Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.

Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.

Cahandar ağanın çiynindəki yapıncı nəmləndi. Xırdaca çiskin üzünə qondu. Papağını, qaşını, bığını və saqqalını qırov kimi bürüdü. Uzaqdan Qəmərin qaraltısı göründü. At bir yerdə dayanmışdı. Həmişə Cahandar ağanın ayaq tappıltısını eşidəndə bərkdən kişnəyərdi. İrəşməni dartıb ora-bura qaçar, sonra da dal ayağı üstündə şahə qalxıb dayanardı. Ancaq bu dəfə tərpənmədi. Cahandar ağa ona yaxınlaşanda konülsüzcəsinə oxrandı. Kişi təəccüb etdi. Qəmər boynunu bükmüşdü, yazıq-yazıq sahibinin üzünə baxırdı.

Cahandar ağa mıxçanı yerdən çıxartdı. İrəşməni yığdı və atın yanına gəldi. Onun belini sığalladı. Tüklərində gizlənib muncuq kimi yumrulanan damlaları sildi. Nədənsə lap fağırlayıb süst düşən atın boynunu qucaqlayıb üzündən öpdü. Onun gözlərinə baxdı. "Sənə nə olub, Qəmər", – deyə pıçıldadı. At başını azacıq tərpədib qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ürəyində özünü danladı: "Gərək atı axşamdan çullatdıraydım. Belə havada erkək atı tez soyuq alır, yəqin ki, qançır olub, – deyə xəyalından keçirdi. – Bəlkə də agnayıb qabırğasını-zadı sındırıb.

O, atın ətrafına dolandı, dal tərəfə keçdi və daş kimi donub yerində qaldı. Kişinin başına elə bil ağır zərbə endirdüər. Gözlərini qırpmadan təəccüb, heyrət və dəhşətlə ata baxdı. Əlini onun belində, boynunda gəzdirdi. Elə bil əlinin altında soyuq bir ilan tərpəndi. Kişi diksinib geri çəkildi. Bədənini üşütmə götürdü. Bir xeyli gözlərinə inanmadı. Sərxoş kimi iki-üç dəfə atın dövrəsinə fırlandı. Əlini bir də atın yalına çəkdi. Cod və biz-biz tüklər onun ovcunu daladı.

Hər şey aydın idi. Atın yalını, quyruğunu qırxmışdılar. Onlar bir daha sataşmışdılar, onu təhqir etmişdilər, onun qüruruna toxunmuşdular. Kişinin namusu üç şeydir: at, arvad, bir də papaq. Bunlara toxunmaq, onun namusunu ayaq altına atıb tapdalamaq demək idi. Onu diri gözlü qəbrə soxmaq, sinəsinə çal-çarpaz dağ çəkmək idi. İndi o buna necə dözəcəkdi? Maral vuruldu, birtəhər susdu. Qızı Salatını gotürüb qaçmaq istədilər, indi də bu. Bu atı ortaya çıxarmaq olardımı? Onun yalının, quyruğunun qırxıldığını bir adama demək olardımı? Camaat bunu bilsə, Cahandar ağa sussa, onu ələ salmazdılarmı? O, başına papaq qoyub mərəkəyə çıxa bilərdimi?

Kişi lap sarsıldı. Hiss etdi ki, hətta bacısının ölümü belə ona bu qədər ağır gəlməmişdi. Arvadı Zərnigarın, oğlu Şamxalın küsüb getməsi də onu bu qədər yandırmamışdı. Cahandar ağaya elə gəldi ki ürəyi partlayır. Kişi hövlündən nəfəs belə ala bilmirdi.

O dönüb Qəməri bir də təpədən-dırnağa süzdü. Hava azacıq işıqlaşdığından, duman seyrəldiyindən, at indi daha aydın görünürdü. Bu vəziyyətdə o, quyruğu, qanadı yolunub lüməklənmiş bir quşa oxşayırdı. Atın əvvəlki şahanə vüqarı yox olmuşdu. İpək, qız teli kimi sürüşüb boynuna tökülən yalı dibindən qırxıldığından, tüklərin dibi dərz dah kimi biz-biz dayanmışdı. Atın dal tərəfinə baxmaq mümkün deyildi. Qırğı təkin cəld, tərlan kimi vüqarlı, sığallı gəlin kimi yaraşıqlı olan Qəmər indi ağlar günə qalmışdı. Elə bil at özü də bunu duyurdu. Onu kim bu hala salmışdı? Ona kim əl qaldırmışdı? Bəs harda yatmışdıq, bunu niyə bilməmişik? Niyə vaxtında xəbər tutmamışıq?!

