Səhifə 1 / 3

Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.

Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.

Faytonçu darıxdı. Uzun yolun yorğunluğunu unutmaq üçün söhbət etmək, maraqlı bir əhvalata qulaq asmaq istədi. Elə buna göra də dönüb, apardığı sərnişinə baxdı. O isə gözlərini qıyıb, dinməz-söyləməz oturmuşdu. Fayton tərpəndikcə astaca yırğalanırdı. Deyəsən mürgüləyirdi.

Gün şaxımışdı. Saralıb-solmağa başlayan çöllərdəki sirkanların arasında gizlənən cırcıramalar qərib-qərib oxuyurdular. Yolun ortasında özünü günə verən koramallar səs eşitdikdə sürünüb qalınlıqda gözdən itirdilər. Yol isə uzanır, düzənliyi bir xətt kimi kəsib üfüqə doğru gedirdi. "Zalım oğlu zalım elə bil ağzına su alıb", - deyə öz-özünə söylənən faytonçu birdən qamçını havada şaqqıldatdı. "Hey-hey, a başınıza dönüm, əlli tərpənin, axşama az qalır". Atlar qəfil hücumdan diksinib irəli atıldılar. Fayton bərk silkələndi. Fikirdən ayrılan müsafir gozlərini açıb, faytonçunun kürəyinə baxdı. Onun Şapkasının altından çıxan sarışın saçları boynunun dalında qıvrılmışdı. Dərisinin qırışlarına qonan tozu tər islatmışdı.

– Hava istidir, atları çox qovmayın.

Faytonçu müştərisinin səsini eşidib geri döndü, üfüqə doğru əyilən günəşi göstərdi:

– Gecikərik.

– Eybi yoxdur, onsuz da bu gün Tiflisə çata bilməyəcəyik.

– Bəs harada gecələyəcəyik? Mən bilən, bu yollarda karvansara yoxdur.

– Kəndlərin birinə dönərik.

– Qorxmursunuz?

– Kimdən?

– Müsəlmanlardan.

Sərnişinin qaşları çatıldı.

– Onlardan bir pislik görmüsən?

– Bəs niyə qorxursan?

– Nə bilim, deyirlər bizi görməyə gözləri yoxdur.

– Bizi, yəni kimi?

– Rusları.

– Boş sözdür!

Faytonçu sərnişinin qəzəbləndiyini hiss edib ehtiyatlandı. "Deyəsən bir az artıq-əskik danışdım. Gərək əvvəlcə kim olduğunu öyrənəydim. Bəlkə elə özü də müsəlmandır. Onun üçün hirsləndi. Sir-sifətindən oxşamır. Müsəlmanlar bunun kimi üzlərinin yarısını qırxdırıb, çənələrində saqqal qoymurlar. Eh, bir də indiki adamları seçmək çox çətin olur. Müsəlmanların oxumuşları da qiyafələrini dəyişirlər".

O, atlara bir-iki qamçı çəkdikdən sonra geri qanrıldı.

– Bağışlayın, cənab, adınızı da bilmirəm...

– Aleksey Osipoviç.

– Demək, russunuz.

– Bəli. Necə məgər?

– Mən lap qorxuya düşdüm. Dedim, belkə müsəlmansınız.

– Müsəlman olanda nə olar?

– Heç. Deyəsən bir az artıq-əskik danışdım.

– Sizdə taqsır yoxdur.

Onlar susdular. Faytonçu belə bir adamla söhbətin tutmayacağını yəqin edib, cilovları dartışdırdı. Aleksey Osipoviç isə faytonun arxasına söykənib, gözünü səmadakı ağ buludlara zillədi...

"Bu nə şübhədir? Nə üçün insanlar bir-birindən qorxub hürkürlər? Məgər müsəlman olmaq ingilis, yaxud rus olmaqdan pisdirmi? Bütün insanları Allah yaratmayıbmı? Onlar hamısı təbiətin övladı deyilmi? Bəs bu ayrı-seçkilik nə deməkdir? Kim insanlar arasında ögey-doğmalıq salıb? Axı nə üçün səhərdən axşama qədər bir parça çörək üçün yollarda fayton sürən bu rus kəndlisi tanımadığı xalq haqqında belə danışır? Bu işlərdə müqəssir kimdir? Kim insanların beyninə bu zəhəri yeritmişdir? Bizim dərdimiz çox böyükdür. Bu cür axmaq fikirlər nəticəsində yerli xalqlar bizə şübhə ilə baxırlar. Elə ziyalılarımızda da taqsır çoxdur. Onların içində ağalıq iddiasına düşənlər, yerliləri öz evlərində rahat dolanmağa qoymaq istəməyənlər azdırmı? Elə bizim seminariyada belələri yoxdurmu?"

