Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra, Semyonov yazı masasının arxasına keçdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu. Son sətirlərin üzərində xeyli dayandı. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı- Kipianini yalnız gürcülər deyil, bütün şöbələrin tələbələri sevirdi. O, gözəl müəllim idi. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyini düşünür, keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağli idi. O özü ədəbi gecələr təşkil edir, şer oxuyur, uşaqlarə dram dərnyinə toplayır, ekskursiyalara aparır. İki il idi ki, tarix dərnəyi təşkil etmişdi. Belə bir adamı nə üçün gözüm-çıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm?

Semyonov ayağa durdu. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Asta-asta vərəqlədi. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. Mətbəədə çap olunmuş bu vərəq qara haşiyəyə alınmışdı. Bu, inqilabi iş üstündə Peterburq, Moskva, Kazan, Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Nəhayət, Kipianinin familiyasını tapdı. Onun adının qarşısında qələmlə işarə qoydu. Bir xeyli beləcə, əlində qələm, dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. "Demək, ondan hələ əl çəkməyiblər. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur, hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirdilər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar? Məgər biz buraya, Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?"

Semyonov iki il bundan əvvəl Kipianinin onun yanına iş üçün gəldiyini xatırladı. O, ucaboy, arıq bir adam idi. Azacıq axsayırdı. Yeriyəndə sağ ayağını möhkəm basa bilmədiyindən, əsaya dirənirdi. Gülümsər çöhrəsi ağarmışdı. Zil qara saçları və saqqalı qıvrım idi. O, bığını qafqazlılar kimi burmamışdı. Uzadıb saqqalına qatmışdı. Boynuna ala-bəzək şal bağlamışdı. Rusca təmiz danışsa da, tələffüzündən gürcü olduğu dərhal sezilirdi. Semyonov onun ərizəsini diqqətlə oxudu. Sonra müsahibinin üzünə baxdı:

– İndiyə qədər harda işləyirdiniz?

– Sürgündən əvvəl Tiflis və Kutaisidə olmuşam.

– Sürgündə də olmusunuz?

– Bəli, ancaq indi azadam.

– Evlisinizmi?

– İki uşağım var.

– Sibirdə evlənmisiniz?

– Yox, burda, ancaq onlar da Sibiri görüblər.

– Niyə, onları da sürmüşdülər?

– Xeyr, arvadım məni tək buraxmaq istəmədi. Mənim etirazıma baxmayaraq, dalımca Sibirə gəldi.

Semyonov gördü ki, müsahibi ağır günləri xatırladıqca əzab çəkir. Onun yaralarını təzələməmək məqsədi ilə söhbəti dəyişdi:

– Demək, bizim seminariyada gürcü dilindən dərs demək istəyirsiniz?

– Bəli, cənab direktor, müsaidə etsəniz, Sizinlə bir yerdə işləyərdim.

– Yaxşı, məsləhətləşərik.

– Çox sağ olun.

Kipiani ayağa durdu. Nəzakətlə təzim edib otaqdan çıxdı.

Semyonov elə həmin günü Qafqaz maarif müvəkkilinin adına bir məktub göndərdi. Kipianinin seminariyada işləməsinə icazə istədi. Onun xahişini rədd etdilər...

Semyonov bunları xatırladıqdan sonra qovluğu yenidən qabağına çəkdi. Kipianinin ərizəsini, ona verilən cavabı axtarıb tapdı. Gözləri sətirlərin üzərində gəzdi.

"Quberniya dəftərxanasındakı sənədlərdən aydın olur ki, Peterburq Texnoloji İnstitutunun sabiq tələbəsi M.K.Kipiani Tiflis və Kutaisi quberniyalarında cinayətkar təbliğatlar apardığına görə, zati-alilərinin iradəsi ilə 1878-ci ildə Şərqi Sibir general-qubernatorunun nəzarəti altında sürgünə göndərilmişdir. Oradan isə Orenburq ölkəsinə sürgün edilmişdir. 1880-ci ildə əlahəzrətin mərhəməti sayəsində polis nəzarətindən azad edilmişdir. Bundan sonra onun Tiflisə qayıtmasına icazə verilmişdir.

Sizin 4824 nömrəli məktubunuzu oxuduqdan sonra bu yuxarıda qeyd olunanları yadınıza salıram. Məgər, belə bir adamın seminariyaya gürcü dili müəllimi qəbul edilməsini təhlükəli hesab etmirsinizmi?

Knyaz Qaqarin

22 sentyabr, 1881"

Semyonov Tiflis qubernatorunun təliqəsini diqqətlə oxuduqdan sonra Qafqaz maarif müvəkkilinin onun adına yazdığı kağızı nəzərdən keçirdi.

"Zaqafqaziya müəllimlər seminariyasının direktoruna!

