Ölüləri qəbristanda basdırın
Səhifə 4 / 4 · 75%
Bir axşam...
Pəncərə açıq idi. Bütün günü qəza mərkəzində, yenicə salınmış bağda, inqilabın ildönümünü bayram etmişdilər. Qara zurnalar səs-səsə vermiş, boynu qalstuklu pionerlər, atlı cavanlar, əli şüarlı insan seli "Yaşasın Bakıdan gələn Şura hökuməti" - deyə-deyə taxtadan yenicə düzəldilmiş "tribunanın" önündən keçmişdilər. Cavanşir iş yoldaşları ilə birlikdə rəsmi keçidi qəbul etmişdi. Boğazı ağrıyanacan şüar demişdi. Təntənə axşamüstü qurtarmışdı. İdarədə balaca bir məclis də düzəltmişdilər. Cavanşir gecədən xeyli keçəndən sonra evə qayıtmışdı.
O həmişə şəhərin qurtaracağındakı evində yatmazdan əvvəl pəncərələrin dal taxtalarını örtərdi. Bu dəfə heç pəncərəni də bağlamadı. Həm hava isti idi, həm də bir azca içmişdi. Evdə nəfəs almaq olmurdu. Fikirləşdi ki, da paltarlı çarpayıya uzanıb bir azca dincəlsin. Sonra durub həm çay içər, həm də qapı- bacanı cağlayıb əməlli-başlı yatar. Amma özünün də xəbəri olmadan uzanan kimi yuxu onu apardı. Ağır, dərin, şirin yuxuya getdi. Xəbəri olmadı ki, pişik kimi ayaqlarını asta basan bir adam pülələri qalxıb pəncərənin önündə dayandı. Bu Həcər idi. Kişi paltarı geyinmişdi. Başında buxara papaq, əynində çərkəzi paltar, belində xəncər, boynunda başlıq vardı. Beşaçılanı əlində hazır tutmuşdu.
Ay işığında xeyli otağa, Cavanşirə baxdı. Kişiləşmişdi. Saçına, gicgahlarına dən düşmüşdü. Həcərin onu son dəfə gördüyündən beş il keçmişdi. Amma Cavanşir elə bil qırx yaşlı kişi idi. Qız diqqətlə baxdı: bığları codlaşmış, sifətinə qırışlar düşmüşdü. Uzanışından görünürdü ki, yaman yorulub. Yuxu elə aparıb ki, heç dünyadan xəbəri yoxdur. Qızın ürəyi titrədi. Bir anlığına hər şeyi unudub pəncərədən içəri düşmək, onun çəkmələrini soyundurmaq istədi. İstədi ki, onun belindən kəmərini açsın, köynəyini, şalvarını soyundurub, başının altına yastıq qoysun, sonra da sinəsinə qısılsın. Bir pişik qılığı, pişik xorultulu nəfəsi ilə ona tumar çəksin, ona layla desin. O, belə anı çox gözləmişdi. Gözləmişdi ki, Cavanşir onun əri olacaq və Həcər ərini ağzında dili kimi saxlayacaq.
Bir pişik astalıği və cəldliyi ilə yüngülcə atılıb pəncərədən içəri düşdü. Cavanşir bir şey hiss etmiş kimi yanı üstə çevrildi. Həcər barmağı tətikdə gözlədi. Amma Cavanşir oyanmadı. Qız elə bil sevindi. Dərindən nəfəs alıb rahatlandı. Əlini uzadıb Cavanşirin belindəki qoburun düyməsini açdı, ehmalca naqanı çıxartdı. Naqanın lüləsinə, topuna baxdı. Güllələr yerindəydi...
Ertəsi günü şəhərə səs yayıldı ki, raykomu vurublar, Göy atı da aparıblar. Dünya axışıb gəldi. Milislər, "QPU" işçiləri tökülüşdülər. İcraiyyə komitəsinin, prokurorluğun adamları gəldilər. Hər yeri ələk-vələk elədilər, iki gilizdən və Cavanşirin gülləsi atılmış naqanından başqa beç nə tapa bilmədilər. Bir gündən sonra xəbər gəldi ki, Göy at özünü yarğandan atıb, amma alnında güllə yeri var. "Qolçomaqların işidir" - dedilər. Beş-on adam tutdular. Mərkəzdən də adamlar gəldi. Çox məsləhətləşdilər. Axırda qərara aldılar ki, Cavanşiri Şura hökumətinin yolunda canını qurban verən bir adam kimi qəbristanda yox, bağda dəfn etsinlər. Matəm mitinqi açdılar. Tabutun başının üstündə natiqlər bir-birini əvəz etdilər. Hamı da söz verdi ki, əziz dost, əziz Cavanşir, sən rahat yat, səni unutmayacağıq və bütün yarımçıq qalmış işlərini axıra çatdıracağıq. Çaxmaqlar şaqqıldadı, milislər güllələri lüləyə verdilər, beşaçılanların ağzını göyə tutdular və üç dəfə yaylım atəşi açdılar...
...Rəşidin kooperativi iki il idi ki, işləyirdi və bu kooperativin sorağı Bakıya qədər gedib çıxmışdı. Buraya gələn hörmətli qonaqları şəxsən özü qarşılayırdı. Əvvəlcə iş otağına aparır, yumşaq səndəllərdə əyləşdirir, yemək-içmək hazır olana qədər kəkotulu çay gətirdir, video-maqnitofona türk müğənnilərinin lentlərini qoyur, qonaqlar bir stəkan çay içib dincəldikdən sonra qollarından tutub ikinci mərtəbəyə qaldırır, onlar üçün hazırlanmış xüsusi otağa aparırdı. Hər şey qaydasında idi.
O, adəti üzrə bir gün yenə ikinci mərtəbənin dairəvi eyvanında, kölgədə oyulmuş yazı masasının arxasında əyləşib, gəlib-gedən müştərilərə, ağacların kölgəsində çay içənlərə göz qoyurdu ki, narazılıq olmasın. Birdən gözünə saçı ağarmış, beli bükülmüş bir qarı sataşdı. Onun yanında orta yaşlı iki kişi və dörd- beş yaşlı bir oğlan uşağı vardı. Ağacın sərinliyində oturub çay içirdilər. Bura adamlarına oxşamırdılar.
Qarı ayağa durdu, qamətini düzəldib ətrafa boylandı və asta addımlarla restoranın başına dolandı. Rəşid başa düşdü ki, qarı nə isə axtarır, yoxsa tez-tez dayanıb ağaclara baxmaz, irəli-geri addımlayıb təşviş içində dayanmazdı. Rəşid də təşvişə düşdü. Asta addımlarla pilləkəni aşağı endi və qandan bir az aralıda ayaq saxladı.
– Nə axtarırsan, nənə?
Qarı sərt baxışlarını Rəşidin üzünə zillədi.
– Burda bir qəbir vardı.
– Nə qəbir, nənə?
– Adam qəbri.
Rəşid eşitmişdi ki, on, on beş il əvvəl yaşlı bir qadın qəbrin ətrafında gül əkmişdi. Bəlkə bu qarə elə həmin arvad idi? Elə bil ürəyi qopub düşdü. Qarının qəbir sahibi olacağını və haray salacağını ağlına gətirəndə bədənini tər basdı. Amma özünə toxtaqlıq verdi.
– Bura bağdı, nənə, ölünü qəbristanda basdırarlar.
Qarının qaşları çatıldı. Dikəldi. Birdən-birə çöhrəsi məhzunlaşdı. Yaşarmış gözlərini əlinin arxası ilə sildi.
– Düz deyirsən, bala, ölünü qəbristanda basdırarlar.
Uşaq qaça-qaça gəlib qarının ətəyindən yapışdı.
– Həcər nənə, atam çağırır, gedək.
Qarı getdi. Ayaqlarını sürüyə-sürüyə yola çıxdı. Elə bil beli bir az da büküldü.
Restorandan isə müğənninin səsi gəlirdi.
Dünya mənim, Dünya sənin, Dünya heç kimin...
İyun, 1990
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-oluleri-qebristanda-basdirin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:– Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.
VIII fəsil, 3Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?
VIII fəsil, 4Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.
VIII fəsil, 5Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.