Qoca ağır-ağır yoxuşu qalxırdı. Əlindəki söyüd çubuğuna keçirdiyi balıqların pulları parıldayır və quyruqları açıq-çəhrayı rəngə çalırdı. Kişi yorulmuşdu. Tez-tez dayanıb nəfəsini dərir, çiynindəki əndırləri silkələyib kürəyinin ortasına atırdı. O, möhkəm islanmışdı. Dizi yamaqlı şalvarı, arxalığının altından görünən boynu qara sapla işlənmiş kirli alt köynəyi belə yaş idi. Çarıqlarını və iplik corabını soyunub əlinə almışdı. Gecəli-gündüzlü suda qaldığından ağappaq olan dabanını və codlaşmış ayaq barmaqlarını qızmış tozlu torpağa basdıqca, bədəninə istilik yayılırdı. O, iri, saçaqlı papağını boynunun dalına itələmişdi. Qırxıq başından buğ qalxırdı. Sinəsinə düşən ağ saqqalının pərakəndə tüklərini səhər küləyi oynadırdı.

Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə çimişən uşaqlara, yulğunluğa doluşan mal-qaraya baxdı. Öküzünün burada olub-olmadığını yoxladı. Sonra yenə yoluna davam etdi. Dikdirin qaşına çatanda bir dəstə uşaqla qarşılaşdı. Onların əllərində balaca qarmaqlar var idi.

Uşaqlar Qoca kişini araya aldılar. Hərisliklə onun əlindəki balıqlara baxdılar. Gözləri parıldayan balıqların içində hələ də nəfəs alanları var idi.

– Qoca dayı, bunları hardan tutmusan, yerini bizə də de!

– Demirəm.

– Niyə ki?

– Xeyri yoxdur.

– Nəyin xeyri yoxdur?

– Sizdən balıq tutan olmaz.

– Niyə olmur, ay Qoca dayı?

– Uşaqsınız, bala, gedin ağzınızın qatığını silin.

– Kim, biz uşağıq?

– Bəs nəsiniz, ay xalası göyçəklər?

– Xalamızda işin olmasın.

– Yaxşı, - deyə Qoca kişi dayanıb onları süzdü. Yanları qırış-qırış gözləri kiçilib balacalaşdı. - Xalanız olmasın, nişanlınız olsun. İndi məndən nə istəyirsiniz, ay nişanlısı göyçəklər?

– Ey-ey, - deyə uşaqlardan Əli adlı birisi dilləndi. - Elə eləmə ki, qızına...

– Qızıma nə deyəcəksən, ay sənin bacıyın məməsini yeyim...

Əli gözünü qıyıb kişini süzdü. Onun sinəsinə düşmüş saqqalına baxdı.

– Axı bacarmazsan.

– Niyə bacarmıram?

– Qocasan.

– Qoca olanda nə olar, ay qırışmal, bacını məndən artığına verəcəksən?

Axı sənə yazığım gəlir.

– Niyə?

– Saqqalını yolar.

– Qırxdırram.

– Bəs bığların?

– Kəsdirrəm. Hə, indi sözün nədir?

Əli dayandı, sifətinə qayğıkeş bir görkəm verdi.

– Bacımın xasiyyəti pisdir. Qoca dayı, gəl bu işdən əl götür. Vallah, başına oyun açar.

– Məsələn, nə qayırar?

– Paçalama üstünə minib, tumanının bağı ilə səni boğar.

Uşaqlar qəhqəhə çəkib gülüşdülər. Qoca kişi də onlara qoşuldu.

– Ay haramzadalar, məni bağladınız. Gəlin, balıqları sizə verim, aparın nişanlınıza.

– Nişanlımız sənin balığına qalmayıb, özümüz tutarıq.

– Bəlkə, əliniz boşa çıxdı?

– Onda gəlib apararıq.

– İndi alın, sonra peşman olarsınız.

– Aldatmazsan ki?

– Mənim siznən zarafatım var?

Uşaqlar gülə-gülə ondan aralanıb eniş aşağı düşdülər. Qoca kişi sahilə enən uşaqların dalınca xeyli baxdı. Nəfəsini dərib yoluna davam etdi. İndi o daha cəsarətlə addımlayırdı.

