Səhifə 1 / 3

Molla Sadığın on iki kərənli uzun evi başdan-başa gəbə ilə döşənmişdi. Divar boyu döşəkcələr salınmışdı.

Hər tərəf tərtəmiz süpürülmüş, tavandan asılan çırağın məftili elə bil qəsdən lap aşağıya endirilmişdi. Divara vurulan ala-bəzək kilimlərin tozu alınmış, künc-bucağın qurumu da təmizlənmişdi. Ev adamın üzünə gülürdü.

Molla Sadıq dodaqaltı otaqda zümzümə edə-edə otaqda hərlənir, tez-tez də təsbehinin iri muncuqlarını şaqqıldadırdı. O bu gün dərs keçməmişdi. Uşaqları məsciddən birbaş evinə gətirmiş və hərəsinin əlinə bir süpürgə vermişdi. "Axşam qonağımız olacaq, evi sahmana salın", - demişdi. Bunlar azmış kimi axşama qədər uşaqları saxlayıb, qapı-bacanı çalğılatmışdı. İndi hər şey hazır idi. Qonşu otaqda arvad-uşaq düyü təmizləyir, nökərlər odun yarırdılar. Ağ samovarlar eyvanda yan-yana düzülüb poqquldayırdı.

Evin ortasında hərlənən Molla Sadıq hər şeyə göz qoyur, çöpün çöp üstündən sürüşməsini istəmirdi. Onun özü də bu gün çox səliqəli və şıx geyinmişdi. Arxalığını təzələmiş, toyda-nişanda olduğu kimi ipək qurşaq bağlamış, əmmaməsini də xüsusi bir zövqlə başına qoymuşdu. Tez-tez əlini saqqalına çəkib boğazını arıtlayırdı. Kişi buxaq bağlamışdı. Səliqə ilə altı vurulmuş saqqalını tərpədib, çənəsini bir az boynuna doğru əyəndə ağ ət qat-qat olurdu. Sinəsi qabarıq idi. Yanaqlarından qan damır, qaş-gözü oynayırdı.

O, eyvana çıxdı. Pəncərədən qonşu otaqda düyü arıtlayan gəlininə və qonum-qonşudan yığılan cavan arvadlara baxdı. Birdən havalanmış buğa kimi "hey, hey!", "hey, hey!" - deyib nərildədi. Onun zil səsi kəndin ortasına qədər getdi. Otaqdakı arvadlar diksinib:

– Bismillah, bu kişiyə nə oldu? - deyə xosunlaşdılar. Molla Sadığın gəlini sehrli bir pıçıltı ilə onlara:

– Kişinin qulağına səs gəlib, gözünə mələklər görünür, onlarla danışır, işinizdə olun, - deyə cavab verdi. Arvadların bəzisi vahimə içində küncə çəkildi.

Qaş qaralır, Molla Sadıq intizar içində müridləri gözləyirdi. Bu axşam onun evində meyxana qurulacaqdı. Qonşu türbədən də hörmətli bir qonaq gələcəkdi.

Əvvəllər göytəpəlilər müridliyin nə olduğunu bilməzdilər. Elə uzaqdan-uzağa qonşu dağ kəndlərindən birində müqəddəs qəbir olduğunu, adamların oraya toplaşıb, ibadət etdiklərini eşidərdilər. Deyilənə görə, o türbəyə müqəddəs bir adam basdırılmışdı. Onun müridləri də vaxtaşırı qəbri ziyarət edir və sonra da meyxana başlayırdılar. Meyxana haqqında çox qəribə şeylər söyləyirdilər: guya müridlər ibadət zamanı qızışır, əllərini közərmiş dəmirə, ya da od kimi qızmış peçə basırlar. Onların nəinki əlləri yanmır, heç istiliyi də hiss etmirlər. Ya da poqquldaya-poqquldaya qaynayan samovarı qucaqlarına alır, şaq-şaq şaqqıldayan çaydan süzüb, birnəfəsə içirlər, yenə heç nə olmur. Çox qəribə, möcüzəli sözlər danışırdılar. Müridlərin cəzb olduğu, ağızları köpüklənərək qəşş etdikləri, saatlarla bu dünyadan köçüb, o dünyada ruhlarla qovuşduqları haqqında rəvayətlər söyləyirdilər. Hər yerə belə bir xəbər yayılmışdı ki, kim türbəyə ziyarətə getsə, ya da oranın bir tikə çörəyini yesə, istədiyi arzuya çatıb, bütün qada-bəladan uzaq olar. Çox adam müridləri əfsanəvi varlıqlar, sirlərlə dolu olan ecazkar və müqəddəs insanlar kimi təsəvvür edirdi.

