5
Səhifə 1 / 3
Zeynəbi od götürmüşdü. Bir az bundan qabaq arxın üstündə Gövhər qarıdan eşitdiklərinə əvvəlcə inanmaq istəməmişdi. "Onun peşəsi elə aralıqda söz gəzdirməkdir" - deyə düşünmüş və səhəngini götürüb geri qayıtmışdı. Ancaq yolda öz manqasının üzvü Gülsümə rast gəlmişdi. "Ay Zeynəb bacı, bu nə işdir? Belə olsa heç mən də orda qalmayacam," - deyə Gülsüm kövrəlmiş halda, eşitdiklərini ona danışmışdı. Zeynəb yenə də sakitliyini pozmamış, "işində ol, belə boş sözlərə inanma" - deyə Gülsümə təskinlik vermişdi. Amma evə gəldikdən sonra təsirlənmiş, düşündükcə odsuz-ocaqsız alovlanmağa başlamışdı. "Bu kişi lap ağlını itirib. Kefi nə istəyirsə onu eləyir. Heç buna qoruq-qaytaq edən yoxdur. Salaşmadığı adam qalmadı. İndi də mənə əl uzatdı. Axı niyə ey, nədən ötrü? Nə əsasa görə'?.."
O, evdə hərlənir, mütəkkələri çırpıb taxtın üstünə düzür, qab-qacağı danqıldadırdı. "Özü də onun-bunun sözü ilə iş görür. Bilirəm, o elə əvvəldən də buna razı deyildi".
Zeynəb bir yerdə durub sakitləşə bilmirdi. Tez-tez eşiyə çıxır, qapıları taqqıldadır, eyvanda hərlənir və öz-özünə deyinirdi: "Gör bir mənim yol göstərənim kim olub? Xır-xır Kazım! Hamısını da eləyən o Kosaoğludur. Zərər yoxdur. Görünür, o hələ məni yaxşı tanımayıb. Mən onu bir Kosaoğlu elərəm ki, biri də yanından çıxar".
Zeynəb içəri girdi, şalını başına örtüb bayıra çıxdı. Çəpəri ayaqlayıb qonşu həyətə keçdi, Tükəzban xalanı çağırdı. Arvad eyvanda göründü.
– İmran evdədirmi?
– Yox, səhərdən getdiyidir. İdarədə olar. Neyləyirdin?
– İşim var.
– Gəl otur, indicə gələr, şər qarışır.
– Yox, Tükəzban xala, gözləyə bilmərəm.
O, dönüb aralandı.
Qaranlıq düşürdü. Qapı-bacalarda qaraltılar çoxalırdı. Baltalar taqqildayır, dallarında səbətlə saman gətirən uşaqlar tövlələrə yaxinlaşırdılar. Arvadlar buzovu əmizdirdikdən sonra çəkib mıxa bağlayır, südü evə qoyub qayıdır və qarın üstündə ot yeyən inəkləri haylayıb dama salırdılar. Bəzi qapılarda itlər yal üstündə boğuşurdu. Yavaş-yavaş sazaq başlayır, göy üzündə təkəmseyrək ulduz görünürdü. Dərsdən qayıdan uşaqlar tələsir, özlərini evə salmağa çalışırdılar. Onların bəziləri soyuqdan büzüşür, bəziləri də papaqlarınin qulaqları atıla-atıla qaçırdılar. Pəncərələrdə titrəyən işıqlar çoxalır, bacalardan çıxan tüstü axşam toranlığına qarışıb yox olurdu.
Zeynəb heç nəyə fikir vermədən irəliləyir, öz-özünə Kosaoğlunu asıb-kəsirdi: "Gərək elə hamı Kosaoğlunun qohumu olsun? Kolxozun xeyir-şərində biz də iştirak etsək dünya dağılmaz ki! Elə gərək hər şeyi qamarlayıb özləri götürsün? Kənd onların adına ha yazılmayıb! Daha bəsdir! Hər şeyi açıb lap gözünün içinə deyəcəm. İslanmışın yağışdan nə pakı? Onsuz da mənə dəli Zeynəb deyirlər".
Zeynəb kolxozun xırman yerinə çatdı. Saman tığlarının yanında kişilər çənələrini yabaya söykəyib söhbət edirdilər. Onlar saman keşikçisinə nə isə deyir, o da qışqırırdı ki, olmaz". Başqa vaxt olsaydı Zeynəb bəlkə də dayanıb söhbət edənlərə salam verər, sinə-sinə tayalara yaxınlaşaraq səbətlərini samanla doldurub qaçan uşaqlara acıqlanar və keşikçiyə sataşıb "gözlə özünü də səbətə qoyub apararlar", - deyərdi. Ancaq indi hövsələsi yox idi.
