Ölüləri qəbristanda basdırın
Səhifə 1 / 4
Şəhərin mərkəzindəki bağ Rəşidin ürəyinə hər yerdən çox yatırdı. Dörd yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə qış-yay adam olurdu. İsti günlərdə ağacların kölgəsində sərinləməyə bura gəlir, soyuq havada evdə darıxan yaşlılar özlərinə həmsöhbət tapmaq üçün yenə buraya çayxanaya toplaşırdılar. Elə cavanların çoxu da burada görüşürdülər. Rəşidə şəhərin kənarında, çay sahilində güllü-çiçəkli bağlarda yer təklif etmişdilər, amma razı olmamışdı. Keçmiş təcrübəsindən bilirdi ki, belə yerlərə yaz-yay aylarında müştəri çox gəlsə də, hava soyuyub göyün üzü bozaran kimi seyrəlirdi. İki-üç saatdan bir altında maşın olan kefi kök adamlar görünür, onlar da bir-iki saat oturub gedirdilər. Sonra sükutdan qulaq cingildəyirdi. Amma Rəşid istəyirdi ki, hamıya qulluq eləsin, atlıya da, piyadaya da. Dəqiq bilirdi: kooperativ restoran şəhərin mərkəzində olsa, bütün fəsillərdə hamı axışıb bura gələcəkdi, heç bircə saat da müştərisiz qalmayacaqdı. Fikrini rayonun rəhbər işçilərinə də demişdi, razı olmuşdular. Üstəlik də söz vermişdilər ki, əllərindən gələni əsirgəməyəcəklər. Rəşid özünə köməkçilər tapmış və hər şeyi ölçüb-biçmişdi. Restoran ikimərtəbə olacaqdı. Ümumi salonu, ayrıca otaqları xüsusi planda tikiləcəkdi. Onun fikri bu idi ki, həm də yeməkxana açsın, orada nisbətən ucuz xörəklər satsın. Tənəffüsə çıxanlar, işə tələsənlər, yol adamları vaxt itirmədən nahar etsinlər. İkinci mərtəbədə xüsusi kabinələrdə isə ayrı dəmdəsgah olsun. Hətta rayonlarına yeni bir dəb də salmaq istəyirdi. Arvad-uşaqları ilə gələnlərə gözdən uzaq yerdə ayrıca otaqlar düzəldəcəkdi. İçərisini lap ev kimi sahmana salacaqdı. Hər şey ölçülüb-biçilmişdi: restoranın yanında çayxana düzəldəcəkdi. Özü də çayı bütün dəmdəsgahı ilə verəcəkdi. Səhər-səhər bal, yağ, qaymaq salma çayla. Mixəyi, darçını, kəkotusu, löyün-löyün mürəbbələri də böyründə. Elə eləyəcəkdi ki, şəhərdəki bütün çayxanalar bağlanacaq, kişilərin çoxu səhər yeməyini evdə yox, Rəşidin çayxanasında yeyəcəkdilər. Amma bir məsələ qanını yaman qaraltmışdı.
Bağın ortasında köhnə bir qəbir vardı. Görünür vaxtilə bu qəbrin ətrafına dəmir mühəccər çəkiblərmiş. Sonradan paslanıb çürümüş, yağışın-qarın altında qalıb ovxalanmış, bağ-bəndi qırılıb yerə tökülmüşdü. O da hiss olunurdu ki, qəbrin dörd yanında qızılgül kolları əkilibmiş. İllər keçdikcə baxımsızlıqdan quruyub solmuş, tapdalanmış və yerləyeksan edilmişdi. Kolların kökü çürümüşdü. Amma hərdən torpaq şirələnib bahar havası ilə nəfəs alanda çürümüş kotüklərin ora-burası cücərir, tezcə də solurdu. Qəbrin özü də dağılmışdı. Nə sinədaşı vardı, nə də başdaşı. Suvağı tökülmüş, ağ daşları isə quzulayıb ovxalanmışdi. Bir-iki il də keçsəydi, bu sahibsiz qəbir torpağın altında qalıb tamam itəcəkdi. Bağa gəlib-gedən qocalardan, saymazyana, bu qəbrin kimin olduğunu soruşmuşdu. Amma düz- əməlli cavab verən olmamışdı. Hamı çiynini çəkib uzaqlaşmışdı. Rəşid niyyətini heç kəsə açmadan beş-on gün sual-cavab apardı, axırda yəqin etdi ki, qəbrin sahibi yoxdur. Restoranın himini qoyanda qəbri dövrəyə alıb, səssiz-səmirsiz, döşəmənin altına salar, beləliklə də hər şey bitər, nə dil bilər, nə də dodaq. Amma ürəyində bir səksəkə vardı. Bilirdi ki, şəhərlərdə, xüsusən də rayon mərkəzlərində, hər adamı bağda basdırmırlar...
