Dördüncü hissə, 15
Cahandar ağa oyanıb mütəkkəyə dirsəkləndi. Yerin içində hərəkətsiz dayanıb bir xeyli ətrafı dinşədi. Hamı yatmışdı. Qonşu otaqdan səs-səmir gəlmirdi. Elə həyətdə də sakitlik idi. O, pəncərənin taxtasını araladı. Kürün o tərəfindəki dağların arxasında üfüq azacıq ağarsa da, hələ qaranlıq idi. Səhər zülməti ətrafı bürümüşdü. Kişi taxtanı örtdü. Əli ilə döşəyin yanını yoxladı. Tüfəng də, xəncər də öz yerində idi. Qoltuqaltısı başının altında idi.
Cahandar ağa şalvarını tapdı. Tütünqabını çıxardıb papiros eşdi. Müştüyə taxıb yandırdı. Arxası üstə uzanıb gözünü tavana zillədi. Otuzluq lampanın fitili aşağı çəkildiyindən, ev yarıqaranlıq idi. Ancaq bu solğun işıqda burula-burula havaya qalxıb, tavanda laylanan tüstü aydınca görünürdü. Tavanın taxtaları qaralmışdı.
Cahandar ağa gözünü tavanın qaralmış yerinə zillədi. "Deyəsən yaram sağalır. Ayağa duran kimi gərək uşağın dalınca adam göndərim, gətirsin. Mən özümdən arxayınam. Düşməndən də hayıf almışam. Daha heç nədən qorxum yoxdur. Bircə Molla Sadıq qalıb, onunla da haqq-hesabımı çürüdəcəm. Amma bu uruslar əl-ayağıma yaman dolaşırlar. Qorxuram axırda kişiliyimizi də əlimizdən alalar. Bir balaca tərpənən kimi başının üstünü kəsdirirlər ki, qanun buna yol verir, elə oturmayın, belə oturmayın. Axı deyən gərəkdir ki, sizə nə var? İndiyə qədər qanunsuz pismi dolanırdıq? Hər kəsin öz kişiliyinə və adına görə dolanması var idi. Qanlı da qanını özü alırdı, nə divan var idi, nə dərə. İndi bu nədir? Saatda bir pristav atını çapıb gəlir ki, niyə başınızı qaşıyırsınız? Yox, mən belə dolana bilmərəm. Mənim öz ağlım var, istədiyim kimi yaşamışam, istədiyim kimi də öləcəm. Bəs uşaqlar? Şamxal tərsdir, tüpürdüyünü yalayan deyil, dediyindən dönməzdir, amma özümə oxşayır. Ordan-burdan eşidirəm ki, məndən küsmüş olsa da, yenə qeyrətimi çəkir. Amma Əşrəf deyəsən zənnimi itirəcək. Küçük biz tərəfə yox, südünə çəkdi. Heç kin-küdurət-zad bilmir. Bilmirəm ürəyimi yumşaqdır, yoxsa, oxumaqmı onu xarab eləyib? Elə deyir, hamıya yaxşılıq eləmək lazımdır. Sözə də baxmaq istəmir. Deyəsən onu məktəbdən biryolluq qaytarmalı olacam. Yoxsa uşaq əldən təmiz çıxar. – Cahandar ağa yerin içində çevrildi, Papirosu acgözlüklə sümürüb burnun deşiklərindən fısıldatdı. – Dünya işidir, bəlkə mənim başıma bir bəla gəldi, onda nə olsun? Yurdum boş qalmalıdır? Bu arvad-uşağın içində bir başıpapaqlı hərlənməməlidirmi?".
