Birinci hissə, 7
Səhifə 1 / 2
Əlləri qoynunda, eyvanın dirəyinə söykənib selləmə bahar yağışına tamaşa edən Salatını fıkir götürmüşdü. Şamxal evə qayıtmamışdı. Onun hara getdiyini dəqiq bilən yox idi. Atasının qorxusundan, bir də söz-söhbətdən xoşu gəlib ara qızışdıran arvadların üzünü görmək istəmədiyindən evdən eşiyə çıxmamışdı. Anası da o gündən bəri ağzı üstə döşənib qalmışdı. Ev suyu soğulmuş dəyirmana dönmüşdü.
Cahandar ağa ailəsini o taya, meşəyə, binəyə göndərmək istəmişdisə də, Zərnigar xanım: "Bircə onu görməyəcəksən, - deyə kişisinə cavab vermişdi.
– Bizi başından eləyib, yerini xəlvətləmək istəyirsən, bacarmayacaqsan!
Kişi hirsindən boğulsa da, heç nə deməmiş, dinməz-söyləməz çıxıb getmişdi. Salatın duyurdu ki, atası əziyyət çəkir, tutduğu işə peşmandır. Ancaq tüpürdüyünü yalaya bilmir.
Mələk də çıxılmaz vəziyyətdə qalmışdı. Dava-dalaşın səhərisi günü Zərnigar xanımın yanına getmişdi. Salatın onun qorxa-qorxa, ölümə gedən adamlar kimi, ayağını sürüyə-sürüyə necə içəri girdiyini unuda bilmirdi.
Mələyin bədəni əsirdi. Elə bil qızdırmadan yenicə durmuşdu. Salatın onların yenidən dalaşa biləcəklərindən ehtiyatlandı və Mələyin arxasınca sakitcə içəri girdi. Zərnigar xanım günüsünü görən kimi yerindən dik atıldı və naqafil üstü alınmış pələng kimi hücuma hazırlaşdı. Gəlin onun burun pərələrinin genişləndiyini, sinəsinin qalxıb-endiyini gözlərinin oynadığını görsə də dinmədi, bir-iki addım irəli gəlib sakitcə arvadın qabağında dayandı. Otağa sükut çökdü. Salatın atıasının fısıltısını aydınca eşitdi.
– Başını yuxarı qaldır!
– Sənnən deyiləm?!
– Ay həyasız, yoxsa utanırsan, gözümün içinə baxa bilmirsən?! Mələk sinəsinə enmiş başını qaldırıb Zərnigar xanımın üzünə baxdı. Bir xeyli beləcə dayandılar. Salatın gördü ki, anası gözləri ilə gəlini yemək istəyir. Onun yanaqlarına, qaşlarına, hələ iz düşməmiş alnına, azca aralanmış dodaqları arasından parıldayan dişlərinə, genişlənmiş bəbəklərinə, qonur gözlərinin həlqəsində parıldayan yaşına, hirsini və daxildən qopub gələn hönkürtüsünü boğub göz yaşını saxlamaq istədikcə kənarı səyriyən dodağına, əzələləri büzüşən çənəsinin zənəxdanına hərisliklə baxır. Arvad elə bil onun sifətindəki hər bir cizgini yadında saxlamağa çalışır, gəlinin ürəyindən keçənləri göz bəbəyindən oxumaq istəyirdi.
Salatın anasının ani olaraq köks ötürdüyünü, qollarını yanına salıb dayandığını və beləliklə də Mələyin daha gözəl, daha cazibədar olduğunu dərk etdiyini duydu. Arvad sanki təslim oldu: hirsindənmi, acizliyini dərk etdiyindənmi, nədənsə, geri döndü və birdən gözü bədənnüma güzgüyə sataşdı. Mələk ona baxırdı. Onlar qarşı-qarşıya dayanmışdılar.
Zərnigar xanımın gözləri güzgüdə oynadı. Gah özünə, gah da Mələyə baxdı. Saçlarına dən düşdüyünü yenicə görürmüş kimi donub qaldı. Yalnız bir an, bircə an fikrə getdi, Zil qara, qıvrım saçlı Mələyin məzlum görkəmi onu daha da hirsləndirdi. Salatın anasının titrədiyini və birdən geri dönüb gəlini şillələdiyini gördü. Özünü irəli atmaq istədisə də bacarmadı. Anası onu döşündən geri itələdi. Elə Mələk də mane oldu. Astadan "işin yoxdur",
– deyə pıçıldadı. Kirpiklərində titrəyən yaş yuvarlanıb, yanaqlarından süzülsə də, səsini çıxartmadı. Dodaqlarını dişləyib, hıçqırığını boğdu. Özünü şax tutdu. Zərnigar xanın daha da hirsləndi. Gəlinin üzünə, gözünə döyəclədi. Saçlarını dartışdırdı. Çəkib donunun yaxasını cırdı. İtələyib yıxmaq istədi. Mələk tərpənmədi. Onun yorulub dayanmasını gözlədi. Zərnigar xanım əlləri ağrıyıncaya qədər onu döydü və birdən kökündən kəsilmiş ot kimi taxtın üstünə çökdü. Mələk də bunu gözləyirmiş kimi onun qarşısında dizi üstə düşüb başını Zərnigar xanımın sinəsində gizlətməyə çalışdı Arvad əvvəlcə onu itələyib özündən uzaqlaşdırmaq istədi. Ancaq, nədənsə, dayandı. Salatın anasının öz günüsünün başını sinəsinə sıxıb hönkürtü ilə ağladığını gördü. Yalnız bu vaxt Mələk bayaqdan güclə saxladığı göz yaşını axıtmağa başladı. Onlar ağır fəlakətə düşmüş və dar gündə rastlaşıb, bir-birinə həyan olan doğma adamlar kimi qucaqlaşıb hönkürüşdülər.
