Həsən ağa ətrafa səpələnmiş quru budaqlardan bir qucaq yığdı, gətirib meyitin yanında yerə tökdü. Əlləri əsə-əsə ciblərini axtardı. Kibrit çıxardıb ocaq qaladı. Meşəyə qızıl dilli alovun işığı yayıldı. Sonra iri bir kötüyü sürüyüb ocağa qoydu. Bir xeyli çartıltıyla yanan odunlara baxdı.

Alan yerə yatdı. Qabaq ayaqlarının üstündə, xəzəli xışıldada-xişıldada, zingildəyə-zingildəyə meyitin bərabərinə qədər süründü. Onu imsilədi və birdən dik atılıb geri sıçradı. Həsən ağa dolmuşdu. Başını əlləri arasına alıb, için-için, korun-korun ağladı. Elə bil Alan bunu başa düşdü. Ulamasına ara verib təzədən yerə yatdı. Bu dəfə sürünə-sürünə Həsən ağaya yaxınlaşdı. İtin zingiltisini eşidən kişi əlini onun başına çəkdi. İt özünə həyan tapmış kimi sivişib ona lap yaxınlaşdı. Quyruğunu buladı, Həsən ağanın bədəninə qısıldı. Hər ikisi titrəyirdi. Həsən ağa itin bu hərəkətindən ürəkləndi, özünə həmdərd tapmış kimi oldu. Bədəninin titrəməsi azaldı. Əlini əsim-əsim əsən Alanın başına çəkdi. "İndi nə eləyək, Alan, bu dərdi kimə söyləyək? Özün gördün ki, məndə günah olmadı, bədbəxt oğlunu əcəl çəkib bura gətirdi! Özünün də evini yıxdı, mənim də. İndi mənə kim inanacaq?". Kişinin yanaqlarından yaş yuvarlandı. Elə bil Alan da ağlayırdı, ocağın işığında gözləri parıldayırdı.

Xeyli beləcə oturdular. Sonra Həsən ağa astaca ayağa durdu. Tüfəngləri götürüb qamətini düzəltdi. Bir xeyli çatırtı ilə yanan ocağa, alovun işığında uzanmış Ələddinin sifətinə baxdı. Köksünü ötürüb asta addımlarla uzaqlaşmağa başladı. İt də durdu. Quyruğunu qısıb yazıq-yazıq boylandı. Həsən ağa geri döndü. Gözləri Alanın gözlərinə sataşdı və gördü ki, itin üzündə, gözlərinin altı bərabərində iki sulu zolaq işıldayır. Onu yenidən qəhər boğdu: "Sən burda qalarsan, yaxşımı, Alan, Ələddini meşədə tək qoymaq olmaz. Onun yanında, ocağın qırağında oturarsan. Qoymazsan qurd-quş yaxın gələ, yaxşımı? Mən də gedim kəndə görüm neyləyirəm, başıma haranın daşını salıram". Alan elə bil deyilənləri başa düşdü. Bir ocağın işığında aydın görünən meyitə, bir də Həsən ağaya baxdı. Çömbəldi. Həsən ağa qaranlıqda gözdən itəndən sonra ağzını göyə tutub, acı-acı uladı.

Meşə sakitləşmişdi. Nə quş sesi eşidilirdi, nə də qanad şaqqıltısı. Hərdən bir adamın ətini ürpəşdirən bayquş ulaması olmasaydı və Kürün qıjıltısı aydınlaşmasaydı, insan mürgüləyən meşədə vahimələnib ölərdi.

Həsən ağa şaxtadan donmuş xəzəl və quru ağac budaqlarını ayaqlaya- ayaqlaya sahilə doğru addımlayırdı. Hələ özünə gəlməmişdi. Hara gedəcəyini, nə edəcəyini bilmirdi. Bilmirdi ki, əvvəl öz evinə getsin, yoxsa qardaşıgilə. Dərdini əvvəl anasına açsın, yoxsa arvadlar üz-gözlərini cırıb saçlarını yolduqdan sonra onu aralığa alıb didim-didim edəcəkdilər? Heç nə anlamır, heç nə başa düşə bilmirdi...

Birdən qabaqdan şıqqıltı və at fınxırtısı eşidildi. Həsən ağa diksindi, amma yoldan çıxmadı. Özgə vaxt olsaydı, sıçrayıb ağacın dalına keçər, tüfəngi hərləyib əlinə alar, çaxmağı çəkib gülləni lüləyə verər və barmağı tətikdə gözləyərdi. Amma indi elə bil heç nə görmədi. Başını aşağı salıb xəzəli xışıldada-xışddada yoluna davam etdi. At bir də finxırdı, Çaxmaq şaqqıldadı və büğuq səs eşidildi:

– Ayə, kimsən?

– Mənəm.

Şəmiddin ağa qardaşının səsini tanıyıb atdan düşdü.

– Nə olub?

Həsən ağa dinmədi. Şəıniddin ağa gördü ki, qardaşı büzüşüb. Elə bil onun enli kürəyi, geniş sinəsi qatlanmış, beli də əyilmişdi. Şəmid-din ağa ətrafa boylandı.