Cahandar ağa tüfəngini çiyninə keçirdi. İkiəlli atın belindən yapışdı. Başını Qəmərin böyrünə söykədi. Sifətini yumşaq tüklərə sürtdü. O fırlandı, çevrildi, gah o üzünü, gah bu üzünü, başını atın böyrünə çırpdı. Başını gizlətmək istəyirmiş kimi atın qarnının altına əydi. Ayağının altındakı nəm torpaq eşim-eşim oldu. Göy otlar kökündən çıxıb əzildi. At isə tərpənmədi. Boynunu büküb sahibinə baxdı, nəfəsi ilə onun sifətini isitdi. Sakitcə oxrandı. Elə bil at Cahandar ağanın ürəyindən keçənləri duyur, onun dərdinə şərik olmaq istəyirdi.

Kişi bir xeyli beləcə çapaladı. Sonra əlini yaxasına apardı. Çuxanın qaytanları, düymələri qırıq-qırıq oldu. Çarpazlardan biri onun dırnağına keçdi, sədəf dibindən düşdü. O bunu hiss etmədi. Sudan kənara atılmış balıq kimi ağzını açıb tövşüdü. Burun pərələri genişləndi, sinəsi qalxıb-endi, köks qəfəsi az qaldı partlasın. Qan sağılmış gozünün həlqəsi qızardı. Ona elə gəldi ki, bu saat, elə buradaca ürəyi partlayacaq, atın dırnağının altına düşəcək. Bəlkə bu daha yaxşı idi? Bu cür təhqirlərə dözməkdənsə ölüm münasib idi?!

Hava işıqlaşırdı. Binələri bürüyən çiskin yerə yatıb seyrəlir, dərə aşağı sürünüb gedirdi. Qayalar, iri palıd ağacları, güneydəki çəmənlər üzündəki örtüyü atırdı. Ağacların yarpaqları, çəmənliklərin otu şehə batdığından, günəşin ilk şüalarını əks etdirib parıldayırdı. Dəyələrin ətrafındakı səs-küy çoxalırdı. Arvadlar inək sağır, sığırçılar dana-buzov qovurdu. Bir azdan hər şey aydınlaşacaqdı. Duman tamam çəkilirdi.

Cahandar ağa xeyli, ata baxa-baxa, sal qaya kimi sükut içində, heç nə anlamadan, heç nə düşünmədən dayandı. Kişi keyimişdi. Necə hərəkət edəcəyini bilmirdi. O hər şeyi – qorxunu, ehtiyatı unutmuşdu. Bu saat qayaların arasında adam gizlənə biləcəyini, elə bu fürsətdən istifadə edərək onu öldürə biləcəyini belə unutmuşdu. O ancaq bircə şeyi, bu vəziyyətdən necə çıxmağı fikirləşirdi. O bircə şeyi qət etmişdi ki, atın yalının və quyruğunun qırxıldığını kənddə, hətta evdə də heç kəs bilməməlidir, bu bir sirr olaraq qalmalıdır. Bəs bu boyda atı necə gizlətmək olar? Bir azdan bütün binədəkilər buralarda dolaşacaqdı, Bir adam bu işdən xəbər tutsa, kifayət idi. Bəlkə atı gizlincə arana göndərsin? Onda da deməzdilərmi bunun səbəbi nədir? Bir də, bu boyda atı yolda görən olmayacaqdımı? Elə onu kəndə aparan nökərin özünün bu işi bilməsi rüsvayçılıq deyildimi? Cahandar ağa dodaqlarını kip qapayıb, dişlərini bir-birinə sıxdı. Onun alnını, bədənini soyuq tər basdı. Sakitcə irəşməni yığdı. Asta addımlarla cığırla dərəyə endi. O dönüb geri baxdı. Çiskin yox olmuşdu. Qarşıdakı dağın sinəsi işıldayır, binənin üstünə çökən duman geri çəkilirdi.

Cahandar ağa tələsdi. Lap aşağı, dumanın hələ çəkilmədiyi, əksinə daha da qatılaşdığı yerə enməyi qərara aldı. O heç kəsin gözünə görünməmək, heç kəsə rast gəlməmək üçün dumanın altı ilə getməyə və binələrdən uzaqlaşmağa çalışdı. İndi o bir az toxtamışdı.

Cahandar ağa dərəyə endi. Oradan da cığırla qarşıdakı qayanın üstünə qalxdı. Uçurumun kənarına qədər gəldi. Lap aşağıda çay axırdı. Köpüklü suların qıjıltısı qayalara düşüb, əks-səda verirdi. Çayın o üzü də sıldırımlıq idi. Qayaların üstünü mamır basmışdı. Daşların arasından təkəm-seyrək ağac çıxmışdı. Çayın vadisini uğultu bürümüşdü. Hirsli sular iri, qara, yuvarlaq daşları yumalaya-yumalaya gətirdikcə, bir-birinə toxunub şaqqıldayırdı.

