Səhifə 1 / 2

Əşrəf pencəyini çiynindən götürüb geydi. Kitabı yan cibinə qoydu. Ağacların kölgəsindən kənarda, güneydəki qalın yarpaqların arasında qızaran çiyələkləri dərmək üçün dizi üstə çökdü. Çiyələklərin ətri dərhal onu vurdu. Əşrəf hər şeyi unutdu. Xallı kəpənək dalınca qaçan uşaq kimi yarpaqları aralayıb qırmızı çiyələkləri dərə-dərə meşənin dərinliyinə doğru irəlilədi. Onun başı qarışdı. Meşədə nə qədər qaldığını bilmədi.

Qarşıdan səs gəldi. Cingiltili qız gülüşləri onu ayağa qalxmağa məcbur etdi. Əşrəf talaya yaxınlaşdığını başa düşdü. Budaqları aralayıb çəmənliyə baxdı.

Molla Sadıqgilin məhəlləsinin qızları nəhəng bir qarağacın budaqlarından yelləncək asmışdılar. Əşrəf bir az da irəli gəlib, yarpaqlardan seçilməz bir yerdə dayandı. Yellənən Pakizə idi.

Qız yenə Kür qırağındakı paltarını geyinmişdi. Yelləndikcə donun ətəyi dalğalanıb çətir kimi açılır, boynundakı pullu muncuqlar cingildəyirdi. Kəlağayı çiyninə düşmüşdü. Hörükləri gah kürəyinin ortasın qıvrılır, gah da sürüşüb köksünə düşürdü.

Talanın alt tərəfi uçurum dərə idi. Qız həvəsə gəlib yelləndikcə yelləncək onu yuxarı qaldırır, sıldırım qayaların bərabərinə qədər ucalırdı. Əşrəf gözünü Pakizədən ayırmırdı. Bəzən ona elə gəlirdi ki, bu saat sapanddan çıxan daş kimi süzüb göyə qalxacaq, dərənin üst tərəfindəki açıq mavi səmaya toplaşan ağ buludlara qədər ucalacaqdır. Ancaq Pakizə bunu hiss etmirdi. O hətta dərənin üstünə qalxanda belə aşağı baxmırdı. Qız gözünü səmaya zilləmişdi. Ləzzətlə yuxarı qalxır, sürətini daha da artırır və elə bil əlini uzadıb buludları tutmaq istəyirdi.

Göylükdə, ağacın kölgəsində oturan qızlar ayağa qalxdılar. Onlardan biri əlinə nazik çubuq aldı. Qalanları isə gicitkən götürüb ətrafi kəsdilər. Pakizə yelləncəklə bərabər aşağı enəndə çubuqla onun baldırlarına vurdular.

– Nişanlının adını de.

– Nişanlım yoxdur.

Pakizə cingiltili səslə gülüb onların yanından keçdi. Yelləncəyin küləyi qızları vurdu. Otlar titrəşdi. Qızlar daha da sıxlaşıb yelləncəyin geri qayıtmasını gözlədilər.

– Deməsən, əl çəkən deyilik.

Gicitkənlər Pakizənin topuğunu, budunu yandırdı. Qız qışqırdı, ancaq gülməyinə ara vermədi.

– Dedim ki, yoxdur.

– Onda ürəyindəkinin adını de.

– Demərəm.

– Deyəcəksən.

– Deməyəcəm.

Qızlar inada düşdülər. Doğrudan da Pakizədən söz almayınca əl çəkmək istəmədilər. O hər dəfə aşağı endikcə gicitkənlə döyəclədilər. Pakizənin topuğu, baldırı göynədi. Gicitkən dəyən yerlər qızarıb şişdi. Ancaq demədi. Gah ufuldadı, gah güldü, gah da qışqırıb qızları hədələdi, sonra da onların zərbəsindən yaxasını qurtarmaq üçün sürətini daha da artırdı. O hər dəfə təkan verdikcə, yelləncək bir az da yuxarı qalxır və az qalırdı ki, dövrə vurub budağa dolansın. Görünür, o hər şeyi unudaraq, uçurum dərənin üstünə qalxdığını, əli kəndirdən bir balaca boşalsa gurultu ilə sıldırımdan yuvarlana biləcəyini ağlına belə gətirmirdi Əşrəf həyəcanlandı, özü də hiss etmədən ağacların arxasından çıxıb irəli gəldi. Bayaqdan Pakizə ilə zarafat edən qızlar da gülməklərinə ara verib dayandılar. Onlardan biri əlindəki gicitkəni kənara atıb qışqırdı: – Aaz, bəsdir, havalanma, kəndir qırılar.

