Şamxal kəndin kənarında, biçənəklərin üst tərəfindəki təpənin qaşında özünə ev tikdi. Kənd cavanları ona kömək etdilər. Birləşib yer qazdılar. Meşədən dirək, kərən gətirdilər. Üç gün gecəli-gündüzlü işləyəndən sonra qazma daxmanın üstünü örtdülər.

Damın pərdilərini Şamxal özü örtdü. Enli qovaq ağaclarını doğrayıb ortadan yardılar. Səliqə ilə yonub yan-yana qoydular. Şamxal evin dal tərəfindən balaca bir pəncərə açdı. Uşaqların hardansa tapıb gətirdikləri bir parça şüşəni ora saldı. Qara damın həyətində iri bir çardaq da tikdilər. Şamxal özü çardağın ətrafını yulğun çubuğu ilə hördü, torpağın süzülüb axmasının qabağını aldı. Həyətdəki ot-ələfi təmizlədi. Harda xırman açacağını, samanlığı, tövləni harda tikəcəyini indidən müəyyənləşdirdi.

Kənd camaatı əvvəlcə bu işə təəccüb etdi. Şaraxalın yanına gəlib onu danlayan ağsaqqallar da oldu. Ancaq o, sözündən dönmədi.

Bu xəbər Cahandar ağanı təəccübləndirmədi. "Tərs oğlu tərs, südünə çəkib, - deyə ürəyində onu yamanladı. - İnadın biridir. Bilirdim ki, axırı belə olacaq". O bu işə bir tərəfdən sevinir, oğlunun öz atasına belə boyun əymədiyıni, kişi kimi sözünün üstündə durduğunu bəyənirdi. O biri tərəfdən də onun, Cahandar ağanın oğlunun qara damda yaşamasını şəninə sığışdıra bilmirdi. "Bir gün ağıllanar, başı əlhəd daşına dəyib geri qayıdar" - deyirdi. Ancaq onun gözlədiyi kimi olmadı. Bir dəfə ilxıçılar xəbər gətirdilər kı, Şamxal çəmənliyə gəlib ayağı səkil qaşqa atı aparmışdır. O heç kəsə heç nə demədən birbaş ılxının içinə girib atı yallamış və quş kimi sıçrayıb belinə qalxmışdı. Dikdiri çıxıb kəndə doğru gedyn atlının qabağına heç kəs keçə bilməmişdi. Bu xəbər Cahandar ağanı hirsləndirsə də dinməmişdi.

Əri iIə küsü saxlayan Zərnigar xanım da buna dözə bilməmiş, "Axır ki, istəyinə çatdın. İndi ürəyin dincəlsin", - deyə ərini sancmışdı. Cahandar ağa oğlunun yenə nə isə aparacağını gözləyirdi, ancaq Şamxal bir daha buralarda hərlənməmişdi.

Şamxal divarından nəm qoxusu gələn daxmada tək yaşayırdı. Onun nə yorğan-döşəyi, nə künc-bucağında yeməyə bir şeyi vardı. Əvvəlcə ayrı yaşamaq ona çox asan gəlirdi. Amma özünə ev tikəndən ikicə gün sonra belə yaşamağın çətinliyini dərk etdi. Hətta bir-iki dəfə qəsdləndi ki, atını minib dayısıgilə getsin. Sonra fikrindən daşındı. Çərkəzgilə getməyə də arlandı.

Əslinə baxsan, Şamxala ayrılıb ev tikməyi elə Çərkəz məsləhət görmüşdü: "Sənə nə var, dədəyin malı-dövləti aşıb-daşır. Əlində on beş iyrimi kənd var. Biçənəklərinin ucu-bucağı görünmür. Torpağın gözü də sizindir. Yaman günündə beş-on tağarlıq yer götürüb əkib-bicərsən. Daha mənim kimi deyilsən ki, - demişdi. - Əgər evinizə qayıtmaq istəmirsənsə, belə məsləhətdir. Qonum-qonşunun qoltuğunda yaşamaqdan pis şey yoxdur". Şamxal çox fikirləşmiş və ona haqq vermişdi. Bu söhbətdən bir gün sonra Şamxal qərarını ona demiş və köməkləşib ev tikmişdilər.

Şamxal bir həftə beləcə yaşadı.

Bir axşam həyətdə oturmuşdu. Çardağın dirəyindən asılan qara çırağın başına dolanan pərvanələrin, xırdaca böcəklərin sayı-hesabı yox idi. Ətraf yaşıllıq olduğundan, uçub işığa gələn cücülərin ardı-arası kəsilmirdi. Dirəyə bağlanmış at qabağındakı göy otu xımırtladırdı. Şamxal həmişəki kimi bu axşam da atını Kürə sulamağa aparmış, qayıdanda biçənəkdən bir qucaq ot çalışdı.

