21
Qatar səhər tezdən Bakıya çatdı.
Onlar Nərgiz müəlliməgilin evini tapdılar. Üçüncü mərtəbədəki qapının zəngini basanda içəridən ayaq səsləri eşidildi. Kim isə qapının arxasından:
– Kto tam? – deyə soruşdu.
Tükəzban xala heç nə başa düşmədi.
– Dərdin alım, Nərgiz burdamı olur?
– Çto? Koqo vı xotite?
– Bu nə deyir, ay Nəsib?
– Deyir ki, kim lazımdır.
– Necə kim lazımdır? Belə deynən Nərgiz müəlliməni axtarırıq.
– Bizə Muradova Nərgiz lazımdır, - nəhayət, Nəsib dayı rus dilində cavab verdi. Qapının dalından yenə həmin səs eşidildi:
– A...a...a... Mama, kimdir nə Nariçkanı axtarır.
Bir azdan qapı açıldı. Nəsib dayı ilə Tükəzban xalanın qabağına güllü ipək parçadan uzun xalat geyinmiş bir qadın çıxdı. Təəccüblə qonaqlara baxdı.
– Siz kimsiniz?
– "İyirmi altılar" kolxozundan gəlmişik, - deyə Nəsib dayı cavab verdi.
İçəridən söhbəti eşidən Nərgiz, tələsik qapıya yüyürdü. Tükəzban xalanın üstünə atılıb onu qucaqladı.
– Xoş gördük, ay xala, siz hara, bura hara, keçin içəri... Nəsib dayı, buyurun. Xoş gəlmisiniz! Nə əcəb sizdən?
– Xoş vaxtın olsun, qızım. Elə-belə, Bakıda bir balaca işimiz var.
Tükəzban xalan da səndən ötrü darıxırdı.
Onlar içəri keçdilər.
Nərgiz əl-ayağa düşdü. Çay-çörək hazırladı. Qonaqlarına layiqincə hörmət etməyə çalışdı. Süfrə başında onları anası və bacıları ilə tanış etdi.
– Atam işə gedib. Axşam onunla da tanış olarsınız, - dedi. Kənd də nələr olduğunu soruşdu.
Nəsib dayı çay-çörəkdən sonra ayağa durdu:
– Məni bağışlayın, görüləsi işim çoxdur. İdarələr bağlanmamış qurtarmalıyam.
Axşam söhbət elərik.
O gedəndən sonra Nərgiz müəllimə Tükəzban xalanın etirazına baxmayaraq, hamamı qızdırdı:
– Yoldan gəlibsiniz, çimin, sonra da yatıb dincəlin.
Lakin Tükəzban xala yatmadı. O, qohum olmaq istədiyi adamların evini nəzərdən keçirdi. Otaqların divarları zərif naxışlı xalçalarla bəzənmişdi. Pəncərələrdən ipək pərdələr asılmışdı. Yemək otağının bir küncünə ayna kimi parıldayan qara piano qoyulmuşdu. Telefonları, hamamları, radioları, bir sözlə, hər şeyləri var idi. Təkcə dəhlizdəki bədənnüma güzgü bir evi satın alardı. "Pis dolanmırlar" - deyə Tükəzban xala öz-özünə pıçıldadı.
O eyni zamanda hiss edirdi ki, Nərgiz əl-ayağa düşsə də, başqaları ona bir cür baxırlar. Hətta əynində ipək xalat olan arıq qızın ona qəribə halda baxdığını, uzun, boyalı dırnaqları ilə oynayıb, qaş-göz süzdürdüyünü və işarə ilə evdəkilərə nə isə dediyini Tükəzban xala gördü. O, üst-başına baxdı. Əynindəki paltarlar pis deyildi. Göy rəngli yun parçadan don geymişdi. Başında qara kəlağayı vardı. Ayaqqabısı da təzə idi. "Bəs bu meymun yosunlu mənim nəyimə gülür?"
O, hiss etdi ki, Nərgizin anası da onunla candərdi danışır. Tükəzban xala qısıldı. Dönüb küncdəki böyük kəfgirli saata baxdı. Pəncərədən boylanıb günün harada olduğunu yoxladı. "Görəsən bu Nəsib necə oldu?" - deyə düşündü. Tükəzban xala qonşu otaqda mübahisə getdiyini duydu. Hətta onun qulağına bəzi sözlər də gəlib çatdı. "Bu qız da bilmirəm, bu arvadın başına pərvana kimi niyə dolanır?"
