İkinci hissə, 9
Səhifə 1 / 2
Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.
Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.
Onlar kəndi keçmişdilər. Şahnigar bunu bilsə də dinmir, qanqalların arası ilə irəliləyirdi. Sarı tikanlar dizinin gözünə, bəzən də nazik paltarından keçib, bədəninə dolduqca ufuldanırdı. Atın döşünə çıxan topa qanqallar bu dilsiz-ağızsız insanı döyəcləyirdi.
Artıq ay batmışdı. Kəndin və çöllərin üzərinə qatı qaranlıq çökmüşdü. Elə bil hər şey daşa dönüb donmuşdu. Nə ötən böcəklərin səsi eşidilir, nə də bir az bundan əvvəl kəndə çaxnaşma salan itlər hürüşürdü. Həmişə Kür tərəfdən əsən meh də dayanmışdı. Sanki təbiət nəfəsini içəri çəkib susur, çəmən otlarını, kolların yarpaqlarını xışıldadıb, mürgüləyən kəndi oyadacağından ehtiyat edirdi. Cahandar ağanın qəlbinə çökən dəhşətli qara fikirlərdən də qatı bir qaranlıq ətrafı çulğalamışdı.
İri bir qanqal topasi Şahnigarın düz gözünün altına deydi. Arvad özünü saxlaya bilməyib qışqırdı. Əlləri ilə gözünü tutub atın dırnağının dibinə çökdü. Qəmər fınxırıb yüyəni daha bərkdən çeynədi. Yalnız bu zaman Cahandar ağa fikirdən ayılıb, atın başını çəkdi. Şallaq yenə havada şaqqıldadı.
Getdikcə qanqal və sirkən xışıltısı azaldı. Nəhayət, araba yolunun narın və yumşaq tozu atın ayağının altında tappıldadı. Şahnigar yüngül nəfəs alıb irəlilədi. O, qardaşının tərsliyini bildiyindən dinmirdi. Nə göz yaşının, nə yalvarışın, nə də ah-nalənin onu inadından döndərə bilməyəcəyini, əksinə daha da höcətə salacağını anlayan Şahnigar susur, bu işlərin nə ilə qurtaracağını, yeganə qardaşının onu haraya apardığını dəhşət və səbirsizliklə gözləyirdi. Bir də o, qardaşına nə deyə bilərdi? Axı, Cahandar ağa vaxtında ona xəbər vermişdi. "Bu müridlərə uyma" demişdi. Bəs Şahnigar ona niyə qulaq asmamışdı? Məgər qardaş bacının pis gününü istəyərmi? Onun adının ləkələnməsinə dözərmi? Hələ mənə bu da azdır. Lap gözündən boğazlanasıyam. Nahaq yerə ağlım, oğurladıb sözə baxdım. İndi nə olsun? Kimin ağzını bağlayacaqsan? Kimi başa salacaqsan ki, heç nə olmayıb. Sabah bütün kənddə zurna çalmayacaqlarmı? Yazıq qardaş, səni də dərdə saldım. İndi bilirəm nələr çəkirsən? Mənim kimi bacını Allah yerə soxsun, vaxtında sözünə baxmadım. Məni öldürsən də azdır. Onun üçün deyiblər, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar".
Hava avazıyırdı. Artıq yolun kənarındakı otlar, iri ağaclar seçilirdi. Otların dibinə qısılıb yatan quşlar oyanıb piniti ilə havaya qalxır, torağaylar isə yolun ortası ilə dazıyıb dil açırdılar. Orda-burda quşlar cikkildəşirdilər. Olduqca sərin, adamın bədənini üşürgələndirməyə başlayan meh əsməyə başladı. Şahnigar sinəsi dolu nəfəs alıb irəli baxdi. Elə bil qaranlıq zərif bir tül kimi yerin üzərindən götürüldü. Silsilə təpələrin zirvəsi ağarışdı, üfüqdə əyri-üyrü xətt cızıldı. Dan yerinə güclə seçilən çəhrayı rəng çiləndi. Ətraf aydınlaşdı. Bir az bundan əvvəl ayağının altını belə görə bilməyən Şahnigarın gözü qarşısında qıjıldayıb axan Kür parıldadı. Sahildəki yulğun kolları xışıldadı. Qaranlıqla bərabər onun ürəyinə çökmüş qorxu da azaldı. Birdən onda dayanıb oyanan səhərin nəğməsini dinləmək, üfüqlərin qızarmasına doyunca tamaşa edib, axar suların şaxələnmiş qollarına baxmaq arzusu doğdu. Artıq yolların sinəsi ilə sürünüb, Kürün üstünə doğru enən duman da göründü. Hər şey aydınlaşırdı. Bəs o haraya gedirdi?