O, xırmandan tələsik keçib idarəyə doğru addımladı. Xəstəxananın yanında, əyninə qara xəz palto geyinmiş Şahnazla rastlaşdı. Onlar sakitcə bir-birini başdan-ayağa xeyli süzdülər. Şahnaz birdən qəhqəhə çəkdi.
– Ay qız, şala nə yaman bürünübsən?
– Hamı sənin kimi şuba geyinməz ki, Şahnaz xanım!
– Bıy, xətrinə niyə dəyir, sözdür dedim. Bir də şuba geyinmək pis şeydir? Hələ dayıma demişəm birini də alsın. Bunu bildir Bakıya gedəndə almışdı. Elə yaxşı isti olur ki. Bir də, belə paltar geyinəndə hamının gözü səndə qalır. Bütün oğlanlar dalınca baxır. Ağızlarının suyu axır, sən də ki, onlara məhəl qoymayıb yanlarından keçirsən. Bilirsən adama nə ləzzət verir! Yeriyəndə gərək dabanlarını yerə bərk vurasan ki, bədənin titrəyə. Yoxsa elə-belə yeriməkdən nə çıxar?
– Doğru sözündür?
– Bəs nə? Elə dayımın da yaxşı paltardan xoşu gəlir.
– Yəni o da belə şeyləri qanır?
– Mənə deyir, nə qədər sağam, qoymaram ki, korluq çəkəsən, Ürəyin nə istəyir alacam. Nə cür istəyirsən geyin, gəz. Qoy düşmənlər kür olsun. Mən də ki özün bilirsən, gündə bir paltar geyinməsəm ürəyim partlayar. Hələ qoy yaz gəlsin. Elə nazik paltarlar tikdirmişəm ki, baxanda adamın ağlı gedir. Hamısı da təzə fason. Belləri dar, qolları açıq.
Zeynəb dodağını gəmirdi. Bir istədi onun üstünə atılıb boğazından yapışsın və süpürləyib qara bassın, o ki var əzişdirsin. Amma özünü saxladı.
– Sonra neyləyəcəksən?
– Neyləyəcəm? Nə qədər ömrüm var, gəzib dolanacam. Kefimi sürəcəm. Bu dünya bizə qalmayacaq ki... Ay qız, dəli olma, işləmək-zad boş şeydir. Dünyada adama kef qalacaq. Nə qədər ki cavanam, geyinib-kecinəcəm, kişilərə yanıq verəcəm. Yorulanda da çıxıb gözəl-göyçək oğlanlardan birinə gedəcəm. - O, Zeynəbə daha da yaxınlaşdı. - Heç bilirsən bu oğlanlara mən dağ çəkirəm?!
– Sən canın, düzmü deyirsən?
– Özüm ölüm, düz sözümdür. Bura bax, mənə niyə belə baxırsan?
– Deyirəm, ay Şahnaz, görəsən səndə bircə tikə ağıl varmı?
– Kimdə, məndə?
– Bəli, səndə! Kosaoğlunun bacısı qızı Şahnaz xanımda.
– Bura bax ey, - deyə Şahnaz ciddiləşdi, - mən səndən ötrü toxa vuran qızlardan deyiləm. Gözünü aç, mənə yaxşı bax. Yoxsa başına bir oyun açaram, adın da yadından çıxar.
Zeynəb eyni sakitliklə soruşdu:
– Nə qayırarsan'?
– Belə dayıma deyərəm...
– Uzun donumu gödək elər?
– Bəs elməz? - Mənim ha?
– Bəli, sənin!.. Sən nəsən ki?
– Əgər o, yaxşı kişidirsə, qoy əvvəlcə bacısı qızının başına ağıl qoysun.
– Mənə nə olub ki, mən ağılsızam?!
– Bəs nə təhər ki... Lap kamal dəryasısan.
– Bura bax, məni dolama!
– Özündən xəbərin yoxdur, ay yazıq, dolanası günlərə qalıbsan. Şahnazın burun pərələri genişləndi. Sinəsi enib-qalxdı. Gözləri oynadı.
– Mənə nə olub ki, yazıq oluram? Dayımın canı sağ olsun. Yazıq sənsən, a yetim!
Zeynəbin yumruqları düyünləndi. Bir addım irəli gəlib onun gözlərinin içinə baxdı, Şahnazın bədənini titrətmə götürdü. O, geri çəkilib cığıra düşdü və bir ayağını qaçaraq qoydu.
