Bir gün Mürsəl məktəbin xəritə, qlobus və kölmə kitablar yığılmış basırıq otağından bir qrammofon tapdı. Görünür, ev sahibi Ömər koxanın imiş. Onu götürüb tozunu sildi, trubasını təmizlədi. İki də köhnə, lap köhnə, çalınmaqdan üzləri cızıq-cızıq olmuş val tapdı. Tələsik qrammonun dəstəyini hərlədi, iynəni keçirib oxutmağa başladı. Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu İslamın səsi otağı bürüdü. Mürsəl sevincindən bilmirdi neyləsin. O balaca bir qabaq stolu tapıb eyvanın küncünə qoydu. Qrammofonu stolun üstündə rahatladı. Səs borusunun ağzını yola tərəf çevirdi. Suya gedən və zümzümə edən qız-gəlinlərin gurlaşdığı vaxt dəstəyi fırlayıb qrammofonu oxutdu. Yoldakılar bir anlığına dayanıb, məktəbin eyvanına tərəf boylandılar, qrammofona qulaq asdılar və dirəyə söykənib onlara tamaşa edən Mürsələ baxdılar. Sonra şaqqanaq çəkib, gülə-gülə yollarına davam etdilər. Ertəsi günü bütün kənd zümzüməyə qərq oldu. Mürsəlin adı qızların qımqımısına düşdü. O gündən kəndin bir nəğməsi də artdı. Səhər-axşam zurnaçılar qoşalaşdılar, gündüzlər qız-gəlin zümzümə etdi, qrammofon da məktəbin eyvanında oxudu. Mürsəl qız-gəlinləri qrammofonla suya yola salıb qarşılayır, dərsə gələn uşaqları isə elə bil bu mahnılarla salamlayırdı. O artıq hər şeyə öyrənmiş, kəndin adətlərinə qaynayıb qarışmış və özü də zümzümə edən kənd böcəklərinin birinə çevrilmişdi.

Uçitel bunlara göz qoyurdu. Mürsəlin uşaqlarla mehribanlığından, gözəl dərs deməyindən xoşu gəlirdi. İnanırdı ki, ondan yaxşı müəllim olacaq. Bir gün Mürsəl onun yanına gəldi:

– Gəlsənə xeyirxah bir iş görək?! Deyəsən, bu kəndin camaatı heç ömürlərində teatr görməyiblər, onlara bir tamaşa hazırlayaq.

Uçitel azacıq fikrə getdi. Sonra gözlərini ondan cavab gözləyən Mürsəlin üzünə zillədi.

– Fikrin çox gözəldi, amma iki adamla nə tamaşa göstərmək olar?

– Onu da fikirləşmişəm. Qonşu kəndlərin müəlümlərini də yığarıq. Cümə günləri bir yerdə məşq edərik.

Uçitelin ürəyi atlandı. Qori müəllimlər seminariyasını qurtardıqdan sonra ucqar bir dağ kəndinə göndərildiyini xatırladı. Onda cavan idi, lap cavan. Hələ evlənməmişdi. O da Mürsəl kimi bir yerdə otura bilmir, kənddə indiyə qədər heç kəsin ağlına gəlməyən yeni işlər görmək istəyirdi. Gah uşaqlara şərqi öyrədir, divarlarını his basmış ikiotaqlı məktəb binasının küncündə tələbələrinə nağıllar danışırdı. Uçitel o zaman kənd camaatına tamaşa göstərməyi çox arzulamışdı. Amma tək əldən səs çıxmamışdı. Bir də kəndin ağsaqqalları ona göz ağartısı vermişdilər ki, "Camaatla işin yoxdur. Müəllim babasan, get öz işinlə məşğul ol. Allahına da şükür elə ki, uşaqlarını məktəbə göndən var". Əslində məktəbin bir elə məktəbliyi də yox idi. Mart ayı gələn kimi kənd binəyə köçür, ordan da yaylağa qalxırdı. Uşaqlar da ata-anaları ilə gedirdi. Aprel ayından məktəb bağlanır, bir də soyuqlar düşəndə beş-on uşaq dərsə gəlirdi. İndi Uçitel Mürsəlin timsalında öz gəncliyini gördü, cavanlığını xatırladı və ötən illərə qayıtdı. Qəlbində yatmış olan duyğular birdən-birə oyandi, Mürsəli sinəsinə basıb bərk-bərk qucaqladı.

