Səhifə 1 / 3

Kosaoğlu Qurban evə yorğun gəldi. Çay-çörək hazırlayıb gözləyən Sayalı, ərinin hirsli olduğunu görüb, tez ayağa qalxdı. Kişinin yarımkürkünü alıb divardan asdı. Palçığa bulaşmış çəkmələrini soyundurub, qapının ağzına qoydu. Gəbənin üstünə döşəkcə atdı. Yastıq və mütəkkə gətirdi.

– Bir az uzan, dincəl, - o mehribanlıqla dilləndi, - nə yaman gec gəldin? İstəyirsən su gətirim, ayaqlarını yuyum?

Qurban fısıldayaraq mütəkkəyə dirsəkləndi. Qara məxmər köynəyinin yaxasını açdı.

– Sənə neçə kərə demişəm, bu zəhrimar ocağı az qala. İstidən nəfəs almaq olmur.

Ərinin xasiyyətinə bələd olan Sayalı heç nə demədi. Səssizcə qapıya yönəldi: "Görəsən yenə hansı ciyəri yanmış kişiyə söz qaytarıb, gecənin bu vaxtı qanını qaraldıb?"

O, qonşu otağa keçdi. İçəridə oynayıb-gülüşən uşaqlarına acıqlandı. Balacalar susub boyun-boyuna verdilər. Sayali, güzgünün qabağında oturub saçlarının ucunu oynadan qıza yaxınlaşdı. Aynada onların nəzərləri bir-birinə sataşdı. Qız Sayalıya göz vurdu. Bununla da dayısının kefıni açmaq lazım olduğunu başa düşdüyünü ona anlatdı. Şahnaz boğmalı, hacıleylək boğazı kimi uzun və əyri lüləkli sarı aftafa-ləyəni götürüb gülə-gülə dayısı olan otağa girdi. Döşəkcənin üstünə uzanıb qıraq başını qaşıyan Qurbana yaxınlaşdı.

– Ay dayı, bir az bəri dur, ayaqlarını yuyum.

Qurban yenə fısıldadı. Şahnaz onun corablarını çıxarıb, qalife şalvarının balağını yuxarı çəkdi.

– Nə yaman qaşqabaqlısan, ay dayı, yəqin yorulubsan?

Şahnaz cavab almadısa da, işinə davam etdi. İsti su Qurbanın ayaqlarına dəyəndə dirsəklənib oturdu. Bir xeyli Şahnaza baxdı. Qız isə onun ayağını ovur, barmaqlarını şaqqıldadır, dabanını qaşıyırdı.

Ayağının altı qıdıqlananda Qurban özünü saxlaya bilmədi:

– Ay qız, yavaş.

– Bəs deyirdin qıdığım gəlmir? Gördün ki, səni güldürdüm, ay dayı,

– Şahnazın iri, ala gözləri oynadı. – Niyə bikefsən, yoxsa sənə söz deyən olub? Allah vurmuşdu onları! Dayımın qabağında dillənənin dilini dibindən qopardaram!

Qurban qımışdı.

– Yəni məni o qədər çox istəyirsən?

– Dayımın canı üçün, düz deyirəm.

Sayalı çay-çörək gətirdi. Ərinin qaşqabağının yavaş-yavaş açıldığını, Şahnazın onun qılığına girib yumşaltdığını görüb gülümsündü.

– Əyə, bircə dur, acından öldün.

Qurban yerini bir az da rahatladı.

– Arvad, sən atayın goru, nəyin varsa bəri ver, elə buradaca yeyəcəyəm. Bir də kim dursun...

Şahnaz quş kimi yerindən sıçradı. Aftafa-ləyəni aparıb eyvana qoydu. Dərhal geri qayıdıb gəbənin üstünə süfrə saldı, samovarı stolun üstündən endirdi. Qurban mütəkkəyə dirsəkləndi.

Sayalı tez-tez qonşu otağa gedir, qapıları taqqıldadır, xörəkləri daşıyıb süfrəyə düzürdü. Şahnaz nə isə danışır, tez-tez şaqqıldayıb gülür, qaşını oynadıb gözlərini süzdürür, dayısının kefini açırdı - Bu Sayalıya xoş gəlirdi. O, həmişə ərini hirsli görəndə Şahnazı qabağa verər, "bu qız ilanı da yuvasından çıxardar" - deyərdi. Sonra isə özü ərinin dizinin dibini kəsdirər, asta-asta söhbət edər, idarədə nələr olduğunu soruşardı. Kolxozda kimin nə iş gördüyü, haraya gedib, haradan gəldiyi haqqında ərindən məlumat alardı. Sonra ərinə məsləhət verər, kimi işdən çıxardıb, kimi işə təyin etməyin lazım gəldiyini söyləyərdi.

Qurban çox vaxt arvadının məsləhətindən çıxmazdı. Kişiyə elə gəlirdi ki, bu kənddə onu istəyən, işinə-gücünə kömək edən yeganə bir adam varsa, o da Sayalıdır. Sayalı onun hər dərdinə şərik olur, ərinin gündən-günə yüksəlməsini istəyirdi. əslinə baxsan, Qurbanın sağ qalıb, bu dərəcəyə çıxmasına səbəb Sayalı idi. O öz həyatını Sayalıya borclu bilirdi...