Pakizə döyüşdən qalib çıxdığına fərəhləndi və bərkdən qəhqəhə çəkdi. Onun səsi qayalarda əks-səda verib meşədə uğuldadı.

Birdən budaq şaqqıldadı. Buğumundan çatlayıb aralandı. Qızlar dəhşətlə çığırışıb kənara çəkildilər. Pakizə nə olduğunu başa düşənə qədər ağac bir az da çatladı. Qız təlaşla ətrafına boylandı. Ozünü yelləncəkdən atmaq istədi və gördü ki, dərənin üstündədir. Ora düşsə tikəsi ələ keçməz. Qorxu içində gözünü yumdu və kəndirdən yapışıb yelləncəkdə oturdu.

Budaq yavaş-yavaş aşağı enirdi. Yelləncək iki-üç dəfə də gedib-gəlsə ağac sınacaq və qız birbaş dərəyə yuvarlanacaqdı.

Əşrəf irəli atıldı. Yelləncək ona yaxınlaşanda sıçrayıb kəndirdən yapışdı. Ayağını nə qədər yerə dayadısa da, yelləncək şahə qalxmış at kimi onu sürüyüb arxasınca apardı. Budaq şaqqıltı və gurultu ilə yerə düşdü. Əşrəf Pakizəni güclə kənara çəkə bildi.

Pakizənin dizi yerə dəydi. Qız ufuldayıb qışqırdısa da, Əşrəfi görən kimi özünü ələ aldı. Tez donunu aşağı çəkdi. Oturdu. Təəccüblə oğlanın üzünə baxdı. Qız belə ağır dəqiqədə onun birdən-birə hardan çıxdığını başa düşə bilmirdi. Ona elə gəldi ki, onu qara basır. Gözü alacalanır. Onun qarşısında duran Əşrəf deyil, bir xəyal, bəlkə də kölgədir. Əşrəf qızın keçirdiyi gah gördü. Gülümsünüb astadan soruşdu:

– Adam da dəli kimi yellənərmi?

Əşrəfin səsi Pakizəni özünə gətirdi. Qız onun gömgöy olmuş dirsəklərinə və şalvarının dizinə baxdı. Bədəninin ağrılarını və iki addımlıqda dayanan qızları unutdu. Az qaldı özünü Əşrəfin üstünə salsın, onun pencəyini soyundurub dirsəklərinə baxsın:

– Bir yerin siyrilməyib ki?

Əşrəf gülümsündü. Bir yanının əzildiyini, dirsək və dizindən qan sızdığını ona bildirmədi:

– Mən heç, sənin bir yerin əzilməyib ki?

Qızlar irəli gəldilər. Pakizənin qolundan yapışıb qaldırdılar. Təəccüb və təşvişlə Əşrəfə baxdılar.

– Tez ol, gedək, görən olar.

Pakizə heç nə demədi. Üstünü çırpdı. Qızların dalınca getdi. Əşrəf onun azacıq axsadığını hiss etdi.

Qızlar getdilər. Əşrəf xeyli sınmış budağa, Pakizənin bir az bundan əvvəl yelləndiyi yelləncəyə, qarşıdakı dərəyə baxdı. Əlini gözünün üstünə qoyub səmadakı ağ buludların süründüyü səmtə boylandı. Başını bulayıb gülümsündü və cığırla dərəyə endi. Çayın kənarına çatan kimi qarşıdakı sal daşın üstündə oturdu. Qayanın dibində burulan ağ köpüklü suya nəzər saldı. Xırdaca çay balıqlarının sürü ilə şütüyüb üzdüklərini gördü. Birdən suya girmək, uşaqlıqda olduğu kimi suyun qabağını kəsmək və qolunu dirsəyə qədər çirməyib daşların altında gizlənən balıqları axtarıb tutmaq həvəsi onu yerindən tərpətdi. Əşrəf şalvarını çirməmək istəyəndə dizinin sızıltısını hiss etdi. Soyundu. Köynəyini də çıxartdı. Əvvəlcə soyuq suda yuyundu. Bədəninin siyrilmiş yerlərin yoxladı. Bir-iki bağa yarpağı tapıb yarasının üstünə qoydu. Çayı keçib paltarlarını geyindi. Üstünü səliqəyə saldı. Dolama cığırla yavaş-yavaş dərədən qalxdı.

