Dördüncü hissə, 11
Axşam məşğələləri çoxdan qurtarmışdı. Tələbələr xörəklərini yeyib yataqxanaya getmişdilər. Uşaqların yatmasını xəbər verən zəng də çoxdan vurulmuşdu. Amma Dmitri Dmitriyeviç evinə getməmişdi. O, kabinetində təkcə oturmuşdu. Kipianinin tələbələrin gözü qarşısında həbs edilməsi, atlı kazakların axışıb seminariyanın həyətinə doluşması nəhayət, polis rəisinin özbaşınalığı onu hövsələdən çıxartmışdı. Onun icazəsi olmadan rəhbərlik etdiyi məktəbdə görülən işləri Semyonov pedaqoji təlimə zidd hesab edirdi. O, bir direktor kimi bu barədə Qafqaz maarif müvəkkilinə, eləcə də qubernatora raport göndərmiş və tələb etmişdi ki, bu cür özbaşınalıqlara son qoyulsun. Semyonov belə zənn edirdi ki, onun sözü eşidiləcək, hətta Kipianini də azad edəcəklər. Lakin o, tələbələrindən arxayın deyildi. Uşaqların əhvali-ruhiyyəsi onu yamanca narahat edirdi. Semyonov görürdü ki, tələbələr sarsılıblar, daha əvvəlki kimi dərslərə can yandırmırlar. Hətta müəllimlərin dərs deməsinə belə tez-tez mane olurlar. Onlar Kipianinin nə üçün tutulduğunu soruşur, bu işin səbəbini bilmək istəyirdilər. Hətta bir neçə dəfə gəlib Əşrəfin azad olunmasını belə tələb etmişdilər. Semyonov isə sözünün üstündə möhkəm dayanmış, bir direktor kimi verdiyi əmri geri götürməmişdi. Bu gün isə vəziyyət daha da ciddiləşmişdi. Uşaqlar Kipianinin ailəsini Qoridən sürgün olunması xəbərini eşidən kimi dərsi yarımçıq qoyub onun evini əhatə etmişdilər. Hətta xristian şöbəsinin tələbələri polislərlə savaşmışdılar. Onların bir neçəsi indi də qəza dəftərxanasının zirzəmisində dustaq idi. Bütün bunlar Semyonovu darıxdırırdı. O hiss edirdi ki, rəhbəri olduğu məktəbin sükanı əlinin altında ağırlaşır, onu idarə etmək getdikcə çətinləşir. İndi Semyonov adamlara ehtiyatla yanaşır, hər işi şəxsən özü yoxlamamış arxayın ola bilmirdi.
Yarım saat bundan əvvəl növbətçi müəllim tələbələrin yataqxanada olduğunu və yuxuya getdiklərini direktora xəbər vermişdi. Hətta gündəlik qeydlər dəftərində də imza atıb evinə getmişdi. Semyonov isə bir qədər də gözləməyi, yatmağa getməzdən əvvəl yataqxanaın yoxlamağı qərara almışdı.
Saat yeknəsəq bir ahəngdarlıqla danqıldadı. Semyonov düşüncələrdən ayrılıb ayağa durdu. Şlyapasını və qara frakını asılqandan götürdü. Elə bu vaxt qapı ehmalca döyüldü. Semyonov "kimdir?" – deyə soruşdu. Ucaboy, nazik bir adam içəri girdi. Direktor heç nə soruşmadan bu adamın çərkəzi paltarına, belindəki gümüş xəncərinə baxdı. Gələn adam da özünü itirmiş kimi bir xeyli dinmədi. Yan-yörəsinə boylandı. Otaqda direktordan başqa heç kimin olmadığını yəqin etdikdən sonra döş cibindən bir zərf çıxartdı.
– Bu sizə çatacaq.
Semyonov zərfi aldı. Şamın işığına tutub diqqətlə nəzərdən keçirdi. Kağızın üstündə nə poçt möhürü vardı, nə də surğuc.