O gün Tükəzban xalaya bir il qədər uzun göründü. Axşam üstü Nərgizin atası gəldi. O, ucaboylu, ətli-canlı bir kişi idi. Başında həsir şlyapa, ayağında ağ pamsin ayaqqabı vardı. Çesuça pencək-şalvarı nə qədər gen olsa da, iri qarnı süzüb irəli çıxmışdı.
Kişi beç kəsə bir söz demədən o biri otağa keçdi. Zolaq-zolaq pijamasını geyinib hamama getdi. Tükəzban xala su şırıltısı, öskürək və fınxırtı eşitdi.
Ortalığa süfrə saldılar, xörək gətirdilər. Hamı süfrə başına yığışdı. Yalnız bu zaman ağır-ağır otağa girən kişi, Tükəzban xalanı başdan-ayağa süzüb ağızucu salam verdi. Görünür, qonağın kim olduğunu bilirdi.
Tükəzban xala heç nəyə toxunmadı.
– Siz çörəyinizi yeyin, dərdin alım, - dedi, - mən toxam.
Tükəzban xala elə bil tikan üstə oturmuşdu. Əgər Nəsib dayı bir az da gec gəlsəydi, arvadın ürəyi az qala partlayacaqdı. Hamı süfrədən çəkildi. Evdə Nərgizin ata-anası, bir də qonaqlar qaldılar. Ortaya çay gətirdilər. Bir xeyli heç kəs danışmadı. Sonra kənddən, yeni qərarlardan söz düşdü. Kənd təsərrüfat mütəxəssislərinin kolxozlara getmələrindən danışdılar.
Muradov ehtirasla sözə başladı:
– Kənd təsərrüfatını ayağa qaldırmaq lazımdır. Bizim nazirlikdə də bu barədə müşavirə çağırılmışdı. Ən yaxşı mütəxəssisləri kolxozlara göndərəcəyik. Bizim gözəl ağranomlarımız var. Bəsdir, qoy kabinetdən çıxsınlar.
– Əlbəttə, əlbəttə. Yaxşı mütəxəssislərə kolxozlarımızın ehtiyacı var. Bəs siz özünüz necə? Kəndə getmək istəmirsinizmi? - deyə Nəsib dayı gülə-gülə soruşdu;
– Mənmi? Mən çox işləmişəm. Kolxoz qurulanda işim-peşəm at belində mürgüləmək olub. İndi də qoy başqaları getsin. Bu saat yol cavanlarındır. Bir də ki, bəs mərkəzdə heç kəs olmamalıdır?
Nəsib dayı Muradovun söhbətdən xoşlanmadığını hiss etdiyini bildirməməyə çalışdı:
– Düz deyirsiniz. Bir də, ağsaqqal vaxtınızda kəndə-kəsəyə düşmək sizə çətin olar.
Muradov Nəsib dayının eyhamını başa düşmədi.
– İndi bizim sakitcə dolanıb istirahət edən vaxtımızdır. Biz özümüzü çox göstərmişik. Təki cavanlar da bizim qədər işləsinlər.
Söhbət çox uzandı. Nəhayət, Nəsib dayı yavaş-yavaş mətləbə yaxınlaşdı. Muradovun uşaqlarından söz saldı, Nərgizi təriflədi:
– Halal olsun, çox ağıllı-kamallı qızdır. Kəndimizdə də hamı onun başına and içir. Mərifətli uşaqdır.
Muradov qızının tərifini eşidəndə susdu. Qabağındakı "Kazbeki" açıb bir papiros yandırdı, arxasını yumşaq stula söykədi:
– Amma bir az dəlidir.
– Niyə?
– Keçən il sözümüzə baxmayıb, özbaşına kəndə getdi.
– Lap yaxşı eləyib, Kənd pisdir?
– Yox, ancaq o, kənd uşağı deyil. Şəhərdə böyüyüb. Mən ondan yaman küsmüşdüm. Yenicə barışmışıq. Bir də sözümə baxmasa, ömürlük ondan inciyərəm.
– Xətrinizə dəyməsin, düz eləmirsiniz. Bayaqdan deyirdiniz cavanlar kəndə getsin, indi özünüz öz fikrinizə zidd çıxırsınız.
– Mən kənd təsərrüfat mütəxəssislərindən danışıram. Nərgiz müəllimdir. Onsuz da keçinmək olar.