Onun on doqquz yaşı vardı, şıvırtı bir oğlandı. Qaşları çatraa, gözləri ala, kürəyi enli bu cavan yolnan gedəndə çəpərlərin dibindən boylanan qızların sayı artırdı. Hərdən o elə bil kürəyində gizilti hiss edir və dönüb geri baxanda çəpərin dibinə sinənlərin kəlağayından başqa heç nə görmürdü. O hiss edirdi ki, doqqazlarda çiyni sənəkli qızlarla qarşılaşanda qan üzünə vurur, qızlar da pul kimi qızarıb başlarını aşağı salır, kəlağayılarını çəkib üzlərini gizlətməyə çalışırlar. Özü də hiss etmədən əyin-başına sığal verir, quşburun çarıqlarını səliqə ilə geyinir, dolağını kip dolayır, sallamalı gümüş kəmərini şəstlə köynəyinin üstündən belinə bağlayırdı. Toyda-mağarda kənarda qalmırdı. Qara zurnada güləşhəngi çalınan kimi meydana atılırdı. Bircə cıdıra çıxanlara qoşula bilmirdi. Atı yox idi.
Bir gün kəndin qurtaracağındakı dəyirmanın üst tərəfinə çəmənliyə getmişdi. Ot qurşağa çıxırdı. Qovaq ağaclarının ağ, qu kimi ləçəkləri havada uçuşur, çəmənlikdəki çiçəklərin üstünə qonurdu. Haradasa qumru quşları oxuyurdu. İydə çiçəklərinin ətri havaya elə hopmuşdu ki, nəfəs aldıqca adam bihuş olurdu. Onun başı bu məstlikdən gicəlləndiyindən harada olduğunu unutmuşdu.
Birdən at fınxırdı. Başını qaldıranda qurşağa çıxan otu ortadan biçən cığırda yedəyində yəhərli-yüyənli atla dayanan qızı gördü. Baxışları toqquşanda elə bil şimşək çaxdı, qıpqırmızı oldu, dili-dodağı təpidi. Qız isə boynunu yana əyib gözünü ona zillədi.
– Bıy, ciyərin yansın, ədə, tula qovmuş dovşan kimi qabağıma hardan çıxdın?
Qızın səsi onu özünə gətirdi. Elə bil gözünün önündən duman çəkildi. Urəyinin döyüntüsü, qulaqlarının güyültüsü azaldı.
– Mənə niyə qarğayırsan, sənə nə pislik eləmişəm?
– Bundan artıq nə pislik eləyəcəksən, neçə vaxtdır ciyərimi yandırırsan. Çəpərin dalından boyuna baxmaqdan boynum uzana qalıb.
– Axı, nə sən mənim üzümü görübsən, nə də mən sənin.
– Üzünü görməsəm də sorağını almışam. Adın xoşuma gəlirdi. İndi də özünü görüb bəyəndim. Adın da Cavanşirdi, özün də. Lap cavan şirə oxşayırsan. Düz sözümdü, meylim sənə yaman qondu.
Cavanşir başa düşdü ki, onun qarşısında dayanan adını eşidib üzünü görmədiyi Həcərdi, Şəmistan ağanın qızı Həcər. Özünü ələ aldı. Sözün düzü bu tayfadan qorxurdu. Eşitmişdi ki, onların qızları da, kişiləri də qan çanağıdır. Onlara yaxınlaşan da peşman olur, uzaqlaşan da. Onu da eşitmişdi ki, bu tayfanın adamlarının gözü bir şeyi tutdumu, əl çəkən deyillər. Ona görə də cığırdan çıxıb aralanmaq istədi. Amma qız yolu kəsdi.
– Əlimə yenicə keçibsən, məsələni dağ eləməmiş buraxan deyiləm.
Cavanşir özünü tamamilə itirdi. "Bu qız deyəsən, lap gerçəklədi" - deyə xəyalından keçirdi. Amma özünü sındırmadı.