Salatın da onlara qoşuldu...
Neçə gündən bəri sinəsini sıxıb, nəfəsini kəsən ağrılardan can qurtarıb yüngülləşən Mələk, nəhayət, başını yuxarı qaldırdı. Onun yanaqları islanmışdı. Pırpızlanmış saçından ayrılan qıvrım telinin bir qismi üzünə yapışmışdı. Kirpikləri yaş idi. O, əlini üzünə çəkib saçını geri elədi. Qızarmış gözünü Zərnigar xanıma zillədi. Körpə uşaq kimi hıçqırdı.
– Məni öldür, ancaq evdən qovma.
– ...
– Çevir balalarıyın başına, ömürlük qaravaşın ollam.
Zərnigar xanım heç nə demədi. Mələyin döşündən itələyib astaca özündən uzaqlaşdırdı.
– Çıx get, öz dərdim özümə bəsdir.
– Məndə nə taxsır var?
– Rədd ol, dedim sənə!
Mələk gəldiyi kimi də sakitcə qapıya yaxınlaşdı. Astanada qanrılıb çiyni üstündən Zərnigar xanıma baxdı. Arvad büzüşüb oturmuşdu. Onun məlul-müşkül görkəmi qurğuşun siqlətli daşları da əridərdi. Görünür Mələk buna dözmədi. Geri döndü. Qollarını açıb arvadın üstünə yeridi. Onu qucaqlayıb, əllərini öpməyə başladı.
– Kaş öləydim, səni dərdə salmayaydım...
Mələk gedəndən sonra Zərnigar xanım taxtın üstünə döşəndi. hönkür-hönkür ağladı. Anasının yanını kəsdirən Salatın nə qədər çatışdısa da, onu ovundura bilmədi. O, başa düşə bümirdi ki, Zərnigar xanımı bu saat sakitləşdirmək mümkün deyil. Arvad özünün itilirilmiş -ənclıyinə, gəlinkən saçlarına dən düşüb, eşqindən yarımadığına ağlayırdı. O nə qədər çalışsa da, ərini bir daha özünə ram edib, geri qaytara bilməyəcəyini başa düşdüyündən, qovrulub yanırdı. Zərnigar xanım kişi üçün lazım olan gənclik təravətini itirdiyini böyük dəhşət hissi ilə dərk edirdi. Mələyin hər cəhətdən ondan üstün olduğunu, ərinin onun qoynundan çıxmayacağını, özününsə bu evə elə-belə, el üzünə, arvad olacağını duyurdu. Qəzəblənsə də, hirsindən ev-eşiyi bir-birinə qatmaq istəsə də olmur, qəlbinin dərinliyindən sanki bir səs baş qaldırıb ona "sakit ol, özünü yorma, atılan daş geri qayıtmaz" - deyirdi. Qocalıq öz kölgəsini onun üstünə salır, arvadın varlığını sıxırdı...
Salatın bu hadisədən sonra anasının qəlbindən keçənləri bilməsə də, onun sakitləşməsinə sevindi. Elə Mələyin də hərəkətlərindən xoşu gəldi. Deyəsən, arvadların susması Cahandar ağanın da qaşqabağını açmışdı. Daha o, evdə kabus kimi gəzmirdi.
Anası bir az dincələndən sonra Salatın qardaşını düşündü. Onun evə qayıdacağını gözlədi. Ancaq aradan iki gün keçdi. Şamxal qayıtmadı. Qız xəyallandı. Ağlına cürbəcür şeylər gəldi. Sıldırım yarğanlar, çiləkənli, buruılğanlı sular, nərildəyib dəli Kürün şaxələnmiş qolları gözünün önündən keçdi. Diksinib fikirdən ayıldı. "Ağlıma gələn dağlara, daşlara, mən nə fikirləşirəm? Allah, mənə ölüm ver, gör necə sarsaq xəyallara düşürəm", - deyə özünə qarğış etdi. Evdə darıxdı. Elə bil onu qara basdı, qorxulu fikirlərdən yaxasını qurtarmaq üçün eyvana çıxdı.