– Bax, əlini-ayağını farağat qoy. Mən sənə toxa vuran qızlardan deyiləm ki, saçından tutub horabel çəkəsən.
– Kəs səsini! Yoxsa bu saat allahın da, bəndənin də hayıfını səndən alaram. Arsız!
Şahnaz ondan aralanıb özünü xəstəxanaya saldı. Zeynəb bir xeyli yerindəcə dayandı. Onun dodaqları səyridi. Gözləri yaşardı. Güclə hirsini boğub özünü ələ aldı, şalını düzəldə-düzəldə xəstəxananın yanından ötüb idarəyə yaxınlaşdı. Birbaş Kosaoğlunun yanına getmək istədi. Ancaq partiya təşkilatçısının otağından işıq gəldiyini görüb ayaq saxladı, nəfəsini dərdikdən sonra üst-başını düzəldib içəri girdi. Nəsib dayı qapıya tərəf baxdı. Zeynəb özünü itirən kimi oldu. Qıza elə gəldi ki, hirsli olduğunu, hətta Şahnazla deyişdiyini Nəsib dayı bilir. O, həyəcanını gizlədib sakitləşmək istədisə də bacarmadı, yanaqları daha da qızardı. Zarafatcıl, gülərüz Nəsib dayı Zeynəbi bu vəziyyətdə görüb gülümsündü.
– Qızım, nə yaman bürünübsən, lap qarıya oxşayırsan.
– Soyuqdur.
– Yaxşı, çovğun qoparma görək, şalını aç, otur. Zeynəb peçin yanındakı skamyada əyləşdi. Nəsib dayı Zeynəbi hər dəfə görəndə bir an sakitcə dayanıb, dinməz söyləməz onun üzünə baxardı. Bu vaxt Nəsib dayının sifətində və gözlərində kədər qarışıq bir sevinc sezilirdi. Elə bil ki, kişinin fikri haraya isə, uzaqlara gedirdi. Bəzən Zeynəb ondan bir söz soruşanda Nəsib dayı heç nə eşitmirmiş kimi susur, haçandan-haçana, yuxudan ayılmış kimi, fikrini toplayıb Zeynəbə cavab verirdi. Bu vaxt Zeynəb onun azacıq qızardığını hiss edirdi. Əvvəllər Zeynəb bunun fərqinə o qədər də varmazdı. Sonralar, Nəsib dayının onunla qabaqlaşarkən özünü itirdiyini, hərəkət və baxışlarında bir qəribəlik olduğunu aydınca görməyə başladı. Zeynəb çox zaman ondan qaçmağa çalışırdı. Lakin Nəsib dayı qızı harda görsə dayanıb kefini soruşurdu. O, elə mehriban olurdu ki, Zeynəbin qəlbindəki şübhələr dərhal dağılırdı. İndi də elə oldu.
Nəsib dayı bir az sakitcə baxdı. Sonra ayağa durdu. Zeynəbin şalını alıb divardan asdı. Yenə stolun arxasına keçdi. Fikri dağınıq halda kağızları, qəzetləri qurdaladı. Sonra üzünü Zeynəbə tutdu.
– Xeyir ola, a komsomol, bu qarda-boranda Nəsib dayını nə yaxşı yada saldın?
Zeynəb onun sualına sualla cavab verdi:
– Deyin görüm, məni manqabaşçılıqdan niyə çıxardıbsınız? Nəsib dayı heyrətlə qaşlarını çatdı.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:
Dördüncü hissə, 13Zər paqonlu cavan bir zabit meşin çəkilmiş qapını açıb Semyonovu içəri saldı və dabanlarını cütləyib təzim etdikdən sonra geri çəkildi. Dmitri Dmitriyeviç böyük zalın astanasında dayandı. Bir xeyli hansı tərəfə gedəcəyini müəyyənləşdirə bilmədi. Qubernatorun kabineti o qədər böyük idi ki, özünün harada oturduğunu dərhal görmək mümkün deyildi. Həm də küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü.Kim isə öskürdü. Semyonov astaca addımlarla küncə doğru irəlilədi. İri yazı masasının önünə çatanda kürsüdə əyləşən qubernatoru gördü və azacıq əyilib təzim etdi. Qubernator ona başını tərpətməklə cavab verdi və əli ilə işarə etdi ki, əyləşsin. Semyonov yumşaq stullardan birində oturdu və qarşısındakı kağızlara baxan qubernatora göz qoydu. Onun boyu balaca idi. Qıvrım saçları ağarmışdı. Hətta bəzi yerlər papiros hisinə düşmüş kimi saralmışdı. Çiynindəki paqonun zərli saçaqları astaca tərpənirdi. Qubernatorun bakenbardı az qala uzun bığlarına qarışmışdı. O sakit və qaraqabaq adama oxşayırdı.