Gəmiçi Qoca həmişə kəndin yeniyetmələri ilə zarafatlaşmağı sevərdi. Heç kəs kişinin bu şuxluğundan inciməz, əksinə, harda görsələr, başına toplaşıb ona sataşardılar. Kişi də söz altında qalmazdı. Deyib-güldükcə elə bil cavanlaşıb yüngülləşərdi. İndi də uşaqlarla zarafatlaşandan sonra özünü yüngül hiss etdi. Elə bil bədəninin ağrısı da azaldı.

Yoxuşu çıxıb qaşı aşandan sonra dayandı. Təpələrdən əsib gələn bahar küləyi onun üzünə vurdu. Kişi dayanıb kəndə doğru baxdı. Bu il havaların yaxşı keçməsi, tez-tez yağış yağması dəmyələri gömgöy enmişdi. Kəndin üst tərəfindəki təpələr yamyaşıl idi. Dəmyədə əkilmiş taxıllar qurşağa çıxırdı. Arpalar buğum verib sünbülləmişdi. Bir az bəridə, təpələrin döşündə isə quzular otlayırdı. Qarnı doyan çəpişlərin çəmənlikdə atılıb-düşməsi Kürün sahilindən belə görünürdü. Sarı çiçəklər, topa-topa bitən lalələr adamın gözünü oxşayırdı. Bir dəstə qız pencər dərirdi.

Gəmiçi Qoca ətrafını ot basmış cığırla kəndin ucqarındakı evinə doğru addımladı. Onun qara damı torpaqdan güclə seçilirdi. Damın ətrafındakı kalafalıqları, xırman yerini, çardağın yanını ot basmışdı. Hətta qazmanın üstündə belə ot cücərmişdi. Arvadı Züleyxa ölənə qədər ev səliqəli olardı. Ancaq iki il idi ki, qarı rəhmətə getmişdi. Bundan sonra kişinin əl-ayağı soyumuşdu. O, həftələrlə evə baş sala bilmirdi. Əgər qızı Güləsər olmasaydı, bəlkə də aylarla gəminin yanında qalar, heç evə qayıtmazdı.

O, düz bir həftə idi ki, evə gəlmirdi, binəyə köçənləri o taya, meşəyə, yaylağa hazırlaşanları isə bəri üzə, kəndə keçirirdi. Aldığı haqdan, pendirdən. çörəkdən yeyib, oralarda dolanırdı. Hərdənbir də uşaqlar ona balıq gətirirdilər. Əgər srağagün Güləsər onun yanına gəlməsəydi, bəlkə heç bu gün də evə qayıtmayacaqdı. Gəmiçi Qoca həm də heç olmasa, bir-iki gün dincəlməli idi. Axı bu gün-sabah el yaylağa qalxacaqdı. Meşədən köçüb gələn binələrin, qoyun sürülərınin, mal-qaranın sayı-hesabı olmayacaqdı. Onların çoxunu Qoca kişi öz gəmisində bəri üzə keçirməli idi.

Kəndin girəcəyində başını qaldırıb ətrafa baxdı. Güləsər taxılın içində pencər yığan qızlardan aralanıb atasına doğru gəlirdi. O, çit donunun ətəyini belinə sancmışdı. Ayaqları yalın idi. Yemlik yeməkdən əlləri və dodaqları bir az qaralıb, şabalıdı rəngə düşmüşdü. Çöllərin küləyi qızın yanağını cızmışdı. Dodaqları da qaysaqlanan kimi olmuşdu. Onun ətəyi dolu idi. Əlindəki bıçaq və dırnaqları nəm torpağa bulaşmışdı. Kişi qızını gorəndə sevindi. Ayaq saxladı. Güləsər bərabərinə çatanda gulümsündü:

– Burda nə gəzirsən, a xalası göyçək?

– Sənə pencər dərirəm.

– Mən də gör sənə nə gətirmişəm.

– Bıy nə yaxşı balıqlardır, ay dədə, özünmü tutubsan?

Qoca kişi balığı gəmi ilə keçirdiyi uşaqlardan aldığını demədi. Başını tərpədib, qızının sözünü təsdiqlədi.

– Dedim, şeytanım qoy bu gün balıq yesin.

– Dünən də qağam tutmuşdu... Şamxal da bizdə idi.

Qız ağzından söz qaçırdığına peşman olub qızardı. Atası dabunu hiss etdi. Qızının xatirinə dəyməmək üçün araya söz qatdı.

– Nə dəribsən?

– İlanotu. Sənə pencər bişirəcəm.

Yağın varmı?