O, papirosunu axırıncı dəfə sümürüb atdi. Qalxıb yerin içində oturdu. Hiss etdi ki, yaman narahatdır. Nə qədər çalışırdısa, elə axşamdan gözünə yuxu getmirdi. Gecəyarısı kəndin ucqarında itlər hürüşdükdən sonra isə heç dincələ bilmirdi. Qorxmurdu. Bilirdi ki, onun evinin həndəvərinə hərlənən olmaz. Allahyarı günün günortaçağı öz evində öldürdükdən sonra kənd adamları dalınca düşsələr də Kürün sahilində, cələdəki ağacların arasında ona yaxın gələn olmadı. Cahandar ağa özünə dalda yer seçib arxaya bir-iki güllə atdıqdan sonra gördü ki, gələnlər dayandılar və geri qayıtdılar. Cahandar ağa yəqin etdi ki, Allahyargilin kəndində qoçaq adam yoxdur. Onun dalınca axıra qədər gəlməyəcəklər. O, atını yarğanların dibi ilə rahatca sürdü və girməyə çatanda Kürü üzüb meşəyə keçdi. Birbaş Göytəpəyə qayıtdı. Bir neçə gün evdə qaldıqdan sonra kəndin arasına çıxdı. Gözü ilə Molla Sadığı axtardı. O, Molla Sadıqla birdəfəlik haqq-hesabı çürütmək istəyirdi. Fikirləşmişdi ki, bəlkə divan-dərə adamları tökülüb gəldilər, məni qamarlayıb araya aldılar, ya tutdular, ya da başıma bir iş gəldi. Molla Sadıq sağmı qalsın? Ancaq xoşbəxtlikdənmi, yoxsa bədbəxtlikdənmi, nədənsə, o günü molla gözə dəymədi. Cahandar ağa kəndin arasında bir xeyli hərləndikdən sonra evə qayıtdı. Kişi bir şey hiss etdi ki, camaat ona əvvəlki kimi baxmır. Elə bil ondan çəkinirlər. Onunla üz-üzə gəlmək istəyənlər azalıb. Kişi baxışlardan oxudu ki, onu məzəmmət eləyənlər də var. Axı, mən nə etmişəm? Hansı haqsız iş tutmuşam ki, məni qınayırlar?
Cahandar ağa evə qayıtdıqdan sonra heç kəsin üzünə baxmadı. Yer saldırıb yatdı. Titrəməli adamlar kimi yorğanın altında əsdi. Nə qədər çalışdısa da, Allahyarın son anını, gözlərindəki axırıncı ifadəni unuda bilmədi. Cahandar ağa düşmənini öldürdükdən sonra hər şeyi unudaraq bir neçə saniyə onun üzünə baxmışdı. Kişinin yazıq görkəmi qəlbini riqqətə gətirmişdi. Ani olaraq düşünmüşdii ki, bunun günahı nəydi? Mənə nə pislik eləmişdi ki, öldürdüm? Hər nə eləmişdimsə, mən eləmişdim. Əgər mən onun arvadını götürüb qaçmasaydım, heç məni tanımazdı da!
Cahandar ağa papiros eşdi. Yandırıb tüstülətdi. Sonra paltarını geyindi. Adəti üzrə əvvəlcə xəncərini bağladı. Qoltuqaltısını boynundan aşırdı. Tüfəngini yoxlayıb xəzinəyə güllə verdi və bundan sonra həyətə çıxdı. Hava hələ qaranlıq idi. Çisələyirdi. Yer sürüşkənləşmişdi. Toyuqlar tarda qığıldaşırdılar. Arabir torağaylar pırıltı ilə havaya qalxırdı. Xırman yerində gölməçələr var idi. Cahandar ağa talvarın altına getdi. Son vaxtlar gecələr belə, yəhərli saxladığı ata baş çəkirdi. At sahibini görən kimi qulaqlarını şəkləyib astadan tırıldadı. Kişi onun yalını tumarladı, axurundakı otu, arpanı yoxladı. Samanlığın üstünə doğru getdi. Kür tərəfdən əsən sərin hava onun üzünə vurdu. Qaşına, kirpiklərinə çisək qondu. Cahandar ağa istidən çıxmış adamlar kimi bu sərinlikdən, üzünü yalayan narın yağışdan ləzzət aldı. Sinəsini qabardıb Kürə doğru baxdı. Alatoran yaxşı seçilməsə də, kişi suların necə burulduğunu, ləpələrin sahil torpaqlarını necə yaladığını uğultudan təyin etdi. O başa düşdü ki, su daşıb. Neçə gündən bərk yağan yağış Kürü yenə yerindən oynadıb. Sular köhlən at kimi cilovu gəmirir, yatağına sığmır.