– Kimdəndir?
– Bilmirəm. Xahiş etdilər, Sizə çatdırım.
– Bəs siz kimsiniz?
– Tanımazsınız, Dmitri Dmitriyeviç, ancaq mən sizi tanıyıram. Siz gimnaziyada mənim qızıma dərs deyirsiniz. Məni bağışlayın, tələsirəm. Salamat qalın.
O gəldiyi kimi də sakitcə qapını örtüb getdi. Semyonov bir xeyli heç nə düşünmədən sükut içində dayandı. Sonra zərfi açdı. Onun içində bir balaca kağız vardı. Kim isə qələmlə tələsik bir neçə söz yazmışdı. "Canab direktor, sabah səhər tezdən Tiflisdən gələn kazaklar Sizin seminariyanı mühasirəyə alacaq və məktəbdə axtarış aparacaqlar. Ehtiyatlı olun. Sizin və bütün xeyirxah adamların dostu olan bir nəfər".
Semyonov çaşıb qaldı. Frakını və şlyapasını stolun üstünə atıb kürsünü altına çəkdi. Şamdanı lap yaxına gətirdi. Məktubu dönə-dönə, diqqətlə təkrar-təkrar oxudu. Bir müddət gözünü kağıza zilləyib dayandı. Xeyli vaxt müəyyən bir qərara gələ bilmədi. İndi o neyləsin? Məktubda yazılanlara inansınmı? Dərhal hamını ayağa qaldırıb polislərdən qabaq özü məktəbdə axtarış aparsın, yoxsa buna əhəmiyyət verməsin? Bəlkə bu məktubu pis niyyətlə yazıblar? Bəlkə bu, xəfiyyələrin qurğusudur?
Kişi lap darıxdı. Yataqxanaya getmək istədiyini, Çernyayevskini gözlədiyini unutdu, ayağa durub fikirli-fikirli otaqda gəzindi. Saat on ikiyə az qalırdı. Yəqin indi uşaqların hamısı yatır. Əgər bu xəbər doğrudursa, kazaklar səhər tezdən burada olmalıdırlarsa, indi Tiflisdən yola düşüblər. Onlar bütün gecəni yatmayacaq, məktəb yuxuda ikən üstümüzü almağa çalışacaqlar. Görəsən bu kimin qurğusudur? Yoxsa mənim özümü də ləkələmək istəyirlər? Yoxsa bizim seminariyanı da şübhəli məktəblər cərgəsinə qatmaq istəyirlər? Bizim uşaqların əlində nə ola bilər?
O bir qədər sakitləşdi və təşvişə düşməyi yersiz saydı, hətta bu barədə heç kəsə bir söz deməməyi qərara aldı. Yenidən şlyapasını və frakını götürdü. Qapıya çatmamış bayırda ayaq səsi eşidib dayandı. Aleksey Osipoviç içəri girdi və azacıq əyilib direktora təzim etdi.
– Üzr istəyirəm, gecikdim.
– Eybi yoxdur.
Onun səsi titrədi. Aleksey Osipoviç diqqətlə direktorun üzünə baxdı:
– Niyə həyəcanlısınız?
Semyonov susdu. Hətta on yaxın dostuna belə, bir az bundan əvvəl aldığı məktub barədə heç nə deməməyi qət etdi. İri addımlarla qapıya yaxınlaşdı. Əlini cəftəyə apardı. Ancaq qapını açmadı. Qanrılıb Aleksey Osipoviçin üzünə baxdı:
– Məyər həyəcanlanmamaq olurmu?
– Nə üçün, yenə təzə xəbər var?
– Var, özü də lap qəribəsi. Buyurun.
Aleksey Osipoviç kağızı alıb işığa yaxınlaşdı. Semyonov isə arxasını qapıya söykəyib dayandı və dostunun məktubu oxuyub qurtarmasını gözlədi.
– İndi nə edək, Aleksey Osipoviç?