Dünəndən bir qaşıq saxlamışam. Yəqin neçə gündür dilinə isti çörək dəymir.

Niyə dəymir, ay bala, özüm horradan-zaddan bişirirəm.

O, əlindəki balıqları qızına verib qabağa keçdi. Güləsər atasının çatlamış dabanlarına baxa-baxa onun izi ilə getdi.

Hər şey oyanmışdı. Yolun kənarındakı çiçəklərin üstünə qonan xallı kəpənəklər qanadlarını oynada-oynada şirə sorur, bəzən də havanın ətrindən xoşlanıb göyə qalxır və bir-biri ilə zarafatlaşır kimi çəmənlərin dərinliklərinə uçurdular. Onlarla bəhsə girən bal arıları güllərin başına dolanırdılar. Cığırlarda cığır salan qarışqalar harasa tələsir, əllərinə keçənləri daşıyıb yuvalarına doldururdular. Güləsər dayanıb baxdı. İki dozanqurdu mal təzəyini yumurlayıb aparırdı. Onlar başıaşağı durub, dal ayaqları ilə kürəciyi dığırlayırdılar. Bir-birini necə də başa düşür, necə də köməkləşirdilər! Arabir lap yaxından, Qoca kişinin az qala ayağının altından pırıltı ilə qalxan quşlar uçub qabağa düşür və bir xeyli cığırın ortasında səkirdilər. Bəli, yaz gəlmişdi. Bütün canlılar əlləşib işləyirdilər. Qəribə idi. Həmişə gül-çiçək içində üzən kəpənəklər necə də gözəl idilər. Onlar əziyyət çəkmir, səhərdən axşama qədər çiçəkdən-çiçəyə qonurdular. Amma qarışqalar, ya da təzək yuvarladan dozanqurdular əlləşirdilər...

Güləsər köksünü ötürdü və ondan xeyli aralanan atasının yorğun görkəminə tamaşa etdi. Kişi qocalıb əldən düşmüşdü. Güləsərin əlacı olsa, onu heç yana buraxmazdı. Özü qolunu çırmayıb ortaya atılardı. Amma neyləsin, qızın əlindən nə gələ bilərdi?

Onlar həyətə çatdılar. Qoca kişi talvarın altında eşələnən Çərkəzin yanına getdi. Adəti üzrə şuxluğa başladı:

– A xalası göyçək, burda nə əlləşirsən?

Çərkəz belini düzəldib tərini sildi Atasının sualına zarafatla cavab verdi. Qabağındakı qırıq arabanı göstərdi:

– Ölü dirildirəm.

Qoca kişi toz-torpaq basmış boyunduruğa və təkərləri əyilən arabaya baxdı. Əvvəllər onun arabasının bir cağı da sınıq olmazdı. Dağ köçünə hamıdan qabaq hazır olardı. İnişil arvadı öldü, keçən il də əlləri aşağı oldu. Bu il isə heç araba qoşmamışdı. Heç Çərkəz də arabaya yaxın durmazdı. İndi oğlunun hərəkəti onu xeyli düşündürdü.

– Fikrin nədir, ay bala?

– Bəlkə, dağa köçdük.

Kişi oğlunun şini düşmüş təkərlə oynamasını əbəs zəhmət hesab etsə də, bir şey demədi. Arabanın cağları çürümüşdü. Təkərlərin əyrisi çatlayıb aralanmışdı. Deyəsən, ox da qacıyıb əyilmişdi. Belə bir arabanı sazlamaqdansa, təzəsini bağlamaq daha asan olardı. Bir də axı bu əziyyət nəyə lazımdır? Onlar ki, dağa köçən deyildilər.

Kişi çiynindəki kəndiri həyətə atdı. İslanmış corablarını talvarın üstünə tulladı. Çarıqlarını qızına verdi.

– A bala, elə yerə qoy ki, it-pişik aparmasın. Zəhrimar islanıb cılğıya dönüb.

Güləsər atasının altı deşilmiş çarığını gözdən keçirdi və içəri adladı. Orta ocaqda korun-korun yanan kötüyün ucunu vurub qorlandırdı çır-çırpı yığıb üstünə tökdü. Ocaq tüstüləndi. Ətrafı boğaz acışdıran göyümsov bir tüstü bürüdü. Bu duman bir müddət laylanıb evin içinə çökdü və yavaş-yavaş orta bacadan burulub çıxdı. Qız bir-iki dəfə ocağı püflədisə, odun yanmadı. Güləsər göz yaşını və burnunu silib, uzun donunun ətəyi ilə ocağı yellədi. Kösövlər çatırdadı və birdən alışıb parıldadı. Tüstüdən nəfəsi kəsilən Güləsər eşiyə çıxdı.