Haradasa, lap yaxında, talanın bərabərində, tüfəng atıldı. Meşə uğuldadı. Qayalar səs-səsə verib şaqqıldadı. Əşrəf ayaq saxladı. Dönüb geri, səs gələn tərəfə boylandı. Heç nə görə bilmədi. Sürətini artırıb dikdiri qalxdı. Dərənin qaşındakı qayaların bərabərinə çatanda daşların arxasından bir adam çıxdı. Əşrəf diksinib geri sıçradı.

– Şamxal?

– Yerə uzan.

Şamxal qardaşının yaxasından dartıb qayanın daldasına uzatdı. Şamxal tövşüyürdü. Onun sifətində qan qalmamışdı. Əlləri, dodaqları səyriyirdi.

– Sənə nə olub?

– Əcəb adamsan!

Şamxal özünü ələ alıb papiros eşdi. Bir-iki dəfə dərindən sümürüb tüstülətdi. Əşrəf əli ilə tüstünü özündən uzaqlaşdırdı. Şamxal gözaltı onu süzdü. Başını bulayıb bayaqkından xeyli yumşaq tərzdə dilləndi:

– Hara getmişdin?

– Meşəyə.

Şamxal yenə sakitcə papirosunu sümürdü. Çiyninin üstündən dönüb qayaların arasından o tərəfə, Əşrəfin gəldiyi səmtə baxdı.

– Az qalmışdı ürəyim partlasın.

– Niyə?

– Elə bildim sənə güllə atırlar.

– Mən kimə neyləmişəm?

Şamxal bu dəfə qardaşını tərs-tərs süzdü. Onun sifətində əvvəlcə bir qəzəb sezildi. Sonra dodaqları qaçdı. Gözləri qıyıldı. Onun təbəssümündə istehzamı, yoxsa daxili bir nifrətin ifadəsimi olduğunu Əşrəf sezə bilmədi.

– Deyəsən oxumaq sənin ağlını azaldıb?

– Bu nə deməkdir?

– Bilmirsənmi atam düşmənlidir?

– Bilirəm.

– Bə onda niyə veyil-veyil gəzirsən?

Əşrəf qardaşının gözlərinə baxdı. Bu dəfə o həmin gözlərdə qəzəb qarışıq bir nifrət olduğunu aydınca hiss etdi. Şamxal yenidən dilləndi:

– Qızlar da yelləncək salmışdılar, eləmi?

– Sən hardan bilirsən?

– Necə yəni hardan bilirsən? Səhərdən burda ürək-göbəyimi yemişəm. Sənin xalqın yad qızları olan yerdə nə işin var? Bilirsənmi o tərəflər kimin məhəlləsidir?

– Bilirəm.

– Bilirsənsə niyə o tərəflərə ayaq basırsan?

– Ordakılar da bizim kəndin adamları deyilmi?

Şamxal hirslə tüpürdü. Sonra dabanı ilə göy otluğu döyəcləyib çökəltdi.

– Qeyrətsiz adama oxşayırsan!

Əşrəf artıq dözə bilmədi. Qardaşının bu cür yekəxanalığı, onu uşaq yerinə qoyması şəstinə toxundu. O da səsinin ahəngini dəyişdi:

– Qeyrətsiz olsaydım, mən də atamın üzünə ağ olub, evdən gedərdim.

– Nə?!

Şamxal ilan kimi fısıldayıb ayağa qalxdı. Əşrəfin boynundan yapışdı. Onu çəkib qaldırdı. Göz gözə dayandılar. Şamxalın isti nəfəsi Əşrəfin yanaqlarını yandırdı, üzünü təndir hənirtisi kimi qarsaladı, hətta nəfəsini darıxdırdı. Əşrəf dözdü. Sakitcə qardaşının daha nələr edəcəyini gözlədi. Onun baxışlarındakı təmkin və məzəmmət Şamxalın qolunu boşaltdı.

– Bir də mənə belə söz desən, qardaşım olduğuna baxmaram.

Şamxal Əşrəfin yaxasını buraxdı. Qayanın kölgəsindəki tüfəngini götürdü. Sallamalı kəmərini daraltdı. Xəncəri yana çəkdi. Heç nə demədən qabağa düşüb dolama cığırla dəyələrə doğru addımladı. Əşrəf qardaşı ilə yanaşı getməyə çalışdı. Onun Şamxala deyiləsi sözü çox idi. O, istəyirdi ki, qardaşı geri, atasının yanına qayıtsın, yenə əvvəlki kimi bir yerdə yaşasınlar, kişi tək qalmasın. O hiss etmişdi ki, anası da ürəyində peşmançılıq çəkir, ancaq eldən aralandığına görə evinə dönə bilmir. Bəlkə də gözləyir ki, Cahandar ağa onun dalınca gəlsin, arvadına minnət eləsin. Elə Salatının özü də iki od arasında qalmışdı. Əşrəfi incidən o idi ki, bu topdağıtmaz ev, bu böyük ailə göz qabağında parçalanıb dağılırdı. Əşrəf əvvəl bu barədə bir-iki dəfə söz salmaq istəmişdisə də, Şamxal imkan verməmişdi. İndi isə fürsət idi. Söz düşmüşkən hər şeyi axıra çatdırmaq lazım idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IV fəsil, 4

Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.

19956 dəq
IV fəsil, 5

Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi qalxmışdı. Vaxtından tez oyanan qara xallı qırmızı böcəklər onların arasında gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı və göy rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları bərabər ölçüdə kəsərək yapışqanla birləşdirir və sonra zəncirvarı həlqələri bir-birinə calayırdı. Bu bəzəkil, naxışlı və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin küncünə yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. Şəklin ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, zindanların üstündə dəmir döyən adamların əksi var idi. Fabrik-zavodların bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəbbəri əhatəyə almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi, birləşiniz" sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə həyət-bacanı, sinif otaqlarını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar. Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu. Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.

19953 dəq
IV fəsil, 6

Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə doğru getdi. Səhər tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. Qabağında kitabə, üstündə də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə olan adamı yarımçıq dindirməzdilər.Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb Uçitelin üzünə zillədi.

19954 dəq
V fəsil, 1

Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını yal ilə doldurmuşdu. İtlər əvvəlcə zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, Kürün yaxası boyu qaçmış, sonra da yalaxların üstə cumaraq mırıldaşa-mırıldaşa yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq onlara tamaşa edir, tüfəng çiynində həyətdə hərlənən oğlu Həsən ağanı gözaltı süzürdü. O hiss edirdi ki, Ömər koxa rəhmətə gedəndən sonra Həsən ağa heç kəsə açıb-ağartmasa da, çox narahatlıq keçirir. Tüfəngi əlindən yerə qoymur, atını da çox vaxt gecələr belə yəhər altında saxlayır. Arvad tikir vermişdi ki, oğlu gah samanlıqda gecələyir, gah tövlədə qalır, gah da otaqların birində mürgüləyir. O bir yerdə yatmır, tez-tez yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə dayanmır: gah samanlığın, gah tövlənin belinə qalxır, gah da ot tayalarının yanında hərlənirdi. Güllü xanım kəndin yuxarı başındakı səs-küydən, itlərin çaxnaşmasından ehtiyatlanırdı. O bu gecə nəsə baş verəcəyindən qorxurdu.Ömər koxanın sağlığında hər şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa arxayın idi ki, bu ağsaqqalın sözündən heç kəs çıxa bilməz. O hamını başa salmışdı ki, Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan salmaq, təzə düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza mərkəzindən gulən və "Nə üçün şikayət eləmirsən'.'" - deyən hökumət adamlarını geri qaytarmış, "Ölən də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi- qərəzlik yoxdur", - demişdi. Ondan sonra Həsən ağaya dəyib-dolaşan olmamışdı. Həsən ağa onu da başa düşürdü ki, Ömər koxanın oğlu Şamil və Çıraqlılar onunla barışsalar da, ürəklərində kin var idi. Atalarının sözündən çıxa bilməsələr də, içəridən qovrulub yanırdılar. Ona görə də, Həsən ağa gözə az-az dəyir, Şamilin, Qönçə xanımın gözünə az-az görünürdü. Amma axır vaxtlar onu bir-iki dəfə idarəyə çağırmışdılar. Hətta bir dəfə kənd şurasının milisioneri Keçəl Xondulu zarafata salıb demişdi ki, "Nə vaxta qədər belə səksəkəli dolanacaqsan? Əlindən xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan".

19953 dəq

Başqa şairlərin şeirləri