– Uşaqlara məsələni açmaq lazımdır.
– Yəni onlarda qadağan olunmuş bir şey tapılar?
– Meşə çaqqalsız olmaz.
Onlar susdular. Aleksey Osipoviç zahirən özünü təmkinli aparsa da direktordan çox təlaş keçirirdi. O, Əşrəfin çarpayısından həmin kitabı tapdıqdan sonra şübhə etmirdi ki, uşaqlarda buna bənzər başqa kitablar da var. Əgər bunlar ələ keçsə, seminariyanı boykot edər, bütün müəllim heyətini dəyişdirər, bəlkə də məktəbi lap birdəfəlik bağlayardılar
– Necə məsləhət bilirsiniz, gedəkmi?
– Gedək. Özü də bir az tələsmək lazımdır.
Aleksey Osipoviç qabağa düşdü. Ancaq astanada dayandı:
– Az qalmışdı ki, unudum, Dmitri Dmitriyeviç, tələbələrdən bir neçəsi sizi görmək istəyir.
– Kimdir, hardadırlar?
– Burdadırlar. Eyvanda dayanıblar.
– Nə olub, yenə vuruşublar?
– Bilmirəm. Nə qədər soruşdumsa demədilər.
Semyonov qapını açıq qoyub iti addımlarla eyvana çıxdı.
– Kimdir məni görmək istəyən?
– Bizik, cənab direktor.
Semyonov eyvanın küncünə, səs gələn tərəfə döndü:
– Siz kimsiniz, bəri, işığa çıxın.
Pəncərədən süzülən işıq döşəməyə sərilib onu zolaq-zolaq etmişdi. Uşaqlar qaranlığı yaran bu işıq zolağına yaxınlaşdılar. Semyonov Lukanı, İvanı dərhal tanıdı. Sonra da dönüb onlardan bir az kənarda dayanan Firiduna baxdı:
– Nə üçün indiyə qədər yatmamısınız?
– Vacib işimiz var.
– Nə olub, yenə dalaşmısınız? İndi kim-kimə hücum edib, xristianlar, yoxsa müsəlmanlar?
Luka yoldaşlarının əvəzində cavab verdi:
– Heç kəs dava eləməyib, cənab direktor, biz başqa iş üçün gəlmişik.
– Yoxsa yenə tələb edəcəksiniz ki, Əşrəfi buraxın, Firidun, elədir?
– Ondan başqa da tələbimiz var.
– Elə isə, buyurun içəri.
Semyonov qabağa düşdü. Keçib öz yerində, kürsüdə əyləşdi. Tələbələrə də oturmağı təklif etdi. Çernyayevski kənarda, pəncərənin önündə dayandı. Semyonov onlan bir qədər gözlədikdən sonra yarızarafat dilləndi:
– Buyurun, mən diplomatik danışıqlara başlamağa hazıram, cənablar. Xristian şöbəsinin tələbəsi İvan direktorun danışıq ahəngindən xoşlanmasa da, özünü itirmədi və dərhal sözə başladı:
– Cənab direktor, Kipianinin və onun ailəsinin vəziyyətindən yəqin ki, xəbərdarsınız. Biz tələbələr onlara yardım etmək məqsədilə pul toplamışıq, hətta müəllimlərdən də bəziləri bu işə qoşulublar. Elə bilirik ki, siz də bu işə tərəfdar çıxıb, bizim səsimizə səs verəcəksiniz.
Semyonovun qaşları çatıldı. Sifətindəki qəzəb bir an içində yox oldu. Uşaqların bu cür qayğıkeşliyini o heç gözləmirdi. Hətta belə bir işin nə üçün əvvəlcə onun ağlına gəlmədiyinə hirsləndi də. Onun keçirdiyi bu hal tələbələrin nəzərindən yayınmadı. Semyonov bir xeyli fikirli-fikirli barmağı ilə stolu taqqıldatdı və səsini alçaldıb mülayimliklə soruşdu:
– İndi tələbiniz nədir?
