İkinci hissə, 1
Səhifə 1 / 2
Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya "Zayej" ("Zayezjiy dom" sözünün el arasında işlənən şəkli) deyirlər. Qocaların söylədiyinə görə, bu evi vaxtilə xır yolunu çəkənlər tikiblər. Onlar gündüzlər yolda işləyir, axşamlar isə burada yatırmışlar.
Göytəpəlilərdən bu yolun necə çəkilməsini xatırlayanlar az deyil. Hətta onların çoxu yola döşəmək üçün Kürün sahilindəki çaylaqdan araba ilə xır daşıdıqlarını indi də unutmamışdır.
Pristavın əmri ilə kəndin mötəbər adamları qabağa düşüb qapı-qapı gəzmiş, evlərdə nə qədər araba varsa hamısını qoşdurub birbaş xır daşımağa göndərmişdilər. Ətraf kəndlərdən də gələnlər çox idi. Arabaların : bir ucu yoldan üzülməmiş, o biri ucu Kürün safrilindən geri qayıdırdı. Hörükdəki öküzlər dizini yerə qoyur, kəllər boyunduruğun altında ləhləyirdilər.
Təkərlər əvvəlcə xam torpaqda iz saldı, bircə həftədən sonra isə əməlli-başlı yola düşdü. Qatarlaşan arabalar həmin yolla qarışqa kimi irəli-geri gedirdi. Hamı gecəni gündüzə qatıb çaydan daş, qum daşıyırdı. Göytəpəlilərin vəziyyəti nisbətən yaxşı idi. Alatoranlıqdan işə çıxsalar da, qaranlıq qarışan kimi evlərinə dağılışırdılar. Ancaq başqa kəndlərdən, xüsusən dağ ətəyindəki obalardan gələnlər elə yolun kənarındaca gecələyəsi olurdular. Onların qaladıqları ocaqların şöləsi uzun zaman sönmür, səhərin sazağı başlayana qədər korun-korun yanıb qorlanırdı. Ulaqları təpələrin ətəyindəki çəmənlikdə növbə ilə otaran arabaçılar həm də yatanların keşiyini çəkirdilər. Onları heç olmasa həftədə, ya da yarım ayda bir evlərinə də buraxmırdılar. Əgər dallarınca çörək gətirən olmasaydı, burada yeməyə bir şey də tapmazdılar.
Pristav günəşin atlı kazaklarla gəlib yola baş çəkirdi. Gözlərində yanları qapalı iri eynək, yolun kənarında oturub, dizə qədər sarıdıqları ayaqlarının pəncəsi arasındakı qara çay daşlarını çəkiclə ovxalayan dustaqların başının üstünü kəsdirirdi. Daşqıranlar nəfəslərini dərmədən çəkici endirir, arabaçıların gətirib qatar-qatar tökdükləri daşları deyirman kimi üyüdüb ovxalayırdılar. Dəmir cingiltiləri ətrafa səpələnən qəlpələrin vızıltısına qarışırdı. Bəzən daş parçalanmır, çəkicin altından qığılcım qalxırdı. Elə bil daşlar üzə durub, əzilmək istəmirdi.Fəhlələr qaranlıq qarışana qədər bellərini qaldırmadan başıaşağı işləyirdilər. Daş ovxantısı onları qurşağa qədər basırdı.
Kənd arasında pıçıltı gedirdi ki, hökumət bu yolu tez çəkmək, Tiflisi İrəvanla, İrəvanı da Gəncə ilə birləşdirmək istəyir, dağların o tərəfindən , aşıb gələn qoşunlarına yol açmağa çalışır. Elə ona görə də ayağı qandallı dustaqları bura töküblər. Görünür, kəndin üst tərəfindəki sil-silə təpələrin ətəyi ilə uzanan torpaq yol daha işə yaramırdı.
Yaşlı kişilər həmin torpaq yolla çox karvanların gəlib keçdiyini sövyləyirdilər. Onların dediyinə görə, Şah Abbas da, Qacar da Tiflisi talamağa bu yolla gediblər. Elə gürcü padşahı İrakli də bu yolla gəlib Kür boyundakı obalara basqın etmişdir.
Göytəpə kəndinin yuxarısında qədim bir körpü də var. Kürlə Xramın ağız-ağıza qovuşduğu dar keçidi birləşdirən bu körpü sarı kərpicdən hörülmüşdü. Hətta körpünün aşağısında sudan qalxan enli kərpic tağların içində otaqlar da var. Ətrafında ot cücərən dəmir barmaqlıqlı şüşəsiz pəncərələr çuxura düşmüş gözlər kimi qaralır. İndi otaqların içinə quşlardan başqa heç kəs girmir. Əslinə baxsan, oranın yolunu bilən də yoxdur.