Onlar bir yerdə oxumuşdular. Kənddə yenicə məktəb açılanda bir sinfə düşmüş, üç il bir skamyada oturmuşdular. Sayalı o zaman qırmızı yanaq, dəcəl bir qız idi. Hey atılıb-düşər, tənəffüslərdə oğlanların papağını qoyar, kağızdan özünə bığ düzəldər, ona-buna lağ edərdi. Qurbanın ondan xoşu gəlməzdi. Hətta bir neçə dəfə Sayalını saçlayıb döymüşdü də.

Qurban yalnız üçüncü sinfə qədər oxudu. Sonra atası onu məktəbdən çəkdi. "Yekə oğlansan, çörək qazanmaq lazımdır, - dedi, - dədə-babamız oxumayıb ki, sən də oxuyasan".

Əslinə baxsan, Qurbanın özünün də ürəyindən idi ki, məktəbi buraxsın. Hərfləri höccələməkdən xoşu gəlmirdi. O, atası ilə bərabər yer əkdi, ot çaldı, qapı-baca becərdi. Onlan dəfələrlə cərimələdilər: kənd sovetinin milisioneri onu çöldə tutub atın qabağına qatdı, məktəbə gətirdi. Sinifləri gəzdirdi, qulaqlarından dartıb uşaqlara gərs elədi. Olmadı ki, olmadı. O, üz-gözü qızarmış, qulaqları yana-yana sinifdə oturdu. Zəng çalınan kimi yenidən qaçdı.

Sayalı isə oxudu. Beşinci sinfi qurtardı. Əməlli-başlı qız oldu. Həmin il kənddə klub düzəltdilər. Sayalı səhnədən düşmədi: hər bayramda oxudu, oynadı. Onun gözəl səsi var idi. Dərsdən sonra qızları başına yığıb oxuya-oxuya gəzərdi. Hər dəfə klubda yığıncaq olanda səhnəyə çıxar, cingiltili səslə deyərdi:

"Bu səhnəmiz aynadır, açmağa xalqın gözünü.

Görəcəkdir bu aynada hər kəs özünü.

Arabir bəzi adam inciyəcəkdir,

Müftəxor mollaları yandıracaqdır..."

Cavanlar ona əl çalar. qocalar narazılıqla başlarını bulayar, "bu kişi qızını niyə özbaşına buraxıb?" – deyərdilər. Az sonra kənd arasında pıçildaşmağa, Sayalının haqqında cürbəcür sözlər danışmağa başladılar: dünən gecə filan yerdən keçirdi, filankəsin oğlu ilə mazaqlaşırdı. Sayalı isə rayon mərkəzində açılan altı aylıq müəllimlər knrsuna getməyə hazırlaşırdı. Ancaq bu, ona müyəssər olmadı.

Bir axşam evə gələrkən, atasının yanında cavan, suyuşirin bir oğlan gördü. O, qonağa qulluq elədi, çay-çörək verdi. Gecədən xeyli keçdi. Qonaq getmədi. Atası Sayalını yanına çağırdı.

– Qızım, - dedi, - özün bilirsən ki, səni mən nə zəhmətlə saxlamışam. Rəhmətlik anan öləndə üç yaşındaydın. İndi, maşallah, böyüyüb yekə qız olubsan. Sənin tay-tuşundan atası evində qalanı yoxdur. Sənin də ev-eşik sahibi olmaq vaxtındır. - O, dərindən köks ötürdü. - Özün bilirsən ki, mənim yurdumda ocaq qalayan adam yoxdur. İndi istəyirəm səni elə adama verim ki, yurdum boş qalmasın. Səni ev qızı, ev gəlini eləmək istəyirəm.

Atası susub çal saqqalını qaşıdı. Sayalı onun dediklərini yaxşı başa düşmədisə də, ürəyi döyünməyə başladı. Kişi qızından gözləritıi ayırmadan:

– Oğlan da pis oğlan deyil, - dedi, - elə əsl mən deyəndir. Yetimin biridir. Həm oğlum olar, həm kürəkənim.

Sayalını elə bil ildırım vurdu. Atasının boynuna sarılıb ağladı, yalvardı, oxumaq istədiyini söylədi. Atası əvvəlcə onu dilə tutdu. Qızının inadını görəndə hirslə ayağa durdu:

– Əgər ölmək istəmirsən, səsini kəs! Yoxsa bu saat ayağımın altına salıb, dəli inək buzovunu ayaqlayan kimi ayaqlaram. Ya mən deyən olacaq, ya da səni tikə-tikə doğrayıb qapıdakı itlərə atacam.