Kişi köksünü ötürüb atının irəşməsini yerə atdı. Qutusunu çıxardıb tələsmədən, fikirli-fikirli papiros eşdi. Qəmər sakitləşib otlamağa başladı. Cahandar ağa tüfəngini dizinin üstünə qoyub donmuşdu. Tüstü-duman içində ata baxdı. "İndi mən nə edim, Qəmər? Axı, sən mənim sirdaşım, dar günümdə harayçım idin. Sən məni çox dardan çıxartmısan. Sən mənim ürəyimdən keçənləri balaca bir işarədən başa düşürdün. Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər. Çox qaranlıq gecələrdə, məndən qabaq, yolda təhlükə olduğunu sən başa düşübsən. Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki, irəli getmək olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişanda geri qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utandırmamısan, başımı uca eləmisən. Neçə dəfə mən sənin yalına yatıb, "gözlərinə qurban, Qəmər, əlac sənə qalıb" demişəm. Sən quş kimi qanad açıb məni güllənin altından çıxartmısan. Mən səni özümə qardaş, sirdaş bilirdim, Qəmər, sən kişnəyəndə ürəyim dağa dönürdü. Şahə qalxıb fırlananda elə bilirdim yeri, göyü mənə bağışlayırlar. Qəmər, indi mən nə edim, sənin rüsvayçılığına necə dözüm?"

Kişi papirosunu dalbadal sümürdü. Acgözlüklə tüstünü ciyərlərinə çəkdi. Kötüyü atıb ayağa durdu. Ata yaxınlaşdı. Onun yalını, belini sığalladı. Cibindən iri bir dəsmal çıxardıb Qəmərin bədənini sildi, hər yerini tərtəmiz quruladı. Qulağının dibini qaşıdı, atın başını sinəsinə sıxdı. At bu nəvazişi hiss etdi. Sahibinin qucağında xumarlandı. Cahandar ağanın gözü Qəmərin gözlərinə sataşdı. Bu iri gözlərdə olduqca mülayim və mehriban bir baxış var idi. Elə bil bu dilsiz heyvan lal baxışları ilə onu sakitləşdirmək istəyirdi, sahibinə demək istəyirdi ki, mən də ləkəli, gözükölgəli yaşamaq istəmirəm. Mən yaşayanda da, öləndə də mərd olmaq istəyirəm.

Günəşin işığı aşağılara endi. Dərələrə çökən qatı kölgə dağların döşü ilə yuxarı qalxdı. Cahandar ağanın dayandığı yer birdən-birə günəşin nuruna qərq oldu. Otlar parıldadı. Şehlər göz qamaşdırdı. Kişi atın başını yuxarı qaldırdı. Onun gözlərinə baxdı. İri, həbəşi dodaqlarını atın sifətinə yaxınlaşdırdı. Qəmərin gözlərindən öpdü. Boynundakı ipi açdı. Ehmalca qayanın kənarına doğru hayladı.

Qəmər ayaq saxladı. Ceyran kimi boynunu dik tutub boylandı. Onun gözü elə bil yaşardı. Burun pərələri genişləndi.

Cahandar ağa çaxmağı hərləyib tüfəngi üzünə qaldırdı. Qəmərin alnındakı qaşqanı nişan aldı. Onun yaşla dolmuş və torlanmış gözü atı güclə seçdi. Tətiyi çəkdi.

Qəmər dal ayağı üstə şahə qalxdı. Bir xeyli beləcə dayandı. Cahandar ağaya elə gəldi ki, at yerindən tərpənməyəcək, elə beləcə, dal ayaqlarının üstə daşa dönüb qayanın üstündə qalacaqdır. Ancaq Qəmər birdən müvazinətini itirdi. Onun qabaq ayaqları havada oynadı, arxası üstə çevrildi və birbaş sıldırım aşağı yuvarlandı. At bərkdən kişnədi. Onun səsi dərəyə yayıldı. Qayalar səs-səsə verib şaqqıldadı, bütün ağaclar, sıldırımlar bir-birini harayladı, dərəni ümumi bir uğultu bürüdü. Bu uğultu yaxındakı dağların döşündə əks-səda verib xeyli uzaqlara yayıldı. Elə bil dərədəki köpüklü dağ çayı nəfəsini içəri çəkib susdu.

Cahandar ağa tüfəngini yanına saldı. Sıldırımın qaşında daş kimi dayandı. Uğuldayan dərəyə, qıjıltı ilə axan köpüklü sulara baxdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, 4

Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.

19577 dəq
İkinci hissə, 5

Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.

195711 dəq
İkinci hissə, 6

Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.

195713 dəq
İkinci hissə, 7

Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?

195710 dəq

Başqa şairlərin şeirləri