Deyilənə görə, körpünün harasındasa pilləkən varmış. Vaxtsız yola çıxıb, axşam qaranlığına düşən müsafirlər elə buradaca, körpünün qarnındakı karvansarada gecələyərlərmiş. Bu fikrə etiraz edənlər, oranın keşikçilər üçün tikildiyini söyləyənlər də var. Mübahisə çox olsa da körpünün nə vaxt və kim tərəfindən tikildiyini dəqiq bilən yoxdur.
Körpü möhkəmdir. Mühəndislər də buna inandiqları üçün yeni çəkilən xır yolunu körpü ilə birləşdirirlər. Axı hazır körpüdən kim qaçar? Qocalar deyirlər ki, düz bir il gecəli-gündüzlü işləyəndən sonra yol hazır oldu. Yolbasanlar, qandallı dustaqlar, təkərli otaqda yaşayan saqqallı kişilər çıxıb getdilər. Yolun kənarındakı ev isə sahibsiz qaldı. Hətta gecələrin birində əli dinc durmayan dəcəllər qapı-bacanı da söküb apardılar. Amma bir gün şəhərdən yeni adamlar gəldilər. Evin qapı-pəncərəsini, döşəmənin çürümüş taxtalarını dəyişib otaqları sahmana saldılar. Eyvanın divarından dəmir qutu asdılar. Yolun kənarındakı bu onadan gecələr solğun işıq göründü. Bu boş otaqlarda qoca bir qan ilə kişi yaşadı. Onlar Tiflisdən İrəvana, Gəncəyə keçən faytonların qabağına çıxır, kağız verib, kağız alırdılar. Bəzən də atlı kazakların müşayiət etdiyi qumrovlu faytonların dayanması və yolçuların dincəlməsi üçün əllərindən gələni edirdilər. Axşam qaranlığına düşənlər burada gecələyirdilər. Göytəpəlilərdən neçə dəfə atlı kazakların tökülüşüb gəldiklərini və "Zayej"də gecələdiklərini görənlər az olmamışdır. Hətta həmin kazakların ətraf kəndlərdən, eləcə də Göytəpənin özündən adamları tutub döydüklərini, sonra da atın döşünə satıb siyirmə-qılınc altında şəhərə apardıqlarını xatırlayanlar, onları unutmayanlar çoxdur. Göytəpəlilər onu da xatırlayırdılar ki, birdən-birə bu yolla gedib-gələnlər azaldı, qoca ilə qan da çıxıb getdi. Otaqlar yenə boş qaldı. Ancaq bu uzun sürmədi. İki il bundan əvvəl buraya iyirmi dörd, iyirmi beş yaşlı bir oğlan gəldi.
Onun kim olduğunu heç kəs bilmirdi. Sifətindən, saçının, gözünün qaralığından müsəlmana oxşayırdı. Amma geyimi camaatı çaşdırdı. ! Ayağında soldat çəkməsi vardı. Boynu işləməli uzun köynəyinin belinə sallamalı qotaz bağlayırdı. Saçını, saqqalını rus qaraçıları kimi uzatmışdı. Deyilənə görə, dünya malından bir sandığı, bir dəst yorğan-döşəyi və yekə bir kürkü vardı. Adı Əhməd idi. Danışanda sözləri qəribə şivə ilə tələffüz edirdi. Bu isə ona qarşı şübhəni artırırdı. Əhməd nə qədər çalışsa da, müsəlmanlığını sübut edə bilmirdi. Hamı onun rus olduğunu zənn edir, poçta boş-boşuna göndərilmədiyi qənaətinə gəlirdi. Camaat arasında bir müddət ona "poçt Əhməd", sonra isə şapka geydiyinə görə "rus Əhməd" dedilər.
Rus Əhməd guşənişin bir həyat keçirirdi. Bütün günü evin ətrafında dolaşır, əlini gözünün üstünə qoyub, xır yoluna baxır, gəlib-gedən olmadığını yəqin etdikdən sonra bel götürüb qapı-bacanı sahmana salırdı. Əvvəllər ona heç kəs yaxın durmazdı. "Xaçpərəstlə nə işimiz var", -deyə uzaq gəzirdilər. Ancaq yavaş-yavaş ona isinişdilər. Əhməd özünə at aldı, araba düzəltdi, şəhərdən su çəlləyi gətirdi. Bundan sonra onun məşğuliyyəti də artdı.