Kəndin üst tərəfindəki təpələri qara bulud bürümüşdü. Üfuqdəki dağları, bir də bəridəki taxıl zəmilərini, döşlərdəki təkəm-seyrək ağacları görmək mümkün deyildi. Ətəyini sallayan duman yavaş-yavaş aşağı enirdi. Dalbadal şimşək çaxırdı. Elə bil göyün səthi çatlayıb aralanmışdı. Səmada göz qamaşdıran əyri-üyrü işıqlar oynayırdı.
Buludlar birdən-birə istiqamətini dəyişib kəndin üstünə yeridi. Tozanaqlı külək sahillə kənd arasındakı çəmən otlarının telinə daraq çəkib bəriyə doğru gəldi, qapı-bacalardakı toz-torpağı, ot qırıntılarını süpürüb apardı. O tayda sähilboyu uzanıb gedən qovaq ağaclarının yarpaqları tərpəndi. Yaşıl don geyinmiş meşənin üstünə elə bil birdən-birə qırov düşdü. Yarpaqların astarı göründü. Yulğun kolları uğuldadı. Yağış havasını duyan toyuqlar qaçıb talvarın altına doluşdular.
Göy inildəyib şaqqıldadı. Selləmə yağış başladı. Suyun üzü alılıb-düşdü. Elə bü Kürü daşa basdılar. Xırdaca ləpələr qırçınlaşıb sahilə axışdı. Kəndin üstündən keçən dolu suları döyəclədi...
Gurultu ilə başlayan yağış tez də ötüb keçdi. Səma yaralı nəhəng kimi bir neçə dəfə nərildəyib susdu.
Uşaqlar şalvarlarını çırmalayıb həyətə qaçışdılar. Gölməçələri yarıb, yalın ayaqlarını şappıldada-şappıldada bir-birilərini qovdular. Təpələrin o üzündən qalxan göy qurşağı ətəyini sallayıb kəndi qucaqladı.
Salatın bir az bundan əvvəlki ağır düşüncələrini unutdu. Onun dərdi də bahar yağışı kimi ötüb keçdi. Gözünü Kürün sahilinə enən cığıra zillədi. Suya gedən Güləsəri gördü. Talvarın altına yüyürüb, səhəngi götürdü və kəsə yolla Güləsərin dalınca yollandı. Otların şehi onun donunun ətəyiəyini islatdısa da, fikir vermədi. Özünü qıza yetirməyə çalışdı. Güləsər isə xəbərsiz halda, sürüşüb yıxılacağından ehtiyat edərək, asta-asta enişdən enirdi. Yağışın yenicə yuyub islatdığı cığırda onun yalın ayağının ləpiri qalırdı.
Salatın addımlarını yeyinlətdi. Arxasındakı hənirtini duyan Güləsər qanrılıb baxdı. Onlar bir-birilərinə yaxınlaşdılar. Bir müddət heç biri dinmədi. Yanaşı dayandılar. Güləsərin yanaqları qızarmışdı. Salatın onun sorğu-suala başlayacağından ehtiyat edərək susdu. Hər ikisi dinməz-söyləməz yola düşdü. Salatın qabaqda gedirdi. Güləsər onun hörüklərinə, atlas koftasına, topuğuna enən qırçınlı ipək donuna diqqətlə baxdı. Bu gözəl paltarın ətəyi şehə və palçığa bulanmışdı. Güləsərin heyfi gəldi. Əgər onun belə paltarı olsa, boğçaya büküb saxlayar, gündəliyə geyinib bu kökə salmazdı.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-birinci-hisse-7
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Molla Sadığın on iki kərənli uzun evi başdan-başa gəbə ilə döşənmişdi. Divar boyu döşəkcələr salınmışdı.Hər tərəf tərtəmiz süpürülmüş, tavandan asılan çırağın məftili elə bil qəsdən lap aşağıya endirilmişdi. Divara vurulan ala-bəzək kilimlərin tozu alınmış, künc-bucağın qurumu da təmizlənmişdi. Ev adamın üzünə gülürdü.
İkinci hissə, 9Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.
Üçüncü hissə, 1Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Qumu, torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi.Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb, bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi?
Üçüncü hissə, 2Meşənin dərinliyində, binələrdən xeyli uzaqda dalbadal güllə atıldı. Meşəyə boğuq bir gurultu yayıldı. Dəyələrdən bir az aralı, talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı, Zərblə dartınıb irəşməni qırdı. Dördnala çaparaq dəyələrə tərəf qaçdı. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey, Qəmər!” - deyə atı səslədi. Qəmər nə qədər çılğınlaşmış olsa da, sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Dəyələrin ətrafında bir-iki dəfə dövrə vurub dayandı. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. Kişi irəşməni yığdı, atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi.Gün yaxmışdı. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Ancaq baş-başa vermiş palıdlar. İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işığın qabağını kəsib yerə qatı kölgə salırdı. Meşəyə birdən-birə qaranlıq çökürdü.