Üçüncü hissə, 11
Səhifə 1 / 2
Əhməd "Zayej"in qabağında təkcə oturmuşdu. Tez-tez tərini silir və zəhlətökən bir səslə cikkildəşən boz sərçələrə baxırdı. Onlar gah divarın daşları arasındakı ovuqlara girir, gah da eyvanın məhəccərinə qonur, gah da bir-birini didə-didə çəpərə doluşurdular. Onların zil səsi adamın beynini deşirdi. Nədənsə Əhməd isti yay günlərində sərçələrin cikkiltisinə qulaq asanda qüssələnirdi. O hamı tərəfindən unudulmuş bir adam kimi yalqızlıq hiss edirdi.
Sərçələr hay-küylə havaya qalxdılar. Onların səsi eşidilməz oldu. Əhmədin qulaqları cingildədi. O darıxdı. Ayağa durub xır yoluna boylandı. Uşaqlar onun yanına gəlməli, dünən öyrəndiklərini bu gün təkrar edib yoxlamalı idilər, vaxta az qalırdı. El dağdan qayıdanda Əhməd onları Qoriyə, seminariyaya imtahana aparmalı idi. "Yazıqlar yəqin yenə istinin əlindən özlərini Kürə veriblər, axşama qədər sudan çıxmayacaqlar", – deyə düşündü. Onun da ürəyindən çimmək keçdi. Eyvana getdi. Elə bu vaxt bir şey tappıltı ilə onun qabağına düşdü. Əhməd diksinib geri çəkildi. Yumaq kimi yumrulanan qızıl ilan qıvrılıb açıldı və dərhal quyruğu üstə qalxıb fısıldadı. Əhməd onun soyuq üzünü, açıq ağzını, tez-tez çıxardığı qara dilini və qarmaq dişlərini aydınca gördü. O bircə an da geciksə ilan üstünə atılacaqdı. Əhməd ona imkan vermə. Divarın dibindəki yabanı götürüb, başını əzdi. Bir xeyli ilanın qıvrılan quyruğuna baxdı. "Ulduz görməsə ölməyəcək", – deyə düşündü. Yaba ilə götürüb çəpərin üstünə atdı. İlanın qarnının altı parıldadı.
Sərçələr hay-küylə çəpərə qondular. İlana baxıb cikkildədilər. Qanadlarını çırpıb boğazlarını pırpızlaşdırdılar. Elə bil onu didib-parçalamaq, nəyinsə intiqamını almaq istəyirdilər.
Əhməd yalnız indi başa düşdü ki, bayaq sərçələri qorxudan, onları qaçırdan bu ilan imiş. O gülümsündü. "Deyirlər qızıl ilanın yeddi qardaşı olur, birini öldürəndə o biriləri qardaşlarının intiqamını alır", – deyə xəyalından keçirdi. Otağa girmədi. Geri dönüb kəndə doğru addımladı.
Hava təndir kimi qarsalayırdı. İsti adamın boğazına dolub onu boğurdu. Cırcıramalar belə təntiyib susmuşdular. Onlar ancaq axşamüstü, sərin düşəndən sonra oxuyacaqdılar.
Əhməd torpaq yola buruldu. Uşaqları evdə tapmaq ümidi ilə kəndə girdi. Ayağı topuğa qədər narın, yumşaq toza batdı. Kənd xarabaya oxşayırdı. Qapı-bacada heç kəs gözə dəymirdi. Görünür, dağa köçə bilməyib aranda qalanlar da iş-güc dalınca getmişdilər, bir də qaranlıq qarışanda geri qayıdacaqdılar. Qara damları nazik tel kimi bir-birinə bağlayan cığırları gediş-gəliş kəsildiyindən ot basmışdı. Elə xırman yerlərini də çayır örtmüşdü. Kalafalıqlardakı qanqallar saralıb-solmuşdu.
Əhməd kəndin bomboş olduğunu görüb sahilə endi. Hələ suvadağa çatmamışdan səs-küy eşitdi. Yarğanın qaşında ayaq saxlayıb, çimişən uşaqlara tamaşa etdi. Onlar üzmək öyrənirdilər. Tumanlarının başını və ayağını bağlayıb, tuluq kimi üfürmüşdülər. Sinələrinin altına qoyub, əlləri və ayaqları ilə suya şappıldadırdılar. Balıq qovuğu kimi ortadan boğmalanıb köprüyən bu ağ tuluqlar onların qollarırının altından dik qalxıb bellərinin ortasında qoşalaşmışdı. Uşaqlar qanadlı çəyirtkələrə oxşayırdılar.
Əhməd suya daş atdı. Uşaqlardan Osmangili soruşdu. Dedilər ki, bir az bundan əvvəl çimişirdilər, yəqin bostana gediblər. O, istidən təntisə də çimmədi. Sahildən uzaqlaşdı.