Aleksey Osipoviç hələ dörd il əvvəl Qori seminariyasının pedaqoji şurasında olan mübahisəni xatırladı. Seminariyanın direktoru Dmitri Semyonov (Uşinskinin tələbəsi və görkəmli pedaqoqdur (1834-1902), 1878- ci ildən 1883-cü ilə qədər Qori seminariyasının direktoru olub) müsəlman şöbəsinin açılması məsələsini irəli sürmüşdü. Şurada böyük mübahisə qalxmışdı. Yeni şöbənin açılmasına qəti etiraz edənlər var idi. Semyonovun müəllimləri sakit etdikdən sonra dediyi sözlər Aleksey Osipoviçin indi də yadındadır.

– Cənablar, bir fikir irəli sürəndə əvvəlcə ağıl və məntiqə müraciət etmək lazımdır. Əsrin, zamanın tələbini unutmaq olmaz. İndi əlahəzrət imperatorun özü də tələbələrinin savadlanmasını istəyir. Seminariyaların açılması haqqında atamız çarın özü fərman vermişdir. Bizim borcumuz isə deyilənləri yerinə yetirməkdir.

– Fərmanda müsəlman şöbəsinin açılması barədə qeydin olmamasını cənabınızın xatirinə salsam, qəbahət etmərəm.

– Diqqətinizə qarşı minnətdaram, cənab, - deyə Semyonov atmacaya sakit cavab verdi. Yerli şəraiti öyrənmək və əlahəzrətə kömək etmək bizim borcumuzdur. Bir də, unutmayın ki, Qafqaz müsəlmanları da böyük rus imperiyasının tələbələridir. Atamız çarın tələbələri arasında ayrı-seçkilik salmaq özü qəbahətdir. Bizim borcumuz onların savadlanmasına kömək etməkdir.

– Onların rus-tatar məktəblərində oxumaları kifayətdir. Yerlilərdən müəllim hazırlamağa nə ehtiyac var?!

– Bəs sizin dediyiniz məktəblərdə kim dərs deyəcək?

– Biz özümüz.

– Nə vaxta qədər?

– Həmişə.

– Yox, - deyə Semyonov müsahibinin sözünü qətiyyətlə kəsdi.

– Siz yanılırsınız, cənab, gec-tez yerli ziyalılar yetişəcəkdir. Zamanın hökmü belədir. Bizim tarixi borcumuz isə bu işə kömək etməkdir.

– Üzr istəyirəm, cənab Semyonov, yerli ziyalıların yetişməsindən sonra baş verə biləcək hadisələr Sizi narahat etmirmi? Onlar bizə meydan oxumayacaqlarını?

– Elmin meydanı geniş, mənzili isə uzaqdır. Burada təhlükəli bir şey yoxdur. Qafqaz valisi də bu şöbənin açılmasına razıdır. Yerli müsəlmanların tələbini ödəmək lazımdır. Bizim borcumuz əməli tədbirlər görməkdir.

– Yaxşı, bəs bu şöbəyə kim rəhbərlik edəcək? Tatar dilini bilən müəllimi hardan tapaq?

– Narahat olmayın, - deyə Semyonov sakitcə gülüb Aleksey Osipoviçi təqdim etdi. - Cənab Çernyayevski (A.O.Çernyayevski (1840-1897) Qori seminariyasında Azərbaycan şöbəsinin inspektoru olmuşdur) bu işin öhdəsindən gələr. Mən onu Kuban seminariyasından tanıyıram. Maarif sahəsində təcrübəsi çoxdur. Hərçənd "Tiflisski vestnik" qəzeti vaxtı ilə onun poçtda işləməsinə işarə edərək, Aleksey Osipoviçi "eks poçtalyon" adlandırmışdır. Amma zərər yoxdur. Bizim maarif cəbhəsində bu cür "eks poçtalyonlara" ehtiyac çoxdur. Həm də, cənablar, Aleksey Osipoviçin onların dilini və adətlərini mükəmməl bildiyini sizin nəzərinizə çatdırmalıyam. Mən onu müsəlman şöbəsinə inspektor və müəllim təyin edirəm.

Elə həmin axşam Semyonov Aleksey Osipoviçi yanına çağırdı. Olqa Konstantinovna onu mehribanlıqla qarşıladı, süfrəyə şirniyyat və çay qoyduqdan sonra küncə çəkilib tikiş tikməyə başladı. Semyonov mürəbbəli çaydan bir-iki qurtum aldıqdan sonra sakitcə sözə başladı.

– Siz elə sözlərə fikir verməyin, Aleksey Osipoviç, bizim borcumuz insanlara xidmət etməkdir. Müəllim el anasıdır. Maarif gözlərin ziyasıdır. Biz gözləri açmalı, ətrafa ziya saçmalıyıq. Yoxsa bu zülmət səltənətində yaşamaq olmaz.