Bir neçə il bundan qabaq bu uzunsaqqal müridlərdən biri Göytəpəyə gəlib çıxdı. Üç gün, üç gecə Molla Sadığın evində yeyib-yatdı. Getməzdən əvvəl ona bir kitab verdi. "Bizim mürşidimiz, cəddinə qurban olduğum Seyid Nigarinindir. Oxu öyrən, başqalarını da başa sal, onun müridi ol", - dedi.

Molla Sadıq çox fikirləşmədi. Buradan qazanc iyinin gəldiyini duyub dərhal işə başladı. Ona türbəyə toplanan nəzirlərdən pay göndəriləcəyini vəd etmişdilər.

Bu hadisədən bir neçə ay sonra Göytəpədə uzunsaqqal kişilər görünməyə başladı. Uşaqların "keçisaqqal" - deyə ələ saldıqları bu adamların sayı tədricən artdı. Hətta cavanlardan da bu işə qoşulan, şəvə kimi qara saqqal uzadanlar oldu. Molla Sadıq onları müdafiə etdi. Kənd əhlini məscidə toplayıb, minbərə qalxdı. "Camaat, hamınız sünnüsünüz, məzhəbinizdən dönməyin, şəkk eləməyin, sonra axirət dünyasında cəhənnəm oduna yanarsınız", - dedi. Adamlar xofa düşüb susdular.

Bundan sonra Göytəpədə müridlər çoxaldı. Qəribə idi, kim bircə dəfə onların məclisinə düşsə,əl çəkmir, elə həmin günün səhərisi saqqalını uzatmağa başlayırdı.

Son illər müridlərin dəstəsinə qadınlar da qoşulurdu.

... Nəhayət, kəndin yan tərəfındən təpələrin kölgəsi uzanıb evlərin üstünə səriləndə Molla Sadığın intizarla gözlədiyi qonağın atı doqqazda kişnədi. Nökərlərdən əvvəl o özü gələnin qabağına yüyürdü. Üzəngini basıb, atın başını tutdu.

– Xoş gəlmisən, ay Hacı Əmrah əfəndi, yol səni yormadi ki?

– Çox sağ ol, xoş günün olsun, - deyə atın üstünə yayxanmış göbəkli kişi dilləndi. Sonra da iri bədənini birtəhər sürüyüb, yerə düşdü.

Onlar ikiqat əyilib görüşdülər.

Molla Sadıq qonağına yol göstərə-göstərə eyvana gəldi. Hacı Əmrah əfəndi içəri girməzdən əvvəl dönüb geri, kəndin üstünə çökən buludların tonqal kimi alovlanıb qızarmasına, saralan üfülərin tutqunlaşmasına baxdı və birdən bədəninə üşütmə gələn adamlar kimi "Allah, Allah" - deyə heybətli səslə qışqırdı. Molla Sadıq əlini saqqalına çəkib, dodaqlarını tərpətdi. Bütün müridlər kimi guya ani zikrə gedən Hacı Əmrah əfəndi dua oxuduqdan sonra üstü bıçaqla kəsilmiş postallarını qapının ağzında soyundu. Molla Sadıq onları cütləyib qoydu və qapını açdı.

– Buyuracaqsınız.

Hacı Əmrah əfəndi gəbələrin üstü ilə səssizcə addımlayıb, yuxarı başa keçdi. Hər tərəfinə iri bir yastıq qoyulmuş döşəkcənin onun üçün hazırlandığını yaxşı bildiyindən, ev sahibinin təklifini gözləmədən keçib əyləşdi. Balışları qoltuğunun altına qoyub ayaqlarını uzatdı. Molla Sadığın gözləri ixtiyarsız olaraq qonağın naxışlı yun corabına dikildi. Hansı bir qadınınsa səylə toxuduğu corab təptəzə idi.

Kişi heç nəfəsini dərməmiş Molla Sadığın gəlini aftafa-ləyən gətirdi. Yaşmağını yuxarı qaldırıb Hacı Əmrah əfəndinin əlinə su tökdü. Aftafanın hacıleylək boğazı kimi uzun, nazik lüləyindən şoralanan sərin su ilə əllərini yuyub saqqalına çəkən kişi "atan behiştlik" - deyə qurulandığı xoruzlu, güllü dəsmalı geri qaytardı. Heç ikicə dəqiqə keçməmiş boğmalı armudu stəkanda buğlanan pürrəngi çay onun qabağında hazır oldu. Qonaq iki stəkan dalbadal boşaltdıqdan sonra iri dəsmalla, puçur-puçur olub alnından axan təri sildi.