– Bir qədər də Siz pul verin, sonra da həmin pulların cənab Kipianiyə çatdırılmasına kömək edin.
Otağa ağır sükut çökdü. Saat kəfgirinin tıqqıltısı daha da gücləndi.
– Nə qədər pul yığmısınız?
– Bizim şöbə iki yüz əlli manat.
– Müsəlman şöbəsi də bir o qədər toplayıb.
– Yaxşı iş görmüsünüz, bala, sizin alicənablığınızdan xoşum gəldi. Pulları verin mənə. Sabah müəllimlərdən də toplayarıq, lazımi yerlərlə özüm danışaram. Çalışaram ki, siz deyən kimi olsun. Siz necə məsləhət görürsünüz, Aleksey Osipoviç?
– Bu barədə müəllimlərlə danışmağı mən öhdəmə götürürəm. – Görək məbləği heç olmasa min manata çatdıraq.
– Başqa sözünüz yoxdur ki?
– Var, – Firidun dilləndi. – Əşrəf...
– Gəlin o barədə danışmayaq. Əmr geri götürülməz.
– Biz başqa şey tələb edirik, cənab direktor, – deyə Firidun ötkəmliklə sözünə davam etdi. – Əşrəfə bundan əlavə cəza verilməməlidir.
Əks təqdirdə, bütün tələbələr işə qarışacaq.
– Məni hədələyirsiniz?
– Yox, xəbərdarlıq edirik.
Semyonov hüzurunda dayanan bu dəliqanlı uşaqlara ürəyindən keçənlərin heç birini demədi. Əşrəfi nə üçün cəzalandırmalı olduğunu açıb söyləmədi. Bunu qüruruna da sığışdırmadı. Həm də bu söhbəti kəsməyi qərara aldı. Bir də, bu saat o, tikan üstündə oturmuş kimi narahat idi. Gecə keçirdi. Uşaqlar direktorun nələr fikirləşdiyini anlamasalar da, hiss etdilər ki, o çox qayğılıdır.
Semyonov fikrini topladı və astaca dilləndi:
– O barədə sonra danışarıq. İndi isə daha vacib məsələ var. Madam ki, diplomatik danışığa başlamışıq, onda gərək mənə də qulaq asasınız.
Aldığımız məlumata görə, sabah, səhər tezdən polislər məktəbimizdə axtarış aparacaqlar.
– Məqsədləri nədir?
– Müəllim deyil, hər halda ehtiyatlı olmaq lazımdır.
– Deyin görək, biz nə etməliyik?
– Bu saat gedin yataqxanaya, şübhə doğura biləcək kitabımız varsa gizlədin. Silahınız varsa, onu da gizlədin. Elə edin ki, ələ bir şey keçməsin, aydındırmı?
Uşaqlar əmr almış əsgər kimi ayağa durdular:
– Getmək olarmı?
– Gedin, ancaq bu işi səssiz-küysüz görün, mən sizə arxayınam, əziz balalar.
Uşaqlar direktorun otağından çıxdılar.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-11
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.
Dördüncü hissə, 2Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.