– Mən Sizi anlayıram, Dmitri Dmitriyeviç, bu yolda çətinliklərin də olacağını indidən görürəm. Müsəlmanlara daha çox kömək etmək lazımdır. Mən onların həyatına yaxşı bələdəm.

– Çara və hökumətə yerli məmurlar lazımdır. Elə bunun üçün də məktəblər açırlar. Amma biz daha uzağa baxmalıyıq. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik.

– Aydındır. Mən yerli ziyalıların bəziləri ilə tanışam. Bizim Şamaxıda Seyid Əzim Şirvani adlı bir şair var. O çox güclü və gözüaçıq adamdır. Yeni üsulla məktəb açmaq istəyir. Onun nələr çəkdiyi mənə bəllidir. Bir yandan yerli ruhanilər onu incidir, digər tərəfdən köhnə məktəbin buxovlarından azad ola bilmir. Öz dillərində dərslikləri də yoxdur. Mənim arzularım çox böyükdür.

– Elə ona görə də Sizə məftun olmuşam, cənab eks poçtalyon,

– deyə Semyonov dostcasına əlini onun çiyninə qoydu. - Bu işdə fədakarlıq lazımdır. İlk illər çətinlik olacaq. Siz qorxmayın. Bizim seminariya müəllimləri içərisində təhkimçilik dövrünə qayıtmaq istəyənlər də var. Gələcəyi görməyənlər də çoxdur. Ancaq müsəlmanların özləri öz talelərini bizdən yaxşı anlayırlar. Bilirsinizmi, müsəlman şöbəsinin açılması fikrini kim ortaya atmışdır?

– Zənnimcə, Sizin təşəbbüsünüzdür.

– Yox, məndən qabaq bu fikri kapitan Axundov irəli atmışdır.

– Mirzə Fətəlimi?

– Bəli.

– Mən onun haqqında çox eşitmişəm. Əsərlərini oxumuşam. Böyük zəkadır.

– Elə bəzilərini də qorxuya salan budur. Çayınızı için. Olqa Konstantinovna, deyesən, Aleksey Osipoviçin çayını təzələyəsi olacaqsınız.

Hə, indi mən Sizə arxayınam. Əməli təkliflərinizi yazın, fikrinizi mənə bildirin. Hər şeydən əvvəl şagirdlərin haqqında düşünmək lazımdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ölüləri qəbristanda basdırın

