Səhifə 1 / 3

İmranı pis qarşılamadilar. Doqqazda görünən kimi Şahnaz eyvandan düşüb kəlağayısının ucları yellənə-yellənə onun qabağına gəldi. Gülə-gülə salamlaşdı və kənara çəkilib İmrana yol verdi.

– İt bağlıdır, qorxma...

İmran yanaşı gedə-gedə Şahnazı gözaltı süzdü. Onun kəlağayısı sürüşüb çiyninə düşmüşdü. Zil qara saçları tən ortadan ayrılmışdı. Əynindəki zolaqlı qırmızı jaket köksünü sıxırdı. Qız yeridikcə, sinəsini yarıb irəli çıxan döşləri jaketin altında titrəyirdi. Havanın soyuqluğuna baxmayaraq, Şahnaz corab geyməmişdi. Ətli baldırları qızarmışdı.

Şahnaz açıq qollarını ata-ata yeriyib, boynunu yana əyərək, gözünü İmrana zilləyib qımışırdı.

– Nə yaxşı gəldin, mən dedim gəlməzsən.

– Niyə? - İmran təəccüblə onun üzünə baxdı.

Şahnaz utancaq qızlar kimi başını aşağı salıb həyalandı.

– Nə bilim.

Onun əzildiyini görən İmran ürəyində "keçmə qızların bu xasiyyətindən" - dedi, sonra ucadan əlavə etdi:

– Çağırılan yerə ar eləməzlər.

– Eləmi? - deyə Şahnaz səsini uzatdı və dayanıb İmrana baxdı. Onun gözlərindəki qaynarlıq İmranın nəzərindən yayınmadı. Şahnaz həmişə oğlanlarla danışanda etdiyi kimi, dilinin ucu ilə dodaqlarını islatdı və alt dodağını büzüb gülümsündü. Yanaqlarında qırmızı ləkələr əmələ gəldi. Gicgahlarındakı zəif damarlar qabarıb tez-tez vurmağa başladı.

– Mən səni çoxdan gözləyirdim. Elə Sayalı bibim də istəyirdi səni qonaq çağırsın. Axırda yenə dayım qoçaq çıxdı. Bizdən qabağa düşdü.

Onlar eyvana çatdılar. Ətli-canlı Sayalı irəli yeriyib ərklə İmranın boynunu qucaqladı.

– Maşallah, yekə oğları olubsan, torpağı sanı yaşayasan, lap atan Səmədin yerini tutubsan. Bəxtəvər Tükəzbanın daha nə dərdi var?!

Neçə vaxtdır kənddəsən, bəs bizə niyə gəlmirdin? Yoxsa qorxursan gözümüz dəyə, hə? Ay qırışmal, adam bir az böyüyəndə uzaq gəzər?

Yad da deyilik. Ürəyin nə vaxt istəyir, gəl də, get də. Elə gərək dilimizlə çağıraq? Qurban qağan da axşamlar evdə tək olur. Gəlin oturun, çaydan-zaddan için. Bilirəm, şəhər adamısan, darıxırsan. Radiomuz da var. Nə vaxt ürəyin istəsə gəl qur, qulaq as. Keç içəri. Elə Qurban qağan da içəridədir, oturub səni gözləyir. Ay qız, Şahnaz, gəl İmranın paltosunu tut. Şahnaz qımışa-qımışa İmranın paltosunu aldı. Sayalı qızı yenicə görürmüş kimi başdan-ayağa süzdü.

– Ay dəli, əyninə paltar geysənə, bu soyuqda baldır-başı açıq niyə gəzirsən? Üşümürsənmi?

Şahnaz yerində yırğalanıb, dabanı üstə geri döndü. Hörükləri kürəyinin ortasında oynadı.

– Niyə üşüyürəm, qocalmamışam ha...

O, ləngər vura-vura o biri otağa keçdi. Sayalı qapını açdı.

– A kişi, qonaq istəmirsənmi, bir dur bax, gör kim gəlib.

Kosaoğlu qapıya doğru qanrıldı və radionu söndürüb ağır-ağır ayağa qalxdı. İmranla görüşdü.

– Keç, a bala, yuxarı adla. Harada oturaq? İstəyirsən döşək saldırım, elə gəbənin üstündə əyləşək. Mənim mütəkkəyə dirsəklənməkdən yaman xoşum gəlir. Elə gəbənin üstündə bir-iki çay içib söhbət elərik.