Dördüncü hissə, 3Aleksey Osipoviç yastığa dirsəklənərək qonşu çarpayıda şirin yuxuya getmiş arvadına tamaşa edirdi. Vera əlinin ikisini də cütləyib başının altına qoymuş, dizlərini qarnına doğru azacıq qatlayıb yatmışdı. Yorğan sürüşüb düşdüyündən, çiyninin bir hissəsi və sinəsi açılmışdı. Nəfəsi ipək köynəyinin yaxasındakı tülü yelləndirirdı. Çırağın işığı aşağı çəkilmiş olsa da, arvadın saçlarına düşəndən aydınca görünürdü. Qırışlar onun alnına iz salmışdı. Gözlərinin altı kölgələnmiş, buxağında, sinəsində nazik zehlər əmələ gəlmişdi. Halbuki, beş-altı il bundan əvvəl yanağı, buxağı, elə sinəsi də qəşəng və sığallı idi. Saçları gur və dalğalı idi. Köksü qabarıq olsa da, bədəni nazik və oynaq idi. Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi. Ancaq indi ətə dolub ağırlaşmışdı. Hiss olunurdu ki, Vera yaşlaşmışdı.Onlar on ildən çox idi ki, evlənmişdilər. Çətin günlərdə bir-birinə həyan olmuş, evdə bir azca soyuqluq hiss edəndə nəfəsləri ilə onu isitmiş, qəribliyə düşəndə bir-birinə sığınmışdılar: ürəklərindən keçənləri gözlərindən oxumuşdular. Aleksey Osipoviç hələ indiyə qədər Veradan narazılıq, azacıq da olsa bir şikayət eşitməmiş, özü də arvadının könlünə toxuna biləcək bir hərəkət etməmişdi. Onlar bir-birini çox istəyirdilər. Uşaq vaxtı Şamaxı tərəfdə, Çuxuryurd yaylaqlarında bir yerdə böyümüşdülər. Vera ağ bənizli, qırmızı yanaqlı malakan qızları ilə bir yerdə ot biçininə gedəndə, bulaq üstə enəndə, ya da ayaqyalın çəmənlikdə qaçanda, Aleksey onu gözaltı süzərdi. Axşamlar isə tez-tez kəndin ortasına toplaşıb qarmon çalar, səhərə qədər oynayıb-oxuyar dan qızarana yaxın evlərə dağılışardılar. Aleksey Veranı tez-tez rəqsə çağırar, sonra da kölgəli küçələrlə evlərinə ötürərdi. Onlar belə hallarda kəndin arasındakı yolla asta-asta addımlayar, aylı gecələrdə qoşalaşan kölgələrinə tamaşa etməkdən doymazdılar. Onların kölgələri gah dağın döşünə sərilər, gah dərəni aşar, gah da yenicə ağardılmış kənd evlərinin divarında baş-başa verərdi. Aleksey Veranı ilk dəfə evlərinin yanında, məhz belə aylı gecələrin birində öpmüşdü. Vera onun hərəkətinə əvvəlcə təəccüb etmiş, xeyli Alekseyin üzünə baxmış, sonra özü də bilmədən onun boynunu bərk-bərk qucaqlamışdı. Kəndin alt tərəfindəki çəmənliyin otu biçilmişdi. Tayalar cərgələnmişdi. Vera baş yaylığını açaraq çəmənliyə qaçmışdı. Onlar qurumuş çiçək və otun ətrindən məst olaraq, tayaların birinin kölgəsində gizlənmişdilər.
Dördüncü hissə, 4Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra, Semyonov yazı masasının arxasına keçdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu. Son sətirlərin üzərində xeyli dayandı. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı- Kipianini yalnız gürcülər deyil, bütün şöbələrin tələbələri sevirdi. O, gözəl müəllim idi. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyini düşünür, keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağli idi. O özü ədəbi gecələr təşkil edir, şer oxuyur, uşaqlarə dram dərnyinə toplayır, ekskursiyalara aparır. İki il idi ki, tarix dərnəyi təşkil etmişdi. Belə bir adamı nə üçün gözüm-çıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm?Semyonov ayağa durdu. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Asta-asta vərəqlədi. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. Mətbəədə çap olunmuş bu vərəq qara haşiyəyə alınmışdı. Bu, inqilabi iş üstündə Peterburq, Moskva, Kazan, Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Nəhayət, Kipianinin familiyasını tapdı. Onun adının qarşısında qələmlə işarə qoydu. Bir xeyli beləcə, əlində qələm, dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. "Demək, ondan hələ əl çəkməyiblər. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur, hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz etiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri təqib edirdilər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar? Məgər biz buraya, Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?"