Azacıq işıqlandı. Beş-altı addımlıqdakı quru otlar, xırdaca kətyən kolları, sahilə enən boz cığırlar görürdü. Kişi donmuşdu. Tüfəngini dizinin üstünə aldı. Yenə papiros eşdi. Gözünü isə samanlığın üstündə bitən kətyənə zillədi. Çiskin onun quru şaxlarında tumurcuqlanmışdı. Qoşabuynuz bir ilbiz qabığından çıxıb budağın üstü ilə süründü. Cahandar ağa ikrahla üzünü yana çevirdi. Elə bu vaxt talvarın altındakı at qulaqlarını şəkləyib kişnədi, Kişi hövlnak dönüb baxdı. Gördü ki, atın gözləri oynayır. Yalının tükləri pırpızlanıb. At yerində vurnuxur dartınır və təlaşla fırlanır.
O, ayağa durdu, Samanlığın üstündən enmək istədi. Haradasa lap yaxında, suvadağın bərabərində at kişnədi. Cahandar ağa tüfəngini hərləyib barmağını tətiyə uzatdı. Darvazadan səs gəldi. Nökərlər doqqaza çıxana qədər iki atlı kazak siyirmə qılınc həyətə girdi. İtlər irəli atılıb onları yəhərdən salmağa çalışdı. Nökərlər araya keçdilər. Kazaklardan biri acığını Tapdığın üstünə tökdü:
– Ağan hanı?
Tapdıq onun dediklərini başa düşmədiyindən çiyinlərini çəkdi. Kazak isə daha da hirsləndi:
– Çağır gəlsin, pristav gözləyir!
Cahandar ağa başa düşdü ki, pristav onu alaqaranlıqda boş-boşuna yanına çağırmır. Özləri qəsdən qaranlıqkən gəliblər ki, yuxulu-yuxulu üstünü kəsdirsinlər. Yəqin ki, bacarsalar Cahandar ağanı tutub qollarını bağlayacaq və atın qabağına salıb aparacaqlar. O bir anlığa özünü siyirməqılınc altında təsəvvür etdi. Kazaklar onu atın döşü ilə vurur, tez-tez tüfəngin qundağı ilə itələyirdilər. Yüyəni çeynəyən atların nəfəsi onun kürəyini yandırırdı.
Kişi birdən-birə silkələnib titrədi. Beyninə qan sıçradı. Gözü heç nə görmədi. Dünya başına hərləndi. Kür də, meşə də, sahildəki çəmənlik də, evlər də, cığırlar da fırlanıb gözünün önündən keçdi. Tətiyi çəkdi. Dalbadal güllə şaqqıldadı. Atlar kişnədi. Kazakın ikisi də yəhərdə ləngərləndi. Qılınclar yerə düşdü. Hürkmüş atlar doqqazdan aralanıb xır yoluna qədər çapdı. Cahandar ağanın başının üstündən vıyıltı ilə iki güllə keçdi. Yarğan şaqqıldadı. Yenə at kişnədi. Cahandar ağa yerə yatdı. Sonra sıçrayıb samanlığın yanına getdi. Yarğanın qarşısındakı qaraltıları gördü və başa düşdü ki, yolları kəsiblər. Çox fikirləşmədi. Samanlığın dal tərəfindəki çuxuru özünə səngər edib, qaraltılara doğru dalbadal güllə yağdırdı. Ona cavab verdilər. Kəndə səs düşdü. İtlər ağız-ağıza verdilər. Cahandar ağanın nökərləri ora-bura qaçışdılar. Onlar da tüfəng götürüb samanlıq tərəfə gəldilər. Atışma yenidən qızışdı. Cahandar ağa güllələrin səsindən boşa çıxıb-çıxmadığını təyin etdi.