– İşlərin necə gedir, ay Molla Sadıq?

– Şükür xaliqə, pis deyil.

– Cəddinə qurban olduğumun müridləri çoxalır, ya yox?

– Çoxalır, Hacı, indi özünüz görəcəksiniz. Zənənlər də var.

– Zənən də? - təəccüblə soruşan Hacının çuxura düşmüş gözləri quyu dibindəki su kimi parıldadı. Sarıya çalan qıllı qaşları bir-iki dəfə qalxıb-endi. - Çox pakizə, çox gözəl. Cəddinə qurban olduğum özü sənin zəhmətini qiymətləndirər.

Molla Sadığın da xırdaca gözləri muncuq kimi işıldadı. Əlini qaşının pırpızlanmış tükünə çəkib ikiqat əyildi:

– Borcumuzdur, Hacı, din məzhəb yolunda adam canından keçər.

– Əlbəttə, əlbəttə. Biz bəndələrin işi Allaha qulluq etməkdir.

Bayaqkı gəlin yenə içəri girdi. Tavandan asılmış çıraqları yandırıb, fitili qaldırdı. Axşamın boz-bulanıq qaranlığına bürünən otaq işıqlandı.

Qapı açıldı. Göytəpənin adlı-sanlı müridlərindən biri içəri girdi. Hacıya ehtiramla baş əyib görüşdü. Sonra da döşəkcələrdən birinin üstünə əyləşdi. Bundan sonra qapı tez-tez açılıb-örtüldü, astanada cütlənib qatarlaşan ayaqqabıların sayı çoxaldı. Yavaş-yavaş içəri saqqallı adamlarla dolur, divar boyu cərgələnmiş döşəkcələr üstündə əyləşənlərin naxışlı corabları nizamla sıraya duran əsgərlər kimi qatarlaşırdı.

Bir az bundan əvvəl eyvanda qaynayan samovarları içəri gətirdilər. Qonum-qonşudan çağırılan qız-gəlin ortası güllü, qara sinilərdə çay daşıyır, balaca, armudu stəkanlar ayaqların bərabərində sıralanırdı. İçəri dolur, məclisə gələn müridlərin ardı-arası kəsilmirdi. Kişilərdən sonra əli təsbehli qadınlar da gəldi. Onlar da öz yerlərini tutdular. Bardaş qurub kişilərlə bərabər çay içdilər.

Yerini rahatlayıb, kürəyini iri balınca söykəyən Hacı Əmrah əfəndi gözaltı divar boyu düzülmüş corablı ayaqlara, sinəyə tökülən uzun saqqallara tamaşa edirdi. Cəmi bir neçə ildə bu qədər mürid toplaya bildiyinə görə Molla Sadıqdan razi qalmışdı. Onun payını artirmağın, daha da həvəsləndirməyin vaxtı gəlib çatdığını dərk edən Hacı, son zamanlar ziyarətə gələnlərin çoxalmasında, nəzirlərin artmasında Molla Sadığın xüsusi rol oynadığını bilirdi. Ona görə də onu daha da şirnikləndirmək haqqında düşünürdü.

Samovarlar dolub-boşalandan sonra ortalığa iri sinilərdə plov gəldi. Biləklər çirməndi, buğumlu barmaqlar yağlı düyünü xışmalayıb, ağızlara təpişdirdi. Üç-dörd şapalaqla sinini boşaldıb, geri çəkilənlər də oldu. Saqqallarına bulaşan düyüləri təmizləyənlər yenidən çaya hücum etdilər.

Çıraqların fitilini bir az da qaldırdılar. Molla Sadıq pəncərələrin taxtasını bağlatmaq istədi. Ancaq Hacı Əmrah əfəndi qoymadı. Oradan boylanan uşaqları, ağzı yaşmaqlı gəlinləri, içəri girməyə cəsarət etməyən cavanları göstərdi. "Qoy tamaşa eləsinlər, xeyri var. Lazım olanda mən özüm deyərəm".

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

III fəsil, 1

Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.

19954 dəq
III fəsil, 2

Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.

19953 dəq
III fəsil, 3

Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.

199515 dəq
III fəsil, 4

Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".

19954 dəq

Başqa şairlərin şeirləri