Bir anlığa bədəninə dolan tikanların ağrısını unudan Şahnigar kürəyinin ortasını qızdıran at nəfəsini hiss etdikdə səhərin gözəlliyini unutdu. Onun gözlərində hər şey bir-birinə qarışıb dumana büründü. Yenə qəlbinə qara qorxu çökdü. Arvad nə qədər çalışdısa da, harada olduqlarını müəyyənləşdirə bilmədi. Deyəsən, kənddən çox uzaqlaşmışdılar. Bəs Cahandar ağa niyə dinmirdi? Nə üçün qamçını hərləyib onun bədənini tuluq-tuluq etmirdi? Nə üçün bir-iki ağır söz deyib-bacısını söymür, onu doyunca danlamırdı? Nə üçün ürəyini boşaltmırdı? Axı, Şahnigar da cana doymuşdu. Xısın-xısın ağlayıb ufuldamaqdan təngə gəlmişdi. O, başının üstünü alan qara buludların birdəfəlik baş-başa gəlib şaqqıldamasını, ildırım kimi çaxıb guruldamasını istəyirdi. Qoy selləmə yağış yağsın, nə olacaqsa, birdəfəlik olub qurtarsın, göyün üzü açılsın. Yoxsa bu məchulluqdan nə çıxar? Yoxsa...
Arvadı titrətmə götürdü. Birdən-birə beyninə gələn fikirlər onu hürkütdü. Qardaşının daş kimi lal-kar olması onu lap vahimələndirdi. "Deyəsən, mənimki də bura qədər imiş. Öldürməyə aparır. Yoxsa düz-dünyani niyə dolanır?Nə?! Öldürmək?! Axı, niyə?! Nə pis iş tutmuşam ki? Sənin əlin məni, bircə bacını öldürməyə qalxarmı, ay qardaş. Doğrudur, suçum var, boynuma alıram, ancaq günahım o qədər də böyük deyil. Vallah, düz sözümdür, o inandığımız haqqı yalan danışmıram. Özün bilirsən ki, mən səni heç vaxt aldatmamışam. Mən balacalıqdan hamıdan söz gizlətsəm də, sənə ürəyimi açmışam. Axı biz bacı-qardaşdan çox, sirdaş olmuşuq. Anam ölondə məni sən saxladın. Onun iyini səndən almadımmı, ay qardaş? Gecələr böyrünə qısılıb yatdığım, burnumu kürəyinə söykəyib səni qıdıqladığım yadından çıxıbmı, ay qardaş? Bu saat da sənin bədəninin qoxusu burnumdan getməyib, ay qardaş. Yüz adamın paltarının içində sənin köynəyinin iyindən taparam. Sənə toy olanda hamıdan çox sevinən mən olmadımmı? Gəlinimizi gətirəndə hamıdan qabaq məndən soruşmadınmı ki, yengən necədir, xoşuna gəlirmi? Mənə toy olanda hamıdan çox qəmlənən sən olmadınmı? Gəlin getməzdən əvvəl otağa girib üzümdən duvağı açdığın, "Ay şeytan, sənsiz lap darıxacağam' - dediyin yadında deyilmi? Axı mən o günü sənin doluxsunub yaşaran gözlərini indi də unutmamışam. Heç nə, heç nə mənim yadımdan çıxmayıb. Cehizimlə bərabər məni bəzəkli arabaya mindirib yola salanda da gözüm səndə idi. Nə cıdıra çıxan atlıları, nə ətrafımda hərlənən qızları, nə qol açıb zurnaçıların qabağında süzən gəlinləri görürdüm. Mənim gözüm səndə idi eyvandaca boynunu büküb durmuşdun, ay qardaş. Sən məndən ayrılmaq istəmirdin. Əslinə baxsan, elə mən də sənin kimi idim. Eldən arlanmasam, arabadan düşüb yanına gələr, "gözlərinə qurban, ay qardaş, niyə bikefsən, istəyirsən heç getməyim" – deyərdim. Axı sən məni çox istəyirdin?! Yadındadırmı, bir dəfə ərim məni döymüşdü. Kərənti də düşüb ayağımı kəsmişdi. Onda atlanıb gəldin, yazığın boğazını üzürdün. "Mənim bacıma əl qaldıranın əlini kəsərəm", - dedin. Mən olmasam araya qan düşəcəkdi. Heç kəsi eşitmədin. Yenə mənə, bacına qulaq asdın. Onda bildim ki, məni lap çox istəyirsən. Bəs indi nə olub ki, məni öldürmək fikrinə düşmüsən? İnanmıram. Mənə əl qaldırmazsan, ay qardaş!"