Dördüncü hissə, 14Gecədən xeyli keçmiş Göytəpənin kənarında bir dəstə atlı göründü. Səs salmamaq üçün xır yolundan çıxdılar. Təpələrin arasında cilovu çəkib dayandılar. Bir xeyli, nəfəs belə almadan ətrafı dinşədilər. Xır yolu bomboş idi. Kəndin arasındakı cığırlarda da bir tərpəniş sezilmirdi. Sükutdan qulaq batırdı. Sahil boyu səpələnmiş daxmaların işığı çoxdan sönmüşdü. Göyün üzü tutqun olduğundan, kəndin üstünə çökən qaranlıq daha da qatılaşmışdı. Yalnız Kür daxili bir qəzəbdən titrəyirmiş kimi boğuq-boğuq uğuldayırdı. Hardasa kəsik-kəsik it hürürdü.Atlılar xısınlaşdılar. Astadan fit çalındı. Bu işarədən sonra Acı dərə tərəfdən qatar-qatar qaraltılar axışıb gəldi. Onlar da təpələrin arasında dayandılar. Kimi isə gözlədilər. Nəhayət, axırıncı dəstə də onlara qarışdı. Yalnız bundan sonra hissələrə bölündülər. On-on beş atlı da xır yolunu keçib kəndin alt tərəfinə doğru irəlilədi. Sahilə yaxınlaşanda cığırdan çıxıb Cahandar ağanın evinə doğru getdilər. Yarğanın kənarında seyrəlib zəncir kimi uzandılar. Suvadağa gedən yolu kəsdilər. O biri dəstə boz kolların arası ilə kəndin üst tərəfinə doğru yollandı. Yenidən hər şey sakitləşdi. Üçüncü dəstə isə torpaq yolla irəlilədi. "Zayej"in bərabərinə qədər səssizcə getdilər. Burada dönüb xır yoluna keçdilər. Birbaş həyətə doluşdular. Cilovu çəkib dayandılar. Kim isə qaranlıqda əli ilə işarə etdi. Atlılar iki bölünüb evi arakəsməyə aldılar. Bir xeyli gözlədikdən sonra üç nəfər atdan düşdü. Çaxmaq səsləndi. Sinə-sinə eyvana çıxdılar. Otaqda adam olub-olmadığını yəqinləşdirmək məqsədilə qapının dalında dayandılar. Susdular. Heç nə eşidilmirdi. Bəlkə onu duyuq salmışdılar? Bizdən fənd tərpənib aradan çıxmışdır? Bəlkə hər şeydən xəbərsizdir, yorğan-döşəkdə şirincə yatır? Bəlkə də içəridə, əlində tüfəng, dayanıb gözləyir?
Dördüncü hissə, 15Cahandar ağa oyanıb mütəkkəyə dirsəkləndi. Yerin içində hərəkətsiz dayanıb bir xeyli ətrafı dinşədi. Hamı yatmışdı. Qonşu otaqdan səs-səmir gəlmirdi. Elə həyətdə də sakitlik idi. O, pəncərənin taxtasını araladı. Kürün o tərəfindəki dağların arxasında üfüq azacıq ağarsa da, hələ qaranlıq idi. Səhər zülməti ətrafı bürümüşdü. Kişi taxtanı örtdü. Əli ilə döşəyin yanını yoxladı. Tüfəng də, xəncər də öz yerində idi. Qoltuqaltısı başının altında idi.Cahandar ağa şalvarını tapdı. Tütünqabını çıxardıb papiros eşdi. Müştüyə taxıb yandırdı. Arxası üstə uzanıb gözünü tavana zillədi. Otuzluq lampanın fitili aşağı çəkildiyindən, ev yarıqaranlıq idi. Ancaq bu solğun işıqda burula-burula havaya qalxıb, tavanda laylanan tüstü aydınca görünürdü. Tavanın taxtaları qaralmışdı.
Başqa şairlərin şeirləri
Yük ağır, yol uzaq.Nə alaf var doyunca,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Eşqin ey dilbər, könül təxtində şah olmuş dururEşqin ey dilbər, könül təxtində şah olmuş durur,Surətin can mülkinə xurşidü mah olmuş durur.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı