağını axtardı. "Bu necə ola bilər?" – deyə düşündü. Yoldaşlarını oyatmaq, onlardan bir-bir kitab görüb-görmədiklərini soruşmaq istədi. Ancaq ürək eləmədi. Axı bu kitabı ona gizlincə vermişdilər, özü də tapşırmışdılar ki, heç kəsə göstərməsin.Uşaqlar oyanana qədər Əşrəf yataqxananı bir də dolaşdı, gümanı gəldiyi yerlərin hamısını yoxladı. "Mən yerimə uzananda kitab əlimdə idi, axırıncı səhifələrini oxuyurdum. Görünür, yuxu məni aparıb, haçan yatdığımdan xəbərim olmayıb – deyə öz-özünə düşündü. – Kitab əlimdən düşsə yerin içində olardı, ya da çarpayının ətrafında. Bəs bu necə oldu? Yoxsa uşaqlardan biri götürüb? Bəlkə Firidun bilir, axı o bu gecə növbətçi idi?"

19579 dəq

Başqa şairlərin şeirləri