Sizin sentyabrın üçündə mənə göndərdiyiniz 554 nömrəli təliqəyə qubernatordan aldığım cavabı Sizə bildirməyi özümə şərəf hesab edirəm. Əvvəlcə Şərqi Sibirdə, sonra isə Orenburq vilayətində sürgündə olmuş Kipianinin Sizin seminariyada gürcü dili müəllimi işləməsini qeyri-mümkün hesab edirəm. Sizin təliqənizi və Kipianinin ərizəsini geri qaytarıram.

24 sentyabr, 1881, Ml 161"

Bu cavabları alandan iki gün sonra Kipiani onun yanına gəldi. Semyonov məsələnin nə yerdə olduğunu demədi, hələ cavab almadığını söylədi. Kipianinin dodaqlarında istehzalı bir təbəssüm oynadı. Semyonov başa düşdü ki, Kipiani hər şeyi anlayır, ancaq üzə vurmur. Çox böyük səbir və mətanətlə susur. Onun bu qüruru, mənəvi cəhətdən əziyyət çəksə də özünü şax tutması Semyonovun daha da xoşuna gəldi. Kipianini yola saldıqdan sonra maarif müvəkkilinə təkrar müraciət etməyi qərara aldı və bir neçə gündən sonra Tiflisə məktub göndərdi. Nəhayət, belə bir cavab gəldi:

"Zaqafqaziya müəllimlər seminariyasının direktoruna!

Sizin mənim adıma oktyabrın birində göndərdiyiniz 602 nömrəli təliqəyə əsasən yenidən Qafqaz valisinə müraciət etdim və zadəgan Mixail Kipianinin Sizin seminariyada gürcü dilindən dərs deməsinə icazə aldım, bu şərtlə ki, Siz Kipianiyə nəzarət edəsiniz və onun bütün hərəkətlərinin cavabdehliyini öz öhdənizə alasınız. Bütün bunları Sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm,

27 oktyabr, 1881,№ 93"

Semyonov qovluğu örtüb kənara itələdi. Elə bil otaqda hava çatışmırdı. Köynəyinin yaxasını açdı. Nəfəsliyi itələdi. Sərin, adamı üşürgələndirən bir hava axını içəri doldu. Yarpaqların xışıltısı ilə bərabər çəmən otlarının qoxusu da otağa yayıldı. Kürün o tayındakı balaca dəmiryol stansiyasından kəsik-kəsik fit eşidildi. Semyonov divara dirsəklənərək, bir xeyli ötüb keçən qatarların yeknəsəq taqqıltısını dinlədi. Qorinin qatı qaranlıqda mürgüləməsi, işıqların tamam sönməsi onu qüssələndirdi. Semyonov səhrada tək qalmış bir qərib kimi yalqızlıq hiss etdi. Vağzaldan ötüb keçən qatarın taqqıltısı getdikcə azaldı, döngələrdə eşidilməz oldu. Onun xəyalı təkər taqqıltısının arxasınca lap uzaqlara getdi. Qafqazı aşdı, Mərkəzi Rusiyanı keçdi və Sibirə doğru yollandı: Semyonova elə gəldi ki, çovğunlu, qarlı Sibirin qalın meşələri arasında tövşüyə-tövşüyə gedən qatarı, vaqonların pəncərələrindən boylanan solğun çöhrələri, əl-qolu qandallı dustaqları, heç nə anlamaq istəməyən, ucu nizəli tüfəngin qundağı ilə dustaqları vurub, söyüş söyən soldatları görür. Bu pəncərələrdən qadınlar, dodaqlarının qanı qaçmış uşaqlar da boylanırdı, aclıq və susuzluq onları taqətdən salmışdı. Külək vıyıldayır, qarı burub-bükür və şüşəsiz pəncərələrdən içəri doldumrdu. Semyonov Kipianini, onun uşaqlarını və arvadını həmin vaqonların pəncərəsindən boylananların içərisində təsəvvür etdi. Ona elə gəldi ki, Kipiani gözlərini süzdürüb istehza ilə gülümsünür. Sanki, bu təbəssümlə onu məzəmmət edir və "sənin polis xəfiyyələrindən fərqin nədir, nə üçün mənim haqqımda elə pis şeylər yazdın?" – deyir.