O, içəri keçib taxtın üstünə uzandı. Ulduzlar sayrışırdı. Cırcıramaların səsi bir-birinə qarışmışdı. Cələdəki çaqqallar səs-səsə verib ulaşdıqca kənd itləri hürüşürdü. Kimsə xır yolunda araba sürürdü. Təkərlər qıcıldayırdı.

Şamxalı fikir götürmüşdü. "Bəlkə Habil oğlu Qasımın yanına getsin? Onun dəstəsinə qoşulub çapqınçılığa başlasın? Maldan-qaradan oğurlayıb birbaş həftəbazarına sürsün? Bircə günün içində xırıd edib paltar-palazdan alsın, ev-eşiyini sahmana salsın? Axı, deyirlər, çox adam bu yolla varlanıb? Hərçənd bu yolda ölüm-itim də var. Ancaq nə olsun, yaranan bir gün ölməyəcəkmi?"

O, yanı üstə çevrildi. Papiros eşib-yandırdı. Dalbadal sümürüb tüstünü kənara üfürdü. Yenə fikrinə davam etdi. "Yox, nahaq bu xəyallara düşürəm. Haramçılıqdan bir şey çıxmaz. Adam öləndə də bir şey üstündə ölər. Yoxsa oğurluq üstündə ölmək heç kişilikdən deyil. Camaat adamın cəmdəyinə tüpürər".

Şenliyin aşağısından səs-küy qalxdı. Kimsə damın üstünə çıxıb bərk qıy çəkdi. Dalbadal güllə atıldı. İtlər səs-səsə verib ulaşdılar. Şamxal qalxıb oturdu. Şirin-şirin ot yeyən at qulaqlarını şəkləyib fınxırdı. İtlər nəyi isə qovub cələyə doğru apardılar. Beş-on dəqiqədən sonra hər şey sakitləşdi. Cırcıramaların səsi, Kürün qıjıltısı aydınca eşidildi,

Şamxal yaxında hənirti duyub qulaq kəsildi. Göy otluqda araba sürürdülər. Təkərlərin otları əzməsi və öküzlərin arabir fısıldayıb ot qoparması eşidilirdi. Arabaçı tez-tez çubuğunu şaqqıldadır, "ho-ho, hiş" - deyə heyvanları səsləyirdi. Görünür, o, qabağa düşmüş və yo-iz olmayan yerlərdə arabanı xəndəyə salmaqdan ehtiyat edirdi. Şamxal gələnlərin ötüb gedəcəyini zənn etdi. Ancaq səs-küy yaxınlaşdı. Araba düz işığa gəldi. Şamxal nökərləri Tapdığı tanıdı.

– Xoş gördük, ağa.

– Xoş gördük, hara belə?

– Heç hara, elə sənin yanına gəlmişəm.

– Bəs bu araba-zad nədir?

– Paltar-palazdır. Xanım göndərib.

– Qaytar geri, mənə heç nə lazım deyil.

İndiyəcən arabanın üstündən düşməyib, qardaşının nə deyəcəyini gözləyən Salatın dözmədi. Yerə enib onun yanına gəldi. Quş kimi qanadlanıb Şamxalın boynuna sarıldı.

– Qurbanın olum, ay qağa, nə təhərsən?

Bacısının onu duz kimi yalaması Şamxalı qəhərləndirdi. Qızın saçını sığallayıb üzündən öpdü. Kirimişcə:

– Anam nə təhərdir? - dedi.

– Yaxşıdı. Elə fikri-zikri sənsən. Evin də mübarək. Bəs təkcə darıxmırsan?

– Əlacım nədir? - deyə Şamxal sakitcə dilləndi.

Salatın onun kövrəldiyini hiss etdi. Fürsəti əldən verməyib üzünü Tapdığa tutdu:

– Tez ol, şeyləri boşalt.

– Heç nə lazım deyil.

– Bıy, dərdin ürəyimə, ə, nə danışdığındır? Quru yerdə ha yatmayacaqsan? Evdə palaz-paltar olmazmı?

– Özüm hamısını düzəldərəm. Onun mənə heç nəyi lazım deyil.

– O kimdir? - Salatın dayandı və qardaşının atasına işarə etdiyini başa düşdü. - Gətirdiyimiz şeylərin hamısı anamındır. Öz cehizindəndir. Tapdıq bacı-qardaşın başı qarışdığından istifadə edib, arabadakı yüklərin bəzi qismini boşaltdı. Salatın Şamxala imkan vermədi. Çırağı götürüb qabağa keçdi.