– Nə cür istəyirsiniz.

Kosaoğlu bir az duruxdu. Yerə döşənmiş gəbələrə, stolun ətrafına düzülmüş stullara baxdı.

– Yaxşı, qoy sən deyən olsun. Stulda oturaq. Görürəm şəhərli olub gedibsən. Yəqin bardaş qurmağı da yadından çıxardıbsan. Onlar stul çəkib qabaq-qabağa əyləşdilər. Kosaoğlu yavaşca papiros eşməyə, İmran otağı nəzərdən keçirməyə başladı. Divarlara vurulmuş xalçaların üstündən cürbəcür şəkillər və işləməli tikişlər asılmışdı. Balıq bədənli qızlar, uzunboğaz hacıleyləklər, topla oynayan pişiklər... Görünür, Şahnaz öz zövqünə görə tikdiyi tikişləri və şəkilləri bir-birinə yaraşdıraraq divardan asanda da heç kimlə məsləhətləşməmişdi. Bir az aşağıda çoxlu foto-şəkil vardı. İmran müxtəlif şəkillər içərisindən əllərini çarpazlayaraq sinəsinə dayamış Şahnazın ona baxdığını gördü. Qızıl dişinin parıltısı da nəzərə çarpırdı. Ondan sağda Kosaoğlunun, Sayalının, uşaqların və İmranın tanıya bilmədiyi başqa adamların şəkilləri vurulmuşdu. Evin içi başdan-başa gəbə ilə döşənmişdi. Aşağı küncdə güzgülü paltar şkafı, onun yanında müxtəlif şüşə qablarla dolu bufet qoyulmuşdu. Pəncərə tərəfdə batareya ilə işləyən "Rodina" radioqəbuledicisi yerləşdirilmişdi.

Kosaoğlu gözaltı İmranı süzüb gülümsündü. Sanki öz cah-cəlalı ilə onu heyran etdiyindən həzz alırdı.

Qapı açıldı. Şahnaz stolun ətrafında dolanıb bufetə doğru gəldi. Otağı ətir bürüdü. O indi dikdaban qara lak ayaqqabı, nazik corab və son dəbdə tikilmiş şifon don geyinmişdi. Elə bil onun beli bayaqkından xeyli nazilmişdi, gözəlləşmişdi. Bu nazik paltarda qızın titrəyən bədəni, ağ, ətli qolları daha qəşəng görünürdü. Bacısı qızını gözdən keçirən Kosaoğlu özünü saxlaya bilmədi:

– A bala, yaylamayıbsan ha, əyninə özgə paltar geyinsənə!

– Heç nə olmaz, istidir, - deyə Şahnaz bufeti açıb qabları cingildətdi. O fırlanıb otaqdan çıxarkən Kosaoğlu yenə dilləndi:

– Bibinə de, çaydan-zaddan qoysun.

– Özüm hamısını bilirəm.

Ortalığa yenə sükut çökdü. İmran nə üçün çağırıldığını düşünür, ona göstərilən bu mebribanlığa bir məna verə bilmirdi. Kosaoğlu isə söhbətə necə başlayacağını fikirləşdi. Arada Şahnaz otağa gəlməsəydi, onlar uzun zaman beləcə qalacaqdılar. Şahnaz, əlində iri bir albom, içəri girdi. Üzünü dayısına tutub dedi:

– Bu saat hər şey hazır olacaq, - o, albomu İmranın qabağına qoydu. - Al bax, darıxma. Bilirəm şəhər adamları belə şeyləri çox xoşlayırlar.

O, "şəhər adamları" sözünü xüsusi əda ilə dedi. Lakin İmran heç nəyə əhəmiyyət vermədi. Albomu vərəqləməyə, oradakı şəkillərə baxıb xatirələri oxumağa başladı: "Ömür bir sudur daim axar, saxla bu şəklim qalsın yadigar". "Əziz bacı, müvəqqəti həyatımın əbədi yadigarı bu əksimi sənə verirəm". "Baxıb xatırlama, xatırlayıb bax". "Küsgün bacından". "Talesiz qızlardan"... İmran bunları oxuduqca başını bulayır, süni ah-uflarla dolu olan bu qeydləri yazanlara acıyırdi. Şahnaz otaqda hey fırlanır, arabir də İmranın çiyni üstündən əyilib şəkilləri göstərirdi. "Bu mənim bacılığımdır, bir yerdə oxumuşuq, bu da onun padruqasıdır. O xalası qızıdır. O biri do onun nişanlısıdır". Şahnaz aşağı əyildikdə İmran onun ilıq nəfəsini üzündə hiss edirdi. Bu yaxınlıq və təmasdan özünü itirən kimi olurdu. Şahnaz dayısından belə çəkinmədən oğlana daha çox yaxınlaşırdı. Hətta bir-iki dəfə təsadüfənmi, yoxsa qəsdənmi, Şahnazın döşləri İmranın çiyninə toxundu. İmran çiynini çəkmək istədikdə, Şahnaz aşağı əyilib şəkli götürdü və sinəsini ona daha da sıxdı. İmran qızın ürək doyüntülərini kürəyində hiss etdi.