– Günü sabahdan işə başlayaq. Qonşu kəndin müəllimlərini çağırıb razı salmaq mənim boynuma. Onlardan narahat olma. Sözümü yerə salmazlar. Çoxuna dərs demişəm, mənim tələbələrimdir. Hansı əsəri hazırlayaq?

– "Haci Qənbəri".

Razılaşdılar. Düz iki ay məşq etdilər. Nəhayət, tamaşanı göstərməyin vaxtı çatdı, Məktəbin böyründəki Ömər koxadan qalma samanlığı tərtəmiz süpürdülər. Mürsəlin göstərişi ilə uşaqlar evlərindən kilim gətirdilər. Dirəklərə ip bağlayıb pərdə kimi asdılar. Qoyun yunundan özlərinə saqqal düzəltdilər. Teatrda iştirak edəcək cavanlara hisdən bığ çəkdilər. Paltarlarını dəyişdirdilər. Elə etdilər ki, heç kəs onları tanımadı. Mürsəl Hacı Qənbəri oynayırdı. Qoyun yunundan düzəldilmiş uzun ağ saqqalı var idi. Çuxa arxalıq geyinmişdi. Hər şey hazır olduqdan və samanlıq kənd camaatı ilə dolduqdan sonra Mürsəl "səhnə arxasına" keçdi və gözlərinə inanmadı. Gördü ki, kəndin hörmətli adamları: şura sədri, firqə özək katibi və bir-iki ağsaqqal pərdənin arxasında "səhnə" də stul qoyub əyləşiblər. Mürsəl təəccüb və maraqla soruşdu:

– Burda niyə oturmusunuz?

– Biz həmişə yuxarı başda otururuq, müəllim.

Mürsəl cavab verməmişdən əvvəl azacıq fikirləşdi və çıxış yolu tapmış kimi sevindi.

– Burda sizə rahatlıq verməyəcəyik. O yana-bu yana qaçdıqca toz-torpaq havaya qalxacaq. Bu saat uşaqlara deyərəm stullarınızı kilimin o üzünə keçirər, yenə yuxarı başda qabaqda əyləşərsiniz.

Azacıq tərəddüddən sonra razılaşdılar. Tamaşa başladı. Hadisələrin o yeri gəldi ki, Hacı Qənbərin evində qonaqlıqdı, dəryada baraması batmış və başına hava gəlmiş Hacını sakitləşdirmək üçün Əşrəf məclis düzəltmişdi. Bu məclisdə aşıq da çalıb oxumalı idi. Tələbələrdən birinə güc-bəla ilə sazda bir-iki hava çalmağı öyrətmişdilər.

Həmin tələbə səhnədə sazını köynəkdən çıxardıb simləri cingildətdi və nəsə yalan-yanlış bir hava çaldı. Elə bu vaxt camaatın içindən bir səs gəldi: "Anasının balası, elə çalıb oxumazlar". Bu sözləri deyən uca boylu, buxara papaqlı, bənövşəyi şivyətdan köynək və qalifə şalvar geymiş uzunboğaz çəkməli cavan bir oğlan idi. Onun belində sallamalı gümüş kəmər və çiynində saz var idi. Mürsəl gördü ki, o birbaş səhnəyə gəlir. Doğrudan da o, səhnəyə gəldi, dərhal da sazı sinəsinə basdı. Yanıqlı-yanıqlı "Yanıq Kərəm" havasını çaldı. Sonra da zil səslə oxumağa başladı. İçəridəkilər cınqırlarını çəkmədən lal sükutla kişiyə qulaq asdılar. Bunu hiss edən aşıq havanı-havaya calayaraq, ara vermədən sazı da, səsini də zilə çəkdi. Hava isti idi. Səhnədəkiləri tər yuyub aparırdı. Mürsəl suyun içində idi. O bir az səbr elədi və gördü ki, aşıq oxuyub qurtarana oxşamır. Camaat da heyranlıqla ona qulaq asırdı; elə bilirdilər ki, tamaşa elə budur. Vaxt isə keçirdi. Birdən Mürsəlin ağlına bir fikir gəldi; nökəri Cəbini yanına çağırdı. Onun qulağına nə isə pıçıldayıb ayağa durdu. Əlindəki çəliklə Cəbini budarladı.