– Ay dədə, sənə pencərmi bişirim, balıqmı?

– Pencər yaxşıdır. Heç bu il nübar eləməmişəm. İstəyirsən balığı da pörtdət.

Çərkəz fırladıb o üz-bu üzünə baxdığı təkəri əlindən buraxdı. Təkər həyətin ortasında dığırlanıb bir-ikı dövrə vurdu və göy otluğa düşdü. Onun şini cingilti ilə çıxıb, təkərdən üç-dörd addım kənardakı çokəyə yuvarlandı. Çərkəz əlinin tozunu silib, taxtın üstündə oturan atasına yaxınlaşdı.

– Ay dədə, deyəsən, balıq tutmusan, hanı, göstər görüm?

– Sən tutduğun balığı mənə göstərdinmi, mən də göstərim?

– Sən mənim balıq tutduğumu hardan bilirsən?

– Bilirəm, ay xalası göyçək.

Kişi oğlunun üzünə baxıb, xırıltılı səslə güldü. Çərkəz əvvəlcə atasının qıyıq gözlərinə, sonra da ocağın kənarında eşələnən bacısına baxdı.

– Balığı kimnən tutmuşdun?

– Şamxalnan.

– O bizə gəlmişdi?

– Hə, - deyə Çərkəz cavab verdi və qaşqabağı tökülən atasına baxdı. -Nə olarki?

– Heç, - deyə kişi sakitcə dilləndı.

Bir azdan yağda qızardılmış soğan iyi ətrafa yayıldı. Güləsər iri mis cama çəkdiyi pencəri atasının qabağına qoydu. Özü isə Çərkəzlə yanaşı oturdu. Sarımsaqlı qatığı irəli çəkib bir-iki qaşıq pencərin üstünə tökdü.

„Ay dədə, - dedi, - sarımsaqlı yaxşıdır. İştahan açılar. Balığa da asmışam. Bu saat hazır olar. Soyutma bişirirəm.

Qoca kişi qızının bu mehribanlığına qarşı necə minnətdarlıq edəcəyini bilmədi. Ancaq onun üzünə baxıb gülümsəməklə kifayətləndi. Camı qabağına çəkib bardaş qurdu. Çörəkdən kəsib pencəri çömçələdi.

Kişi quru çörəyi dişsiz damağında övkələdikcə çənəsi şaqqıldayır, gicsahlarındakı damarlar oynayırdı. O, tez-tez əyilib fətir götürən qızım gözaltı süzürdü. Güləsər böyümüşdü. Heç bir il bundan qabaqkı arıq, quru qıza oxşamırdı. Elə bil rəngi də ağarmışdı. Döşləri nimdaş qoftasını dik tuturdu. Kişi bunun fərqinə indi vardığından, təəccüblə ona baxır, deməyə söz tapmırdı. O indiyə qədər Güləsəri uşaq hesab edirdi. Amma bu gün elə bil yuxudan ayılmışdı.

Güləsər qardaşı ilə bir qabda xörək yeyirdi. Tez-tez şitlik edir, Çərkəzin qabağındakı pencəri çömçələyib götürürdü. Qardaşını cinləndirib xısın-xısın gülürdü. Kişi görürdü ki, qızı şuxluq edir. Zarafatlaşmaq, əzilib-büzülmək istəyir. Gözləri oyur-oyur oynayır. Yanaqları rəngdən-rəngə düşür. Güləsərdə ilk dəfə müşahidə etdiyi bu hal kişini hürkütdü. "Günü qara lap özünü açıb, - deyə xəyalından keçirdi, -indidən mazaqlaşmaq istəyir. Allah sizin damazlığınızı kəssin. Boyları bir qamçı olan kimi adamın belinə sıçrayırlar".

Onun iştahası qaçdı. Camı geri itələyib, əllərini şalvarının dizinə çəkdi. Güləsər atasının dayandığını görüb təəccüblə soruşdu:

– Niyə yemədin, ay dədə, yoxsa xoşuna gəlmədi?

– Yox, qızım, çox sağ ol, ağzın şirin olsun. Doydum.