– Mən yenə sizinlə razılaşa bilməyəcəm. Kəndə hər cür mütəxəssis lazımdır.
– Bir mənim qızım getməsə, keçinmək olmazmı?
– Düzü, çox qəribə mühakimə yürüdürsünüz. Əgər hamı "mənsiz də keçinmək olar" desə, işi kim görər? Bəs cəbhəyə övladlarını göndərənlərin yerinə olsanız neylərdiniz? Hər şeydən əvvəl adam gərək fədakar olsun.
– Bura bax, - deyə Muradov Nəsib dayını başdan-ayağa süzüb gülümsündü, - Bakıda agitatorlarımız çoxdur. Sənsiz də keçinə bilərik.
Qızım bir il kənddə işləyib, bəsdir. Daha onu kənddə qoymayacam.
Muradovun zarafatı ilə ciddi sözünü seçmək çətin idi. Nəsib dayı papiros yandırdı, bir-iki nəfəs çəkib soruşdu:
– Niyə?
– Tək qız xeylağı kənddə dolana bilməz. Əziyyət çəkər. Özün bilirsən ki, hələ kənddə çox şey yoxdur.
– A dərdin alım, qoy özü desin, bu il onu ağzımda dilim kimi saxlamışam. indi də onu elə saxlaram, heç ruhu da inciməz. Vallah, düz sözümdür, onu yağ içində böyrək kimi bəsləyərəm, - deyə Tükəzban xala sözə qarışdı.
– Çox sağ ol, ay arvad, - Muradov Tükəzban xalaya çəpəki bir nəzər saldı.
– Hörmətiniz artıq olsun. Ancaq elə şəhərdə, gözümüzün qabağında olsa yaxşıdır. Anası da onsuz dura biltnir.
– Düz deyir, bu il yediyim-içdiyim burnumdan gəlib.
– Axı niyə ey? - deyə Nəsib dayı gülə-gülə davam etdi: - Balaca ha deyü, ali təhsilli qızdır. Kənddə ona nə olacaq ki, siz qorxuya dü-şübsünüz? Keçən İl pismi dolanıb?
– Orası elədir. Ancaq atayam da. Ürəyim yanmda qalır.
– Ə kişi, heç nə olmaz, nahaq narahat olursunuz.
– Yox, elə demə. Bir də gördün birisi qolundan tutdu, gül kimi adını ləkələdi.
– Axı kim tuta bilər?
– Nə bilim, nə çoxdur adam. Zootexnikdən-mootexnikdən biri.
Nəsib dayı qəhqəhə çəkdi. Muradovun bu sözlərinə gözü yaşarıncaya qədər güldü:
– Ali təhsilli, gözəl-göyçək bir aqronom olsa nə deyərsiniz?
Sözün yerinə düşdüyünə sevinən Tükəzban xala, ürək çırpıntısı ilə Muradovun cavabını gözlədi. O isə qaşqabağını töküb papirosunu sümürdü.
– Aqronom da zootexnikin tayıdır.
Onun səsindəki kinayəni duyan Tükəzban xala dözə bilmədi:
– Dərdin alım, ağranom olmaq pis ha deyil. O olmasa nə pambıq ərsəyə gələr, nə də taxıl. Dərdin alım, adam gərək kənddəkinin də qədrini bilə. Muradov təəccüblə arvadın üzünə baxdı:
– Mən nə dedim ki, xətrinizə dəydi?
– Axı onun oğlu ağranomdur, - deyə Nəsib dayı cavab verdi. Muradov qımışdı:
– İndi məndən nə istəyirsiniz?
– Müəlliməmizi.
– Nə müəllimə?
Nəsib dayı onun ciddiləşdiyini görüb səsinin ahəngini dəyişdi:
– Özünüz də hiss edirsiniz ki, sizin qapıya boş-boşuna gəlməmişik. Bizi buraya gətirən qızınız Nərgizdir. Məsələ belədir, - Nəsib dayı izaha başladı: - Bizim kəndin aqronomu İmran kəndimizin müəlliməsi və sizin qızınız Nərgizi istəyir. Gəlmişik sizin razilığınızı alaq.
Otağa sükut çökdü. Divardakı saat daha bərkdən çaqqıldadı. Tükəzban xala gözünü Muradovun ağzına zilləyib durdu. Muradov başı üzərində dayanan arvadının üzünə baxdı. Arvad ərinin "gördünmü, sənin qızın bizim başımıza nə oyun açdı" demək istədiyini dərhal anladı.
Muradovun əlləri yavaş-yavaş əsməyə, tükləri ağarmış gicgahlarındakı nazik damarlar şişməyə başladı. Arvadın rəngi ağardı. İllərdən bəri ərinin xasiyyətini bütün incəliklərinə qədər öyrənən Sona, bunun nə demək olduğunu dərhal anladı. O, bu saat Muradovun özündən çıxıb qonaqları bihörmət edəcəyindən, evdəki adamları bir-birinə qatacağından qorxdu. Həyəcan içərisində ərinə doğru əyildi. Qaş-gözlə onu başa salmağa çalışdı ki, "sakit ol qız ağacı, qoz ağacı, hər ötən bir salba atar. Bizi biabır eləmə, ayıbdır. Kənddən gələndə nə olar?! Bir abırla danış, camaatı yola sal, əməlli-başlı söz de, söz eşit".
Lakin mümkün olmadı. Muradov fısıldayıb yerində qurcalandı. Nəsib dayını, Tükəzban xalanı diqqətlə nəzərdən keçirdi. Yenə arvadının üzünə baxdı.
Sükutun uzun çəkdiyini görən Nəsib dayı sakitcə papiros çıxardıb yandırdı.
– Nə yaman fikrə getdiniz?
Muradov diksindi. Özünü zorlayıb dodaqucu qımışdı və arvadının gözlədiyinin əksinə, sakitcə cavab verdi:
– Doğrusu, heç bilmirəm nə cavab verim? Zəhmət çəkib oradan buraya gəlibsiniz, amma yaman çiy iş görübsünüz.
– Nə təhər, dərdin. alım? - Tükəzban xala dilləndi. Muradov arvada çəpəki nəzər saldıqdan sonra üzünü Nəsib dayıya tutdu.
– Özün məndəıi də yaxşı bilirsən ki, indiki zamanada əsas iş oğlanla qızdan asılıdır. Biz ata-analar ancaq kənardan baxarıq.
Nəsib dayı onun fikrini başa düşdü.
– Əlbəttə, elədir. Əgər onların arasında razılıq olmasaydı, biz sizə başağrısı verməzdik.
– Yəni deyirsən...
– Bəli.
– Heç ağlım kəsmir.
– Uzaqda deyil ki...
Muradov yenə arvadına baxdı.
– Get, o ölmüşü bura çağır.
– Bıy, iraq canından, niyə elə deyirsən?
O, Tükəzban xalanın sözünə fikir vermədi. Qonşu otağa qızı çağırmağa gedən arvadına nə isə işarə etdi.
Bir azdan Nərgiz pörtmüş halda içəri girdi. Utana-utana Nəsib dayıya, Tükəzban xalaya, sonra atasına baxdı.
Muradov gözlərini ağartdı.
– Heç utanırsan, bu nə oyundur başımıza açırsan?!
– Nə olub, ata?
– Heç nə, üzün ağ olsun.
– Axı, nə olub?
– Özünü bilməməzliyə qoyma! Kişilər sənin dalınca gəliblər. Nə deyirsən? Nərgiz udqunub gülümsündü.
– Nə deyəcəm, gəliblər, xoş gəliblər.
Hirsini güclə boğan Muradov, ilan çalmış kimi dik atıldı.
– Bu gündən mənim sən adlı qızım yoxdur. Hara istəyirsən rədd ol! Utanmaz!..
O, qonşu otağa keçib hirslə qapını çırpdı. İçəridəkilər dönüb qaldılar. Nərgiz üzünü əlləri ilə örtüb divanın üstündə oturdu. için-için ağlamağa başladı. Hamı ayağa durdu. Qonşu otaqdakı qızlar da gəldilər. Tükəzban xala Nərgizə yaxınlaşdı:
– Allah amanında qal, bala.
Nərgiz başını qaldırdı, qəhərdən titrəyə-titrəyə dedi:
– Tükəzban xala... Bu zaman hara belə?.. Qalın.
– Çox sağ ol, bala, qalmağa yerimiz var.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-21
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.
İkinci hissə, 4Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.
İkinci hissə, 5Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.
İkinci hissə, 6Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.
Başqa şairlərin şeirləri
Bəylər, nə layiqdi xan qulluğuna,Bir kəs atlı gedə, piyadə gələ?
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
DırqınadaErməniyə yol açıldı,Yuva saldı Dırqınada.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir