Səhifə 3 / 3 · 67%

Zeynəb teleqraf dirəyinə söykənib dayandı. Yanaqlarının istiliyini, ürəyinin çırpındığını hiss etdi. Bayaqdan qəlbində coşan qəzəb birdən-birə yox oldu. Nəyinsə intizarını çəkən adam kimi, özünü narahat hiss etdi, yalqızlığını yeni görürmüş kimi, ürkək baxışlarla ətrafına boylandı. Səbəbini özü də bilmədən qəlbini bir kədər bürüdü. Vahimələnən kimi oldu.

Birdən o, təəccüblə çiyinlərini çəkərək "mənə nə oldu?" - dedi. Heç nə düşünməmək, tez evə çatmaq üçün addımlarını yeyinlətdi. "Gərək İmranı gözləyəydim. Bəlkə birdən qabağıma it-pişik çıxdı?

O, evlərinə yaxınlaşanda özünü tam yalqız hiss etdi. Birdən-birə onda İmranı görmək arzusu doğdu. Hətta İmranı tapıb "ay yalançı, niyə məni tək qoydun? Bir az tez gəlsəydin xəncərinin qaşı ha düşməzdi" - deyə danlamaq istədi. Azacıq sonra qızın qaşları çatıldı. "Mən lap gülməli olmuşam" - dedi və addımlarını yeyinlətmək istəyirdi ki, birdən arxadan kiminsə gəldiyini hiss edib geri çevrildi.

Qaranlıqda papiros işıldadı, kim isə astadan öskürdü. Zeynəb ürəyinin quş ürəyi kimi çırpındığını hiss etdi. Həmişə sevinəndə olduğu kimi, şıltaqlıq etmək arzusu doğdu. Arxasına baxmadan sürətini artırdı. İmranın yetişdiyini gördükdə saymazyana kənara çəkilərək ona yol verdi. Gələn adamın kim olduğunu bilmirmiş kimi, başını qaldırmadan onun keçib getməsini gözlədi. Lakin İmran dayandı, yavaşca onun qolundan tutub:

– Özünü palçığa salma, - deyə cığıra çəkdi.

Zeynəb qolunu onun əlindən çıxartdı.

– Zəhmət çəkmə, yalançı...

– Özün qaçıbsan. Mənim günahım nədir?

Onlar kəndin ortasından keçən, burulub bağların arasında yox olan arxın kənarına çatdılar. Zeynəb qabağa adlayıb ayaq körpüsünə yaxınlaşdı. Tir islandığından keçmək mümkün deyildi.

– Geri qayıt, sürüşüb yıxılarsan, gedək böyük körpüyə.

Zeynəb ona əhəmiyyət vermədən, körpünün üstünə çıxdı. İki addım atmamışdı ki, ayağı sürüşdü. İmran özünü yetirənə qədər qız buzun üstünə düşdü. Zərbdən sınan buz xırıldadı. Zeynəbin ayaqları islandi. İmran əl atıb onun qolundan yapışdı.

– Sözə niyə baxmırsan?

Zeynəb onun qolunu itələmədi, əksinə, ona qısıldı. İmran qızın ilıq nəfəsini öz özündə hiss etdi. Qızı sinəsinə basacaqmış kimi, özünə doğru çəkib sudan kənara çıxaranda onun titrədiyini duydu. Zeynəb əsəbiliklə gülüb qolunu onun əlindən çəkdi:

– Səndən adama xeyir gələr?

– Mənim günahım nədir, özün tərslik edirsən.

– Bir buna bax, - deyə Zeynəb islanmış ayağını göstərdi.

Onlar arxın yaxası boyunca körpüyə doğru getdilər. Susurdular. Yalnız ayaqlarının altındakı qarın xırıltısı eşidilirdi. Zeynəb körpüyə çatıb məhəccərə söykəndi. Gözlərini buzun arası ilə şütüyüb axan suya zillədi. Birdən başını qaldırıb İmrana baxdı:

– Yadına düşürmü?

İmran ani olaraq ötən günləri xatırladı. Çox vaxt gecə məktəbdən, yaxud klubdan evə qayıdanda onlar burada, körpünün üstündə yanaşı dayanardılar. Sonra Zeynəb yüngül addımlarla, arxın yaxası boyu salınmış bağa girər, ağacların arasında gah xəyal kimi görünür, gah da yoxa çıxardı. İmran sakit dayanıb qızın arxasınca baxar, Zeynəb bağın ayağındakı evlərinə girincəyə qədər onu gözdən qoymazdı. İmran yarpaqların pıçıltısını dinlər, şırıltı ilə axan suda əks edən titrək ulduzlara, saçaq-saçaq olub sallanan söyüd ağaclarının qatı kölgəsinə baxardı. İmran beləcə dayanmağı, təbiətin bu sakit gözəlliyinə tamaşa etməyi xoşlardı. O, şirin xatirələri yadına sala-sala Zeynəbə baxdı:

– Yadımdadır.

– Bəs may bayramı necə? Sən də Gəncədən qonaq gəlmişdin...

– O da yadımdadır.

Onlar yenə susdular. Zeynəb üç il bundan əvvəl keçirilən may bayramını yadına saldı.

Gözəl bir yaz günü idi. Ağaclar, çöllər, çəmənlər bir-biri ilə bəhsə girmiş kimi gül-çiçək açmışdı. Hava elə təmiz, sərin və ətirli idi ki, nəfəs almaqdan doymaq olmurdu. Bütün kənd çay kənarındakı meşəyə toplaşmışdı. Cavanlar atları qoşalaşdırır, xəndəklərdən atlanaraq tel-tel olmuş zəmilərin arası ilə çapıb gözdən itirdilər. Zurnaçılar cuşa gələrək daha da zilə çəkir, cıdıra çıxanların qayıtmasını gözləyirdilər. Oğlanlardan bəziləri atlarını zurnaçıların lap qabağında saxlayırdı. At fınxırır, yerində fırlanıb yüyəni çeynəyir, şahə qalxaraq kişnəyirdi. Al-əlvan geyinmiş qızlar çöllərə səpələnib gül-çiçək dərir, sinəsi qızaran taxılların arası ilə qaçıb laləlikdə görünməz olurdular. Hamı çalıb oynayırdı. Əlində uzun bir tənək çubuğu tutan Kərim dayı:

– Ay uşaq, dala durun, - deyə qışqırıb çubuğu hərləyirdi. Uşaqlar gülüşüb geri çəkilir, meydan böyüyürdü. Kərim dayı əvvəlcə özü qabağa düşür, çiynini çəkib dayanır və birdən əllərini qoşalayıb qaldıraraq silkələnə-silkələnə, sevdiyi "Uzundərə" havasını oynayırdı. Kərim dayıdan sonra oğlanlar kəndin naz-qəmzəli, qənirsiz gözəlləri ilə ortada fırlanırdılar. Kəlağayılar dalğalanır, gözlər gülür, yanaqlar qızarırdı. Nədənsə o gün Zeynəb heç ortadan çıxmırdı. Zurnaçıları yormaq istəyirdi. Qızlar yorulub çıxdıqda Zeynəb təzəsini çağırır, arabir də kənarda durub oyunçulara tamaşa edən İmrana gizli-gizli baxırdı. Birdən Zeynəb ona yaxınlaşdı. "Oynamaqdan yoruldum" - deyə dərindən nəfəs aldı. Onlar kənara çəkilib ağacların arasında gəzməyə başladılar. Nədənsə Zeynəb susur, başqa vaxtda dil-dil ötdüyü halda, indi deməyə söz tapmırdı. İmran sükutu pozdu:

– Niyə danışmırsan?

– Nə danışım?

Söhbət baş tutmadı. Onlar yenidən susdular. Bir azdan İmran dilləndi:

– Məktəbi qurtarandan sonra hansı instituta gedəcəksən?

– Heç birinə.

– Niyə, ali təhsil almaq istəmirsən?

– Bilirsən nə var, İmran? – Mən bu qərara gəlmişəm ki, kəndimizdə qalım. Bəziləri var ki, onilliyi qurtarandan sonra nə oxumağa getmək istəyir, nə də işləyirlər. Kərim dayının sözü olmasın, qulluq axtarırlar. Amma mən kolxozda işləyəcəm.

İmran sınayıcı nəzərlə ona baxdı:

– Ancaq hər halda orta təhsil azdır.

Zeynəb onu mənalı-mənalı süzdü:

– Yoxsa ali təhsil almayan qızlar xoşuna gəlmir?

Zeynəb mənasını o qədər də fikirləşmədən dediyi sözdən qızardı. Bunu İmrana sezdirməmək üçün üzünü yana çevirib, yaxındakı çiçəyi qopardı və başını qaldırıb döyükmüş kimi ətrafa baxdı. Dodaqlarını büzüb təəccübləndi:

– Boy, gör hara gəlib çıxmışıq, - dedi, - indi yəqin qızlar məni axtarır...

Arxın buzu çatlayıb sındı. Diksinib xəyaldan ayrılan Zeynəb, körpünün üstündə yanında dayanan İmrana baxdı. O da fikirli idi. "Görəsən nə düşünür? Bəlkə mənim onda dediyim sözü yadına salır? Bəlkə doğrudan da ali təhsili olmayan qızlardan xoşu gəlmir? Elə ona görə də..." - bu sözləri xəyalından keçirən Zeynəb çiyninə saldığı şala daha möhkəm büründü...

İşıqlar bir-bir sönür, teleqraf dirəkləri həzin-həzin güyüldəyirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 12

Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:

19573 dəq
Dördüncü hissə, 13

Zər paqonlu cavan bir zabit meşin çəkilmiş qapını açıb Semyonovu içəri saldı və dabanlarını cütləyib təzim etdikdən sonra geri çəkildi. Dmitri Dmitriyeviç böyük zalın astanasında dayandı. Bir xeyli hansı tərəfə gedəcəyini müəyyənləşdirə bilmədi. Qubernatorun kabineti o qədər böyük idi ki, özünün harada oturduğunu dərhal görmək mümkün deyildi. Həm də küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü.Kim isə öskürdü. Semyonov astaca addımlarla küncə doğru irəlilədi. İri yazı masasının önünə çatanda kürsüdə əyləşən qubernatoru gördü və azacıq əyilib təzim etdi. Qubernator ona başını tərpətməklə cavab verdi və əli ilə işarə etdi ki, əyləşsin. Semyonov yumşaq stullardan birində oturdu və qarşısındakı kağızlara baxan qubernatora göz qoydu. Onun boyu balaca idi. Qıvrım saçları ağarmışdı. Hətta bəzi yerlər papiros hisinə düşmüş kimi saralmışdı. Çiynindəki paqonun zərli saçaqları astaca tərpənirdi. Qubernatorun bakenbardı az qala uzun bığlarına qarışmışdı. O sakit və qaraqabaq adama oxşayırdı.

195713 dəq
Dördüncü hissə, 14

Gecədən xeyli keçmiş Göytəpənin kənarında bir dəstə atlı göründü. Səs salmamaq üçün xır yolundan çıxdılar. Təpələrin arasında cilovu çəkib dayandılar. Bir xeyli, nəfəs belə almadan ətrafı dinşədilər. Xır yolu bomboş idi. Kəndin arasındakı cığırlarda da bir tərpəniş sezilmirdi. Sükutdan qulaq batırdı. Sahil boyu səpələnmiş daxmaların işığı çoxdan sönmüşdü. Göyün üzü tutqun olduğundan, kəndin üstünə çökən qaranlıq daha da qatılaşmışdı. Yalnız Kür daxili bir qəzəbdən titrəyirmiş kimi boğuq-boğuq uğuldayırdı. Hardasa kəsik-kəsik it hürürdü.Atlılar xısınlaşdılar. Astadan fit çalındı. Bu işarədən sonra Acı dərə tərəfdən qatar-qatar qaraltılar axışıb gəldi. Onlar da təpələrin arasında dayandılar. Kimi isə gözlədilər. Nəhayət, axırıncı dəstə də onlara qarışdı. Yalnız bundan sonra hissələrə bölündülər. On-on beş atlı da xır yolunu keçib kəndin alt tərəfinə doğru irəlilədi. Sahilə yaxınlaşanda cığırdan çıxıb Cahandar ağanın evinə doğru getdilər. Yarğanın kənarında seyrəlib zəncir kimi uzandılar. Suvadağa gedən yolu kəsdilər. O biri dəstə boz kolların arası ilə kəndin üst tərəfinə doğru yollandı. Yenidən hər şey sakitləşdi. Üçüncü dəstə isə torpaq yolla irəlilədi. "Zayej"in bərabərinə qədər səssizcə getdilər. Burada dönüb xır yoluna keçdilər. Birbaş həyətə doluşdular. Cilovu çəkib dayandılar. Kim isə qaranlıqda əli ilə işarə etdi. Atlılar iki bölünüb evi arakəsməyə aldılar. Bir xeyli gözlədikdən sonra üç nəfər atdan düşdü. Çaxmaq səsləndi. Sinə-sinə eyvana çıxdılar. Otaqda adam olub-olmadığını yəqinləşdirmək məqsədilə qapının dalında dayandılar. Susdular. Heç nə eşidilmirdi. Bəlkə onu duyuq salmışdılar? Bizdən fənd tərpənib aradan çıxmışdır? Bəlkə hər şeydən xəbərsizdir, yorğan-döşəkdə şirincə yatır? Bəlkə də içəridə, əlində tüfəng, dayanıb gözləyir?

19578 dəq
Dördüncü hissə, 15

Cahandar ağa oyanıb mütəkkəyə dirsəkləndi. Yerin içində hərəkətsiz dayanıb bir xeyli ətrafı dinşədi. Hamı yatmışdı. Qonşu otaqdan səs-səmir gəlmirdi. Elə həyətdə də sakitlik idi. O, pəncərənin taxtasını araladı. Kürün o tərəfindəki dağların arxasında üfüq azacıq ağarsa da, hələ qaranlıq idi. Səhər zülməti ətrafı bürümüşdü. Kişi taxtanı örtdü. Əli ilə döşəyin yanını yoxladı. Tüfəng də, xəncər də öz yerində idi. Qoltuqaltısı başının altında idi.Cahandar ağa şalvarını tapdı. Tütünqabını çıxardıb papiros eşdi. Müştüyə taxıb yandırdı. Arxası üstə uzanıb gözünü tavana zillədi. Otuzluq lampanın fitili aşağı çəkildiyindən, ev yarıqaranlıq idi. Ancaq bu solğun işıqda burula-burula havaya qalxıb, tavanda laylanan tüstü aydınca görünürdü. Tavanın taxtaları qaralmışdı.

19579 dəq

Başqa şairlərin şeirləri