Güləsər qabı götürdü.

– Bu saat balıq gətirim, - deyə ayağa durdu.

Kişi onun arxasınca baxdı. Qoşa hörükləri görəndə xəyalı uzaqlara getdi. Qız lap anasına oxşayırdı. Boyu, buxunu, yeriyəndə boynunu bir az yana əyməsi lap Züleyxa idi. O da bunun kimi ortaboylu, tökməbədənli idi. "Yox, qız lap yetişib, gözdə-qulaqda olmaq lazımdır".

Kişi taxtın üstünə uzandı. Güləsər köhnə bir mütəkkə gətirib onun başının altına qoydu. Qoca kişi qəlyanını doldurdu. Arxalığının cibindən çaxmağını çıxardıb qovu alışdırdı. Qəlyanın üstünə qoyub sümürdü.

Baş barmağı ilə közərmiş tütünü basıb, çubuğunu tüstülətdi. Kişini fikir gotürdü...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IV fəsil, 2

Bir gün Mürsəl məktəbin xəritə, qlobus və kölmə kitablar yığılmış basırıq otağından bir qrammofon tapdı. Görünür, ev sahibi Ömər koxanın imiş. Onu götürüb tozunu sildi, trubasını təmizlədi. İki də köhnə, lap köhnə, çalınmaqdan üzləri cızıq-cızıq olmuş val tapdı. Tələsik qrammonun dəstəyini hərlədi, iynəni keçirib oxutmağa başladı. Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu İslamın səsi otağı bürüdü. Mürsəl sevincindən bilmirdi neyləsin. O balaca bir qabaq stolu tapıb eyvanın küncünə qoydu. Qrammofonu stolun üstündə rahatladı. Səs borusunun ağzını yola tərəf çevirdi. Suya gedən və zümzümə edən qız-gəlinlərin gurlaşdığı vaxt dəstəyi fırlayıb qrammofonu oxutdu. Yoldakılar bir anlığına dayanıb, məktəbin eyvanına tərəf boylandılar, qrammofona qulaq asdılar və dirəyə söykənib onlara tamaşa edən Mürsələ baxdılar. Sonra şaqqanaq çəkib, gülə-gülə yollarına davam etdilər. Ertəsi günü bütün kənd zümzüməyə qərq oldu. Mürsəlin adı qızların qımqımısına düşdü. O gündən kəndin bir nəğməsi də artdı. Səhər-axşam zurnaçılar qoşalaşdılar, gündüzlər qız-gəlin zümzümə etdi, qrammofon da məktəbin eyvanında oxudu. Mürsəl qız-gəlinləri qrammofonla suya yola salıb qarşılayır, dərsə gələn uşaqları isə elə bil bu mahnılarla salamlayırdı. O artıq hər şeyə öyrənmiş, kəndin adətlərinə qaynayıb qarışmış və özü də zümzümə edən kənd böcəklərinin birinə çevrilmişdi.Uçitel bunlara göz qoyurdu. Mürsəlin uşaqlarla mehribanlığından, gözəl dərs deməyindən xoşu gəlirdi. İnanırdı ki, ondan yaxşı müəllim olacaq. Bir gün Mürsəl onun yanına gəldi:

19955 dəq
IV fəsil, 3

Kənddə savadsızlığın ləğvinə bağlamışdılar. Qıza maarif şöbəsindən təliqə gəlmişdi: gecə kursları açmaq və savadsız kənd camaatını oraya toplayıb, yazı- pozu öyrətmək. Təliqəni aldıqdan sonra Uçitellə Mürsəl xeyli məsləhətləşdilər.– Kişiləri kurslara gətirmək və onlara yazı-pozu öyrətmək asandır.

19953 dəq
IV fəsil, 4

Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.

19956 dəq
IV fəsil, 5

Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi qalxmışdı. Vaxtından tez oyanan qara xallı qırmızı böcəklər onların arasında gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı və göy rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları bərabər ölçüdə kəsərək yapışqanla birləşdirir və sonra zəncirvarı həlqələri bir-birinə calayırdı. Bu bəzəkil, naxışlı və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin küncünə yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. Şəklin ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, zindanların üstündə dəmir döyən adamların əksi var idi. Fabrik-zavodların bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəbbəri əhatəyə almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi, birləşiniz" sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə həyət-bacanı, sinif otaqlarını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar. Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu. Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.

19953 dəq

Başqa şairlərin şeirləri