Sayalı ərə getdi. Ancaq onlar çox yaşamadılar. Evlənəndən bir-iki ay sonra oğlan gecələr başladı evə gəlməməyə. Bəzən günlərlə yox olurdu. Sayalı hərdənbir atasının da onunla getdiyini görürdü. O, bir neçə dəfə ərindən hara getdiklərini, gecələr nə iş gördüklərini soruşmuşdusa da, cavab ala bilməmişdi. Əri hirsli-hirsli ona baxıb, gözlərini bərəltmiş, "arvadsan, otur yerində, - demişdi, - kişinin işinə qarışma", - Sayalının atası da kürəkəninin tərəfini saxlamış, "kişi arvada sirrini verməz" - demişdiz.

Bir gün Sayalının ərini tutdular. Oğurlayıb kəsdiyi camışın gönünü onun çiyninə verib kəndin ortası ilə apardılar. Sayalı utandığından evdən bayıra çıxmadı. Uşaqların "oğru, oğru" - qışqırdıqlarını eşitməmək üçün pəncərəni bağladı...

Aradan bir neçə il keçdi. Kənddə kolxoz təşkil edildi. Sayalının atası kolxoza girmək istəmədi. Tək təsərrüfatçı olaraq da öldü. Sayalı tamam tək qaldı. Ərindən də xəbər-ətər yox idi. O, kolxoza girdi.

Elə bu vaxt Qurbanı briqadir seçdilər. Sayalı onun briqadasında işləyəsi oldu. Onlar hər gün iş yerində görüşər, arabir söhbət edərdilər. Sayalı çox sakit, işlək bir gəlin olmuşdu. Heç kəsin işinə qarışmaz, az danışıb, az gülərdi. Yolu ilə düz gəlib, düz gedərdi. O indi ətə-qana dolmuşdu. Yanaqları qıpqırmızı idi. Zil qara saçları vardı. İri gözləri bir qədər kədərli olsa da, qaynayıb daşır, adamı titrədirdi.

Qurban yavaş-yavaş kənd içində sayılmağa başlayırdı. İclaslarda onu tərifləyir, yaxşı briqadir olduğunu söyləyirdilər. O daha da həvəslənir, hamıdan əvvəl yer əkdirir, səpinə başlayır, pambıq yığdırırdı. Yavaş-yavaş qızlar da ona baxmağa başladılar. Çirkin olduğuna görə əvvəllər heç kəs ona məhəl qoymurdu. Qızlar öz aralarında "yassarın biridir, üzünə baxanda adamın ürəyi bulanır, - deyirdilər, -ev-eşiyi də yoxdur, bir həsirdir, bir də Məmməd Nəsir".

Qurban kolxoza girəndən sonra ev-eşik tikdirdi. Əyin-başını düzəltdi, hətta özünə yaxşı bir at da aldı. O, hər gün atını minib kəndin arası ilə çapanda, ya da briqada üzvlərini işə çağıranda, qız-gəlinlər onun dalınca baxmağa başladılar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, 1

Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.

195714 dəq
Birinci hissə, 2

Şamxal birbaş sahilə endi.Göyün üzü tərtəmiz idi. Yalnız o tayda, meşədən uzaqlarda, üfüqlə birləşmiş kimi görünən boz dağların başı üstündə topa-topa ağ buludlar dolaşırdı. Laylanmış buludların qalın kölgələri boz təpələrin, dərələrin üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb bərilərə, meşənin ətəklərinə qədər gəlirdi.

19576 dəq
Birinci hissə, 3

Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. Gün qərbə doğru əyiləndən sonra yuxarıdakı boz dağlardan xəfif meli əsdi. Otların, dəmyələrdə əkilmiş sinəsi laləli taxılların üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi çəkilmiş ağ, nazik dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə doğru apardı. Getdikcə suyun səthinə yatan çiskinli duman cələdəki yulğun kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya - meşəyə doğru gedir, orada isə ağacların başına dolanıb yox olurdu. Örüşdən qayıdan mallar buynuzlaşa-buynuzlaşa sahilə enib doyunca su içir, o taydan, odun qırmaqdan qayıdan kənd cavanları isə sal bağlayıb bəri üzə keçirdilər.Səhərki hadisədən sonra atına minib meşəyə gedən Cahandar ağa da sahildə idi. O bütün günü hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb, başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı. Nəhayət, axşamüstü Qarasuyun yaxası boyu keçib gedən maralların izinə düşüb Kürün sahilinə qədər gəlmişdi. Cahandar ağa su içən maralların üstünü almış və sərrast atdığı güllə ilə iri bir maralı vurub yıxmışdı. Atdan düşüb ovunu kənara çəkmiş, cələdə dalda bir yerdə gizlətmişdi.

195721 dəq
Birinci hissə, 4

Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi. Asta, olduqca mülayim bir bahar küləyi əsdi. Şamxalın burnunu çəmən çiçəklərinin qoxusu qıcıqlandırdı.Çərkəzin xorultusu mışıltıya çevrilmişdi. Şamxal qibtə ilə ona baxırdı. Ay doğanda onu oyatmalı olduğunu belə unutmuşdu.

19576 dəq

Başqa şairlərin şeirləri