Onların bu cür baş-başa verdiklərini görən Kosaoğlu sakitcə stuldan qalxdı, gəbənin üstünə uzanıb mütəkkəyə dirsəkləndi.

– Məni qınamayın, a bala, stulda otura bilmirəm.

– Sən elə gərək bizi qonaq yanında biabır eləyəsən.

– Qonaq niyə olur, öz uşağımızdır.

Şahnaz İmrana daha da yaxınlaşdı. Qızın yanağına düşmüş qıvrım tel İmranın üzünə toxundu. İmran bədəninin qıdıqlandığını və qulağının dibində həyəcanlı nəfəs alan Şahnazın azacıq titrədiyini duydu. Bu qızın gözlərində həm açıq bir həyasızlıq, həm ehtiras, həm məğrurluq, həm də özünə inam vardı. İmran diksinərək stulu geri çəkdi və albomu örtdü. Şahnaz qaşlarını dartıb nəm dodaqlarını büzdü. İmran onun gözlərində ani bir qığılcım parıldadığını gördü. Şahnaz dikəldi. İmranı tora düşən bir balıq zənn edib şaqqıltı ilə güldü və ondan aralandı, bir goz qırpımında otaqdan çıxdı. İmranın pərt olduğunu görən Kosaoğlu dilləndi:

– A bala, nərd oynamaq bilirsənmi?

İmran başı ilə təsdiq elədi.

– Onda zəhmət çək, sən məndən cavansan, şkafın başından nərdi gətir, bir-iki əl oynayaq. Deyəsən, bunların çörəyi gec olacaq.

Şahnaz bir də otağa qayıdanda Kosaoğlu ilə İmran oynu qızışdırmışdılar. Zərlər ortada fırlanır, daşlar şaqqıldayırdı. Şahnaz yenə sağa-sola keçir, arabir ayaq saxlayıb oyuna diqqət edir və İmrana sataşırdı. Hətta bir-iki dəfə dayanıb İmrana kömək də elədi.

Otağa toyuq qızartmasının ətri dolan kimi Şahnaz nərdi yığışdırdı. Kosaoğlu ilə İmran xörək yeməyə başladılar. Şahnaz əvvəlcə patefon oxutmaq istədi, sonra fikrini dəyişib radiaqubuledicini qurdu. Yaşıl lampa bir-iki dəfə titrəyib göz qırpdı. Cihaz xırıldadı. Şahnaz düyməni hərlədi. Müxtəlif səslər bir-birini təqib etdi və birdən xırıltı kəsildi, otağa məlahətli bir səs yayıldı.

"Kəndimizə gələn ağranom oğlan,

Ürəyim titrəyir görəndə səni..."

Elə bil bu mahnını qəsdən oxuyurdular. Şahnaz havanın lap yerinə düşdüyündən uşaq kinü sevindi. Kosaoğlu dodaqlarını silib mahnıya qulaq asdı və söhbətə mövzu tapıb dərhal dilləndi.

– Görürsənmi, kəndə gəlməmiş sizə mahnı da qoşublar.

– Özü də qızın dili ilə.

– Elə onu de. İndiki qızlar hər şeyi yaxşı ölçüb-biçirlər. Görürlər ki, bu saat ağranoma yaman fikir verirlər. O saat ürəkləri keçir, oturub şer qoşurlar. - Kosaoğlu gözlərini qıyıb mənalı-mənalı İmrana baxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, 17

Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?

19578 dəq
Üçüncü hissə, 18

Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.

19578 dəq
Dördüncü hissə, 1

Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.

195710 dəq
Dördüncü hissə, 2

Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.

195710 dəq

Başqa şairlərin şeirləri