– Bə, Ələddin hanı?

Həsən ağa dinmədi. Bilmədi sözə nədən və necə başlasın, əhvalatı qardaşına nə təhər başa salsın.

– Heç Alan da gözümə dəymir. Bə, ova gəlməmişdiniz?

– Kaş qüçalarım qırılaydı, heç gəlməyəydik.

– Ə, bir düz-əməlli danış görüm nə olub?

– Əlimdən xata çıxdı, bədbəxt oğlunu öldürdüm.

– Ə, nə danışdığındı?

Şəmiddin ağanın boğazı qurudu, udquna-udquna qaldı. Nə qədər çalışdısa, sözünün dalını gətirə bilmədi.

– Vallah heç özüm də bilmədim necə oldu?

– Bə meyit hanı?

– Orda, ocağın qırağındadır.

Şəmiddin ağa meşənin dərinliyində qızaran qızılcıq koluna baxdı. Başa düşdü ki, qardaşı meyitə qurd-quş yaxın gəlməsin deyə ocaq qalayıb. İndi canavarın kürsək vaxtı idi. Sürü ilə gəzir və əllərinə keçəni dağıdırdılar.

– İndi nə eləmək istəyirsən?

– Bilmirəm.

– Yaxşı, arvad kimi hönkürmə! Kişinin başına iş gələr, əlindən xata da çıxar, adam öldürüb zindana da düşər.

Qardaşının acıqlı səsi elə bil Həsən ağanı özünə gətirdi. Əlinin arxası ilə gözünü silib dirçəldi. Şəmiddin ağa atını yedəkləyib qabağa düşdü. İri addımlarla işıq gələn tərəfə yeridi.

Alan çənəsini biləklərinin üstünə qoyub meyitin yanında uzanmışdı. Xəzəl xışıltısı və at fınxırtısı eşidən kimi dik atıldı. At onu görən təkin oxrandı. Alan iki-üç sıçrayışla özünü onların üstünə saldı. İt atı, at da iti imsilədi. Alan sahibinin ayaqlarına dolaşdı, quyruğunu bulayıb fırlandı. Birdən nəyisə xatırlamış kimi dayandı. Ağzını göyə tutub acı-acı uladı. At da onun səsinə səs verdi. Ayaqlarını yerə döyüb kişnədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IV fəsil, 1

Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.

19954 dəq
IV fəsil, 2

Bir gün Mürsəl məktəbin xəritə, qlobus və kölmə kitablar yığılmış basırıq otağından bir qrammofon tapdı. Görünür, ev sahibi Ömər koxanın imiş. Onu götürüb tozunu sildi, trubasını təmizlədi. İki də köhnə, lap köhnə, çalınmaqdan üzləri cızıq-cızıq olmuş val tapdı. Tələsik qrammonun dəstəyini hərlədi, iynəni keçirib oxutmağa başladı. Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu İslamın səsi otağı bürüdü. Mürsəl sevincindən bilmirdi neyləsin. O balaca bir qabaq stolu tapıb eyvanın küncünə qoydu. Qrammofonu stolun üstündə rahatladı. Səs borusunun ağzını yola tərəf çevirdi. Suya gedən və zümzümə edən qız-gəlinlərin gurlaşdığı vaxt dəstəyi fırlayıb qrammofonu oxutdu. Yoldakılar bir anlığına dayanıb, məktəbin eyvanına tərəf boylandılar, qrammofona qulaq asdılar və dirəyə söykənib onlara tamaşa edən Mürsələ baxdılar. Sonra şaqqanaq çəkib, gülə-gülə yollarına davam etdilər. Ertəsi günü bütün kənd zümzüməyə qərq oldu. Mürsəlin adı qızların qımqımısına düşdü. O gündən kəndin bir nəğməsi də artdı. Səhər-axşam zurnaçılar qoşalaşdılar, gündüzlər qız-gəlin zümzümə etdi, qrammofon da məktəbin eyvanında oxudu. Mürsəl qız-gəlinləri qrammofonla suya yola salıb qarşılayır, dərsə gələn uşaqları isə elə bil bu mahnılarla salamlayırdı. O artıq hər şeyə öyrənmiş, kəndin adətlərinə qaynayıb qarışmış və özü də zümzümə edən kənd böcəklərinin birinə çevrilmişdi.Uçitel bunlara göz qoyurdu. Mürsəlin uşaqlarla mehribanlığından, gözəl dərs deməyindən xoşu gəlirdi. İnanırdı ki, ondan yaxşı müəllim olacaq. Bir gün Mürsəl onun yanına gəldi:

19955 dəq
IV fəsil, 3

Kənddə savadsızlığın ləğvinə bağlamışdılar. Qıza maarif şöbəsindən təliqə gəlmişdi: gecə kursları açmaq və savadsız kənd camaatını oraya toplayıb, yazı- pozu öyrətmək. Təliqəni aldıqdan sonra Uçitellə Mürsəl xeyli məsləhətləşdilər.– Kişiləri kurslara gətirmək və onlara yazı-pozu öyrətmək asandır.

19953 dəq
IV fəsil, 4

Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.

19956 dəq

Başqa şairlərin şeirləri