Yaxındakı həyətlərdən birində qanad şaqqıldadı. Tara çıxan xoruz bərkdən banladı. Bu səs Semyonovu uzaq xəyaldan ayırsa da, kişi bir müddət yerindən tərpənə bilmədi. Sahildəki çinarların yarpaqları bərkdən xışıldadı. Səhərin yaxınlaşdığını xəbər verən səba nəsimi pəncərədən içəri doldu. Semyonov nəfəsliyi bağladı. Aralanmış qapıdan yataq otağına nəzər saldı. Yazı masasının üstündəki şamın işığı zolaq kimi çarpayıların üstünə sərilmişdi. Semyonov qapıya yaxınlaşıb uşaqlarının üzünə baxdı. Lidiya anasının qolu üstündə yatmışdı. Sarı, qıvrım saçı daha da pırpızlaşmışdı. Yuxuda da anasının boynunu qucaqlamışdı. O dayana bilmədi. Barmaqlarının ucunda yataq otağına keçdi. Oğlunun, böyük qızının, sonra da arvadının mışıltısına qulaq asdı. Onların bu məsum yuxusuna tamaşa etməkdən ləzzət aldı. "Yəqin bu saat, bəlkə, elə Kipiani də onun kimi dayanıb uşaqlarının mışıltısını dinləyir? Bəlkə də onun özü ağır və şirin yuxuya gedib? Bu saat onu nələr gözlədiyindən xəbərsizdir? Yəqin heç ağlına gətirmir ki, haqqında sorğu-sual gedir. Mən onun barəsində məlumat verməliyəm".

Semyonov uşaqlarının üstünü örtdü. Arvadının yastığını düzəltdi. Üzlərinə işıq düşməsin deyə, qapını çəkdi. Ancaq bir balaca arali qoydu ki, bir şey olsa eşitsin. Yazı masasının arxasına keçib kağız-qələm götürdü. Maarif müvəkkilinə cavab yazmağa hazırlaşdı. Qələmi mürəkkəbə batırdı. Məktubun birinci cümləsini yazdıqdan sonra əl saxladı. "Bəlkə mənim yazdıqlarıma inanmadılar? Üstəlik mənün özümü də ittiham etdilər, bəs onda nə olsun? Mən öz həyatımı, uşaqların gələcəyini təhlükə altında qoymarammı? Maarif müvəkkili "bu işlərin bütün məsuliyyəti Sizin öhdənizə düşür" sözlərini nahaq yerə yazmamışdı ki? Elə Kipianini sən özün işə götürdün, görünür, onunla həmfikirsənmış, – deyə məni də polis idarələrinə çəkə bilməzdilərmi? Bəs mən nə edim, nə cavab yazım?"

Semyonov bu cür tərəddüd içində xeyli dayandı. Dilbilməz, sözanlamaz polisləri gözü qarşısına gətirdi və qələmi mürəkkəbə batırıb qətiyyətlə yazmağa başladı:

"Kirill Petroviç həzrətlərinə!

Siz mənim adıma göndərdiyiniz 40 nömrəli məktubunuza cavab olaraq aşağıdakıları bildirməyi özümə borc hesab edirəm. Mən bizim gürcü dili müəllimi Kipianinin bütün hərəkət və danışıqlarına olduqca ciddi nəzarət yetirmişəm. Mən Kipianinin istər dərsdə, istər yoldaşları arasında, hətta şəxsi söhbətlərində heç bir zərərli fikir söylədiyini eşitməmişəm. Onlar maddi cəhətdən çətinlik çəkdiklərinə görə kasıb güzəran keçirirlər və heç kəsə qarışmırlar. Mən Kipianinin evində yığıncaqlar düzəldib hökumət əleyhinə təbliğat apardığı barədə heç nə eşitməmişəm və belə bir işin olmasına inanmıram. Kipiani seminariyanın ən intizamlı və sevimli müəllimlərindəndir. Tələbələr arasında böyük hörməti var. Öz fənnini ustalıqla keçir. Bütün bunlarla bərabər qeyd etməliyəm ki, aldığım məlumatlara görə, Qoridə axşamlar gürcülər evlərə toplaşaraq, gürcü dilində ədəbi əsərlər oxuyurlar. Bu barədə yerli qəzetlərdə rəsmi məlumatlar belə dərc edilmişdir. Bundan başqa gürcü dili həvəskarlarının nizamnaməsi tərtib edilmiş və qubernatora göndərilmişdir. Mən bütün bu işlərdə təhlükəli bir şey görmürəm. Mən onun hərəkətlərinə nəzarət yetirəcəyimə söz verdiyimi və bütün məsuliyyəti öhdəmə götürdüyümü inkar edirəm".

Semyonov məktubu bitirib imza etdikdən sonra şamları söndürdü və yataq otağına keçdi. Paltarını soyunub rahatca yerinə uzandı. Ağır yük altından çıxmış adam kimi asudə nəfəs alıb gərnəşdi. Gözünü pəncərəyə zillədi. Artıq dan yeri ağarırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

21

Qatar səhər tezdən Bakıya çatdı.Onlar Nərgiz müəlliməgilin evini tapdılar. Üçüncü mərtəbədəki qapının zəngini basanda içəridən ayaq səsləri eşidildi. Kim isə qapının arxasından:

19549 dəq
22

Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".

195414 dəq
23

İmran dan yeri ağaranda yuxudan durub geyindi və həyətə çıxdı. Əvvəlcə qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi titrəyirdi."Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi.

19549 dəq
24

Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"

195416 dəq

Başqa şairlərin şeirləri