Suvadağ tərəfdən atılan güllələr azaldı. Ancaq gözlənilmədən xır yolu tərəfdən də güllə yağdı. Cahandar ağa gördü ki, onun evini arakəsməyə salacaqlar. Belə getsə, evdə arvad-uşaq da qırılacaq, özü də ələ keçəcək. Kişinin bədəni gizildədi. Birdən yerindən atılıb talvarın altına getdi. Sıçrayıb atın belinə qalxdı. Bir göz qırpımında çəpərdən atılıb, sahilə doğru çapdı. Dərəyə enərkən arxaya bir-iki güllə atdı. Kazaklar onun aradan çıxacağını duyub atın belinə qalxdılar. Ancaq onun sərrast güllələrindən ehtiyatlanıb ətrafa səpələndilər. Yalnız yekəpər kazak qıllı papağını gözünün üstünə basıb atın yalına yatdı. Atlar dabanbasaraq çapdılar. Cahandar ağa nə qədər çalışdısa da, yüyəni nə qədər boşaltdısa da, hiss etdi ki, kazak onu haqlayır. Bir neçə dəqiqədən sonra arxadan yetişəcək. Kişi "ax Qəmər" – deyə xəyalından keçirdi. Ancaq əl-qolunu boşaltmadı. Sahilə az qalırdı. Artıq kazakların səfini yarıb aradan çıxmışdı, bir az keçsə, Kürə çatacaqdı. O, atı bir də mahmızladı. Ona elə gəldi ki, bütün kənd ayağa qalxmışdır. Damların üstünə çıxıb onlara tamaşa edirlər. Cahandar ağanın necə qaçdığına, düşmənin arxadan ona necə çatdığına və onu qılıncla necə parçalamaq istədiyinə tamaşa edirlər. Birdən o hər şeyi unutdu. Cilovu çəkib qəfildən atın başını geri qanırdı. At bu gözlənilməz təkandan dik qalxdı, dal ayaqları üstə fırlandı. Kazak qılıncın havaya qaldırıb endirdi. Cahandar ağa tətiyi çəkdi. Qılıncın parçaları göydə oynadı. Atlar döş-döşə toxundular. Kazakla Cahandar ağanın gözü ani olaraq bir-birinə sancıldı. Hər ikisinin qıllı qaşı qan sağılmış gözünün üstünə endi. Burun pərələri körük kimi genişləndi. Fısıltıları atların fınxırtısını batırdı. Kazakın dodaqları kipcə bağlandı. Cahandar ağanın həbəşi dodaqları isə titrədi. Hər şey bircə andan, kimin tez tərpənməsindən asılı idi. Birdən nərilti qopdu. Güllə açıldı. Xəncər havada oynadı. At kişnədi. Qışqırıq iniltiyə qarışdı. Kazak sinəsini tutub yəhərdə qıvrıldı və gurultu ilə atın dırnaqlarına düşdü. Cahandar ağanın köksü yandı. O bircə dəfə cilovu çəkə bildi. At kişnəyib şahə qalxdı. Sahilə doğru çapdı. Arxadan ayaq tappıltılarının gəldiyini hiss edib bütün gücünü topladı. Cahandar ağa dumanlanmış gözlərini axar suya zillədi. Kür əvvəlcə sakit göründii, Elə bil sular mürgüləyirdi, hələ səhər yuxusundan ayılmamışdı. Ancaq bu sükut uzun sürmədi. Kür sanki birdən diksinib çalxalandı. Cahandar ağaya elə gəldi ki, ləpələr baş-başa qalxıb toqquşdu. Çayırı sinəsi qabarıb qalxdı, qollar ağız-ağıza qovuşdu, adalar yox oldu. Su daşıb hər yeri, o taydakı meşəni, sahildəki cələni, yaxındakı kənd evlərini ağzına aldı, yarğanları vurub dağıtdı, hər yer suya qərq oldu. Kişi yəhərin üstündə dikəlmək istədi. Bacarmadı. Ağırlaşdı. Müvazinətini itirdi. Atın boynuna yıxıldı. Elə bil at da hər şeyi anladı. Başa düşdü ki, ayaq saxlamaq, Kürün bu üzündə qalmaq və arxadan gələnlərin əlinə keçmək olmaz. Var gücünü topladı. Qarşısına yarğan çıxdı. Dayanmadı. Atıldı. Onunla bərabər yarğan da uçdu. Kür çalxalandı, ləpələr döş-döşə gəldi. Suyun üzünə duman çökdü, Kür qəzəblə uğuldayıb özünu yarğanlara çırpdı...
