IV fəsil, 3
Kənddə savadsızlığın ləğvinə bağlamışdılar. Qıza maarif şöbəsindən təliqə gəlmişdi: gecə kursları açmaq və savadsız kənd camaatını oraya toplayıb, yazı- pozu öyrətmək. Təliqəni aldıqdan sonra Uçitellə Mürsəl xeyli məsləhətləşdilər.
– Kişiləri kurslara gətirmək və onlara yazı-pozu öyrətmək asandır.
Ancaq qadınların məktəbə gəlməsi müşkül işdir, - deyə Uçitel dilləndi. - Hökumətin bu qərarı lap vaxtında verilib: "Ölkədə bir nəfər də olsun, savadsız qalmamalıdır". Yaxşıdır, amma görək bunu necə həyata keçirəcəyik. Gərək kənd ağsaqqalları ilə, hökumət nümayəndələri ilə məsləhətləşib bir yol tapaq.
Mürsəl zehnində nə isə axtarırmış kimi fikrə getdi və onun yanına oxumağa məktub gətirənləri xatırladı. Dustağı, qəriblikdə qohumları, əsgərliyə gedənləri olanlar aldıqları məktubları əziz bir şey kimi qoyunlarında gizlədir və utana- utana Mürsəlin yanına gəlirdilər.
– A, müəllim, üzüm də səndən qara, bizim uşaq dustaqlıqdan kağız yollayıb. Bir oxuyun görək nə yazıb?
Mürsəl ata hənirtisi ilə isinmiş məktubu alıb o üz-bu üzünə baxır, sonra zərfi açır və hiss edirdi ki, dustaq qalada bu məktubu kiməsə yazdırmışdı. Gələn məktubların hamısı eyni sözlərlə başlayırdı: "Əvvəla qəlbimin ən dərin guşəsində bəslədiyim salamları səba nəsiminə qataraq sizlərə göndərirəm". Lap axırda isə məktub yazan öz təşəkkürünü bu sözlərlə bilirirdi: "Sağ olsun bn kağızı oxuyan və qulaq asanlar". Mürsəl başa düşürdü ki, kənddə savadlı adam yoxdu, kimisə axtarıb tapmalı və ona oxutdurmalı idilər. Arvad-uşağın maraqdan bağrı çatlayır, orada yazılanları bilmək istəyirdilər. Amma abır-həyalarına qısılaraq kişiləri məktubla bərabər məktəbə, müəllimlərin yanına göndərirdilər. Evdə oxuyan uşaqları olsa da, onlara inanmırdılar.
Məktub yazan da, məktub alan da bunları yaxşı bilirdi. Ona görə də mütləq yazının sonunda "Sağ olsun bu məktubu oxuyan" sözlərini qeyd edirdilər. Mürsəl xeyr fikirdən sonra, - "Uçitel, - dedi - olmazmı, uşaqlara tapşıraq analarının, bacılarının, bibi və xalalarının əlindən tutub məktəbə gətirsinlər".
– Ağıllı fikirdi.
Bu cür təliqədən kənd şura sədrinə və firqə özək katibinə də göndərmişdilər.
Məktəbdə gecə kursları açıldı. Kişilərə Mürsəl, arvadlara isə Uçitel dərs deməyə başladı. Onlara dəftər, qələm payladılar, düz bir həftə qələmi necə tutmağı öyrətdilər, sonra isə hərftərə keçdilər.
Uçitelin sinfində Zöhrə adlı bir gəlin də var idi. O hər axşam, nıəktəbə gəlməzdən əvvəl, ipək paltar geyinər, təzə ayaqqabısını çıxardar, qoşa hörüklərini kürəyinə atar, yanaqlarında qıvrılan saçını burub, yaşıl yelənli ağ kəlağayısını örtərdi. Sonra qara məxmərin üstünə tikilmiş üç qalar qızıl butalarını başına bağlardı. Kəlağayını gözünün üstünə endirər və elə edərdi ki, qızıllar görünməsin. Gəlin elə bil təzə eşqə düşmüşdü.