– Gəl görüm, evin necədir?

Onlar çardağı keçib içəri adladılar. Salatın his verən qara çırağı yuxarı qaldırdı. İri və vahiməli kölgələr torpaq döşəmədə gəzdi, divarlara düşdü, bəzən də tavana qalxıb pərdələrdə dolaşdı.

Salatın boş evin ortasında dayandı. Divar nəm idi. Yaş kərən və Pərdələrdən az qala su damırdı. Evin içi bomboş idi. Taxtın üstündə bir cırıq palazda yox idi

– A bacın ölsun, burda necə yatırsan?

– Birtəhər.

Özümü öldürrəm, səni bu cür qoymaram.

Onlar ay doğana qədər əlləşdilər. Gətirdikləri şeylərin hamısını daşıyıb içəri doldurdular. Tapdıq geri qayıtdı. Salatın qardaşından ayrılmadı.

– Səni tək qoyub, heç yana gedən deyiləm.

Onlar elə həyətdə, çardağın altında yer saldılar. Ay yuvarlanıb yuxarı qalxmışdı. Təpələrin, çöllərin üzərinə solğun işıq çilənmişdi. Çəmənlərdən biçilmiş ot qoxusu gəlirdi. Onların gözünə yuxu getmirdi.

– Sabah evini silib-süpürəcəm. Divarlara kilim tutacam. Yorğan-döşəyini yük yerinə yığacam. Qab-qacaq da gətirmişəm. Anam hər şey göndərib. Görək indi sözün nə olacaq. Bizi tək qoyub qaçdın. Heç insafın yoxdur?

– Özün gördün ki?

– Gördüm. Ancaq nə olsun, atandır. Hirslənmişdi. Gəl qayıdaq.

– Az danış, ağzın yekə olar, - deyə Şamxal zarafata salıb bacısını susdurdu. Yorğanı çiyninə çəkib, kürəyini ona doğru çevirdi. Salatın qardaşını arxadan qucaqlayıb büzüşdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 9

Semyonov üstünə göy mahud çəkilmiş iri yazı masasının arxasından durub küncdəki saata yaxınlaşdı. Jiletinin cibindən açan çıxardıb qapağını açdı. Adam boyda olan saatın iri kəfgiri ətalətlə sağa-sola hərəkət etdikcə otağa ahəngdar bir çıqqıltı yayılırdı. Semyonov ağ siferblatın üstündəki naxışlı rəqəmlərə, qızıl suyuna çəkilmiş əqrəblərə baxdıqdan sonra zənciri dartdı. Elə bil saatın çıqqıltısı gücləndi. Əqrəbin böyük tayı on birin üstünə çatdı. Direktorun otağına hardasa, lap uzaqlarda çalınan kilsə zənginin səsini xatırladan bir danqıltı yayıldı. Bu səs bir neçə dəfə təkrar olub dalğalandı. Semyonov adəti üzrə döş cibindən gümüş saatını çıxardıb şaqqıltı ilə qapağını açdı və vaxtı yoxladı. Dalbadal vurulan zəngin dalğalı sədası susana qədər gözünü əqrəblərdən çəkmədi. Düz on bir tamamda hər iki saatın qapağını örtdü və asta addımlarla eyvana çıxdı.Məktəbin həyatı bomboş idi. Hamı dərsdə idi. Sinif otaqlarının pəncərələri açıq idi. Müəllimlərə cavab verən tələbələrin yeknəsəq səsi eşidilirdi. Bu yeknəsəqliyi arabir müəllimlər kəsirdi. Onlar dərs söyləyən uşaqları dayandırıb nə isə soruşur, sonra özləri əlavələr edirdilər. Buradan, direktorun otağının qarşısındakı eyvandan hər şeyi görmək mümkün idi. Semyonov hava xoş olanda, elə indiki kimi, buradaca dayanar və yazı taxtasının önündə dərs söyləyən uşaqlara tamaşa edər, onların verdikləri cavablara qulaq asardı. Onun lövhədə məsələ həll edən riyaziyyat müəllimlərinin, ya da onlara cavab verən tələbələrin rəqəmləri tabaşirlə güllə kimi yazmasından xoşu gələrdi. O, tabaşir taqqıltısından xüsusi zövq alardı. Semyonov lövhədə tabaşirin saat mexanizmi kimi ahəngdar şəkildə taqqıldamasından dərsin necə keçdiyini müəyyənləşdirərdi.

