Eşelon Poylu körpüsü yaxınlığında dayananda komandir maşinistdən təəccüblə "Niyə dayandıq?" deyə soruşdu.

Başını pəncərədən çıxardıb yola baxan ağsaçlı və ağbığlı maşinist dilləndi:

– Simafor bağlıdır.

Qatar körpünün yaxınlığında Kürün yaxası boyu dayanmışdı. Vaqonların içi soyuq idi. Neçə gündən bəri dəmir sobaları qalamaq üçün heç nə tapmırdılar. Daş kömür va odun çoxdan qurtarmışdı. Əsgərlərdən biri sahildə kökündən qurumuş iri bir palıd ağacını gördükdə dərhal xırxı və baltasını götürüb vaqondan yerə düşdü. Bunu görən o biri vaqondakı əsgərlər də yerə tökülüşdülər. Qorxu və vahiməni unudaraq odun doğramağa başladılar. Doğranmış odunları qucaq-qucaq vaqona yığdılar. Azacıq sonra sobalar tüstüləndi, vaqonlar istiləndi. Neçə gündən bəri üşüdüyündən büzüşüb şinelə bürünən əsgərlərin bədənləri isindi.

Paravozun meşədə əks-səda verən kəsik-kəsik fiti eşidildi və ağır-ağır dartınaraq hərəkətə başladı. Kürün suyu sırsıra bağlamışdı. Çayın yaxası boyu meşədə ördəklər, qazlar uçuşurdu.

Qatar Poylu körpüsünü keçib Ağstafaya yaxınlaşdı. Yol yenə də bağlı idi. Onları ehtiyat yolunda dayandırdılar, dərhal qapılar açıldı. Əsgərlər əllərində su qabları perrona axışdılar. Divara iri hərflərlə "Kipyatok" yazılmış kranın ətrafında növbəyə düzüldülər. Təxminən bir saatdan sonra vaqonlarda özlərinə çay düzəldən əsgərlərin kefi yaxşılaşmışdı. Stansiya rəisinin otağında isə mübahisə gedirdi.

– Bizi nə üçün ləngidirsiniz?

– Yol bağlıdır.

– Necə yəni yol bağlıdır?

– Deyilənə görə, körpülər minalanmışdı.

– Bunu öyrənmək olmazmı?

– Olar, adam göndərmişik. Xəbər alatı kimi sizi yola salacağıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

14

Yaz aylarında Tükəzban xala həmişə ağac dibində gəbə salıb süfrə açmaqdan ləzzət alardı. Onun xoşu gələrdi ki, ürəyi istədiyi adamlar evinə qonaq gəlsinlər, döşəkcənin üstündə oturub mütəkkəyə dirsəklənsinlər, xoruzquyruğu çay içib söhbət eləsinlər. Qohum-əqrəbanın söhbəti uzandıqca, stəkanlardakı məxməri çay buğlanıb qaysaqlandıqca, Tükəzban xalanın ürəyi də sərinləyirdi. İmran da yazda həmişə çöldə, ağac dibində çörək yeməyi xoşlayırdı.Tükəzban xala Nərgiz müəllimi də buna öyrətmişdi. Neçə gün idi ki, onlar bağda nahar eləyirdilər. Nərgiz müəllimə dərsdən gələndə hər şeyi hazır görürdü. Tükəzban xala ona ağzını açmağa imkan vermirdi.

195413 dəq
15

Nəsib dayı sahələri gəzməkdən qayıdırdı. At bürküdən və yorğunluqdan ağır-ağır yeriyirdi. Yəhərdə oturmaqdan bəzən Nəsib dayı yorğun nəzərlərlə ətrafa göz gəzdirdi. O gah Ermənistana doğru uzanan yollara, gah Dəlidağa, gah da yaşıl çöllərə baxırdı.Dalğalanmağa başlayan taxıl zəmilərinin içində quşlar səkirdi. Bəzən qulaqlarını qoşalaşdırıb yolun kənarında oturan dovşan gözə dəyirdi.

195413 dəq
16

Nərgiz müəllimə bu səhər lap tezdən durmuşdu. O, tarlaları gəzmək, tənəffüsdə kolxozçulara qəzet oxuyub, ikinci növbəyə qədər dərsə qayıtmaq istəyirdi. Hava olduqca xoş idi. Çisələmə yağışdan sonra bütün ağaclar, çöllər, taxıl zəmiləri par-par parıldayırdı. Hər şey adamın üzünə gülürdü. Elə bil təbiət yuyunmuş, indi də nazlı gəlinlər kimi səhər-səhər xumarlanırdı. Çiçək açmış meyvə ağaclarının qoynunda yerləşən kəndi ətirli səhər havası bürümüşdü.Kəndin ortası ilə bir dəstə qız gedirdi. Yaşıl, bənövşəyi, sarı, qırmızı, yelənli kəlağayıların ucları yellənirdi. İpək koftatar, güllü donlar adamın gözünü qamaşdırırdı. Çiyinlərində kətmən qızlar gülüşür, arabir də zarafat edib bir-birini qovurdular.

19546 dəq
17

Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?

195417 dəq

Başqa şairlərin şeirləri