Sığallanmaqdan doymurdu. Onun özü sinfə girməzdən əvvəl ətrinin qoxusu otağa dolardı.
Mürsəl qonşu otaqda hisli çırağın solğun işığında kişilərə dərs keçirdi. O, tez- tez dayanır, aşağıya əyilir, kobudlaşmış barmaqların güclə tutduğu qələni düzəldir və göstəriş verirdi. Zöhrə o, aşağı əyildikdə göz altından oğrunca ona baxırdı. Sonra pul kimi qızarıb başını dəftərin üstünə əyirdi. Gəlinin bu hərəkətləri Uçitelin gözündən qaçmamışdı.
Məşğələ qurtardıqdan sonra hamı ayağa durur, qaranlıq gecələrdə əllərinə götürdükləri şaxtaçı çırağına bənzər lampaları işıldada-işıldada kənd yollarına səpələnirdilər. Elə bil iri, titrəşən yarpız böcəkləri doqqazlara, həyətlərə doluşurdu. Qəribə idi..., başqa vaxtlar zəncirdən açılmış kənd itləri doqqazda bir qaraltı görən kimi atılıb hücuma keçir, az qalırdı qabaqdakını süpürləyib basmarlasınlar. Amma yanan çıraqları görən kimi qaçıb çəpərin böyrünə qısılır və qorxudan zingildəyirdilər. Mürsəl isə adəti üzrə gediş-gəliş kəsilib kənd tamam sakitləşənə qədər eyvanda qrammofon oxutdurardı.
Beş-on gündən sonra kəndi yeni bir zümzümə bürüdü. Həyət-bacalarda, çay qırağında, doqqazlarda qımqımı üstündə yeni mahnı oxumağa başladılar. Bu zümzümə və qımqımılarda tez-tez Zöhrənin, Mürsəlin adı çəkilirdi. Zöhrə bu işlərin nə ilə qurtaracağını bəlkə də əvvəlcədən hiss edirdi, amma qəlbində cücərən və yaz bənövşəsi kimi boynu bükük olan hissin qarşısını ala bilmirdi. Sümüyü çaxnaşsa da, özünü bilməməzliyə qoyurdu. Mürsəlin isə heç nədən xəbəri yox idi. Uçitel də yaman təşvişdə idi. Aylar, günlər dolaşdı. Gecə kursları qurtardı, arvadlar, kişilər hıqqana-hıqqana yazıb oxumağa başladılar.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-olen-dunyam-iv-fesil-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hava çox gözəl idi. Axşamkı sazaqdan əsər qalmamışdı. Uşaqlar sürüşə-sürüşə məktəbdən qayıdırdılar. Bəziləri yoldan kənara çıxıb qarın təmiz yerində arxası üstə uzanır, öz şəkillərini qara salırdılar. Ağaran çöllər işıldayıb, adamın gözünü qamaşdırırdı. Camaatın çoxu kürək götürüb damların qarını kürüyürdü. Gümüşü tozcuqlar havaya qalxıb bərq vururdu. Uşaqlar malları qabaqlarına qatıb suvarmağa aparırdılar. Kənddən xeyli aralı olan düzənlikdə uşaqlar qaçışır, itlər nəyi isə qovurdu. Deyəsən, qara düşmüş dovşana rast gəlmişdilər.Tükəzban xala səhəngini dalına alıb asta-asta arxa doğru gedirdi. O, şad idi. Qarıya elə gəlirdi ki, göyün tərtəmiz olması, neçə gündən bəri görünməyən günəşin indi parıldaması, quşların çəpərin üstünə qonub civildəşə-civildəşə özlərini günə verməsi oğlunun ayağının sayəsindədir. İki aya yaxındı ki, o, kəndə gəlmiş, özü ilə bərabər ana qəlbinə istilik gətirmişdi.