Göytəpə kəndinin üst tərəfi dəmyədir. Xır yolunun ətrafına su çıxmır. Əhməd isə "Zayej"in dörd yanında ağac əkmək, gül basdırmaq istəyirdi. O, hər gün Kürdən iki-üç çəllək su gətirib, qapı-bacanı sulayırdı. "Zayej"in ətrafı yavaş-yavaş yaşıllaşırdı.
O hərdənbir ova getməyi, Kürdən balıq tutmağı da sevirdi. Göytəpəlilər kimi iri qarmaq almaz, bir kötüyün üstündəcə oturub, balaca tilovla kiçik balıqlardan tutardı. Kənd uşaqları bəzən ona sataşar, bəzən də yaxın gəlib söhbətə girişərdilər. Yavaş-yavaş onların arasında ünsiyyət başlayırdı.
Rus Əhməd bəzən "Zayej"in eyvanında oturub kitab oxuyardı. Bəzən də uşaqları başına yığıb, məzəli söhbətlər edər, uzaq yerlərdən, qalın meşələrdən, izdihamlı şəhərlərdən, böyük çaylardan, boranlı-çovğunlu diyarlardan söhbət açardı. Donan sulardan, buzun üstü ilə arabaların keçməsindən və adamların keçə çəkmə geyib at qoşulmuş xizəklə gəzməsindən olan söhbətlər uşaqlara daha çox xoş gəlirdi. Bu uşaqların içində Cahandar ağanın kiçik oğlu Əşrəf də olardı.
Onların tanışlığı düşmənçiliklə başlamışdı.
Bir dəfə Əhməd Cahandar ağanın evinin bərabərində, Kürün yaxası boyu uzanan çəmənlikdə hərlənirdi. O, cığırla darılığa doğru gedir, rastına düşsə, Kürün o üzündən uçub dənlənməyə gələn qırqovullardan birini vurmaq istəyirdi. Yarğanların kölgəsi suya düşmüşdü. Yulğun kolları xışıldayırdı. Əhmədin ayağının lap altından pırıltı ilə bir bildirçin qalxdı. Ox kimi süzüb darılığa doğru uçdu. Əhmədin gülləsi ilə bir vaxtda kiminsə tüfəngi də açıldı. Qürub çağı nişana lap tez gələn quş, bir-iki dəfə qanad çalıb otluğa düşdü. Əhməd quşu yerdən qaldırdı. Elə bu vaxt qəzəbli və cingiltili bir səs eşitdi:
– Ey, rus Əhməd, bildirçini mən vurmuşam!
O dönüb əlində tüfəng, otluğun içində dayanan oğlana baxdı. Onun on dörd-on beş yaşı ancaq olardı. Əynində vəznəli, qara çuxası vardı. Göy buxara papağını geri itələmişdi. Zil qara saçının qıvrım teli alnına düşmüşdü. Sivri burnu pərələnir, sinəsi qalxıb-enirdi. Uşaq yaman həyəcanlanmışdı.
– Nədən bilirsən?
– Necə yəni nədən? Hələ mənim əlimdən bir quş qaçmayıb.
– Amma bu dəfə qaçıb.
– Ver deyirəm sənə!
– Verməsəm nə qayırarsan?
Oğlan tüfəngi hərlədi:
– Vuraram.
– Adam da bir quşdan ötrü dalaşarmı? İstəyirsən bildirçini sənə bağışlayım.
– Lazım deyil. Mən vurmuşam, qaytar özümə. Bir də ki bura bizim çəmənlikdir.
Əhməd gülümsünərək, hələ də acığı soyumayan Əşrəfi başdan-ayağa süzdü. Uşağın ağ sifəti alışıb yanırdı.
– Bütün bu yerlərin hamısı sizindir?
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-ikinci-hisse-1
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əşrəf pencəyini çiynindən götürüb geydi. Kitabı yan cibinə qoydu. Ağacların kölgəsindən kənarda, güneydəki qalın yarpaqların arasında qızaran çiyələkləri dərmək üçün dizi üstə çökdü. Çiyələklərin ətri dərhal onu vurdu. Əşrəf hər şeyi unutdu. Xallı kəpənək dalınca qaçan uşaq kimi yarpaqları aralayıb qırmızı çiyələkləri dərə-dərə meşənin dərinliyinə doğru irəlilədi. Onun başı qarışdı. Meşədə nə qədər qaldığını bilmədi.Qarşıdan səs gəldi. Cingiltili qız gülüşləri onu ayağa qalxmağa məcbur etdi. Əşrəf talaya yaxınlaşdığını başa düşdü. Budaqları aralayıb çəmənliyə baxdı.
