29
İmran evə qədəm basan kimi anasının yoxluğunu bütün dəhşəti ilə hiss etdi. Toyuq-cücə həyətə səpələnmişdi. Eyvan süpürülməmişdi. Ocaq yerindəki daşlara, divara söykədilmiş saca əl dəyməmişdi. Səhəng boş idi. Taxtın üstü səliqəyə salınmamışdı. Ev buz kimi idi.
İmran sakitcə taxtda oturdu. Hara baxdısa, anası gəlib gözünün qabağında dayandı. Ona elə gəldi ki, anası bu saat qaynamış samovarı içəri gətirəcək, süfrə salacaq, qonşu otaqdan Nərgiz çıxıb gələcək, yenə oturub birlikdə, deyə-gülə çörək yeyəcəklər...
Qapının ağzında boyunlarını büküb dən gözləyən toyuqlar qaqqıldaşırdılar. Xoruz qanadlarını çırpıb vaxtsız banladı. İmran xəyaldan ayrıldı. Başını qaldırıb qaranlıq otağa baxdı. Evə ürəksıxıcı, ağır sükut çökmüşdü. Bu sükutu yalnız su daşından süzülüb küpə düşən damlaların yeknəsəq səsi pozurdu. İmranın bədəni üşürgələndi. O bir daha dərk etdi ki, anası yoxdur. O həmişəlik getmiş, özü ilə bərabər evin istiliyini də aparmışdır. Qaranlıq düşdükcə, İmran daha çox kədərlənirdi. Nəhayət, özünü saxlaya bilmədi, taxtın üstünə uzanıb hönkürdü.
Aradan nə qədər keçdiyini İmran hiss etmədi. Kim isə onun çiyninə toxundu. Gözlərini açdı. Ev işıq idi. Samovar yenə də həmişəki kimi stolun üstündə zümzümə edirdi. Süfrəyə yemək düzülmüş, stəkan-nəlbəki yuyulub silinmişdi. Hər şey öz qaydasında idi. Elə bil otağın havası da dəyişmişdi. Bayaqkı soyuqluqdan əsər qalmamışdı. İmran yalnız indi, başının altına yastıq qoyulub, üstünə yorğan salındığmı hiss etdi. Yavaşca ayağa durdu. Samovarın yanında dayanıb kədərli-kədərli gülümsünən Nərgizi görəndə yerindən tərpənmədi. Ona elə gəldi ki, yuxu görür.
Lakin qız cəsarətsiz addımlarla İmrana yaxınlaşdı. Onun gözləri yaşarmışdı. Damlalar iri kirpiklərinin ucunda titrəyirdi.
İmran onu birinci dəfə görürmüş kimi, diqqətlə gözdən keçirdi, səbəbini özü də bilmədən köksünü ötürüb başını tərpətdi. Nərgiz lampa işığında onun yaşarmış gözlərinin parıltısını gördü.
Onlar dinməzcə həm ağlayır, həm də gülümsünürdülər. Nə etmək olar? Kədərlə sevinc elə əvvəldən əkiz doğulmamışdırmı?
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-29
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecədən xeyli keçmiş qapının ağzında üstü örtülü bir maşın dayandı. Milis işçiləri yolu kəsdilər. Onlardan iki nəfəri təpiklə qapını açdı və barmaqları tətikdə içəri girdilər. Halay bəy pencəyini soyunmuşdu. Balalarını dizinin üstünə almışdı. Düz iki gün idi ki, onlarla oynayırdı. Uşaqlar atalarının boynunu qucaqlayır, onun sinəsinə qısılırdılar. Halay bəy yatanda da oğlunun hərəsini bir qolu üstünə alır və uzun müddət onların körpə mışıltısına qulaq asırdı. İndi milislər içəri girəndə uşaqlar yenə onun dizinin üstündə idi. Halay bəy uşaqları qucağından düşürtdü və təşvişlə gələnlərin üzünə baxdı.– Halay bəy, paltarını geyin, bizimlə gedəcəksən!
X fəsil, 3Yazı masasının böyründə divardan asılmış telefon cingildədi. Kəsəmənli dəstəyi götürdü. Tanış və mehriban səs eşidib gülümsündü.– Salam, Abdal qağa, sabahın xeyir. Qulaq asıram.
EpiloqDünyaya çox buynuzlu-buynuzsuz cahangirlər gəldi. Biri özündən əvvəlkini bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxaladı, o biri əmin-amanlığa çağırdı. Biri bəşər övladının min illər boyu yaratdığı qayda-qanunları zor ilə tapdaladı və ortalığa yeni həyat tərzi atdı. Yer kürəsini əlində fırladıb qan çanağına çevirən Hitler meydana çıxdı. Onun qarşısında Stalin dayandı, Ruzvelt, Çörçil, Mao-Tsze-Dun və De Qoll siyasəti dünyada baş alıb yeridi. Biri o birinin əleyhinə, biri o birinin tərsinə. Hamısı da ədalətdən, vicdandan dəm vurdu. Bütöv xalqlar tayqalara, Sibirə sürgün edildi. Başqa birisi hakimiyyətə gələrkən bu cəza alanları günahsız müqəssirlər adlandırdı, salamat qalanları yerlərinə- yurdlarına qaytardı. Onlara kömək etdilər.Sibir meşələrində qohumlarını və nənəsi Güllü xanımı itirdikdən sonra qürbətdə tək qalan Söhrab sarsılmadı. Meşəlikdə, kəndin kənarında, balaca bir təpənin döşündə, nəhəng şam ağacının dibində dəfn edilmiş Güllü xanımın hər gün qəbri üstünə gedib ağlayar və and içərdi ki, oxumağından qalmayacaq. Gündüzlər meşəyə, böyüklərlə birlikdə ağac doğramağa gedər, gecələr isə axşam məktəbində oxuyardı.
Birinci hissə, 1Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlərin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular.Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, "mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?" - deyə inildəyirdi.
Başqa şairlərin şeirləri
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Salubdı indi nəzərdən, gedüb, o yar məniSalubdı indi nəzərdən, gedüb, o yar məni,Edübdi möhnətü dərdi-ğəmə düçar məni.
QoçQoç quzudan doğan quzu qoç olur,Qoçaqlardan qoçaq olur sultanım
Suların laylasıBir suçu yol boyu arx qaza-qazaAxır bu gün gəlib bostana çıxdı,