195712 dəq
Dördüncü hissə, 10

Qurğuşun kimi ağır və qatı bir qaranlıq qanad gərib seminariyanın üzərinə çökmüşdü. Sinif otaqlarında yanan işıqlar gecənin qaranlığını boğa bilmir, solğunlaşıb pəncərələrdə öləziyir, duman arxasında imiş kimi güclə görünürdü, Məktəbin həyəti bomboş idi. Pəncərələrdə titrəşən kölgələrdən başqa seminariyanın binasında canlılıq əlaməti yox idi. İnsanı qurğuşun kimi əzib, qüssə və kədərə qərq edən bu ağır sükutdan adamın qulağı güyüldəyirdi. Ancaq Petrov heç nəyə fikir vermədən bir kabus kimi sinif otaqlarının qabağında dolaşırdı. O hər şeyi bilmək, hər pıçıltını dinləmək və hər sözü eşitmək istəyirdi. O, bu dəfə adəti xilafına ayağını yerə astaca basır və çalışırdı ki, çəkmələri səslənməsin.Petrov xeyli dolaşdı, pəncərələrin önündə ayaq saxladı və nəhayət, müsəlman şöbəsinin otaqlarına yaxınlaşdı. Qapıların dalında ayaq saxlayıb içərini dinşədi və axırda Əşrəf oxuyan qrupun pəncərəsinə yaxınlaşdı. Özünü göstərməməyə çalışaraq, ehtiyatla içəri boylandı.

195710 dəq
Dördüncü hissə, 11

Axşam məşğələləri çoxdan qurtarmışdı. Tələbələr xörəklərini yeyib yataqxanaya getmişdilər. Uşaqların yatmasını xəbər verən zəng də çoxdan vurulmuşdu. Amma Dmitri Dmitriyeviç evinə getməmişdi. O, kabinetində təkcə oturmuşdu. Kipianinin tələbələrin gözü qarşısında həbs edilməsi, atlı kazakların axışıb seminariyanın həyətinə doluşması nəhayət, polis rəisinin özbaşınalığı onu hövsələdən çıxartmışdı. Onun icazəsi olmadan rəhbərlik etdiyi məktəbdə görülən işləri Semyonov pedaqoji təlimə zidd hesab edirdi. O, bir direktor kimi bu barədə Qafqaz maarif müvəkkilinə, eləcə də qubernatora raport göndərmiş və tələb etmişdi ki, bu cür özbaşınalıqlara son qoyulsun. Semyonov belə zənn edirdi ki, onun sözü eşidiləcək, hətta Kipianini də azad edəcəklər. Lakin o, tələbələrindən arxayın deyildi. Uşaqların əhvali-ruhiyyəsi onu yamanca narahat edirdi. Semyonov görürdü ki, tələbələr sarsılıblar, daha əvvəlki kimi dərslərə can yandırmırlar. Hətta müəllimlərin dərs deməsinə belə tez-tez mane olurlar. Onlar Kipianinin nə üçün tutulduğunu soruşur, bu işin səbəbini bilmək istəyirdilər. Hətta bir neçə dəfə gəlib Əşrəfin azad olunmasını belə tələb etmişdilər. Semyonov isə sözünün üstündə möhkəm dayanmış, bir direktor kimi verdiyi əmri geri götürməmişdi. Bu gün isə vəziyyət daha da ciddiləşmişdi. Uşaqlar Kipianinin ailəsini Qoridən sürgün olunması xəbərini eşidən kimi dərsi yarımçıq qoyub onun evini əhatə etmişdilər. Hətta xristian şöbəsinin tələbələri polislərlə savaşmışdılar. Onların bir neçəsi indi də qəza dəftərxanasının zirzəmisində dustaq idi. Bütün bunlar Semyonovu darıxdırırdı. O hiss edirdi ki, rəhbəri olduğu məktəbin sükanı əlinin altında ağırlaşır, onu idarə etmək getdikcə çətinləşir. İndi Semyonov adamlara ehtiyatla yanaşır, hər işi şəxsən özü yoxlamamış arxayın ola bilmirdi.Yarım saat bundan əvvəl növbətçi müəllim tələbələrin yataqxanada olduğunu və yuxuya getdiklərini direktora xəbər vermişdi. Hətta gündəlik qeydlər dəftərində də imza atıb evinə getmişdi. Semyonov isə bir qədər də gözləməyi, yatmağa getməzdən əvvəl yataqxanaın yoxlamağı qərara almışdı.

19577 dəq
Dördüncü hissə, 12

Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:

19573 dəq

Başqa şairlərin şeirləri