Səhifə 1 / 2

Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.

– Ay ev yiyəsi.

– Kimsən?

– Allah qonağı istəmirsənmi?

– Bu zaman nə Allah qonağı, ay kişi?

– Yol adamıyıq, gecəyə düşmüşük.

Əhməd cəftəni çəkib qapını araladı. İçəridən süzülüb düşən solğun işıqda eyvanda dayananı gördü. Onun qiyafəsindən başa düşdü ki, doğrudan da yol adamıdır. Bir az kənarda əlində qamçı dayanan iri bədənli kişi isə onun şübhələrini tamam dağıtdı.

– Şəhərəmi gedirsiniz?

– A kişi, qonağı qapı qabağında sorğu-suala tutmazlar. Qoy içəri keçək, bir az rahatlanaq, sonra danışarıq.

Əhmədi qonağın sözü bərk tutdu. "Doğrudan da, lap qəribə olmuşam", - deyə xəyalından keçirdi və qapını taybatay açdı.

– Buyurun, buyurun.

– Çox sağ ol, bəs faytonu neyləyək?

– Həyətdə rahatlayarıq.

– İvan Filippiç...

– Siz keçin içəri, mən özüm ona kömək edərəm.

Əhməd qonağı qabağa salıb yol göstərdi. Tüfəngini küncdə divara söykəyib, lampanın filtirini qaldırdı. Evə çökmüş qaranlıq, işıqdan qorxan kölgə kimi geri çəkildi. İçəri aydınlaşdı. Aleksey Osipoviç içəri ötəri bir nəzər salan kimi ev sahibinin subay olduğunu anladı. Təklif edilən yerdə əyləşməzdən əvvəl pencəyini soyundu.

– Pəncərəni açsaq olmazmı, adam darıxır.

– Bu saat, - deyə Əhməd otağın Kürə baxan tərəfinə keçdi.

Taxtaları, sonra da pəncərənin özünü açdı. İçəri təmiz hava doldu.

– Fikrinizə başqa şey gəlməsin, adam tək olanda qapı-bacanı basdırır-

– Əlbəttə, təklik pis şeydir.

– Üstəlik də qəriblik. Gündüz yenə yaxşıdır, adamın başı işə-gücə qarışır. Amma gecənin biri bir ilə dönür. Yaxşı, Siz əyləşin, mən bu saat faytonçuya kömək edim.

– Hə, zəhmət olmasa, atları rahatlayın. Amma bilmirəm bir-birinizi başa düşəcəksinizmi?

– Dil taparıq.

Əhməd qapını arxasınca örtmədən həyətə çıxdı. İvan Filippiç faytonu eyvanın qabağına çəkib dayanmışdı.

– Atları açın.

Faytonçu ev sahibinin təmiz rusca danışdığını görüb sevindi.

– Siz russunuz?

– Xeyr.

– Lap qəribədir, - deyə İvan Filippiç gülümsündü. - Mənim sərnişinim tatarca danışır. Sizsə rusca. Adam çaşıb qalır.

– Burada çaşılası bir şey yoxdur. Atları açın, xalxala salaq istəyirsiniz faytonu da o tərəfə çəkək.

– Yox, yox, elə buradaca, gözümün qabağında olsa yaxşıdır.

Əhməd onun ehtiyat etdiyini görüb gülümsündü.

– Heç nədən qorxmayın, siz qonaqsınız. Qonağa zaval olmaz.

Onlar atları xalxala saldılar. Əhməd Kürün kənarındakı çəmənlikdən biçib gətirdiyi göy otu qucaqlayıb faytonçuya verdi.

– Al, qoy hələlik yesinlər. Çatmasa, bir azdan gedib yenə gətirərik.