Şahnigar bir az ürəkləndi. Hətta qanrılıb geri, alatoranda qardaşının üzünə baxmaq, onun hirsinin soyuyub-soyumadığını bilmək, hər şeyi necə olubsa söyləmək istədi. Ancaq at döşü ilə vurub onu irəli itələdi. Arvad dinmədi. Yenə ətəyi dolaşa-dolaşa irəlilədi.
Cahandar ağa isə fikrini cəmləşdirə bilmirdi. Əslinə baxsan, o heç fikirləşmirdi. Elə bil beyni, ürəyi keyimişdi. Bir yanını şaqqalayıb kəs sən də xəbəri olmazdı. Atın üstündə necə oturduğunu, haraya getdiyini də bilmirdi. Gözünün qabağında yalnız duman içində ağaran bacısı, bir də Molla Sadığın qaba, iyrənc sifəti dururdu. Dodaqları səyriyir, gözünün həlqələri tez-tez dolub boşalırdı. O nə edəcəyini bilmirdi. Şübhə ac qurd kimi sinəsini gəmirib parçalayırdı. Nəfəsi darıxır, hava çatışmırmış kimi tez-tez köksünü ötürürdü. Ona elə gəlirdi ki, lap bu saat ürəyi partlayıb sinəsindən bayıra çıxacaqdır. Yumruq boyda olan bu at parçası sıxıldıqca nəfəsi boğazına yığılıb, oradaca düyünlənirdi.
Onun üçün bu dünyada hər şeydən əziz təmiz adla yaşamaq idi. "Kişi ki adamların gözünün içinə şax baxa bilmədi, ölsə yaxşıdır. Gözükölgəli ömür sürməkdənsə, arvad kimi ləçək bağlamaq, mərəkə içinə çıxmamaq məsləhətdir. Beş gün yaşa, amma gözükölgəli olma. Bu dünyada təmiz ad saxlamaq çox çətindi. Adına söz deyildimi, qurtardı. Ondan sonra nə qədər çalışsan da, ləkəni təmizləyə bilməyəcəksən. Dilləri kəsmək, deyilən sözləri geri qaytarmaq ki, mümkün deyil". Cahandar ağa həmişə belə düşünürdü. O hər şeydən çox şübhədən qorxurdu. Elə ona görə də qohumlarına dönə-dönə tapşırırdı ki, "Çalıınm adınıza söz çıxmasın. Mənim ürəyimə bir balaca xal düşsə, özünüzdən küsün". İndi onun qorxduğu iş başına gəlmişdi. Bacısı onun adını batırmışdı. Necə deyərlər, papağını yerə soxmuşdu. Müridlərin meyxanasına getmişdi. Molla Sadığın, ya da başqa bir müridin əli ona dəymişdi. "Bəlkə də ona heç nə olmayıb, tərtəmizdir. Amma kimi inandıracaqsan? Bundan sonra mən camaat arasına necə çıxacam? Başıma papaq qoyub necə gəzəcəm? Mərəkədə oturub necə söhbət edəcəm? Üzümə deməsələr də, arxamca rişxənd edib, atamın goruna söyməyəcəklərmi? Kişilikdən dəm vurur, namusdan danışır, amma bacısından xəbəri yoxdur, müridlərin dınqırına süzür, - deməyəcəklərmi? Bundan sonra hər baxış, hər mənalı gülüş məni şübhəyə salmayacaqmı? Kaş sən heç yaranmayaydın? İndi mən nə edim? Dərdimi kimə açım?"
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-ikinci-hisse-9
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.
İkinci hissə, 3Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.
İkinci hissə, 4Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.
İkinci hissə, 5Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.
Başqa şairlərin şeirləri
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
GəlmədiEy ağalar, könlüm çapdı əylənməz,Sultanım, sərdarım, ağam gəlmədi.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.