Şəhərin mərkəzindəki bağ Rəşidin ürəyinə hər yerdən çox yatırdı. Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İsti günlərdə ağacların kölgəsində sərinləməyə bura gəlir, soyuq havada evdə darıxan yaşlılar özlərinə həmsöhbət tapmaq üçün yenə buraya çayxanaya toplaşırdılar. Elə cavanların çoxu da burada görüşürdülər. Rəşidə şəhərin kənarında, çay sahilində güllü-çiçəkli bağlarda yer təklif etmişdilər, amma razı olmamışdı. Keçmiş təcrübəsindən bilirdi ki, belə yerlərə yaz-yay aylarında müştəri çox gəlsə də, hava soyuyub göyün üzü bozaran kimi seyrəlirdi. İki-üç saatdan bir altında maşın olan kefi kök adamlar görünür, onlar da bir-iki saat oturub gedirdilər. Sonra sükutdan qulaq cingildəyirdi. Amma Rəşid istəyirdi ki, hamıya qulluq eləsin, atlıya da, piyadaya da. Dəqiq bilirdi: kooperativ restoran şəhərin mərkəzində olsa, bütün fəsillərdə hamı axışıb bura gələcəkdi, heç bircə saat da müştərisiz qalmayacaqdı. Fikrini rayonun rəhbər işçilərinə də demişdi, razı olmuşdular. Üstəlik də söz vermişdilər ki, əllərindən gələni əsirgəməyəcəklər. Rəşid özünə köməkçilər tapmış və hər şeyi ölçüb-biçmişdi. Restoran ikimərtəbə olacaqdı. Ümumi salonu, ayrıca otaqları xüsusi planda tikiləcəkdi. Onun fikri bu idi ki, həm də yeməkxana açsın, orada nisbətən ucuz xörəklər satsın. Tənəffüsə çıxanlar, işə tələsənlər, yol adamları vaxt itirmədən nahar etsinlər. İkinci mərtəbədə xüsusi kabinələrdə isə ayrı dəmdəsgah olsun. Hətta rayonlarına yeni bir dəb də salmaq istəyirdi. Arvad-uşaqları ilə gələnlərə gözdən uzaq yerdə ayrıca otaqlar düzəldəcəkdi. İçərisini lap ev kimi sahmana salacaqdı. Hər şey ölçülüb-biçilmişdi: restoranın yanında çayxana düzəldəcəkdi. Özü də çayı bütün dəmdəsgahı ilə verəcəkdi. Səhər-səhər bal, yağ, qaymaq salma çayla. Mixəyi, darçını, kəkotusu, löyün-löyün mürəbbələri də böyründə. Elə eləyəcəkdi ki, şəhərdəki bütün çayxanalar bağlanacaq, kişilərin çoxu səhər yeməyini evdə yox, Rəşidin çayxanasında yeyəcəkdilər. Amma bir məsələ qanını yaman qaraltmışdı.Bağın ortasında köhnə bir qəbir vardı. Görünür vaxtilə bu qəbrin ətrafına dəmir mühəccər çəkiblərmiş. Sonradan paslanıb çürümüş, yağışın-qarın altında qalıb ovxalanmış, bağ-bəndi qırılıb yerə tökülmüşdü. O da hiss olunurdu ki, qəbrin dörd yanında qızılgül kolları əkilibmiş. İllər keçdikcə baxımsızlıqdan quruyub solmuş, tapdalanmış və yerləyeksan edilmişdi. Kolların kökü çürümüşdü. Amma hərdən torpaq şirələnib bahar havası ilə nəfəs alanda çürümüş kotüklərin ora-burası cücərir, tezcə də solurdu. Qəbrin özü də dağılmışdı. Nə sinədaşı vardı, nə də başdaşı. Suvağı tökülmüş, ağ daşları isə quzulayıb ovxalanmışdi. Bir-iki il də keçsəydi, bu sahibsiz qəbir torpağın altında qalıb tamam itəcəkdi. Bağa gəlib-gedən qocalardan, saymazyana, bu qəbrin kimin olduğunu soruşmuşdu. Amma düz- əməlli cavab verən olmamışdı. Hamı çiynini çəkib uzaqlaşmışdı. Rəşid niyyətini heç kəsə açmadan beş-on gün sual-cavab apardı, axırda yəqin etdi ki, qəbrin sahibi yoxdur. Restoranın himini qoyanda qəbri dövrəyə alıb, səssiz-səmirsiz, döşəmənin altına salar, beləliklə də hər şey bitər, nə dil bilər, nə də dodaq. Amma ürəyində bir səksəkə vardı. Bilirdi ki, şəhərlərdə, xüsusən də rayon mərkəzlərində, hər adamı bağda basdırmırlar...

199024 dəq
I fəsil, 1

Həsən ağa eyvanı Kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qırov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. Gödəkcəsini çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı.– Niyə orda durubsan?

19959 dəq
I fəsil, 2

Həsən ağa ətrafa səpələnmiş quru budaqlardan bir qucaq yığdı, gətirib meyitin yanında yerə tökdü. Əlləri əsə-əsə ciblərini axtardı. Kibrit çıxardıb ocaq qaladı. Meşəyə qızıl dilli alovun işığı yayıldı. Sonra iri bir kötüyü sürüyüb ocağa qoydu. Bir xeyli çartıltıyla yanan odunlara baxdı.Alan yerə yatdı. Qabaq ayaqlarının üstündə, xəzəli xışıldada-xişıldada, zingildəyə-zingildəyə meyitin bərabərinə qədər süründü. Onu imsilədi və birdən dik atılıb geri sıçradı. Həsən ağa dolmuşdu. Başını əlləri arasına alıb, için-için, korun-korun ağladı. Elə bil Alan bunu başa düşdü. Ulamasına ara verib təzədən yerə yatdı. Bu dəfə sürünə-sürünə Həsən ağaya yaxınlaşdı. İtin zingiltisini eşidən kişi əlini onun başına çəkdi. İt özünə həyan tapmış kimi sivişib ona lap yaxınlaşdı. Quyruğunu buladı, Həsən ağanın bədəninə qısıldı. Hər ikisi titrəyirdi. Həsən ağa itin bu hərəkətindən ürəkləndi, özünə həmdərd tapmış kimi oldu. Bədəninin titrəməsi azaldı. Əlini əsim-əsim əsən Alanın başına çəkdi. "İndi nə eləyək, Alan, bu dərdi kimə söyləyək? Özün gördün ki, məndə günah olmadı, bədbəxt oğlunu əcəl çəkib bura gətirdi! Özünün də evini yıxdı, mənim də. İndi mənə kim inanacaq?". Kişinin yanaqlarından yaş yuvarlandı. Elə bil Alan da ağlayırdı, ocağın işığında gözləri parıldayırdı.

19954 dəq
I fəsil, 3

Şəmiddin ağa meyitə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyitin üzünə çəkdi. Onun təzə pencəyini, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.– Sən burda qal.

19954 dəq

Başqa şairlərin şeirləri