İvan Filippiç sakitcə keçib getmək və gecələmək istəmədiyi bu kənddə özünə həmdərd tapdığına sevinir və ev sahibinin mehribanlığını gördükcə, qəlbindəki şübhə azalırdı. O, atların ətrafında fırlanır, əli ilə bellərini ovxalayır, tərti tüklərini sığallayırdı. Uzun və ağır yolun yorduğu atlar isə sahibinin nəvazişindən xoşhallanır, qulaqlarını qırpa-qırpa göy otu xımırtladırdılar.

Aleksey Osipoviç pencəyini soyunduqdan sonra pəncərənin qabağına gəldi. Cib dəsmalını çıxardıb, saçı tökülmüş başının tərini sildi. O yaman yorulmuşdu. Rahat bir yer olsa, uzanıb dincələrdi. Ele bu məqsədlə evə göz gəzdirdi. Üstünə gəbə salınmış taxta yaxınlaşdı. Yanı üstə uzanıb mütəkkəyə dirsəkləndi. "Axır ki, səfəri başa vururam, -deyə düşündü, - sabah olmasa da, biri gün evdəyəm". O gördüyü işdən həm razı idi, həm də narazı. Razı idi ona görə ki, zəhməti hədər getməmişdi. Az-çox rus dilini bilən uşaqlarla görüşmüş, onlarla söhbət edərək, altmışa qədər adamın razılığını almışdı. Digər tərəfdən də Aleksey Osipoviç uşaqların azlığına görə özündən narazılıq edirdi. "Gərək bir az gəzəydim. Ən ucqar kəndlərə də gedəydim. Bəlkə beş-on uşaq tapardım. Bircə kəndlərdə yerli dildə məktəblər açılmasına icazə veriləydi! Onda bizim də işimiz asanlaşardı".

O, göz gəzdirib otağı nəzərdən keçirdi. Divardan asılmış yarımkürələr xəritəsi, küncdəki qlobus, pəncərənin qabağına və stolun üstünə yığılmış kitablar, dəftərlər diqqətini cəlb etdi. Bir az bundan əvvəl göz qapaqları ağırlaşıb, yatmaq istəyən Aleksey Osipoviçin yuxusu dağıldı. O durub stola yaxınlaşdı. Vərəqləri didilib tökülən əlifba kitabını səhifələdi. Sonra dəftərləri açdı.

Aleksey Osipoviç stul çəkib əyləşdi. Böyük maraq və diqqətlə yazıları nəzərdən keçirdi. O gah sətrin aşağısına doğru hərfləri əyilən, gah da yuxarı dırmaşan sözləri böyük səy və çətinliklə yazan uşaqların balaca və titrək barmaqlarını gözü qabağına gətirdi. Xətlər cürbəcür idi. Hərflərin düzülüşündən burada əlinə yenicə qələm alan uşaqların da , az-çox xətlərini bişirənlərin də zəhmət çəkdiyini müəyyənləşdirmək olurdu. Kim isə yazıları yoxlamış, səhvləri də qırmızı mürəkkəblə düzəltmişdi.

Aleksey Osipoviç otağı bir də nəzərdən keçirdi. Bura məktəbə oxşamırdı. Elə ev sahibi də müəllimə bənzəmirdi. Bəs onda o haraya düşmüşdü? Axı o, kəndlərdə indiyəcən bu cür yaşayış evi görməmişdi.

Atları rahatlayandan sonra içəri, samovar aparmağa gələn Əhməd qonağın dəftərlərlə əlləşdiyini görüb ayaq saxladı.

– Nə üçün uzanıb dincəlmirsiniz?

Aleksey Osipoviç səsə qanrılıb baxdı.

– Siz müəllimsiniz?

– Bəs bunlar nədir?

– Dəftərdir. Uşaqlar yazıblar.

– Bilirəm uşaqlar yazıb, bəs sizin evdə nə gəzir?

– Mən yazdırmışam.

– Heç nə başa düşmürəm. Həm deyirsiniz müəllim deyiləm, həm də deyirsiniz mən yazdırmışam. Axı, Siz kimsiniz?

– Poçtalyon kimi bir şey.