Üçüncü hissə, 13Salatın çətəni çəkib dəyənin qapısını örtdü. Küncə, yük yerinin yanına bir döşəkcə atdı. Ayaqlı duağı ortaya qoydu. Döşəyin altından dəftər-qələm çıxartdı. Bardaş qurab oturdu. Yaylağa gələndən bəri öyrənib yazdığı hərflərə xeyli baxdı. Onları səssizcə oxudu. Sonra da duağın üstünə əyilib iri, naşı hərflərlə sözlər yazmağa başladı. O, xəttinin gözəl olmasına çalışdığından qələmi kağıza daha möhkəm basırdı. Qız elə bilirdi ki, qələmi gücü gəldiyi qədər sıxsa hər şey düzələcəkdir.Salatın gün günorta yerinə gələnə qədər üç səhifə yazıb doldurdu. Sonra boynunu yana əyib diqqətlə yazdıqlarına baxdı. Əllərini boynunun arxasında çarpazlayıb bərkdən gərnəşdi. Onun sümükləri şaqqıldadı. Ayağa durub kağız-qələmi yığışdırdı. Döşəyin altında gizlətdi. Dəyədən çıxdı.
Üçüncü hissə, 14Binələrin üst tərəfindən səs-küy qalxdı. İtlər çaxnaşıb bir-birinə dəydi. Dana, buzov böyrüşdü. Yenicə yuxuya gedən arvad-uşaq oyandı. Kimi isə vurdular. Sonra da it zingiltisi eşidildi. Hamı səksəkəli halda daha nə olacağını gözlədi.Gələnlər dəyəyə yaxınlaşdılar. Arvad qışqırtısı uşaq ağlamasına qarışdı. Kimi isə söydülər. Kimi isə itələdilər. Çətən şaqqıldadı. Birinci dəyədə baş verən hal eyni ilə ikinci, üçüncü dəyədə təkrar olundu.
Üçüncü hissə, 15Cahandar ağa ayağının ikisini də yəhərin üstündən sağ tərəfə aşırıb, atın belində yanaşı oturmuşdu. O, papirosunu sümürür və qırçın-qırçın olub dalğalanan zəmilərə tamaşa edirdi. Dəmyədəki taxıllar kəhrəba kimi saralmışdı. Sünbüllər ağırlaşıb boynunu əymişdi. Üfüqlərə qədər uzanıb gedən zəmiləri arabir Kür tərəfdən əsən meh yerindən oynadıb dəniz kimi ləpələndirirdi. Çöllərə ahəngdar bir xışıltı yayılırdı. Qərb tərəfdəki dağların sinəsi belə saralmışdı. "Buranı da biçdirib, dərzləri qapıya daşıtdırsam, atın başını qanırıb yaylağa qayıdaram, – deyə Cahandar ağa düşünməyə başladı. – Oralar da yiyəsiz qalıb, aranda çox ləngimək olmaz, zamana əlləm-qəlləm zamanasıdır, sonra nə olar, nə olmaz. Şamxal zənnimi itirdi, Əşrəfdən isə ağlım bir şey kəsmir onlara arvad-uşaq tapşırmaq olmaz".Kişi axır vaxtlar baş verən hadisələri xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı. Bunların hamısı düşmənçilik idi. Onu izləyir hər addımbaşı sataşırdılar. Cahandar ağa əvvəllər buna o qədər də əhəmiyyət vermək istəmirdi. Hər gəda-güdəyə baş qoşmağı şəninə sığışdırmırdı. Belə olmasaydı, düşmənin qapısına atını sürər, onu bayıra çağırar və gülləni sinəsinə sıxardı. Bir də, o, heç ağlına gətirmirdi ki cəsarət edib onun həndəvərinə hərlənən olar. Ancaq, görünür, zaman dəyişmişdi. Hər başına papaq qoyan özünü kişi hesab eləyir, əlinə tüfəng alıb camaat arasına çıxır. "Yox, bu işi belə qoymaq olmaz. Elə dağdan arana enən kimi o köpəkoğlunun izini itirmək lazımdır. Belə eləməsəm, bundan sonra da əl-ayağıma çox dolaşacaq".
Başqa şairlərin şeirləri
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
GəlmədiYenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?