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-15
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
IV fəsil, 1Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.
IV fəsil, 2Bir gün Mürsəl məktəbin xəritə, qlobus və kölmə kitablar yığılmış basırıq otağından bir qrammofon tapdı. Görünür, ev sahibi Ömər koxanın imiş. Onu götürüb tozunu sildi, trubasını təmizlədi. İki də köhnə, lap köhnə, çalınmaqdan üzləri cızıq-cızıq olmuş val tapdı. Tələsik qrammonun dəstəyini hərlədi, iynəni keçirib oxutmağa başladı. Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu İslamın səsi otağı bürüdü. Mürsəl sevincindən bilmirdi neyləsin. O balaca bir qabaq stolu tapıb eyvanın küncünə qoydu. Qrammofonu stolun üstündə rahatladı. Səs borusunun ağzını yola tərəf çevirdi. Suya gedən və zümzümə edən qız-gəlinlərin gurlaşdığı vaxt dəstəyi fırlayıb qrammofonu oxutdu. Yoldakılar bir anlığına dayanıb, məktəbin eyvanına tərəf boylandılar, qrammofona qulaq asdılar və dirəyə söykənib onlara tamaşa edən Mürsələ baxdılar. Sonra şaqqanaq çəkib, gülə-gülə yollarına davam etdilər. Ertəsi günü bütün kənd zümzüməyə qərq oldu. Mürsəlin adı qızların qımqımısına düşdü. O gündən kəndin bir nəğməsi də artdı. Səhər-axşam zurnaçılar qoşalaşdılar, gündüzlər qız-gəlin zümzümə etdi, qrammofon da məktəbin eyvanında oxudu. Mürsəl qız-gəlinləri qrammofonla suya yola salıb qarşılayır, dərsə gələn uşaqları isə elə bil bu mahnılarla salamlayırdı. O artıq hər şeyə öyrənmiş, kəndin adətlərinə qaynayıb qarışmış və özü də zümzümə edən kənd böcəklərinin birinə çevrilmişdi.Uçitel bunlara göz qoyurdu. Mürsəlin uşaqlarla mehribanlığından, gözəl dərs deməyindən xoşu gəlirdi. İnanırdı ki, ondan yaxşı müəllim olacaq. Bir gün Mürsəl onun yanına gəldi:
IV fəsil, 3Kənddə savadsızlığın ləğvinə bağlamışdılar. Qıza maarif şöbəsindən təliqə gəlmişdi: gecə kursları açmaq və savadsız kənd camaatını oraya toplayıb, yazı- pozu öyrətmək. Təliqəni aldıqdan sonra Uçitellə Mürsəl xeyli məsləhətləşdilər.– Kişiləri kurslara gətirmək və onlara yazı-pozu öyrətmək asandır.