– Necə, poçtalyon?

– Bəli. Bilirsinizmi, cənab, əslində mən burada işsizəm. Əvvəllər Bakıya, Yerevana, Gəncəyə gedən poçt faytonları, dilicanlar buradan gəlib keçərdi. Amma dəmiryol çəkiləndən sonra şose yolunda gəliş-gediş azaldı. Mən də, necə deyərlər, boş evə qarovul çəkirəm. Darıxmamaq üçün uşaqları başıma yığıb yazı-pozu öyrədirəm.

Aleksey Osipoviç ayağa durub Əhmədin çiynindən yapışdı. Onu işığa doğru gətirib, diqqətlə sifətinə baxdı. Elə bu Əhmədin gözlərindəki mənanı oxumaq, gülümsər çöhrəsini çulğamış hüzn və kədərin səbəbini öyrənmək istədi.

– Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi?

– Burada nə var ki? - deyə Əhməd sakitcə cavab verdi.

Aleksey Osipoviç ona baxdıqca öz gəncliyini xatırlayır, Əhməd isə bu qəribə və maraqlı qonağın xeyirxah insana oxşadığını hiss edirdi.

– Adınız nədir?

– Əhməddir. Əvvəllər kənd arasında mənə "poçt Əhməd" deyərdilər. Sonra nədənsə "rus Əhməd" oldum. İndi isə yavaş-yavaş "uçitel Əhmədə" çevrilirəm. Görək sonra nə olacaq.

– Poçt Əhməd... - Aleksey Osipoviç qəhqəhə çəkib güldü. – İndi uçitel olmusan. Lap mənim kimisən. Axı bizim taleyimiz bir-birinə yaman oxşayır. Mən də əvvəllər poçtda işləmişəm. Sonra müəllimliyə başladım. İndinin özündə də yoldaşlarım mənə zarafatla "eks poçtalyon" deyirlər. Elə bir çıxırıq. "Poçt Əhməd", ya da "eks poçtalyon".

İkisi də bir sözdür. - O yenə qəhqəhə çəkdi.

Əhməd qonağının qoltuğunun altı qıdıqlanan uşaq kimi uğunub getdiyini, qıyıq gözlərinin daha da kiçilib yaşardığını gördükdə özünü gülməkdən saxlaya bilmədi. Onlar bir-birinə qoşuldular. Qapı ağzında dayanıb onlara tamaşa edən İvan Filippiç bir şey başa düşmədiyindən çiynini çəkdi və sakitcə samovarı götürüb həyətə çıxdı.

Aleksey Osipoviç gülməyinə ara verib, dəsmalla gözünü sildi. Sonra ağ dəsmalı yenə səliqə ilə qatlayıb şalvar cibinə qoydu. Əlini saqqalına çəkib dayandı.

– Bəs rus dilini burada öyrəmnisən?

– Peterburqda.

– Başı bəlalı adama oxşayırsan, qardaş, - deyə Aleksey Osipoviç müsahibinin üzünə baxdı, sonra da stul çəkib əyləşdi. Onunla üzbəüz dayanan Əhməd eşmə papirosunu yandırandan sonra qonağın hələ də sual dolu baxışlarla onu süzdüyünü görüb dilləndi:

– Oxuyurdum.

– Harda? - Hüquq fakültəsində.

– Qurtara bildinmi?

– Xeyr, yarımçıq qovdular.

– Niyə?

– Siyasi əqidəmi şübhəli hesab etdilər.

Aleksey Osipoviç müsahibinin titrək səslə söylədiyi sözləri eşidəndən sonra stulunu bir az geri çəkdi. Sakitcə dayanıb aramca papiros sümürən Əhmədin nəfəsi qırışıq havaya yayılan tüstü içində xəyal kimi gorünən sifətinə baxdı. Onun saqqalı xeyli uzanmışdı. Uzun saçı qıvrılıb qaşının üstünə qədər enmişdi. Sifətində iztirablı günlərin izi qalsa da, hələ ilk təravətini itirməmişdi. Gözləri dalğın və düşüncəli idi. Aleksey Osipoviçin dodaqları azca qaçdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, 5

Qaranlıq qarışıb əl-ayaq yığışandan sonra Zərnigar xanım yan otağa çəkildi. Səhərdən dilinə bir şey dəyməsə də qulluqçuların gətir-diyi çay-çörəyə əl vurmadı. Anası ilə bərabər, göz yaşı axıdan Salatın nə qədər yalvardısa da, arvad inadından dönmədi. Evə qaranlıq çökdü. Qızının lampanı yandırmaq istədiyini görəndə acıqlandı:– Yıxıl, öl bir yerdə! Mənim çırağımı fələk özü söndürüb.

195713 dəq
Birinci hissə, 6

Mələyin yoxa çıxması xəbərini eşidəndən yarımca saat sonra Allahyar yola hazırlaşdı. Qumar yoldaşlarının və karvansara sahibini duyuq salmamaq üçün əhvalatı açmadı. Onların sualına "daha bəsdir, evdə işim-gücüm tökülüb qalıb", - deyə təmkinlə cavab verdi.Onun atını gətirdilər. Bu neçə gündə arpa yeyib kökələn ot yüyənini çeynəyir, həndəvərinə hərlənən adamları dişləyib gəmirmək istəyirdi. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi Sonra gümüş döşlüyünü sahmana saldı. Ayağını üzəngiyə qoyub, atın belinə qalxmazdan əvvəl mehtərin haqqını verdi.

195714 dəq
Birinci hissə, 7

Əlləri qoynunda, eyvanın dirəyinə söykənib selləmə bahar yağışına tamaşa edən Salatını fıkir götürmüşdü. Şamxal evə qayıtmamışdı. Onun hara getdiyini dəqiq bilən yox idi. Atasının qorxusundan, bir də söz-söhbətdən xoşu gəlib ara qızışdıran arvadların üzünü görmək istəmədiyindən evdən eşiyə çıxmamışdı. Anası da o gündən bəri ağzı üstə döşənib qalmışdı. Ev suyu soğulmuş dəyirmana dönmüşdü.Cahandar ağa ailəsini o taya, meşəyə, binəyə göndərmək istəmişdisə də, Zərnigar xanım: "Bircə onu görməyəcəksən, - deyə kişisinə cavab vermişdi.

195710 dəq
Birinci hissə, 8

Qoca ağır-ağır yoxuşu qalxırdı. Əlindəki söyüd çubuğuna keçirdiyi balıqların pulları parıldayır və quyruqları açıq-çəhrayı rəngə çalırdı. Kişi yorulmuşdu. Tez-tez dayanıb nəfəsini dərir, çiynindəki əndırləri silkələyib kürəyinin ortasına atırdı. O, möhkəm islanmışdı. Dizi yamaqlı şalvarı, arxalığının altından görünən boynu qara sapla işlənmiş kirli alt köynəyi belə yaş idi. Çarıqlarını və iplik corabını soyunub əlinə almışdı. Gecəli-gündüzlü suda qaldığından ağappaq olan dabanını və codlaşmış ayaq barmaqlarını qızmış tozlu torpağa basdıqca, bədəninə istilik yayılırdı. O, iri, saçaqlı papağını boynunun dalına itələmişdi. Qırxıq başından buğ qalxırdı. Sinəsinə düşən ağ saqqalının pərakəndə tüklərini səhər küləyi oynadırdı.Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə çimişən uşaqlara, yulğunluğa doluşan mal-qaraya baxdı. Öküzünün burada olub-olmadığını yoxladı. Sonra yenə yoluna davam etdi. Dikdirin qaşına çatanda bir dəstə uşaqla qarşılaşdı. Onların əllərində balaca qarmaqlar var idi.

19579 dəq

Başqa şairlərin şeirləri