– Mənim gəmim dəryada qərq olub, baramalanm batıb, siz isə burda kef məclisi düzəldibsiniz, köpək uşağı!

Cəbi isə qışqırmağa başladı:

– Ay camaat, Hacının yenə dəliliyi tutdu, qaçın! - Özünü aşığın üstünə salıb səhnədən camaatın içinə itələdi. Hacının çəliyinin bir-ikisi də ona dəydi. Camaat gülüb özünə gələnədək tamaşanı davametdirdilər.

Ertəsi gün kənd zümzümə içində axşamkı tamaşadan danışır, məktəbin yanından keçənlər ayaq saxlayıb gözaltı Mürsəl müəllimə baxır və bəziləri də yaxınlaşıb soruşurdular:

– A müəllim, bizə yenə teatr göstərəcəksizmi?

– Göstərəcəyik. İndi də sizə "Arşın mal alanı" hazırlayırıq.

– Məni yenə çəliklə döyəcəksənmi?

Bunu deyən aşıq idi. Mürsəl geri dönüb onu qucaqladı.

– Biz istidən ölürdük, sənsə havanı havaya calayıb oxuyurdun. Bə səni səhnədən necə uzaqlaşdırmalı idim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

VI fəsil, 3

Eşelon Poylu körpüsü yaxınlığında dayananda komandir maşinistdən təəccüblə "Niyə dayandıq?" deyə soruşdu.Başını pəncərədən çıxardıb yola baxan ağsaçlı və ağbığlı maşinist dilləndi:

19951 dəq
VI fəsil, 4

Birinci eşelon stansiyanın iki verstliyində dayandı. Yol yenə bağlı idi. Eşelon rəisi vaqondan düşüb əsgərlərin müşayiəti ilə vağzala yaxınlaşdı və birbaş rəisin otağına keçdi. Xudadat bəy, Səfikürdski və zirehli qatarın komandiri içəridə oturmuşdular. Onları görən eşelon rəisi azca özünü itirsə də, amiranə tərzdə vağzal rəisinə müraciət etdi:– Yolları nə üçün açmırsınız?

19953 dəq
VI fəsil, 5

Şamxor yolu ilə Gəncəyə doğru irəliləyən izdihamın sevinci hədsiz idi. İndi onların böyük bir ordunu silahlandıracaq qədər silahları var idi. Müşayiətçilərin əhatəsində öndə gedən faytondakı Xudadat bəy tez-tez yanındakı Aslan bəy Səfikürdəkini qucaqlayır "Artıq geniş səfərbərlik elan edə bilərik. İndi hər şeyimiz var" deyirdi. Silahları təhvil alanlardan bir neçəsi şəhərin girəcəyində atdan düşüb topların lüləsinə paçayırma minib "ura" - deyə qışqırırdılar. Küçə boyu düzülən camaat onları eyni sevinclə qarşıladı.Şəhərin kənarındakı dəmir yolunda isə kirpik boyda görünən vaqonlar tüstülənə-tüstülənə arxayınca, takka-tukla irəliləyirdi.

19951 dəq
VII fəsil, 1

Gecədən xeyli keçmişdi. Göyün üzündəki ulduzlar elə bil yazın belə tez və isti gəlməsinə sevinib sayrışırdı. Həmişə səksəkəli yatan şəhər bu gecə də narahat idi. Küçələrdə at ayaqlarının tappıltısı eşidilir, arabir təkəm-seyrək gözə dəyən keşikçilər görünürdü. XI rus-bolşevik ordusu bir aya yaxın idi ki, Gəncə şəhərini zəbt etmişdi.Çay sahilində yerləşən zirzəmilərin birindən solğun işıq gəlirdi. İçəri zabitlərlə dolu idi. Bakıda müsavat hökumətinin devrilməsindən sonra təslim olmaq istəməyən zabitlər Gəncədəki narazı hərbiçilərlə birləşmişdi. İndi onlar gizlin məşvərətə yığışmışdılar. Məşvərətə Azərbaycan hökuməti dövründə Gəncə hərbi qarnizonun rəisi vəzifəsini icra edən Cavad bəy Şıxlınski və Gəncə atıcı alayının komandiri polkovnik Cahangir bəy Kazımov rəhbərlik edirdilər.

19953 dəq

Başqa şairlərin şeirləri