– Sonra peşman olarsan.
– Bax, bu oldu kişi söhbəti.
Cavanşir udqundu. O görmüşdü ki, kəndlərindəki qızlar kişi səsi eşidəndə, kişi papağı görəndə qaçıb gizlənir, qəfil qabaqlaşanda isə ayaqları dolaşa-dolaşa başlarını aşağı salıb aralanırlar və dalda yer axtarırlar ki, gizlənsinlər. Amma bu, yolu Ərəbzəngi kimi kəsmişdi.
Cavanşir belə bir qızın qabağından qaçmağı kişiliyinə sığışdırmadı. Ehtiyatı, utanmağı buraxdı və qızı təpədən dırnağa süzdü. Onun başında yaşıl yelənli ağ kəlağayı vardı. Zil qara saçlarını ortadan tən ayırmışdı. Qulağına yumru qızıl sırğa taxmışdı. Cığaları qıvrım idi, qulağının üstünə düşmüşdü, özü burmamışdı. Boynunda iki qatar mərcan muncuq vardı. Dərisinin ağlığı mərcanda əks edirdi. Çənəsinin altında güclə seçiləcək buxaq vardı. Dodağı elə bil qaymaq idi. Nəfəs aldıqca titrəyən burnunun sol yanındakı qara xal sifətini daha da gözəlləşdirirdi. Cavanşir onun qabarıq sinəsinə, yaxası açıq atlas koftasına, belinə kip bağladığı gümüş kəmərinə, qırçınlı ipək güllü donuna baxdı və astadan köksünü ötürüb gözünü qızın gözünə zilləmək istədi, bacarmadı. Qızın adamı nizə kimi deşən baxışları onu yenə sarsıtdı. Əyri ucları ilan kimi qıvrılan qaşları altında oyur-oyur oynayan qara gözlərə baxmaq çox çətin idi. Cavanşir təntidi. "Zalım qızı az qalır adamı gözləri ilə yesin" – deyə xəyalından keçirdi və baxışını yayındırıb Həcərin çiyninin üstündən ata baxdı. Gümüş sinəbəndli at yüyəni çeynəyirdi.
– Nə oldu, baxıb qurtardın?
Cavanşir özünə toxtaxlıq verdi.
– Qurtardım.
– Bəyəndin?
– Bəyəndim. Atın qəşəngdir, özün də ki, tanrı gözəlisən. Qız qəhqəhə çəkdi.
– Bax, bu oldn kişi söhbəti. Atama deyərəm, toyumuz olanda bu atı mənə cehiz verər.
– Əvvəl gərək özünü verə, sonra cehizini.
– O, əlimdədir. Kimə barmağımı tuşlasam, mənim olmalıdır. Eşitməyibsənmi ərə gedəndə biz nəslin qızlarını seçmirlər. Biz özümüz oğlanları seçirik.
– Sən də özünə oğlan seçibsənmi?
– Bu günə qədər seçməmişdim, amma indi seçdim.
– Kimi?
– Səni.
– Məni?
Cavanşirin səsi titrədi və bir addım geri çəkildi.
– Olmaya qorxdun? Qorxma, sənə pis arvadlıq eləmərəm. Gecə- gündüz nazını çəkər, erkək at kimi bordayıb tumarlayaram ki, cıdıra çıxanda büdrəməyəsən.
Qızın əvəzinə Cavanşir qızardı. "Bu günü qara nə danişır, deyəsən heç qorxusu-hürküsü yoxdur. Başı batmış utanıb eləmir də. Demirmi birdən beynim qızar. İydələrin də çiçəkləyən vaxtıdı. Gələn yox, gedən yox," - xəyalından keçirdi. Həcər də ciddiləşdi. Oxunu atıb yayını gizlətmək olmazdı. Sözünü axıra çatdırdı.
– Cavanşir, yadında saxla, səni heç kimə verən deyiləm. Gözüm tutub, meylim qonub. Hünərin var, geri dur!
– Mən ki, sənə heç nə deməmişəm.
Bu dəfə Həcər həyəcanlandı. Sinəsi qalxıb endi, dodaqları səyridi:
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-oluleri-qebristanda-basdirin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:– Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.
VIII fəsil, 3Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?
VIII fəsil, 4Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.
VIII fəsil, 5Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.