Bostanın ətrafını kalış basmışdı. Qalan yerləri isə göy ot bürümüşdü. Yalnız cığır ağarırdı. Qarpızlar qoyun sürüsü kimi tağların üstündə yatmışdı. Yemişin ətri hələ xeyli uzaqdan adamı vururdu. Əhməd cığırla bostanın ortasındakı talvara sarı yollandı. O arabir dayanıb, üstü otla basdırılmış böyrü nişanlı qarpızlara, şirinliyindən qabığı çat-cat olan boz yemişlərə baxırdı. Birdən dayandı. Tağların arasındakı bala şamamanı gördü. Qeyri-iradi aşağı əyilib qopartdı. Kimsə talvarın yanından qışqırdı. Əhməd bostançıya yaxınlaşdı. Salam verib dayandı. Kişi ona cavab verəndən sonra talvarın dirəyinə söykənib domuşuqlu oturdu. Uzun qəlyanını çıxartdı. Kisənin içinə salıb xeyli eşələdi, gözəyarı tütünlə dolduğunu müəyyən edib çıxartdı. Baş barmağı ilə basıb hamarladı Damağına aldı. Bundan sonra arxalığının cibindən bir parça qov çıxardıb daşın üstünə qoydu. Tələsmədən çaxmağı bir neçə dəfə çaxdı. Alışdırıb qəlyanını odladı. Ordu çökələ-çökələ sorub tüstülətdi.
– Bərəkətli olsun, Rüstəm əmi, yaxşı bostanın var.
Kişi talvarın kölgəsində, arxın qırağında oturan Əhmədin üzünə belə baxmadan dilləndi:
– Sağ ol, bala, ömrün uzun olsun.
– Molla ilə şəriklimi əkibsən?
– Hə, demək olar ki, şərikliyik.
– Neçədən biri sənindir?
– Yeddidən.
Əhməd dinmədi. Dikəlib bostanın eninə, uzununa baxdı. Ürəyində bu boyda bostandan bostançıya nə qədər pay düşə biləcəyini hesabladı. Kişi gözünü qıyıb onun üzünə baxdı və elə bil ürəyindən keçənləri duyub gülümsündü:
– Başı mollanın, döşü mollanın, yeddidən beşi mollanın, yerdə qalan iki payı, onunla da var işi mollanın. Heç belə söz eşidibsənmi?
– Eşitmişəm, niyə eşitməmişəm. Hər yerdə belə deyilmi?
Rüstəm kişi dərindən köksünü ötürdü və səsinin ahəngini dəyişdi:
– Allah bərəkət versin, a bala, hələ yaxşı ki, bu var. Bu olmasa nə edərdik?
Əhməd kişinin Allaha təvəkkül eləyib susduğunu gördü.
– Molla bu qədər qarpızı, yemişi neyləyəcək?
– Satacaq, bala, hamısını şəhərə göndərəcək.
Əhməd susdu. Rüstəm kişi yerindən qalxıb ağır-ağır talvara doğru addımladı. Kalışlığın arasındakı qarpızlardan birini götürüb geri qayıtdı.
– Al kəs, bala, yaman istidir, ye, ürəyin sərinləsin.
– Zəhmət çəkməyin, heç nə lazım deyil, əmi, mən ayrı işdən ötəri gəlmişəm.
– Adətdir, bala, bostan üstünə gələn adam gərək qarpızdan, yemişdən kəssin. O ki qaldı, sənin nədən ötəri gəldiyini bilirəm. Yenə deyəcəksən ki Səlimi ver, oxumağa aparım. Başını ağrıtma, bala, baş tutan iş deyil.
– Niyə ki, Rüstəm əmi, axı biz şərtləşmişik?
– Yox, bala, bu kol biz girən kol deyil. Sonra fikirləşdim, mənim gücüm çatmaz.
– Bu olmadı. Neçə vaxtdır əziyyət çəkirik, dərs keçirik. Səlim çox zehinli uşaqdır. O mütləq oxumalıdır. Əşrəf oxuyur, pisdirmi?
– Əşrəfə baxma, bala, o Cahandar ağanın oğludur, var-dövləti var, mən kiməm?
Əhməd qarpızı geri itələdi:
– Axı mən səni başa saldım ki, hər şey hökumətin hesabına olacaq.
Yeməyi də, yatmağı da, oxumağı da, əyninin paltarı da müftə olacaq.
Yol xərci də verəcəklər. Daha nə istəyirsən?
– Divan işidir, a bala, inanmaq olmaz. Sənin dediklərindən ağlım bir şey kəsmir.
– Vallah, billah səhv eləyirsən. Mənə inan, əgər bir pislik olsa, mən cavabdeh.
– Sənin yaxşılıq eləmək istədiyini başa düşürəm, amma...
– Amması-zadı yoxdur. Səlim mənimdir, vəssalam, onu oxudacağam.