7Kosaoğlu oturmaq istəmədi. Otağın ortasında dayanıb, etinasızcasına divardakı şəkillərə, kitab şkafına, qalaq-qalaq yığılmış qəzetlərə, kilabçalara baxdı. O özünü elə aparırdı ki, guya buraya təsadüfən gəlmiş və bir-iki dəqiqədən sonra çıxıb gedəcəkdir. Nəsib dayı da ona fikir vermir, qəzetləri çevirib nə isə axtarırdı. Onlar zahirən özlərini nə qədər laqeyd aparsalar da, bir-birini gizlin-gizlin süzür, hər kiçik hərəkəti belə gözdən qoymurdular. Kosaoğlu idarədəki qəzet və kitabları nəzərdən keçirdikdən sonra acı-acı gülümsədi. "Bu kişi təzədən alimmi olacaq, bu qədər kitab-dəftəri neyləyir?" - deyə fikirləşdi. Özünü saxlaya bilməyib soruşdu:– A Nəsib, bu kağız-kuğazla əlləşməkdən doymadınmı? Elə mən gözümü açandan səni belə görmüşəm.
8İmranı pis qarşılamadilar. Doqqazda görünən kimi Şahnaz eyvandan düşüb kəlağayısının ucları yellənə-yellənə onun qabağına gəldi. Gülə-gülə salamlaşdı və kənara çəkilib İmrana yol verdi.– İt bağlıdır, qorxma...
9Son günlər Zeynəbi tanımaq olmurdu. Onun yanaqları daha da allaşmışdı, qaynar gözləri alışıb-yanırdı. Uşaq kimi atılıb düşür, bir yerdə qərar tuta bilmirdi. Elə bil qızın qəlbinə nə isə könülaçan, adamı fərəhləndirən bir hiss dolmuşdu. Bu hiss coşqun dağ çayı kimi kükrəyib-daşır, öz yatağına sığmırdı. Ona nə olmuşdu? Nə üçün sifəti rəngdən-rəngə düşürdü? Nə üçün bəzən ürəyi tutulmuş quş ürəyi kimi yerindən oynayırdı? Bunu Zeynəb özü də bilmirdi. Bəlkə havaların yaxştıaşması, çöllərdən qarın götürülməsi, ağacların yavaş-yavaş puçurlaması, otların cücərməsi ona təsir etmişdi? Axı yaz gəlirdi. Bu gün-sabah çöllər al-yaşıl geyinəcək, quşlar səs-səsə verəcək, bağlar-bağçalar çiçək içində üzəcəkdi. Zeynəb manqa üzvləri ilə səhər-səhər çöllərə gedəcək, yol uzunu qızlar zarafatlaşıb qaqqıldaşacaq, gecəli-gündüzlü bir yerdə olacaqdılar.Bəlkə də... Yox, Zeynəb heç nə bilmirdi. O yalnız bunu hiss edirdi ki, evdə darıxır, tək otura bilmir. Hətta manqa üzvləri onun yanına gələndə də sakit ola bilmirdi. O, itiyi itmiş kimi darıxır, qapıdan kölgə keçəndə, yaxud bir şıqqıltı gələndə pəncərədən boylanır, elə bil kimi isə gözləyirdi. O, kimin həsrətini çəkirdi? Zeynəb yalnız onu duyurdu ki, axır vaxtlar tez-tez Tükəzban xalagilə qaçır, oradan ayrıla bilmirdi. Yaxşı, burada təəccüblü nə vardı ki? Zeynəb elə uşaqlıqdan o evə gedib-gəlmirdimi? Məgər o, Tükəzban xalanı doğma anası kimi sevmirdi? Gözünü açandan ana üzü görməyən Zeynəb, Tükəzban xalanın qucağında böyüməmişdimi? Bütün el-oba bilmirdimi ki, ata-anadan yetim qalan Zeynəbi Tükəzban xala uşaq evinə göndərməyə qoymamış, "elə billəm, balamın biri də artıqdır" demişdi. Zeynəb onun laylası ilə yuxuya getmiş, onun nəvazişkar səsi ilə yuxudan oyanmışdı. Qız böyüyəndən sonra Tükəzban xala onun saçını sığallayıb: "Qızım, yenə gözüm üstündə olacaq, amma yurdunuzu boş qoyma" - demişdi. Zeynəb öz evlərində yaşamağa başlamışdı.
Başqa şairlərin şeirləri
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,