Səhifə 1 / 2

Dostum Hüseyn Arifə

Niftalı koxa at;n örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi: hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər, örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki, at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın, istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynar gözlü kəhərin işıldayan dərisinə, səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də... Amma indi, illah da koxalığa keçəndən sonra, səksəkəli yaşayırdı...

O, astaca addımlarla dikdirə çıxdı. Arxın üstündən adlayıb ağacların kölgəsində dayandı. Gözünü üfüqlərə qədər uzanıb gedən taxıl zəmilərinə zillədi. Astaca meh əsirdi. Qara qılçıq sünbüllər xışıldayırdı. Otları çoxdan saralıb- solmuş dərəli-təpəli bu boz çöllərin ortasında qoşalaşan qovaq ağaclarının yarpaqları da xışıldayırdı. Hansı rəhmətliyinsə savab üçün əkdiyi bu ağacların dibindən axan arxın suyu da qırçınlanıb şırıldayırdı. Niftalı koxa kölgəyə atılmış palaza, döşəkcə və mütəkkəyə baxdı. O həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb dincələrdi. İndi də həmişəki kimi elə yarlı-yaraqlı palazın üstünə keçib mütəkkəyə dirsəklənmək istədi. İstədi ki, isti təntitsə də, nə çəkmələrini soyunsun, nə də tüfəngini, qoltuqaltısını çıxardıb yanına qoysun. Amma gördü ki, mümkün deyil, tər yuyub aparır. Bir də kimdən qorxacaqdı? Kərəm yəqin ki, bu saat Dilican tərəfdədir, yayın istisində buralarda olmazdı. Olsa da qorxusu yoxdu. O, ömründə əli-yalın adama güllə atmazdı. Bircə o gədədən ehtiyat edirdi. Kənddən qaçandan sonra buralarda, kolda-kosda dolaşırdı...

Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxası qaytanlı köynəyinin düymələrini boşaltdı və palazın üstünə uzanıb mütəkkəyə dirsəkləndi. Cib dəsmallarınm nclanın düyünləyib başlarına keçirmiş biçinçilərin oraqları cingildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına qarışmışdı. Biçinçilər tələsirdi. Onlar da istəyirdilər ki, işlərini tezcə qurtarıb aldıqları haqqı elə buradaca aranda, xırmanda döyüb, taxıllarını yaylağa, balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi. El çoxdan yaylağa qalxmışdı. Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan ehtiyatlanırdı. O qədər anasının əmcəyini kəsənlər var ki... Elə biri gəlmə Mürşüd.

Onım əslinin-nəslinin haradan olduğunu kənddə heç kəs bilmirdi. Bircə o məlum idi ki, çoxdan - lap çoxdan, Niftalı gilin doqqazında üstü-başı yamaqlı, acından hülqumu qalxıb-enən, məlul-müşkül baxışlı bir oğlan boynunu büküb dayanmışdı. Əlində əsa, çiynində nimdaş heybə, başında tükü tökülmüş papaq var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü batmış quyunun di bindəki su kimi güclə işıldayırdı.

Səs-küyə bayıra çıxdılar, itlərə acıqlandılar, "a bala, kimsən"? - deyə doqqazdakını səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə bərabər doqqaza çıxdı, hardansa azıb gəlmiş bu Allah bəndəsinə təffərinclə baxdı və başa düşdü ki, bura adamına oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək olurdu. Ya düşmənini öldürəndən sonra baş alıb buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə düşürdülər. Kişi oğlanı təpədən-dırnağa diqqətlə süzdü və "yox, bu adam öldürüb qaçana oxşamır, - deyə ürəyindən keçirdi. - Yəqin başqa əmması var". Əslinə baxsan kişinin oğlanın çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi.

Elə bil qərib bunu hiss etdi, qışın girhagirində qapıdan geri qaytaratacağını başa düşdü və səsinə yazıqlıq verdi:

– Qaçqınam, ay dayı, heç kimim yoxdu.

Kişi oğlunun üzünə baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından çıxmış barmağına zillədi.

– Buranı sənə kim nişan verib?

– Heç kim. Yolu əlimə alıb gəlmişəm. Qapınıza pənah gətirmişəm.

Ata oğula baxdı, oğul da ataya.

– Adın nədir?

– Mürşüd.

Düzmü deyirdi, Allah bilir, kağızı yox, şahidi yox, gəlmə adam idi. Elə o gündən ona kənd arasında "gəlmə Mürşüd" dedilər.

Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi,

Köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at da bağışladı. Qohum qızlardan birini də alıb onu ev-eşik elədi.

Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açdı. Dolanması da yaxşılaşdı, özü də gümrahlaşdı.

Niftalı bir gün eşitdi ki, Mürşüd arvadını incidir. Həftələrnən evə gəlmir, şəhərdə kefdə-damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi. Yanına çağırdı. İki-üç gün gözlədi, amma Mürşüddən cavab çıxmadı. Bir gün yolda qabaqlaşdılar.

– Niyə görünmürsən?

– Nə olub, görünməyim vacibdir?

– Bəlkə bir sözüm var?

– Sənin mənə nə sözün ola bilər?

– Ə, nə yekə-yekə danışırsan?

– Danışmayanda, susmayacağam ki?

Atlar yüyəni gəmirib fınxırışdılar. Döş-döşə gəlib dal ayaqları üstündə fırlandılar. Yolun tozu göyə qalxdı.

– Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?!

– Artıq-əskik danışma, sözünü de!

Niftalı kişi hirsini zorla boğdu.

– Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, dalına bülöv çalaram, bildin?!

– Qələt eləyərsən, keçmişini də yanına alarsan!

– Ə, gəlmə köpəkoğlu, mənə cavab qaytarırsan?!

Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi bir oldu. Niftalı koxa elə yəhərin üstündən onu budarladı. At da sahibi kimi qəzəblənib onu tapdaladı. Koxanın hirsi soyumadı. Sıçrayıb yəhərdən düşdü. Toz-torpaq içində qıvrılan gəlmənin yaxasından tutub yoldan kənara sürüdü. Xəncər havada parıldadı.

– Qələt eləmişəm keçmişimlə, ay Niftalı, məni öldürmə, balalarım yazıqdı. Sən dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən.

Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində işıldayan suya bənzər gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı.

– Di get, qurban ol evdəkilərə.

Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı, elə dinməzcə də yəhərin qaşından yapışıb atın belinə qalxdı. Bir xeyli sakitcə kəndə doğru sürdü və birdən yüyəni dartıb geri qanrıldı.

– Yaxşı, a koxa, bu hayfı səndən almasam, kişi deyiləm. – Niftalı özünə gələnəcən atın başını qanırıb qışqırdı. - Mənə sırıdığın qancığı da gəlib apara bilərsən!

Koxa atı minib tüfəngi hərləyənəcən, tozlu yolda gözdən itdi. Səhərisi də eşitdi ki, başını götürüb evdən qaçıb...

Niftalı koxalığa keçəndən sonra istəsə də, istəməsə də xətrə dəyməli olurdu. Divan-dərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da olmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki, filan oğrunu niyə tntmamısan, filan qaçağa niyə çörək veriblər, niyə qoyubsan Qaçaq Kərəm Kürdən keçib yaylağa qalxıb? Deməyə nə var? Amma belə şeylərdən ötrü el-oba ilə üz-göz ol, görüm necə olursan? Vəzifə boyunduruq kimi bir şeydir. Elə ki boynuna qoydular, belinə minib istədikləri səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da gərək onları da özünlə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən Kürə!

Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilğım təndir alovu kimi havanı yalaya-yalaya boz təpələri aşıb kəndin üstünə yayılır, oradan da suyu işıldayan Kürün üstündən keçib Qarayazı meşəsinin ağaclarını qarsıyırdı. Niftalı koxanın kölgəsində uzandığı ağacların gövdəsinə yapışmış cırcıramalar səs-səsə verib elə cırıldayırdılar ki, adam qulağım tutmalı olurdu. Niftalı koxanı isti, üstəlik də cırcıramaların səsi təntitmişdi. Ayaqlarını suya salıb sərinləmək və sinəsini, başını yuyub bir az dincəlmək istədi. Ayağa durdu, yaxası qaytanlı köynəyini soyundu, arxa yaxınlaşıb domuşuqlu oturdu. Əlini suya uzatdı. Kür tərəfdən uzanıb qəbristanlığın yanından dikdirə qalxan tozlu-torpaqlı yolla gələn atlıları görmədi. Cırcıramaların səsi qulağına düşdüyündən atların fınxırtısını, üzəngilərin cingiltisini, ayaq tappıltılarını eşitmədi. Bircə onu hiss etdi ki, güllə açıldı, kürəyi qovuşdu. Əlini sudan çəkib qamətini düzəltdi, qanrılıb dala baxdı. Gördü ki, atlıların biri yüyəni çəkib atı şahə qaldırdı, geri dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqıldadı.

– Namərd köpəkoğlu!

Daha heç nə eşitmədi. Kövşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxın şırıltısı, cırcıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı və eşidilməz oldu. Havanı qarsalayan ilğım elə bir qor kimi gözünə doldu, bəbəklərinin önündə dalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü...

Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı koxanın başını dizinin üstə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

2

Gurhagur yanan dəmir peçin istisi otağı bərk qızdırdı. Çarpayıda, yumşaq yorğan-döşəkdə yatan Qurban Kosaoğlu yuxulu-yuxulu sinəsini qaşıdı, arxası üstə döndü. Qolları çarpayıdan sallandı. Azacıq sonra otağı fısıltı götürdü.Bədənnüma güzgünün qabağında oturub qaş-gözünə sığal verən Sayalı ərinin səsini eşidib geri döndü. Onun üstünün açıldığını görüb ayağa durdu. Döşəməyə düşmüş yorğanı götürüb onun üstünə örtdü. Onun iri döşləri Qurbanın sinəsinə toxundu. Sayalı xeyli ərinin başı üzərində dayandı. Qurban nəfəs aldıqca qalın dodaqları aralanır, papiros çəkməkdən saralmış dişləri görünürdü. Ətli gözlərinin yanları qırış-qırış idi. Ülgüclə qırxılmış başı yastığın üstündə parıldayırdı. Nəfəs aldıqca xırıldayırdı.

195420 dəq
3

Axşamüstü göyün üzü tutuldu. Bərk sazaq başladı. Eyvanın baş tərəfindəki buxarıda sac asan Tükəzban xala, axırıncı çörəyi qıraqlayıb ayağa durdu. Üst-başıni çırpıb sacı çevirdi. Közün həniri onun üzünə vurdu. İsti çörəkləri tabağa yığıb evə apardı, taxtın üstünə sərdi. Sonra ağ samovarı su daşından süzülən dumduru su ilə doldurub buxarının yanına qoydu. Maşanı götürüb sacın altından çıxan közləri qurdaladı. Elə bu vaxt çəpərin o üzündən səs gəldi. Tükəzban xala Zeynəbi səsindən tanıyıb hay verdi.– Sən Allah, mənə bir xəkəndaz od ver. Peçi qalamaq istəyirəm.

195413 dəq
4

Kosaoğlu Qurban evə yorğun gəldi. Çay-çörək hazırlayıb gözləyən Sayalı, ərinin hirsli olduğunu görüb, tez ayağa qalxdı. Kişinin yarımkürkünü alıb divardan asdı. Palçığa bulaşmış çəkmələrini soyundurub, qapının ağzına qoydu. Gəbənin üstünə döşəkcə atdı. Yastıq və mütəkkə gətirdi.– Bir az uzan, dincəl, - o mehribanlıqla dilləndi, - nə yaman gec gəldin? İstəyirsən su gətirim, ayaqlarını yuyum?

195417 dəq
5

Zeynəbi od götürmüşdü. Bir az bundan qabaq arxın üstündə Gövhər qarıdan eşitdiklərinə əvvəlcə inanmaq istəməmişdi. "Onun peşəsi elə aralıqda söz gəzdirməkdir" - deyə düşünmüş və səhəngini götürüb geri qayıtmışdı. Ancaq yolda öz manqasının üzvü Gülsümə rast gəlmişdi. "Ay Zeynəb bacı, bu nə işdir? Belə olsa heç mən də orda qalmayacam," - deyə Gülsüm kövrəlmiş halda, eşitdiklərini ona danışmışdı. Zeynəb yenə də sakitliyini pozmamış, "işində ol, belə boş sözlərə inanma" - deyə Gülsümə təskinlik vermişdi. Amma evə gəldikdən sonra təsirlənmiş, düşündükcə odsuz-ocaqsız alovlanmağa başlamışdı. "Bu kişi lap ağlını itirib. Kefi nə istəyirsə onu eləyir. Heç buna qoruq-qaytaq edən yoxdur. Salaşmadığı adam qalmadı. İndi də mənə əl uzatdı. Axı niyə ey, nədən ötrü? Nə əsasa görə'?.."O, evdə hərlənir, mütəkkələri çırpıb taxtın üstünə düzür, qab-qacağı danqıldadırdı. "Özü də onun-bunun sözü ilə iş görür. Bilirəm, o elə əvvəldən də buna razı deyildi".

195418 dəq

Başqa şairlərin şeirləri