Rüstəm kişi bir xeyli susdu. Qəlyanını sümürüb xoruldatdı. Gözünü qıyıb tüstüsünün arasından Əhmədin üzünə baxdı:
– Yaxşı, qarpızını kəs, sonra fikirləşərik.
– Burda fikirləşməli bir şey yoxdur. Bu barədə söz ola bilməz. Mən ayrı bir işdən ötəri sənin yanına gəlmişəm, özün heç, gərək başqalarını da başa salasan.
– O nə işdir, a bala?
– Səlimi yaylağa aparmaq istəyirəm.
– Yaylağa, xeyir ola?
– Bilirsənmi, Rüstəm əmi, hava çox istidir, – deyə Əhməd izaha başladı. – Burda uşaqlara bir şey öyrətmək olmur. Vaxta da az qalıb. Mən belə qərara gəlmişəm ki, onları götürüb yaylağa aparım. Orda həm bir az sularını dəyişsinlər, həm də gecə-gündüz dərs keçim. El dağdan dönəndə də aparım seminariyaya. Ağlın nə kəsir?
Kişinin alnının qırışları yığıldı. Xırdaca gözləri fikirli-fikirli bir xeyli yerə zilləndi. Baş barmağı ilə qəlyanının külünü basdı. Bərkdən sümürdü. Onun ovurdları çökəldi. Göyümsov tüstü saqqalı boyu aşağı yatıb sinəsinə yayıldı:
– A bala, məsəl var deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Bacarsaydıq uşaqlarımızı elə özümüz yaylağa aparardıq, aranın istisində qalıb bişməzdik.
– Bilirəm, Rüstəm əmi, hər şey mənə aydındır. Hər şeyi ölçüb-biçmişəm. Yol xərci də, lap yemək-içmək də mənim boynumadır.
– Ay oğul, – deyə kişi bu dəfə həm təəccüb, həm də heyrətlə Əhmədə müraciət etdi. -Nə yaman arxayın danışırsan, axı sənin nəyin var?
Qərib adamsan. Eşitdiyimə görə, heç bir dəst yorğan-döşəyin də yoxdur, bu uşaqları yığıb haraya aparmaq istəyirsən?
– Dedikləriniz düzdür. Ancaq bir az pulum var. Hər ay donluğumdan artırıb saxlamışam. Bir furqon tutacağam.
– Sonra?
– Sonra da biriniz çətən verərsiniz, biriniz keçə. Bir-iki dəst də yorğan-döşək taparıq. Birbaşa qalxarıq yaylağa. Vəssalam.
Rüstəm kişi başına bir qıymaça çəkmişdi. Tərdən və torpaqdan parçanın rəngi qapqara qaralmışdı. Əhmədin son sözlərindən sonra o, əlini uzadıb qıymaçanı açdı. Bir xeyli fikirli-fikirli ülgüclə tərtəmiz qırxılmış başını ovxaladı:
– A bala, Əhməd, mən bir şey başa düşə bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-11
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tez-tez göyün üzü tutulur, buludlar ətəyini sallayıb kəndin üstünə çökürdü. Çənli-çiskinli yağış başlamışdı. Yolların palçığı saqqız kimi olmuşdu. Yavaş- yavaş hava soyuyur, mal-qara örüşə çıxmırdı. Toyuqlar quru yer axtarır, itlər büzüşüb ocaq yerində yatırdı.Hava açılana oxşamırdı.
27Tükəzban gözünü açanda ətrafa boylandı. Harada olduğunu müəyyənləşdirə bilmədi. Sonra başının üstündə dayanmış Zeynəbi gördü:– Bura haradır, qızım?
28Gecədən xeyli keçmiş itlər hürüşdü. Doqqazdan səs gəldi. Axır günlər səksəkəli olan Kosaoğlu yerindən dik qalxdı, döyükmüş halda pəncərədən boylandı, səsə qulaq asdı. Bir azdan Sayalı içəri girdi.– Kimdir?
29İmran evə qədəm basan kimi anasının yoxluğunu bütün dəhşəti ilə hiss etdi. Toyuq-cücə həyətə səpələnmişdi. Eyvan süpürülməmişdi. Ocaq yerindəki daşlara, divara söykədilmiş saca əl dəyməmişdi. Səhəng boş idi. Taxtın üstü səliqəyə salınmamışdı. Ev buz kimi idi.İmran sakitcə taxtda oturdu. Hara baxdısa, anası gəlib gözünün qabağında dayandı. Ona elə gəldi ki, anası bu saat qaynamış samovarı içəri gətirəcək, süfrə salacaq, qonşu otaqdan Nərgiz çıxıb gələcək, yenə oturub birlikdə, deyə-gülə çörək yeyəcəklər...
Başqa şairlərin şeirləri
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Vay deyəAğanı öldürdü qaçaqlar bu gün,Ağla altı aylıq haqqım vay, deyə.
Xabi-qəflətDur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən!
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,